Məhkəmə qərarları › İş №2(006)-629/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-629/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-629/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.000.000 manat məbləğində maddi zərərin, 800.000 manat əldən çıxmış faydanın, cavabdehdən ona dəymiş 100.000 manat məbləğində mənəvi zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, onun inam və etibarından sui-istifadə edən cavabdeh tərəfindən pullarını və malını ələ keçirməsi hərəkətlərində cinayət əlamətləri olduğundan cavabdeh barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsini xahiş etmişdir. «X6» ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildən mütəxəssis və rəhbər olaraq «1 saylı ağac emalı» zavodunda işləmişdir. 1999-2001-ci ili əhatə edən dövrdə müvafiq qanunvericiliyə uyğun olaraq Sumqayıt şəhərində yerləşən «1 saylı ağac emalı» zavodunu «X6» ASC-yə çevirərək özəlləşdirmişdir. Həmin müəssisənin avadanlıqlarla təchiz edilməsi, buraxılan məhsulların çeşidi və keyfiyyətinin artırılması məqsədlə 2004-cü ildə müqavilə üzrə 2 il müddətinə «xxxx» ASC-dən 600.000 manat kredit alınmış, 2005-ci ildə kredit borcu vaxtından əvvəl bağlanılmışdır. Daha sonra «Sahibkarlara kömək milli fonu»nun onlara ayırdığı güzəştli kredit «xxxx» ASC vasitəsi ilə götürülmüşdür. 2009-cu ildə Laminat-parket istehsalı üçün əməkdaş bank kimi «xxxx» ASC-dən alınmış kredit borcu hesabına Almaniya Respublikası ilə bağlanmış müqavilə əsasında ümumi dəyəri 1.150.000 Avro olan avadanlıqlar alınmışdır. 2010-cu ilin may ayının sonunda Cavabdeh «xxxx» ASC-nin sədri kimi fəaliyyət göstərdiyi vaxtı ona «X6» ASC-nin bütün səhmlərini cavabdehin adına keçirməyi, aylıq 5.000 manat əmək haqqı ayırmağı və həmin müəssisəni işlətməklə banka olan 2.600.000 manat borcun ödənilməsini təklif etmişdir. Halbuki, həmin vaxtı onun adına olan səhmlər bankda kredit borcuna görə girovda olmuşdur. O, məcburiyyət qarşısında qaldığından və həmin səhmlərin geri qaytarılacağına dair zəmanət məktubu verəcəyi vədinə inanaraq, cavabdehin hədələri təsiri altında həmin səhmlərin formal alğı-satqısına və 2 il müddətinə idarə etməsinə razılığını bildirmişdir. Həmin vaxt cavabdehin və onun rəhbəri olduğu bankın havadarları Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi səviyyəsində olmuşdur. O, müəssisəni cavabdehə idarə etməyə verəndə orada 6.000.000 manat dəyərində olan malmaterial, avadanlıqlar ilə birlikdə vermişdir. Banka olan borcu isə Rizvan adlı təhlükəsizlik xidmətinin rəisinin əli ilə 5 ay ərzində hər ay 200.000 olmaqla, cəmi 1.000.000 manat cavabdehə ödəsə də, bank sənədlərində nəzərə alınmamışdır. O, cavabdehin təqsiri nəticəsində maddi cəhətdən olduqca pis vəziyyətə düşmüşdür. Müəssisəsini ələ keçirmiş, pulunu mənimsəmiş, özünü də qorxu altında saxlamışdır. O, uzun müddət əsəb, stres çəkmiş, bununla bağlı səhhətində problemlər, yaranmışdır. O, uzun müddət şikayətlər etdikdən sonra 2014-cü ildə müəssisə ona göstəriş əsasında qaytarılmışdır. Lakin bu qaytarma rəsmi şəkildə olmamışdır. Hələ də səhmlər cavabdehdədir. Bundan sonra 19.000 manat vergi borcunu ödəməli olmuşdur. O, 2010-2014-cü illər ərzində qanunsuz olaraq əmlakından və aylıq 150.000-200.000 manat gəlirdən məhrum olmuşdur. Nəticədə ona böyük həcmdə maddi və mənəvi zərər dəymişdir. Cavabdeh ona bildirmişdir ki, «xxxx» ASC-nin kimə bağlı olduğunu yəqin ki bilirsən?! Sənin fikirləşməyə 1 gün vaxtın var, əks təqdirdə özün bilərsən səni ya narkotiklə, ya da silahla həbs etdirib zindanlarda çürüdərik». Qeyd etmək istəyir ki, 2010-cu ildə Cavabdeh Milli Məclisdə deputat vəzifəsində idi. Onun hərəkətlərinin havadarlarının MTN rəhbərliyi olması da, onun ayrı yolu olmadığını göstərmişdir. Cavabdeh onun pulunu və malını banka olan borcun ödənilməsi adı ilə aldatmış, ona aylıq 5.000 manat məvacib verəcəyi və aldığı 13416 ədəd səhmləri qaytaracağı vədi ilə onu inandırmışdır. Qeyd etdikləri ilə bağlı onun sübutları var. Həmin vaxt müəssisədə saxlanılan əmlakların 6.000.000 manat dəyəri olması, müəssisənin müvəqqəti olaraq cavabdehə onun tərəfindən verilməsi, sonradan banka olan borcdan 1.000.000 manat pul verdiyini, cavabdehin onu aldadaraq maddi zərər vurduğunu təsdiq edən şahidləri var. Cavabdeh tərəfindən ona birbaşa zərər vurulmuş, pulu və əmlakından məhrum olunmuşdur. Hər ay müəssisədə qazancının 150.000-200.000 manat olduğu nəzərə aldıqda, 4 il ərzində 800.000 manat qazanc əldən çıxmışdır. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh onu aldadaraq, psixoloji təsir edərək, zorakılıqla hədələyərək əmlakını ələ keçirmiş, ailəsinin qazanc mənbəyini mənimsəmişdir. Onun inam və etibarından sui istifadə edən cavabdeh tərəfindən külli miqdarda pul və mal ələ keçirilmişdir. Buna görə də, hazırkı iş üzrə cavabdeh barəsində xüsusi qərardad çıxarılmalıdır. Qeyd edilənlərə əsasən, onun hüquqları pozulmuş, ona maddi ziyanla yanaşı, mənəvi zərər də dəymişdir. O, uzun müddətdir ki, hüquqlarının pozulması nəticəsində iztirab keçirmişdir, əsəbləri pozulmuşdur. Buna görə də, cavabdehdən ona 100.000 manat mənəvi zərərin əvəzinin tutulması əsaslıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, şahid X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, İddiaçı 2012-ci il tarixdən tanıyır, həmin vaxt o, bankda problemli aktivlərin idarə edilməsi şöbəsinə rəis təyin edilmiş, daha sonra daha yüksək vəzifələrdə çalışmışdir. Qeys müəllim banka gələndə ona bildirdi ki, onun problemli kreditləri var. 2014-cü il tarixdə bankın müşahidə şurasının ümumi yığıncağı keçirildi və İddiaçı “X4”-na direktor təyin edildi. İddiaçı fərqli vaxtlarda gələrək baş ofisdə daxili kassaya borcun müəyyən hissəsini ödəmişdir. Zavod 2015 və 2016-cı il tarixlərdə tenderlər udmuşdu, bu zaman İddiaçı həmin tenderlərdən əldə etdiyi gəlirin bir hissəsini banka olan borcundan ödəmişdir. Həmin borc zavodun borcudur. İddiaçı təyin ediləndən sonra Vergilər Naziriliyindən bildirildi ki, zavodun 500.000 manat borcu var, həmin borc da o, direktor təyin edilməmişdən əvvəl yaranmışdır. İddiaçı vergi borcundan 240.000 manat pul ödəmişdir. Bundan əlavə verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir maddi ziyan vurulmamışdır. Onun İddiaçı borcu hissə-hissə nə vaxt ödədiyinə dair tarix dəqiq yadında deyil. Ancaq Qeys müəllim zavoddan əldə etdiyi mənfəətdən 600.000 manat və 180.000 manat kredit ödəmişdir. Həmçinin vergi borcu ilə bağlı 240.000 manat məbləğində ödəniş etmişdir. Zavodu idarə edənlər onu da, ora buraxmırdılar. Orda həmin vaxt zavodu başqaları idarə edirdi. Cavabdeh deyildir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli 2(105)-741/2013 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh, «X6» ASC-yə, 3-cü şəxslər «xxxx» ASC-yə, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə və Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı «xx xxxx 2010-cu il tarixdə Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda onunla Cavabdeh arasında səhmlərin alğısatqısına dair imzalanmış müqavilənin, onunla «xxxx» ASC arasında səhmlərin girov qoyulması müqaviləsinin pərdələnməsi məqsədi ilə bağlanmış əqd hesab edilməsinə və «X6» ASC-nin onun mülkiyyətində olan 13.416 ədəd səhmləri üzrə divident verilməsi vəzifəsinin «X6» ASC-nin üzərinə qoyulması» barədə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. İddiaçı nümayəndəsi X2 apellyasiya şikayəti verərək Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin ləğv olunaraq, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli 2(105)-741/2013 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş, yuxarıda adı çəkilən qətnamə ilə müəyyən edilmişdir ki, səhmlərin alğı-satqısına dair müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçı həmin vaxt iddia ərizəsini əsaslandırarkən alğı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını, əslində səhmlərin girov qoyulması xarakteri daşıdığını bildirmiş, ona hər-hansı hədə-qorxu gəlinməsi, təhdid olunması və s. barədə heç nə bildirməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin təşəbbüsü ilə dindirilən şahid X1 iddiaçıya qarşı hər-hansı hədə-qorxu, təhdidin olmadığını bildirmişdir. Bundan başqa, İddiaçı hüquq-mühafizə orqanlarına ona qarşı olunmasını iddia etdiyi qeyri-qanuni hərəkətlər barədə müraciət etməmişdir. İş materiallarına əlavə olunmuş, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində də istinad edilən xx.xx.2005-ci il tarixli girov müqaviləsindən, xx.xx.2010-cu il tarixli səhmlərin alğı-satqı müqaviləsindən görünür ki, qeyd olunan 13.416 ədəd səhm xx.xx.2005-ci il tarixli kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş, xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh satılmış, girovsaxlayan «xxxx» ASC-nin buna etirazı olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar