Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-633/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASCnin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Honda CRV” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 3000 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu, cəmi 3030,40 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixdə idarə etdiyi cavabdeh "Cavabdeh1” MMC-yə məxsus “Shacman” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 81-ci km-də “Honda CRV” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması AR DİN BDYP-nin AYP 483151 saylı X8 Protokolda öz əksini tapmışdır. xx.xx.2013-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Honda CRV” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilə 3000 manat ziyan dəymişdir. PAT ********** sığorta müqaviləsinin 739/2013 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 3000 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə bir inzibati xətanın baş verməsi rəsmiləşdirilməmişdir. Texniki nasazlıqla bağlı pozuntu olmuş, 50 manat cərimə yazılmış, onu da Cavabdeh2 ödəmişdir. Cavabdeh2 hadisə zamanı avtomaşını etibarnamə əsasında idarə etmişdir. Protokolda da sürücülük hüququnun olmaması barədə heç bir qeyd yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hadisə zamanı onun etibarnaməsi olmuşdur. Şəxsi maşını olmamış, adi sürücü olmuşdur. Polis gələndə etibarnaməni vermiş, o da sadəcə texniki nasazlığa görə cərimə yazmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AB seriyalı 792893 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Shacman” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobil "Cavabdeh1” MMC-yə məxsusdur. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli 739/2013 saylı sığorta aktından görünür ki, "Cavabdeh1” MMC-yə məxsus “Shacman” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmış, sığortanın başlama və bitmə müddəti xx.xx.2012-xx.xx.2013-cü ildir. xx.xx.2013-cü il tarixdə Bakı-Qazax yolunun 81-ci km-də sığortalanmış avtomobil “Honda CRV” markalı, ** RB *** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. xx.xx.2013-cü il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 3000 manat məbləğində olduğu müəyyən edilmiş, 3000 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X4 ödənilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AYP 483151 saylı X8 protokolun surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin İ bəndinin tələbini pozaraq Bakı-Qazax yolunun 81-ci km-də avtomaşını idarə edərkən arxa sol təkərinin barobanının sınması və boltların qopması nəticəsində təkər yolun hərəkət hissəsinə düşərək, bu zaman eyni istiqamətdə eyni zolaqda hərəkətdə olan “Honda CRV” markalı, ** RB *** qeydiyyat nişanlı avtomaşın həmin təkərin üzərindən keçmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, "Cavabdeh1” MMC öz balansında olan 2011-ci il buraxılışlı, “Shacman” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2013-cü il tarixədək idarə etməyi X4 etibar etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu və bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüquq olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatları olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 "Cavabdeh1” MMC-yə məxsus olan və icbari sığorta üzrə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Shacman” markalı, ** JS *** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2013-cü il tarixdə idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Honda CRV” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Honda CRV” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 3000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı baş verən yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 “Shacman” markalı, ** JS *** dövlət nömrə nişanlı avtomaşını idarə etmək hüququnun olmadığını əsas gətirərək ziyana görə ödədiyi pulun subroqasiya qaydasında cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, baş verən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə edən və yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh2 "Cavabdeh1” MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli etibarnaməyə əsasən avtomaşına etibarnamə ilə sahiblik edən (hadisə törədən tarixə) şəxs olmuşdur. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman onu idarə edən Cavabdeh2 qanuni əsaslarla avtomaşını idarə etdiyi üçün, sığorta şirkətinin vurulmuş ziyanla bağlı ziyanı vurmuş şəxsə qarşı subroqasiya qaydasında ziyanı tələb etmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. AR Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığı üçün, ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqı iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-633/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-633/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver