Məhkəmə qərarları › İş №2(006)-647/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-647/2021

28.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-647/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 6.300 manat və mənəvi ziyana görə 70.000 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 76.330 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X5 xx xxxxxx 2018-ci il tarixdə, saat 8 radələrində ünvan 1 A ünvanda yerləşən çoxmərtəbəli binada qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində bədən səthinin 85-90%-ni əhatə edən üçüncü dərəcəli yanıq xəsarətləri alaraq Əziz Əliyev adına Azərbaycan Dövlət X1 X2 Klinikasının yanıq bölməsinə yerləşdirilmiş, xx xxxxxx 2018-ci il tarixdə müalicə olunduğu xəstəxanada yanıq şokundan ölmüşdür. Bununla əlaqədar Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 1(006)-15/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Qeyd olunan hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi və mənim tərəfindən apelyasiya şikayətləri, həmçinin prokuror tərəfindən apelyasiya protesti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1381/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin hökmü dəyişdirilərək Cavabdeh 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh tərəfindən ona mərhumun övladı kimi maddi və mənəvi zərər baxımından heç bir yardım edilməmişdir. Atası cavabdehin üzündən faciəvi şəkildə vəfat etmişdir. Atasının bu cür faciəvi şəkildə vaxtsız vəfat etməsinə dözə bilməyən anası hadisədən bir neçə ay sonra, xx.xx.2018-ci il tarixdə, 49 yaşında kəskin ürək çatışmazlığından vəfat etmişdir. O, subaydır və mərhum valideynləri ilə birlikdə yaşayırdı. Valideynlərini itirdikdən sonra mənəvi sarsıntı içində yaşayır və iztirab çəkir. Əvvəllər fərdi əməklə məşğul olaraq aylıq təxminən 800-900 manat pul qazanırdı, lakin məlum hadisələrdən sonra neçə müddətdir ki, heç bir yerdə işləmir. Buna görə də aylıq məvacibindən məhrum olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, atası və anasının dəfn xərclərinə 6300 manat vəsait xərcləmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı maddi ziyanla bağlı iddia ərizəsində cəmi 2 yerdə işlətmişdir. Birincisi, ona mərhumun övladı kimi maddi və mənəvi zərər baxımından heç bir yardım edilməmişdir. İkincisi, iddia ərizəsinin xahiş edirəm hissəsində dəymiş maddi ziyana görə 6300 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılsın. Bundan başqa iddiaçı iddia ərizəsində bir kəlimə də olsun maddi ziyanın nədə ifadə olunduğu göstərməmiş, bunu təsdiq edən hər hansı sübut, sənəd təqdim etməmişdir. Həmçinin iddiaçının baş vermiş hadisə ilə anasının ölümündə bağlılığın qurulmasına çalışılması məntiqsizdir. Halbuki iddiaçı özü də etiraf edir ki, anası kəskin ürək çatışmazlığından vəfat etmişdir. Bundan əlavə, baş vermiş hadisəni bəhanə gətirməklə işsiz qalmasını, aylıq qazancını itirməsi iddiası isə tamamilə ağlabatan deyil. Bundan əlavə, iddiaçının mərhum atasının ölümünə səbəb olmuş hadisəni sanki atasının həyatına qəsd edilməsi kimi qəbul etməsi heç də anlaşılan deyil. Hökmdə də görünür ki, bu ehtiyatsızlıq nəticəsində baş vermiş hadisədir. Məhz qəsdən törədilən cinayətlə ehtiyatsızlıqdan törədilən cinayətin əsas fərqi də məhz ondan ibarətdir ki, cinayət törədən şəxs qəsdən törədilən cinayət zamanı cinayəti dərk edir və onun nəticələrini arzu edirsə, ehtiyatsızlıqla törədilən cinayətdə əməl etinasızlıq və özünəgüvənmə nəticəsində olur. Bütün bunlar bir daha göstərir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Həm maddi ziyan, həm də mənəvi zərərlə bağlı qanunvericilikdə kifayət qədər müddəalar vardır. İddiaçı maddi ziyanın olmasına dair məhkəməyə bir dənə də olsun sübut təqdim etməmişdir. Mənəvi zərərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Həmin qərara əsasən, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, iddiaçı nəinki fiziki və mənəvi sarsıntılar keçirməsini, baş vermiş hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 928725 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə bədənin texniki yanığı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 364 № ilə qeyd edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 950632 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 738 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)- 1381/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən məhkum olunmuş şəxsin vəkili X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Surac Salmanov tərəfindən verilmiş apelyasiya protesti təmin olunmuş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhəməsinin xx xxxxxx 2019- cu il tarixli hökmü zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə və Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Surac Salmanov tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, həmin hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X9 məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X4 haqqında Konvensiya»nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Nəsimi rayon X10 və kanalizasiya şəbəkələrinin istismarı sahəsi üzrə rəis müavini Cavabdeh tutduğu vəzifə ilə əlaqədar yanğın təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olduğu halda həmin qaydaları pozması nəticəsində baş vermiş qəzada iddiaçının atası X6 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. İddiaçının atasının cavabdehin ehtiyatsızlığı nəticəsində vəfat etməsi qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, baş vermiş cinayət hadisəsi nəticəsində atasının ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Həmçinin, cavabdehin nümayəndəsinin iddianın əsassızlığına dair iddiaçının mənəvi sarsıntı keçirməsinin sübut olunmadığına istinad etməsi ilə bağlı məhkəmə bildirir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun atasını vaxtsız şəkildə başqa şəxsin təqsiri üzündən itirməsi faktı birbaşa əsasdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının atasının ölümü ilə əlaqədar keçirdiyi mənəvi sarsıntı və iztirabın cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi müəyyən edildiyi halda, onun anasının ölümü ilə əlaqədar keçirdiyi mənəvi sarsıntı və iztirabı cavabdehin qanunsuz hərəkətləri ilə əlaqələndirmək əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının anasının atasının ölümündən 5 aydan artıq müddət keçdikdən sonra ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölməsi müəyyən edilmişdir. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi bir tərəfin müflisləşməsinə, digər tərəfin isə əsassız varlanmasına səbəb olmamalıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıya atasının ölümü ilə əlaqədar dəymiş mənəvi ziyana görə 7000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən İddiaçı atasının ölümü nəticəsində dəymiş maddi zərərin ödənilməsini də cavabdehdən tələb etməyə haqlıdır. Belə ki, dəymiş maddi zərərə dair iddiaçı tərəfindən maliyyə sənədləri təqdim olunmasa da, iddiaçının atasını dəfn etməsi, el adəti və dini tələblərə əsasən mərasimləri təşkil etməsi obyektiv həqiqətdir. Ona görə də məhkəmə dəfn və yas mərasimlərin təşkili zamanı xərclənən pullara dair hər-hansı maliyyə sənədlərinin reallıqda verilməməsini nəzərə alır və hesab edir ki, vurulmuş maddi ziyana görə ağlabatan məbləğin - 3000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi ədalətlidir. Həmçinin məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 04 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş maddi zərərə görə 3000 manat, mənəvi zərərə görə 7000 manat olmaqla, cəmi 10000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 04 manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəymiş maddi zərərə görə 3000 (üç min) manat, mənəvi zərərə görə 7000 (yeddi min) manat olmaqla, cəmi 10000 (on min) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin 04 (dörd) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar