Məhkəmə qərarları › İş №2(006)-6395/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6395/2021

23.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6395/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələb edilməsinə qadağa qoyulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələb edilməsinə qadağa qoyulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC iddiaçıya qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddiaçıdan "xxxx" ASCnin xeyrinə 4307,76 ABŞ dolları əsas, 589,18 ABŞ dolları faiz, 492,15 ABŞ dolları cərimə, cəmi 5389,09 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan ** HV *** dövlət nömrə nişanlı, “Zaz Sens TF 698 P66” minik avtomaşınına yönəldilməsi, həmin avtomaşının hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına iddiaçının Banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli, 2(001)- 7093/2013 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 4307,76 ABŞ dolları əsas, 589,18 ABŞ dolları faiz, 492,15 ABŞ dolları cərimə, cəmi 5389,09 ABŞ dolları borcun Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, banka olan borcun cavabdeh İddiaçı məxsus ** HV *** dövlət nömrə nişanlı, "Zaz Sens TF 698 P66" minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, həmin avtomobilin hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ** HV *** dövlət nömrə nişanlı, "Zaz Sens TF 698 P66" minik avtomobilinin satışından əldə olunan vəsait artıq olduqda, həmin məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin hakimi Elmar Rəhimov 27 noyabr 2013- cü il tarixində, yəni qərarı verən gün icra vərəqəsi tərtib edərək Binəqədi rayon İcra Şöbəsinə göndərmişdir. Binəqədi rayon İcra Şöbəsi 19 noyabr 2014- cü ildə icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərar çıxarmışdır. Binəqədi rayon İcra Şöbəsi qərarında göstərmişdir ki, borclu İddiaçı cəmi 5389.09 ABŞ dolları və 30 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Tutma banka girov qoyulmuş "Zaz Sens TF 698 P66" markalı, ** HV *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracdan satılaraq banka olan borc ödənilməlidir. İcra işinə əlavə edilmiş məktubdan görünür ki, icra sənədində göstərilən tələb tam təmin olunmuşdur. Binəqədi rayon İcra Şöbəsi göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.6-cı maddəsini rəhbər tutaraq 2(001)-7093/2013 saylı, 27.11.2013-cü il tarixli icra sənədini Binəqədi Rayon Məhkəməsinə qaytarılmasına qərar vermişdir və Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7093/2013 saylı, 27.11.2013-cü il tarixli icra sənədi icra edilmiş halda Binəqədi Rayon Məhkəməsinin hakimi cənab Elmar Rəhimova, surəti isə "xxxx" KB ASC-nə qaytarılır yazaraq Binəqədi rayon İcra Şöbəsinin rəis müavini kiçik ədliyyə müşaviri Emil Əhmədlinin 19 noyabr 2014cü il tarixdə 17/68 160664 nömrəli məktubu var. Qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət vermə hüququ olsa da, tərəflərdən heç biri qərardan şikayət verməmişdir. Bu prosesdən 7 il keçəndən sonra "xxxx" ASC iddiaçıya pul ödəməsi barədə hədəqorxu gəlir, özbaşınalıq edərək pul tələb edir. İddiaçı kirayədə, xəstə vəziyyətdə çox çətinliklə dolanır. Həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkir. Hər ikisi əmək qabiliyyətlərini itirmişlər. Aylıq məvacibi dərmanlara 10 gün yetir. Ayın axırına özlərini güc-bəla ilə çıxardırlar. Göründüyü kimi "xxxx" ASC hüquq normalarını pozur, çünki "xxxx" ASC 7 il öncə məsuliyyətsizliyə yol vermişdir, göstərilən qanunvericiliyə əsasən məhkəmə qaydasında qətnamə çıxarılmış və icra sənədi icra edilmişdir. Göstərilənlərə əsasən "xxxx" KB ASC-nin hüquq normalarını pozaraq, hədəqorxu gələrək və özbaşınalıq edərək iddiaçıdan pul tələb etməsinə son qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının hazırda banka borcu vardır. İddiaçıya borcun ödənilməsi ilə bağlı tərəflərindən hədə-qorxu gəlinməsi qeyri-mümkündür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli, 2(001)-7093/2013 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4307,76 ABŞ dolları əsas, 589,18 ABŞ dolları faiz, 492,15 ABŞ dolları cərimə, cəmi 5389,09 ABŞ dolları borc Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, banka olan borcun cavabdeh İddiaçı məxsus ** HV *** dövlət nömrə nişanlı, “Zaz Sens TF 698 P66” minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ** HV *** dövlət nömrə nişanlı, “Zaz Sens TF 698 P66” minik avtomobilin satışından əldə olunan vəsait artıq olduqda cavabdehə qaytarılması qət edilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin icra məmuru Orxan Həsənov tərəfindən qəbul edilmiş 19.11.2014-cü il tarixli “icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında qərarın surətindən görünür ki, 2(001)-7093/2013 saylı, 27.11.2013cü il tarixli icra sənədinin Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli arayışdan və hesabdan çıxarışdan görünür ki, İddiaçı banka 1643,27 ABŞ dolları məbləğində əsas borcu vardır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə ödənilməmiş borcu vardır. Məhkəmə qeyd edir ki, İddiaçı "xxxx" KB ASC-nin hüquq normalarını pozaraq, hədə-qorxu gələrək və özbaşınalıq edərək ondan pul tələb etməsinə son qoyulmasını tələb etsə də, həmin tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələb edilməsinə qadağa qoyulması tələbi”nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələb edilməsinə qadağa qoyulması tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar