Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6494/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və həyətyanı sahədən ibarət olan tikilini Cavabdeh müvəqqəti yaşaması üçün kirayəyə vermişdi. Cavabdeh orada müəyyən müddət yaşadıqdan sonra öhdəliyin şərtlərini pozmuş, kirayə haqlarını və kommunal ödənişləri ödəməmişdir. İddiaçı cavabdehdən kirayə haqlarını, kommunal ödənişləri ödəyərək evin boşaldılmasını xahiş etsə də, cavabdeh buna məhəl qoymamış, yaşadığı müddətdə evi baxımsız saxlaması və digər hüquqazidd hərəkətləri nəticəsində evi yararsız vəziyyətə salmış, evdə olan qədimi xalçaları, mis qazanları və digər qiymətli əşyaları iddiaçıdan icazə almadan və gizli şəkildə satmış, evdə quraşdırılmış peçi sökmüş, evə və mülkiyyətçi kimi iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Ev kirayə verilərkən yaşayış üçün zəruri şəraiti olsa da, hazırda həmin ev yaşayış üçün tam yararsız vəziyyətdədir. Ziyanın dəyməsi faktı həmin ərazidə yaşayan qonşuların şahidliyi, qonşuların iştirakı ilə tərtib olunmuş aktla, çəkilmiş fotoşəkillərlə, ziyanın məbləği isə qiymətləndirici müəssisə "xxxx" MMC-nin 23 avqust 2021-ci il tarixli, LP-137/2021 saylı ekspertiza rəyi (qiymətləndirmə aktı) ilə təsdiq olunur. Həmin ekspertiza rəyinin (qiymətləndirmə aktının) “nəticə” hissəsi ilə iddiaçının mənzilinə dəymiş zərərin məbləği 10.600 (on min altı yüz) manat müəyyən edilmişdir. Bundan əlavə evdə iddiaçıya məxsus və mənəvi dəyəri olan, kirayə verilərkən evlə birgə cavabdehə etibar edilmiş qədimi xalçaların, mis qazanların və digər qiymətli əşyaların iddiaçıdan icazə almadan və gizli şəkildə cavabdeh tərəfindən satılması, ödənilməmiş kommunal ödənişlərə görə yazılmış borc nəticəsində vurulmuş ziyan 2.400 (iki min dörd yüz) manat təşkil edir. İstinad edilən faktlardan, sənədlərdən və tətbiq edilməli olan normativ aktların tələblərindən də göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 8.000 (səkkiz min) manat məbləğində zərər vurulmuşdur və həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan əlavə, cavabdehin hərəkətləri iddiaçıya yalnız maddi deyil, həmçinin mənəvi zərərin vurulmasına səbəb olmuşdur. Belə ki, iddiaçının mənzilini uzun müddətə faktiki olaraq yaşayış üçün yararsız vəziyyətə salmış cavabdeh, vurduğu zərərlə bağlı iddiaçı ilə yaranmış mülki münasibətlərində Mülki Məcəllənin 5.3-cü maddəsi ilə təsbit edilmiş vəzifəni yerinə yetirməmişdir. Cavabdehin qanunazidd hərəkətləri, eləcə də onun müxtəlif orqanlara həqiqətə uyğun olmayan müraciətlərinə görə illərdir məhkəmələrdə, polis orqanlarında süründürülməsi iddiaçıda uzun müddət davam edən narahatçılıq, həyəcan və stress vəziyyəti yaratmışdır. İddiaçı ona dəymiş mənəvi zərəri 15.000 (on beş min) manat məbləğində qiymətləndirir. Göstərilənlərə əsasən Cavabdeh maddi zərərin əvəzi kimi 13.000 (on üç min) manat, işin məhkəməyə verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və mənəvi zərərin əvəzi kimi 15.000 (on beş min) manat olmaqla, cəmi 28.030 (iyirmi səkkiz min otuz) manatın tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçı ona məxsus, nəsil yadigarı olan, xalça və qədimi digər əşyalarımı öz adına çıxarır. Bu azmış kimi iddiaçının özü və əri tərəfindən 2004-cü ildə ona satdıqları evi ona guya kirayə verdiyini qeyd edir. Aldığı dövrdə onsuz da təmirsiz olan evi o, sonradan müəyyən qədər təmir etmiş (əlbətdə ki, öz evi kimi) və buna dair dəfələrlə icra hakimiyyətinə müraciətlər edərək əsaslı təmir üçün sərəncam verməsini xahiş etmişdir. İddiaçıdan fərqli olaraq göstərdiklərinin sübutu kimi artıq özünün qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə, yəni Bakı Apellyasiya Məhkəməsinin 2(103)-398/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlarta istinad edir. Eləcə də məhkəmədən ona məxsus əşyaların oğurlandığı ehtimalına görə və həmin əşyaların ya iddiaçının özü ya da onun əlbir olduğu şəxslər tərəfindən oğurlandığından şübhələndiyi üçün Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tələbindən çıxış edərək iş üzrə xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 24.06.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi, ev 38 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında müvafiq qeydiyyat aparılmışdır. İşin materiallarında olan yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportundan görünür ki, həmin ev ümumi sahəsi 22.1 kv.m olan “A” və ümumi sahəsi 47.9 kv.m olan “B” tikililərindən ibarətdir. İşdə olan "xxxx" MMC tərəfindən İddiaçı sifarişi əsasında verilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 10.600 (on min altı yüz) manat təşkil edir. Həmçinin, işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-398/2021 saylı, 05.02.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və s. tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh 2004-cü ildə İddiaçı əri X3 ilə mübahisəli ünvanda yerləşən evin “A” tikilisinin alqı-satqısına dair razılığa gəlmiş və sonuncuya 2500 ABŞ dolları məbləğində pul vermişdir. Lakin həmin vaxtı X1 həmin evə və torpaq sahəsinə mülkiyyət hüququ olmadığına görə Cavabdeh alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qaldırdığı iddia ərizəsi təmin edilməmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, Cavabdeh həmin yaşayış sahəsinə istifadə hüququ yaranmışdır. Buna görə də İddiaçı Cavabdeh qarşı evdən çıxarılması tələbinə dair iddiasının əsassız olması qənaətinə gəlmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh da istifadə hüququna malik olan (2004-cü ildən yaşadığı) fərdi yaşayış evinin bir hissəsinə (“A” tikilisi) və oradakı əşyalara zərər vurulduğunu iddia etməsinə baxmayaraq, tələbinin əsasını təşkil edən halları təsdiq edə biləcək heç bir tutarlı sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi mütəxəssis rəyinə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, rəydə fərdi yaşayış evinə 10.600 manat məbləğində ziyanın vurulduğu göstərilsə də, həmin evin əvvəlki vəziyyəti barədə heç bir məlumat öz əksini tapmamışdır. Bundan əlavə, göstərilən ziyanın məhz cavabdeh tərəfindən vurulması da işin məhkəmədə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində biri-birinə zidd olan fikirlər yer almışdır. Belə ki, iddia ərizəsinin əvvəlində mənzilə 10.600 manat məbləğində ziyanın, mənzildə olan əşyaların satılması və kommunal ödənişlərə görə yığılmış borcun 2400 manat təşkil etməsi (cəmi 13.000 manat) göstərilməsinə baxmayaraq, daha sonra iddia ərizəsində göstərilmişdir ki, cavabdeh iddiaçıya 8000 manat məbləğində ziyan vurmuşdur. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində Cavabdeh 2004-cü ildə İddiaçı mərhum əri M.Rzayevə həmin evin alqı-satqısı üçün 2500 ABŞ dolları məbləğində pulun verilməsi və Cavabdeh qeyd olunan evə istifadə hüququna malik olması göstərilsə də, iddia ərizəsində sonuncunun həmin evdə kirayəçi qismində yaşadığı göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərində iddiaçıya münasibətdə heç bir delikt mövcud olmadığından, cavabdeh tərəfindən iddiaçıya hər-hansı maddi və mənəvi zərərin ödənilməsinə heç bir əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh iddia ərizəsinə dair verdiyi etiraz ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı hərəkətlərində cinayətin əlamətləri olduğuna görə sonuncu barəsində xüsusi qərardadın çıxarılması haqqında dəlilinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərəkətlərində hər-hansı cinayətin əlamətlərinin olmasına dəlalət edən hallar mövcud olmadığına görə xüsusi qərardadın çıxarılması üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6494/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6494/2021
15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver