Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-641/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublı̇ kası Baş Prokurorluğunu cəlb edilməklə ) "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 11 06.2022-cı il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Ayaz Meydanov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci ıl tarixdə İddiaçı1 barəsində həmin maddə ilə cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixdə cinayət işi təhqiqatçı polis kapitanı X7 tərəfindən istintaq aidiyyəti üzrə Suraxanı rayon Pi-nin istintaq şöbəsinə göndərilmiş və həmin tarixdə Suraxanı rayon Pİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X5 icraatına qəbul edilmişdir. 13.06 2022-ci il tarixdə cinayət işı üzrə İddiaçı1 əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı1 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cu maddəsi ilə ittiham elan olunmuş, barəsində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi X10 tərəfindən əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq müddəti Bakı şəhər prokuroru Elşən Abbasov tərəfindən 02 ay, yəni 06 ayadək-12 dekabr 2022-ci il tarixədək uzadılması barədə məhkəməyə müraciət olunmuş və Suraxanı rayon məhkəməsinin hakimi X2 xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı1 həbs qətimkan tədbirində saxlama müddəti 02 ay, yəni 06 ayadək 12 dekabr 2022-cı il tarixədək uzadılmışdır. Həmin cinayət işı üzrə ittiham aktı Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X11 tərəfindən 08 12.2022-ci il tarixdə tərtib edilmiş və Suraxanı rayon prokuroru Rəşid Mahmudov tərəfindən həmin tarixdə təsdiq edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(105)-598/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Hökmün qanunsuz və əsassız olması barədə apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-951/2023 saylı xx.xx.2023-ci il tarixli hökmü ilə məhkum edilmiş İddiaçı1 müdafiəçisi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, İddiaçı1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli1(105)-598/2023 saylı hökmü ləğv edilmiş, İddiaçı1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. İddiaçı1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı1 izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)- 644/2024 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, İddiaçı1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 ailə üzvüləri ilə birgə Ağdam rayonundan məcburi köçkün düşərək Xətai rayonunda uçuq-sökük yataqxanada məskunlaşmışlar. Himayəsində 5 (beş) azyaşlı uşağı var və ailə tərkibi 8 nəfərdən ibarətdir. Qeyd edilir ki, İddiaçı1 ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və səbəb olmadan qanunsuz olaraq şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixinə kimi-1 il 2 ay 4 gün (bir il iki ay dörd gün) qanunsuz olaraq istintaq təcridxanasında saxlanılmış, bu azmış kimi İddiaçı1 barəsində bəraət hökmü çıxdıqdan sonra dövlət ittihamçısı tərəfindən kassasiya protesti verildiyi üçün İddiaçı1 barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində İddiaçı1 özü və ailəsi mənəvi sarsıntı keçirmiş, İddiaçı1 gözündən və bədənindən aldığı xəsarətlər nəticəsində səhhətində ciddi problemlər yaranmış, həbs olunmazdan əvvəl fərdi işlərlə məşğul olub aylıq yüksək qazanc əldə etsə də, həbs olunduqdan sonra həmin işlərini itirmiş və müflis olmuşdur. Cinayət prosesi həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində İddiaçı1 vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesi həyata keçirən orqanların səhvi və sui- istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı döyülmüşdür və uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yaranmış və müalicəyə ehtiyacı vardır. Həmçinin, uşaqlarım azyaşlı olduqlarından onların üzünü 14 ay görməmiş, ata qayğısı göstərə bilməmiş, onlara istər maddi, istərsədə mənəvi kömək edə bilməmişdir. Buda onlara həm maddi sıxıntılar yaşatmış, həmdə mənəvi cəhətdən ata nəvazişindən məhrum olunmuşlar. Tutulan vaxt kiçik oğlunun 1 (bir) yaşı, ən böyüyünün isə 8 yaşı olmuşdur. Nəzərə alınmalıdır ki, 5 (beş) azyaşlı uşağın üzünü 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün ata üzü görmür, düşunəndəkı onlar hansı maddi məhrumiyyətlərlə üz-üzədırlər və necə yaşayırlar. Bunları həbsdə düşündükcə çox sıxılırdı və buda ona mənəvi travma yaşadırdı. Hesab edir ki, həbsdə olduğu 1 il 2 ay 4 dörd gündə çəkdiyi mənəvi iztirabları heç nəylə əvəz etmək mümkün deyildir. Odur ki, qanunsuz həbsdə saxlanıldığı 1 il 2 ay 4 dörd gün müddətində mənəvi sarsıntı keçirmiş və ona vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat konpensasıya tələb edir. Həmçinin, o, X1 İlkin Mətləb oğlunun həyat yoldaşı olaraq bildirir ki, İlkin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olan vaxta kimi 5 (beş) azyaşlı uşaqlarını çox ağır şəraitdə dolandırmışdır. Elə olub ki, bır qarın ac, bır qarın tox yaşamaqlarına dözsədə uşaqları ata qayğısından, ata nəvazişindən uzaq düşüblər. İlkin tutulmamışdan qabaq gündəlik qazancı ilə uşaqlarını və bütöv ailələrini dolandırırdı. Lakin o, tutulduqdan sonra onlar ağır məhrumiyyətlər yaşadılar. Uşaqları azyaşlı olduğundan işləmək imkanı olmadı. Onlar xəstələndiyi vaxt dava-dərman almağa imkanı belə olmurdu. Bütün bu müddət ərzində həm özü, həmdə uşaqları maddi, mənəvi sıxıntılar içində yaşamışlar. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4967/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-4967/2024 saylı mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia tələbindən İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Beləliklə İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ibtidai istintaq orqanı tərəfindən heç bır əsas və səbəb olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə xx.xx.2022-cı il tarixdən xx.xx.2023-cü il tarixinə qədər 1 il 2 ay 4 gün müddətində həbsdə saxlanıldığından və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-951/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarıldığından Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 20.000 (iyirmi min) manat, mənəvi ziyana gorə 50.000 (əlli min) manat olmaqla cəmi 70.000 (yetmiş min) manat məbləğındə pulun İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasna baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və üçüncü şəxs Azərbaycan Respublı̇ kası Baş Prokurorluğunun nümayəndələri hər hansı bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, həmçinin məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: b) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-598/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə İddiaçı1 cəzaçəkmə meddətinin başlanğıcı 11 iyun 2022-ci il tarixdən hsablanması hökm edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-951/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum edilmiş şəxs İddiaçı1 müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 1(101)-598/2023 nömrəli hökmünün ləğv edilməsi, İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi, İddiaçı1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun, məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı1 izah edilməsi hökm edilmişdir. - Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-644/2024 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki iş materiallarına ittiham aktı, fotoşəkil, vəsiqələr və arayış əlavə edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 20.000 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı1 iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz . Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 01 il 02 ay 04 gün müddətinə həbs qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 01 il 02 ay 04 gün müddətinə həbs qətimkan tədbirinə görə 21.000 manat (bir ay üzrə 1500 manat x 01 il 02 ay 04 gün) məbləğində müəyyən olunmalıdır. Həmçinin məhkəmə məhkum İddiaçı1 vurulmuş mənəvi zərərin məbləği ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 himayəsində 5 (beş) azyaşlı uşağının olması, onun ailə tərkibinin 8 nəfərdən ibarət olması, 5 (beş) azyaşlı uşağın 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün ata üzü görməməsi nəzərə alınmaqla iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğinin ədalətli hesab edilməsi üçün bir ay üzrə 1500 manat məbləğində müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 21.000 (iyirmi bir min) manat həcmində (14 ay 4 gün yuvarlaqlaşdırılaraq) təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı1 xeyrinə 21.000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı1 xeyrinə 21.000 (iyirmi bir min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-641/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-641/2025
07.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver