Məhkəmə qərarları › İş №2(006)-648/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-648/2023

30.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-648/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “avtomobilin geri qaytarılması, müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2016-cı il buraxılışlı X15 markalı, Ban № 1G1PE5SB7G7202226 **-UR-*** nömrə nişanlı avtomobilin alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ABŞ-dan öz şəxsi istifadəsi üçün 2016-cı il buraxılışlı, X15 markalı, BAN № 1G1PE5SB7G7202226 olan avtomobil sifariş vermişdir. Avtomobil Bakı Gömrüyündə sənədləşməyə qədər onun adında olub. Rastamoşqa üçün lazım olan pulu tapa bilmədiyi üçün tanışı olan Rəhman Şamilov və Cavabdeh2 maddi kömək istədi. Onlar rastamoşka üçün tələb olunan pulu Arzu adlı xanımdan faizlə götürəcəklərini bildirdilər. Rəhman Şamilov və Cavabdeh2 rastamoşka üçün tələb olunan pulu Arzu xanımdan o şərtlə götürüblər ki, ABŞ-dan gətirdiyi avtomobil Arzu xanımın qızı Cavabdeh1 adına sənədləşdiriləcək və borc müqaviləsi tərtib olunaraq borclar faizi ilə birlikdə hər ay Arzu xanıma ödəniləcək. Borc müqaviləsində tərəf onun özü olmamışdır. Lakin, tərəflər arasında mötəbər sayılmayan müqaviləyə əsasən borc ödənilmiş və qəbzlər də mövcuddur. Bir neçə ayda gecikmə olduğuna görə başqa şəxsə satmaq üçün əvvəlcədən beh alıb. Avtomobilin ilkin mülkiyyətçisi olaraq onun hüquqları pozulmuşdur. Arzu xanımla etibarnamə üzrə nümayəndəsi Pərvin Abbasov görüşmüş və mübahisəli məsələnin həlli yollarını müzakirə etmişlər. Lakin, Arzu xanım avtomobili satmaq üçün qabaqcadan kimdənsə beh aldığını və avtomobili ona qaytarmayacığını bildirmişdir. Hesab edir ki, borc müqaviləsi üzrə öhdəliklərin bir neçə ay onun iradəsindən asılı olmayan səbəblərə görə yubanması onu əmlakdan məhrum edə bilməz. Müqavilənin müddəti 2023-cü ildə bitir. Həmin müddət bitdikdən sonra borc müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədikdən sonra əmlak üzərində hüquqların itirilməsi müvafiq normativ hüquqi aktlarla da təsbit olunub. Digər Cavabdeh2 ilə Cavabdeh1 arasında hansısa başqa borc məsələnin olub-olmaması onu əmlakından məhrum etməməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus 2015-ci il buraxılışlı, X15 markalı, Ban № 1G1PE5SB7G7202226 olan avtomobilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, o,xx.xx.2021-ci il tarixdə X6 bütün daşınar əmlaklarına dair hüquqlar verən 10 gün müddətinə etibarnamə vermişdir. Qeyd edir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi həmin etibarnamə əsasında onun xəbəri olmadan X9 tərəfindən imzalanmış və alqı-satqı müqaviləsində qeyd olunan vəsait ona verilməmişdir. X9 ona məxsus Chevrolet Cruze markalı, **-UR-*** nömrə nişanlı avtomobili etibarnamə əsasında xəbəri olmadan tanımadığı Cavabdeh1 satmış və əldə olunan vəsaiti ona verməmişdir. Bundan əlavə bildirir ki, ona məxsus Chevrolet Cruze markalı, **-UR-*** nömrə nişanlı avtomobil ilə bağlı Cavabdeh1 tərəfindən ona, daha sonra isə X4, Məlikov Nurlan Hicran oğluna etibarnamə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesba etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanı tərəfindən verilən xx.xx.2021-ci il tarixli X1 görünür ki, Sifarişçi İddiaçı tərəfindən buraxılış ili 2015 olan, VİN:1G1PE5SB7G7202226, Chevrolet Cruze markalı avtomobil istehsalçı General Motors, X2 sifariş edilmişdir. - X7 ilə Cavabdeh2 arasında bağlanmış müqavilədən görünür ki, həmin müqavilənin predmeti olan Chevrolet Cruze markalı avtomobilin maddi qarşılığı 7.440 manat məbləğində müəyyən edilmiş, avtomobil Nuriyeva Arzunun mülkiyyətinə verilmiş, Cavabdeh2 tərəfindən borc tam şəkildə ödənildikdən sonra avtomobilin ona geri qaytarılması nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Chevrolet Cruze” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 rəsmiləşdirilmişdir. - AR-İİ № 317675 seriyalı etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə X6 10 günlük etibarnamə verilmişdir. - 15 iyul 2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı tərəfindən X14 markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2015-ci il olan avtomobil alıcı Cavabdeh1 15.000 manat məbləğində satılmışdır. Müqaviləni satıcı əvəzinə X9 imzalamışdır. Məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı tərəfindən “Chevrolet Cruze” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil xarici ölkədən sifariş edilmiş, avtomobil gəldikdən sonra xx.xx.2021-ci il tarixdə gömrük rəsmiləşdirilməsindən keçmişdir. Buna qədər isə Abbasova Maral xx.xx.2021-ci il tarixdə X6 bütün daşınar əmlaklarına dair hüquqlar verən 10 gün müddətinə etibarnamə vermiş, sonuncu da İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi alğı-satqı müqaviləsi bağlayaraq avtomobili Cavabdeh1 15000 manata satmışdır. Avtomaşın hazırda onun mülkiyyətində və istifadəsindədir. İşin materiallarından görünür ki, iddiaçı əvvəl verdiyi iddiasında avtomobilin alınaraq ona geri qaytarılması tələbini irəli sürərkən bu tələbini onula əsaslandırmışdır ki, avtomobili xaricdən gəldikdən sonra gömrük rəsmiləşdirilməsi üçün pul lazım olduğundan tanışı olan Rəhman Şamilov və Cavabdeh2 maddi kömək istəmiş, onlar da gömrük rəsmiləşdirilməsi üçün tələb olunan pulu Arzu adlı xanımdan faizlə, lakin onun ABŞ-dan gətirdiyi avtomobili Arzu xanımın qızı Cavabdeh1 adına sənədləşdiriləcək və borc müqaviləsi tərtib olunaraq borclar faizi ilə birlikdə hər ay Arzu xanıma ödənilməsi şərtlə götürəcəkləri bildirmişlər. İddiaçı buna razılaşmış, hətta tərəf olmadığı, Cavabdeh2 ilə X8 arasında bağlanmış müqaviləsi üzrə bir neçə ayda gecikməsi də olmuşdur. Gecikmə olduğuna görə Arzu xanımın başqa şəxsə satmaq üçün əvvəlcədən beh alınmasının avtomobilin ilkin mülkiyyətçisi olaraq onun hüquqları pozulmasını göstərərək avtomobilin ona qaytarılmalı olmasını iddia etmişdir. Lakin sonradan Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən verdiyi iddia tələbinə əlavə ərizəsində iddiaçı eyni halları göstərməklə yanaşı etibarnamə əsasında nümayəndəsi X9 tərəfindən mübahisəli avtomaşın xəbəri olmadan tanımadığı Cavabdeh1 satmasının və əldə olunan vəsaitin ona verməməsini göstərərək sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında verilmiş şəhadətnamənin ləğv edilməsini tələb edir. Cavabdehlərdən Cavabdeh2 iddianın təmin edilməsinə etiraz etməsə də, Cavabdeh1 nümayəndəsi iddia tələbi ilə razılaşmayaraq onun əsassız saymışdır. Məhkəmə avtomobilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; - 324.2-ci maddəsinə əsasən əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının onun adından verilmiş 10 günlük etibarnamə əsasında nümayəndəsi olmuş X9 tərəfindən Cavabdeh1 mübahisəli avtomobilin satılması ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmasından xəbəri olmamasına dair iddianın dəlili tam əsassızdır. Belə ki, qeyd edildiyi kimi iddiaçı ilk dəfə verdiyi avtomaşının qaytarılmasına dair iddia tələbində gömrük rəsmiləşdirilməsi üçün tanışları olan Rəhman Şamilov və Cavabdeh2 maddi kömək istəməsini, onların da bunun üçün tələb olunan pulu Arzu adlı xanımdan faizlə, lakin onun ABŞ-dan gətirdiyi avtomobili Arzu xanımın qızı Cavabdeh1 adına sənədləşdiriləcəyini və borc müqaviləsi tərtib olunaraq borclar faizi ilə birlikdə hər ay Arzu xanıma ödənilməsi şərtlə götürəcəkləri bildirmələrini göstərmişdir. Həmçinin də məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə X6 bütün daşınar əmlaklarına dair hüquqlara dair 10 gün müddətinə verdiyi etibarnamədə əmlak üzərinə sərəncam vermək kimi səlahiyyətini də vermişdir. Təqdim edilən sənədlərdən də görünür ki, X9 etibarnamə ilə verilmiş səlahiyyətlər daxilində satıcı İddiaçı adından X14 markalı, **- UR-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2015-ci il olan avtomobil alıcı Cavabdeh1 15.000 manat məbləğində satmasına dair 15 iyul 2021-ci il tarixli nəqliyyat vasitəsinin alğısatqı müqaviləsini imzalamışdır. Məhkəmə daha sonra qeyd edir ki, iddiaçının özünün də ərizəsində göstərdiyi kimi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYP-dən təqdim olunan kompüter çıxarışından da aydın görünür ki, avtomobil Cavabdeh1 mülkiyyətinə keçdikdən sonra yeni mülkiyyətçi iddiaçının adına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi etibarnamə vermişdir. Daha sonra xx.xx.2022-ci ildə X3 və Məlikov Nurlan Hicran oğluna etibarnamə vermişdir. Məhkəmənin qənaətinə görə iddiaçının xx.xx.2021-ci il tarixdə X6 verdiyi etibarnamə əsasında mübahisələndirdiyi əqdin bağlanması, həm ona verdiyi etibarnamənin məzmunu, həm də Cavabdeh1 ona avtomaşının mülkiyyətçisi kimi etibarnamə verməsi ilə öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, həmin etibarnamə əsasında həyata keçirilmiş 15 iyul 2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin etibarsızlığını bu əqdin onun xəbəri və razılığı olmadan bağlanması əsası ilə mübahisələndirsə də, məhkəmə araşdırması yuxarıda göstərilən müəyyən edilmiş hallar bu dəlillərin əsassız olmasını tam təsdiq etmişdir. Belə olan halda isə iddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi olan alqı-satqı müqaviləsinin etibarsızlığının faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə X6 verdiyi etibarnamənin qanuniliyini mübahisələndirməyərək, onun tərəfindən iddiaçının adından verilən notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında xx.xx.2021-ci il tarixli müqavilə sonuncunun xəbəri və razılığı ilə bağlanıldığından hesab edilir ki, həmin müqavilə tərəflərin öz iradə ifadəsi nəticəsində bağlanılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Belə ki, MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Beləliklə də, iddiaçının tələbinin əsasını təşkil edən və iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyi üçün həmin hissədə iddia tələbi əsaslı deyildir və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin müqavilə əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi və avtomaşının qaytarılması hissələrinə münasibətdə isə qeyd edir ki, həmin tələblər ilkin tələblə bağlıdır və həmin tələbin təmin olunub-olunmamasından asılıdır. Müqavilənin etibarsız hesab edilməsi tələbi rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, işin araşdırılmış halları ilə iddiaçının xx.xx.2021-ci il tarixdə X6 bütün daşınar əmlaklarına dair hüquqlar verən etibarnamə əsasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən tam məlumatlı olduğu halda onun etibarsızlığı ilə bağlı xx.xx.2023-cü il tarixdə iddia qaldırması ilə (iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsinə əlavə təqdim etmək yolu ilə) Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti (kəsici müddətin) ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən normaya əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilməsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. (B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı). Plenum qərarında daha sonra göstərilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Beləliklə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə həm də kəsiçi müddət tətbiq edilməlidir. Məhkəmə cavabdeh kimi göstərilmiş Cavabdeh2 iddianın təmin edilməsinə etiraz etməməsinə dair mövqeyini bildirirək hesab edir ki, bu mövqe əsassızdır. Belə ki, o, hazırki iddianın predmeti olan alqı-satqı müqaviləsinin tərəfi olmadığı heç bir cavabdehlik daşımadığından onun bu mövqeyi iddianın əsaslı olmasına heç bir formada dəlalət etmir. Həmçinin məhkəmə qeyd edir ki, onun iddiaçının iddia ərizəsində X8 ilə aralarında mübahisəli avtomaşınla bağlı borc və ya digər münasibətlərinin olmasına dair göstərdikləri ilə əlaqədar izahatlarının da hazırki iş üzrə heç bir əhəmiyyəti yoxdur. Belə ki, əvvəla iş materiallarında olan sözügedən müqavilə heç bir formada təsdiq edilmədiyindən sübut növü sayılmır. İkincisi də iddiaçı həmin təsdiq olunmayan və özünün də qeyd etdiyi kimi mötəbər sayılmayan müqavilə üzrə tərəf deyildir. Həmçinin də müqavilədə Cavabdeh2 ilə X8 arasında sadə yazılı formada tərtib etdikləri müqavilədə qeyd edilən avtomobil müqavilə bağlanan vaxtı iddiaçının deyil, artıq Cavabdeh1 mülkiyyəti idi. Buna görə də iddiaçının və cavabdeh kimi göstərilmiş Cavabdeh2 qeyd edilən müqaviləyə istinad etmələri hazırki iş üzrə əhəmiyyət kəsb etməyərək sübut növü kimi qiymətləndirilmir. Həmin müqavilə üzrə tərəflər arasında hansı formada münasibətlərin yaranması, mövcudluğu və ya davam etməsinin hazırki işlə heç bir hüquqi əlaqəsinin olması müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının X5 ona məxsus Chevrolet Cruze markalı, **-UR- *** nömrə nişanlı avtomobili etibarnamə əsasında Cavabdeh1 satılması zamanı əldə olunan vəsaiti ona verməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, əgər belə bir hal həqiqətən də baş vermişsə, mötəbər və tutarlı sübutların mövcudluğu təqdirdə iddiaçıya hüququnu pozan şəxsə qarşı müvafiq iddia qaldırmaq hüququnun olması da izah edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “avtomobilin geri qaytarılması, müqavilənin etibarsız hesab edilməsi”nə dair tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar