Məhkəmə qərarları › İş №2(006)-639/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-639/2023

13.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-639/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 549 (beş yüz qırx doqquz) manat və 625 (altı yüz iyirmi beş) manat bu günə kimi ona vurduğu zərərin, ümumilikdə 1174 (min yüz yetmiş dörd) manat pulun hesablanaraq alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 549 (beş yüz qırx doqquz) manat pul alaraq xx.xx.2022-ci il tarixdə qaytaracağını bildirmişdir. Cavabdeh aldığı borcu hər gün sabah qaytaracağını bildirməsinə baxmayaraq, xeyli müddətdir ki, iddiaçını aldadaraq pulu qaytarmır. Həmin pul iddiaçının Türkiyəyə təhsil almağa gedən qardaşının pulu idi. Cavabdeh borcu qaytarmadığı üçün yataqxananın 500 (beş yüz) manat pulunu ödəyə bilməyən iddiaçının qardaşı bir həftə oteldə qalmağa məcbur olmuşdur ki, bu da ona 210 (iki yüz on) manata başa gəlmişdir. Bundan əlavə, cavabdehin borcu gedikdirməsi səbəbindən iddiaçının polisdə, məhkəmələrdə, vəkil bürolarında vaxtı keçmiş, 6 gün işə gedə bilməmiş və ona 240 (iki yüz qırx) manat əlavə ziyan dəymişdir. Həmçinin, iddiaçı o qədər süründürməçiliyə məruz qalmışdır ki, kontura və yola 100 (yüz) manat pulu çıxmış, “Azpulmat”dan dəfələrlə kredit götürməyə məcbur olmuşdur ki, buna görə də əlavə 35 (otuz beş) manat əlavə faiz ödəmişdir. Hazırda iddiaçı iddia ərizəsinin verilməsinə görə 35 (otuz beş) manat rüsum ödəmişdir. Cavabdehin vaxtında borcunu ödəməməsinə görə iddiaçı ümumilikdə 1174 (min yüz yetmiş dörd) manat ziyana düşmüşdür. İddiaçı Nəsimi Rayon Polis İdarəsi 19-cu PB-nə şikayət ərizəsi ilə müraciət etmiş və müraciət mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək haqqında məlumat verilmişdir. Cavabdeh iddiaçıdan aldığı 549 (beş yüz qırx doqquz) manat pulu qaytaracağını etiraf etmiş, lakin bu günə kimi pulu qaytarmamışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan CD-diskdəki səs yazısında deyilir: “Şəhriyar, sənə sərf eləyir-eləmir, bilmirəm. Suyun içində indi gəlib çıxıram. Səhər açılandan ora-bura, birtəhər ki birtəhər nəsə yoluna qoymuşam. Məndə birigün saat 4-5 arasında pul olacaq 400 manat. O vaxta qədər də yağış-mağış olmasa, nəsə düz-qoş eləyəcəm üstünə o 140 manatı da, səninlə qurtaracam. Çünki belə, işin bazarı uzanır. İndi deyə bilmərəm də, kim eləyib səhv, bir az belə pis vaxtdır. Amma 400 manat elə bil ki, rayondan 1 nəfər “zapçast” almaq üçün göndərib, o da mənim əlimdədir. Yəni onu ... o biri həftənin İ-İİ gününə də saxlaya bilərəm. Birigün göndərəcək, o vaxta qədər 50-100-150 də nəsə, üstünü özüm düzəldim, eləyəcəm. 549 manatdı hamısı. İşini ona uyğun tut. Qalan, mən bilirəm məhkəməni də, haqqı da, vətəndaş haqqını da, olan məbləği də, hər şeyi də. Hamısını mən səndən gözəl bilirəm. Ola bilsin, sən ali savadlısan, elə düşünürsən, amma polisə yazdın. Polisə oğurluqda, nə bilim, müəyyən işlərdə yazırlar. Yəqin ki, mən bu qədər işlərdə polisə müraciət eləməmişəmsə səninlə bağlı, sən də eləməli deyilsən mənimlə bağlı. Ya istəyirsən elə, öz işindir. Qaldı ki, məhkəmə baxır. Mən bilirəm, adımda nə var, nə yoxdur, hansı fəaliyyətlə məşğulam. Nəsə, onları da qoydum bir qırağa. Başım “uje tormozit” olub. İndi gəlirəm, ac-susuzam səhərdən. Birigün saat 3-ə 4-ə qədər 400 manat olacaq, o vaxta qədər də özüm görüm nə düzəldirəm, sənə yollayacam. Birigün 4-ə 5-ə sənə pulu yollayacam. Sağ ol.” Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixinə kimi qaytarmaq şərti ilə 549 manat məbləğində pulu borc verdiyini, lakin geri ala bilmədiyini, buna görə də ona əlavə maddi ziyan dəydiyini iddia etsə də, iddiaçı tərəfindən həmin halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi səs yazısına istinad edərək, borcun cavabdeh tərəfindən etiraf edildiyini bildirsə də, məhkəmə hesab edir ki, həmin səs yazısı mötəbər sübut qismində qəbul edilə bilməz. Ona görə ki, səs yazısında danışan şəxsin kimliyi səsdən müəyyən edilmir. Səs yazısının məzmununda borc etirafı halı, yəni iş üçün mühüm əhəmiyyət kəsb edən etiraf aşkar edilməmişdir. Belə ki, səsin məzmunundan belə aydın olur ki, danışan şəxs 549 manatı düzəldib verəcəyi ilə əlaqədar vəd verir, lakin bunun nəyin pulu olduğu və nəyə görə qaytarıldığı barədə heç bir məlumat vermir. Səs yazısının məzmununda iddiaçının iddiasını təsdiq edən faktlar müəyyən edilmədiyindən və iddiaçı tərəfindən başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə tərəfindən iddianın qanuni əsası tapılmır, belə ki, iddiaçının qeyd etdiyi faktiki halların şifahi borc müqaviləsinin dispozisiya şərtlərinə uyğunluğu məhkəmə tərəfindən müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddia tələblərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar