Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6261/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək 2750 manat sığorta ödənişi məbləğinin və 30,40 manat məbləğində dövlət rüsumu, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutulub ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 izahatında bildirdi ki, "xxxx" ASC-də 27 aprel 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21214” markalı 55BU570 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 03 mart 2021-ci il tarixdə Goranboy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan “VAZ-21723” markalı 20EB183 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Xocalı RPŞ-nin qərarı ilə X7 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən X7 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi və xəsarətlə bağlı cəmi 2750 manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edir ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Mhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 27 aprel 2020-ci il tarixli sığorta müqaviləsindən görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məısuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21214” markalı 55BU570 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 03 mart 2021-ci il tarixdə Goranboy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan “VAZ-21723” markalı 20EB183 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. İş materiallarında olan Xocalı rayonu polis şöbəsinin müstəntiqi X1 tərəfindən verilmiş 20.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin DYPB-yə verilmişdir. İş materiallarında olan İXP3850005 saylı inzibati xəta haqqında protokolundan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, zərərçəkənin avtomobilinin zədələnməsi və xəsarətlə bağlı cəmi 2750 manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1, 25.1.8-ci maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallardan biri kimi bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC-də 27 aprel 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21214” markalı 55BU570 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 03 mart 2021-ci il tarixdə Goranboy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan “VAZ-21723” markalı 20EB183 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Xocalı RPŞ-nin qərarı ilə X7 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən X7 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi və xəsarətlə bağlı cəmi 2750 manat məbləğində sığorta ödənişi verilmişdir. Göründüyü kimi, dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbinin “cavabdehlərdən iddiaçının xeyrinə ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun” hissəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat 40 qəpik dövlət rüsumu ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən 30 manat 40 qəpik dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2750 manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2750 manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh1 qarşı iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6261/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6261/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver