Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6390/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçı X6 və onun nümayəndəsi (vəkili) X1, Cavabdeh1 iştirakları ilə, iddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 83000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, Cavabdeh1 onunla biznes əlaqəsi qurub işləməyindən sui-istifadə edib 80000 ABŞ dolları məbləğində pulunun mənimsənilməsi barədə prokurorluğa müraciət etmiş, cinayət işinin təqibinə xitam verilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etsin. O, mülki qaydada mübahisənin həll olunması üçün məhkəməyə müraciət edir. Cavabdeh1 ilə taxta-şalban alveri edərkən o, cavabdehə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul vermiş və əvəzində taxta-şalban almışdır. Axır vaxtlar cavabdeh ondan aldığı pullara görə taxta- şalban verə bilmədi və söz verdi ki, pulunu qaytaracağdır. Lakin xeyli müddət keçdiyi üçün və pulunu vermədiyi üçün o, hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Digər Cavabdeh2 da onun göstərdiklərini təsdiq edə bilər. X12 tanış etmişdir. Cavabdeh2 ona verməli olduqları 30000 manat pulun əvəzinə görə Bakı şəhəri, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdirdiyi yaşayış evini, sənədləri ilə birlikdə ona vermişdir. Dəsturi söz vermişdir ki, həmin evin reyestrdən çıxarışını da alıb ona verəcəkdir, lakin hal-hazıra kimi sözünə əməl etməmişdir. Bu səbəbdən o, məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 iddiaçının dediklərini təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 oğlu iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçını tanıyır və aralarında həmişə xoş münasibətlər olmuşdur. Belə ki, o, Rusiya Federasiyasından taxta-şalban gətirməsinə görə iddiaçıdan müxtəlif vaxtlarda pul almış, pulun əvəzinə isə taxta-şalban gətirmişdir. Pulun bir hissəsini qaytarmış, lakin özüdə ziyana uğradığından qaytara bilməmişdir, borc məbləği bu qədər deyil, az məbləğdə təşkil edir. Hal-hazırda X9 ilə barışığa gəlmək istəyir. Sonda cavabdeh iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh2 əvvəlki məhkəmə iclasında iştirak etmiş və öz izahatında iddia ərizəsini qəbul etməyərək rədd edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o, iddiaçını çoxdandır ki, Naxçıvan şəhərində yaşayanda tanıyıb. Taxta- şalban işlərinə o, baxmışdır. Cavabdehləridə tanıyır. İddiaçı Cavabdeh1 oğluna müxtəlif vaxtlarda pul vermişdir. Dəqiq Cavabdeh1 iddiaçıya nə qədər borclu olduğunu deyə bilmir, lakın onu deyə bilər ki, onların arasında dəfələrlə haqq hesab aparılıb. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəfael Cəfərovun 27 aprel 2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında qərarının surətindən görünür ki, iddiaçı X8 və X5 20 aprel 2017-ci ildə Nərimanov rayon Prokurorluğuna şikayət ərizəsi verərək 16 yanvar 1998-ci ildə Siyəzən rayonunda anadan olmuş Cavabdeh1 2013-cü ilin oktyabr və noyabr aylarında Rusiya Federasiyasından taxta gətirəcəyi adı ilə vəd verərək 83000 ABŞ dolları məbləğində pulunu aldığını, lakin vədinə əməl etməyərək taxta gətirmədiyini aldığı pulu geri qaytarmadığını bildirmişlər. Araşdırma zamanı Cavabdeh1 verdiyi izahatından məlum olur ki, 2013-cü ilin oktyabr aylarında Rusiya Federasiyasından taxta gətirməsinə görə iddiaçıdan və X2 ayrı-ayrı vaxtlarda pul almış, həmin pulun müqabilində taxta gətirmiş və sonra yerdə qalan pulun bir hissəsini qaytarmış, bir hissəsini qaytara bilməmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla və tədqiq edilmiş digər sübutlarla cavabdehlərin iddiaçıdan Rusiya Federasiyasından taxta-şalban gətirilməsi ilə bağlı 83000 ABŞ dolları pul məbləğini aldığı öz təsdiqini tapır. Göründüyü kimi, cavabdehlər iddiaçıdan pul vəsaitini hüquqi əsas olmadan əldə etmiş və bununla da əsassız varlanmışdır. Qanunun tələblərindən irəli gələrək məhkəmə belə nəticəyə gəlir ki, pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan başqa məhkəmə Cavabdeh1 iddianı etiraf etdiyini və iş üzrə dindirilmiş şahid B.Abdullayevin ifadəsini inandırıcı hesab edərək sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Bundan başqa, Azərbaycan Respublikası MM-nın 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Eyni Məcəllənin 1092.1-ci maddəsi isə tələb edir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin MM-nin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd olunanlarla yanaşı MM-ni 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 83000 (səksən üç min) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 83000 (səksən üç min) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6390/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6390/2021
20.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver