Məhkəmə qərarları › İş №2(006)-628/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-628/2021

22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-628/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı, cavabdeh Sailova (Həmidova) Humay Yusif qızının iştirakları ilə İddiaçı cavabdeh Sailova (Həmidova) Humay Yusif qızına qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sailova (Həmidova) Humay Yusif qızına qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, küçəsi, bina 62-də yerləşən 111 nömrəli mənzilin mülkiyyətçisidir. Daşınmaz mülkiyyətin dövlət reyestr xidmətinin ******* saylı reyestr çıxarışına əsasən mənzilə sahiblik və istifadə etmişdir. Mülkiyyətində olan mənzil yuxarı mərtəbədə yerləşən 114 saylı mənzilin sahibi tərəfindən dəfələrlə suya verilmişidir. Dəfələrlə 114 saylı mənzilin sahibindən suyun qarşısını kəsməyini və mənzilə dəyən zərərin ödəməsini xahiş etsə də, o, iddiaçıya heç bir məhəl qoymamışdır. 114 saylı mənzilin sahibi tərəfindən iddiaçının mənzilinə suyun axıdılması nəticəsində mənzilinin divar kağızları, elektrik naqilləri, divarın emulsiya qatı yararsız vəziyyətə düşmüşdür. İddiaçının mənzilinə suyun axıdılmasında təqsirkar olan şəxsləri və mənzili dəqiqlikdə müəyyənləndirmək məqsədi ilə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 31 saylı MKİS-nə ərizəsi ilə müraciət etmişdir. Müraciət etdiyi ərizənin cavabı olaraq 31 saylı MKİS-nin mühəndisi, sahə nəzarətçisi və sahənin rəisi tərkibində iddiaçının mənzilində və yuxarıda yerləşən 114 mənzildə keçirdikləri baxış zamanı müəyyən olunmuşdur ki, 114 saylı mənzildə yaşayan kirayəşinlərin təqsirli hərəkətlərin səhlənkarlığa yol vermişlər və bununla da mənzilinin dəhlizinə, yataq otağına və qonaq otağına su axıdılaraq zərər vermişlər. Bu səbəbə görə iddiaçı hesab edir ki, onun mənzilinə dəyən ziyan ödənilməlidir. Dəyən ziyan:

1. Divar kağızı – 1000 manat,

2. Elektrik ötürücü xəttləri – 200 manat,

3. Otağın, hamamının, yataq otağının, dəhlizin şpaklevka üzlüyünə və divarların, tavanın emulsiya qatına – 200 manat dəyərində, cəmi 1400 manat təşkil etmişdir. Bundan başqa iddiaçı inşaat sahəsində təmir-bərpa işləri apara bilmədiyinə görə usta xidmətindən istifadə etməli olacaq. Usta xidmətindən istifadə etmək üçün divarın kağız örtüyünün vurulmasına görə 300 manat, elektrik naqillərinin çəkilməsinə görə 150 manat, mənzilin divarının şpaklevkasının, tavanın emulsiyasının vurulmasına görə 150 manat xərc olunmalıdır. Göstərilənlərə əsasən iddiaçının mənzilinə zərər vuran təqsirli şəxs – cavabdeh X2 inşaat materiallarına görə 1400 manat, mənzilin təmir-bərpa işləri üçün usta xidmətinə görə 600 manat, cəmi 2000 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddiada göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Sailova (Həmidova) Humay Yusif qızı iddia tələbini qəbul etməyərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 20.11.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 62, mənzil 111 (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 178, M2, m3) İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2543 saylı reyestr kitabının 236794 nömrəli səhifəsində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 31 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 01.09.2020-ci il tarixə verilmiş arayışına əsasən Bakı şəhəri, 5-ci mkr.,A.Məhərrəmov küçəsində yerləşən 62 saylı evin 114 saylı mənzil 30/21163 saylı 24.09.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən X3 mülkiyyətindədir, lakin qeydiyyata düşməyib. İş materiallarındakı Nəsimi rayon MKTB-nin 31 saylı MKİS tərəfindən verilmiş 26.08.2020-ci il tarixli akta əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, 5-ci mkr, A.Məhərrəmov küçəsi, 62 evin, 3-cü mərtəbə, 114 saylı mənzilin mülkiyyətçisi X4 məxsusdur, mənzildə kirayəşinlər yaşayır. Kirayəşinlərin səhlənkarlığı nəticəsində 111 saylı mənzilinin dəhliz, yataq otağı və qonaq otağına su axıdılaraq ziyan vurulmuşdur. Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/3902 nömrəli, 12 fevral 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 62, mənzil 111 (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 178,M2,m3) saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 31 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 26.08.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 62 saylı yaşayış evinin 111 saylı mənzilinə yuxarı mərtəbədəki 114 saylı mənzildən suyun sızması müəyyən olunur.Lakin, 101 saylı mənzilin üst mərtəbəsində yerləşən 114 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 111 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 62 saylı yaşayış evinin 111 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1377,0 manat məbləğində olduğu müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayon, Asif Məhərrəmov küçəsi, 62 saylı evin 111 saylı mənzilinə cavabdehə məxsus 114 saylı mənzildən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya cəmi 1377 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 1377 (bir min üç yüz yetmiş yeddi) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, cavabdeh Sailova (Həmidova) Humay Yusif qızı vurulmuş maddi zərərə görə 1377 (bir min üç yüz yetmiş yeddi) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1407 (bir min dörd yüz yeddi) manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddianın təmin olunmayan hissəsi ilə bağlı əlavə sübutlar məhkəməyə təqdim edilməmiş və bunun əksini sübut edən müvafiq ekspert rəyi mövcud olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Sailova (Həmidova) Humay Yusif qızından tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Sailova (Həmidova) Humay Yusif qızı vurulmuş maddi zərərə görə 1377 (bir min üç yüz yetmiş yeddi) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1407 (bir min dörd yüz yeddi) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Sailova (Həmidova) Humay Yusif qızından tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar