Məhkəmə qərarları › İş №2(006)-63/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-63/2024

17.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-63/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı cavabdeh X1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-649/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Səbail rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-649/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində qeyd olunan tələb (dövlət rüsumunun qaytarılması) tam şəkildə təmin olunduğundan icraata xitam verilmişdir. Bundan sonra cavabdeh X2 (vəkili-nümayəndəsi Vəkil2) tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-649/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilmiş və həmin şikayət əsassız olduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 649/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə isə cavabdehin şikayətinin təmin edilməsi, mübahisələndirilən qərardadın ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəməv hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkili Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X2 məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Vəkil2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iclasa gecikmə ehtimalının olduğunu nəzərə alınmasını xahiş etmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiyindən və idda ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılmasından sonra onun tərəfindən yenidən dövlət rüsumu ödənilmədiyindən, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iddiaçının vəkilinin iddia ərizəsinin və sənədlərin geri qaytarılması barədə vəsatətinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən Vəkil1 verilmiş xx.xx.2022-ci il tarixli 7E- 7477 reyestr nömrəli etibarnamənin müddəti xx.xx.2023-cü ildə başa çatdığından məhkəmə hesab edir ki, vəsatət buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Buna görə də vəsatətə baxılması və təmin edilməsi düzgün deyildir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə vəsatətə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması səbəbindən baxılması mümkün olmadığından, tərəflərin məhkəmə iclasına gəlməmələri və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmələri, eyni zamanda, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsumun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-649/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar iddiaçıya geri qaytarılması, məhkəmə tərəfindən dəfələrlə şifahi və xx.xx.2023-cü il tarixdə yazılı (iş materiallarının 186-cı səhifəsində iddiaçıya ünvanlanmış məhkəmə bildirişinin “sonuncu xəbərdarlıq” hissəsində (həmin tarixdə vəkilin elektron kabinetinə yerləşdirilmişdir)) xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməməsi nəzərə alındıqda məhkəmə hesab edir ki, qanunvericiliyə müvafiq olaraq hazırkı iş baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar