Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6321/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, banka borclu olmamasına dair və bankda özünün 1.500 manat kredit hesabının bank tərəfindən yenidən bərpa olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ildə iddiaçıya cavabdeh bankda adına olan 1.500 manat məbləğində hesabından 1.460 manat məbləğinin uğurlu çıxarılmasına dair mesaj gəlmişdir. Onun kredit hesabı kimlərsə tərəfindən oğurlanmışdır. İddiaçı səhəri gün banka getmiş, operator kompüterə baxdıqdan sonra ona bildirmişdir ki, “sizin hesabınızda olan pulu dələduzluq yolu ilə bankdan çıxarıblar”. Operator ona polisə şikayət etməyi məsləhət görmüşdür. İddiaçı “102” xidmətinə zəng edib, vəziyyəti başa salıb, 29-cu polis bölməsinə ərizə yazıb məsələni araşdırmalarını xahiş etmişdir. Araşdırma ilə bağlı cavab 6 ay sonra gələrək məlum olmuşdur ki, iddiaçının hesabında olan pulu dələduzlar köçürmə yolu ilə bankdan çıxarmış, onlar bankomatdan pul çıxaran yerdə yaxalanmış və polis idarəsinə aparılmışlar. Bankda olan pullara bank cavabdehlik daşıyır.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, borcla bağlı Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən xəbəri var, qətnamə üzrə icra sənədi hazırda icra məmurunun icraatındadır. Həmin qətnamə bankın öz hüququndan istifadə edərək verdiyi iddia əsasında qəbul edilmişdir, hazırkı iş isə iddiaçının öz hüququnundan istifadə etməsinin nəticəsi olaraq başlanıb. Həmin qətnamənin hazırkı tələblə heç bir əlaqəsi olmadığını bildirib, iddiaya mahiyyəti üzrə baxılaraq təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında ın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib bildirdi ki, iddiaçı öz istəyi ilə bankdan kredit götürmüş, bank tərəfindən onun nömrəsinə OTP-kod göndəriləndən sonra köçürmə yolu ilə pul başqa karta köçürülərək kreditdən istifadə olunmuşdur. İddiaçı borcunu ödəmədiyindən, Yasamal Rayon Məhkəməsi tərəfindən borcla bağlı qətnamə qəbul edilmişdir. Qeyd etdiklərinə əsasən, iş üzrə icraata xitam verilməsi məsələsinə etiraz etmədiyini əlavə eti.
5. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3118/2024 nömrəli qətnaməsini nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3118/2024 nömrəli qətnaməsindən görünür ki: - “cavabdeh İddiaçı məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, ona qarşı haqsız iddia ərizəsinə etirazını bildirərək işə baxılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən İddiaçı qarşı onun hesabına ayrılan 1500 manat kredit məbləği tələbi ilə məhkəməyə iddia ərizəsi verilmişdir. Bu tələb düzgün deyildir, çünki o heç bankomatdan pul çıxartmamış və heç bir ticarət əməliyyatı aparmamış və pulu da nağd şəkildə bankdan götürməmişdir. Sadəcə olaraq dələduzluq yolu ilə dələduzlar onun hesabından bankda yerləşən 1500 manat məbləğini çəkmişlər. Bununla bağlı olaraq, 29-cu polis bölməsinə ərizə verərək araşdırılmasını xahiş etmişdir. İndi hal-hazırda 1 ay olar ki, araşdırma davam edir. Araşdırmanın cavabı hələki başa çatmamışdır” (1-2-ci səhifələr). - “məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixdə elektron qaydada (mobil tətbiq vasitəsilə) BRCB2694421B103 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bank tərəfindən İddiaçı Birbank Cashback ödəniş kartı verilmiş və həmin karta bağlı illik 27 % faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit xətti ayrılmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus Birbank kartından 21,9 komissiya xərci tutulmaqla 1460 manat, cəmi 1481,9 manat pul köçürmə yolu ilə məxaric edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kartından digər şəxslər tərəfindən qanunsuz yollarla pulun başqa karta köçürülməsi cavabdehi kredit müqaviləsi üzrə banka olan borcunu qaytarmaq öhdəliyindən azad etmir. Tərəflər arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2694421B103 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh İddiaçı xx.xx.2023cü il tarixli, BRCB2694421B103 nömrəli kredit müqaviləsi üzrə 1490,15 manat əsas, 304,17 manat faiz, cəmi 1794,32 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməlidir” (4-cü səhifə).
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3118/2024 nömrəli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2024-cü il tarixdə icra vərəqəsi verilmişdir.
8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Digər məhkəmə və icra işləri barədə məlumatlar” bölməsinin “İcra işləri” pəncərəsindən görünür ki, İddiaçı borclu, «Kapital Bank” ASC-nin tələbkar olduğu xx.xx.2024-cü il tarixli icra işi “icraatdadır” statusundadır.
9. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 35,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, hazırda iddiaçının cavabdehə borcunun olmamasının müəyyən edilməsini, kredit xəttinin bərpa edilməsini tələb etdiyi kredit müqaviləsi üzrə borcun ondan tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur, həmin akt əsasında verilmiş icra sənədi icraatdadır. Qətnamənin məzmunundan müəyyən edilir ki, iddiaçının hazırda mübahisələndirdiyi dələduzluqla bağlı məsələlər həmin iş üzrə də onun etirazının dəlillərini təşkil etmiş, məhz onun etirazına əsasən iş iddia icraatına keçirilmiş, məhkəmə tərəfindən həmin dəlillərə müvafiq hüquqi qiymət verilmişdir.
c) Məhkəmənin mövqeyi:
11. Belə olan halda, məhkəmə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcud olması səbəbindən hazırkı iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Məhkəmənin mövqeyinə görə, iddiaçı tərəfindən irəli sürülən “kredit xəttinin bərpa edilməsi” tələbi “borcun olmamasının müəyyən edilməsi” tələbindən törədiyindən, hər iki tələb yenidən məhkəmə araşdırmasının predmeti ola bilməz.
12. Məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsi hüququndan istifadə etməyin şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür tələblər üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu əsası ilə xitam verilməsi həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsin yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda, mülki hüquqda hüquqdan sui-istifadənin qadağan edilməsi institutunun yaranmasına da zərurət və əsas olmazdı.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 261.0, 261.0.1, 261.0.2. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
14. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarı: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmin qərara əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
15. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh «Kapital Bank” ASC-yə qarşı “borcun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair hazırkı iş üzrə icraata xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmaqla ona eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır.
Nəticə:
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 261-262, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 35,60 (otuz beş manat altmış qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova