Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6323/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində yerləşən ümumi sahəsi 322,4 kvm olan Günel kafesi iddiaçının sahibliyində, istifadəsində olmuşdur. İddiaçı Suraxanı RİH-nin müvafiq sərəncamı əsasında sahibliyidə olan Günel kafesində müəyyən yenidənqurma işləri apardıqdan sonra həmin sahəni “Günəş” şadlıq sarayı kimi işlətdi. İddiaçı rayonda yaşadığından “Günəş” şadlıq sarayında aparılan işləri və eləcə də işlədilməsini etibarnamə əsasında yeznəsi X5 həyata keçirirdi. (Günel kafesi iddiaçının adına rəsmiləşdirilsə də, əslində həmin sahə X3 vəsaiti hesabına alınmış və onun sahibliyində olmuşdur.) X5 20.03.2020-ci ildə “Günəş” şadlıq sarayını Cavabdeh icarəyə verir, cavabdeh tərəfindən “Günəş” şadlıq sarayında olan inventarlar sayılaraq siyahıya alınır və siyahı imzalanaraq qəbul edilir. Cavabdeh iltizam yazaraq “Günəş” şadlıq sarayını X1 icarəyə götürdüyünü , fəaliyyəti dövründə sahənin təmiz , səliqəli saxlanması, icarə haqqının vaxtlı-vaxtında ödəməsi, bütün vergi və kommunal xərclərin, elektirik enerjisi, su, qaz, kanalizasiya xərclərinin, telefon danışıq haqlarının ödənilməsini öhdəsinə götürür. Cavabdeh “Günəş” şadlıq sarayını X1 icarəyə götürdükdən sonra pandemiya ilə əlaqədar fəaliyyət göstərə bilmədi, lakin “Günəş” şadlıq sarayı onun istifadəsində oldu. 2020-ci ilin iyun ayında “Günəş” şadlıq sarayının gözətçisi X4 zəng edərək bildirdi ki, Cavabdeh şadlıq sarayının bütün oturacaq stullarını və soyuducuları avtomobilə yükləyərək apardı və bu barədə X3 məlumatı olduğunu bildirdi. X5 dərhal Cavabdeh dəfələrlə zəng etsə də, onun telefonuna cavab verməmişdir. Şadlıq sarayına baxış zamanı məlum olmuşdur ki, Cavabdeh şadlıq sarayından 304-ədəd oturacaq stulları , bir ədəd iki qapılı, türkiyə istehsalı olan soyuducunu və üç ədəd “Uğur” markalı marazelnik soyuducunu aparmışdır. Bir neçə gündən sonra Cavabdeh telefon zənginə cavab verərək şadlıq sarayından apardığı stulların hər birini 12 manatdan hansısa sexə verdiyini, üstündə əlavə pul ödədikdən sonra həmin sexdən eyni miqdarda stul alıb gətirəcəyini, soyuducuların isə rənglənərək yeni formada qaytarılacağını bildirmişdir, ondan dərhal apardığı stullar və soyuducuların geri gətirməsi tələb olunsa da, o, telefonunu keçirmişdir. Bundan sonra, ondan bir neçə dəfə şadlıq sarayından apardığı stulları və soyuducuları geri gətirməsi tələb olunsa da, o, hər dələ müxtəlif bəhanələr uydurmuşdur. Son vaxtlar isə telefon zənglərinə cavab belə vermir. Sonda məcburiyyət qarşısında Suraxanı rayon 33-cü Polis Bölməsinə ərizə ilə müraciət etsələr də, Polis Bölməsində heç bir araşdırma aparılmamış və 25.09.2021-ci ildə cavab məktubu göndərilərək ərizədə göstərilənlərin mülki mübahisə predmeti olaraq məhkəmə tərəfindən araşdırılmalı olduğu göstərilməklə, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh şadlıq sarayından apardığı 304-ədəd oturacaq stulları xeyli vaxt istifadə olunsa da, hazırda onların hər birinin dəyəri 15manatdan az deyildi , bir ədəd iki qapılı, türkiyə istehsalı olan soyuducunun hazırki dəyəri 1100 manat və üç ədəd “Uğur” markalı marazelnik soyuducuların hər birinin hazırkı vaxtda faktiki dəyəri 500 manatdır. Göstərilənlərə əsasən Cavabdeh şadlıq sarayından apardığı iddiaçıya məxsus olan, ümumi dəyəri 7.160 manat olan əmlakların (hər birinin hazırkı vaxda dəyəri 15 manat olan 304-ədəd oturacaq stullarının ( 304* 15= 4.560 manat ), bir ədəd iki qapılı, türkiyə istehsalı olan soyuducunun (hazırkı dəyəri 1 100-manat), üç ədəd “Uğur” markalı marazelnik soyuducuların ( hər birinin hazırkı vaxtda faktiki dəyəri 500manatdır) həmin əmlaklar olmadıqda isə əmlakların dəyərinin (cəmi 7.160-manat) cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin ona hər-hansı məbləğdə borcun olmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6323/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6323/2021
22.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver