Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6501/2025 25.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 3500 manat əsas borc, 150 manat gecikdirilmiş faiz və 750 manat cərimə olmaqla ümumilikdə 4400 manat məbləğin, 130 manat hüquqi yardıma görə xərcin və ödənilmiş 65.3 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı, Cavabdeh ilə 14 avqust 2024-cü il tarixində aralarında notariat qaydasında rəsmiləşdirilmiş və 3M-2226 nömrəsi ilə dövlət qeydiyyatına alınmış Borc (Kredit) müqaviləsi bağlamışdır. Müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-744-cü maddələrinin tələblərinə tam uyğun olaraq yazılı formada tərtib edilmiş və notarius tərəfindən təsdiqlənmişdir ki, bu da onun hüquqi qüvvəyə malik rəsmi sənəd olmasını təsdiq edir. Müqavilə bağlanarkən tərəflərin bütün hüquq və öhdəlikləri konkret, aydın və birmənalı şəkildə göstərilmiş, borcun məbləği, verilməsi şərtləri, qaytarılma müddəti və tərəflərin məsuliyyəti açıq şəkildə müəyyən edilmişdir. Müqavilə üzrə iddiaçı borcverən olaraq, cavabdehin xeyrinə 3500 (üç min beş yüz) manat pul vəsaitinin verilməsi öhdəliyini üzərinə götürmüş və həmin vəsaiti tam həcmdə notariat orqanının depozit hesabına köçürmüşdür. Bu ödəniş faktı müvafiq notariat sənədi və depozit hesabının çıxarışı ilə təsdiq olunur. Beləliklə, iddiaçı müqavilə üzrə borcvermə öhdəliyinin bütün tələblərini tam və düzgün icra etmişdir və cavabdehin sərəncamına məhz müqavilədə nəzərdə tutulmuş şəkildə və müddətdə pul vəsaiti verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.3-cü maddəsinə əsasən, borcun verilməsi anı, pul vəsaitinin borcalanın sərəncamına verildiyi tarix hesab olunur. Notariat depozit hesabı vasitəsilə vəsaitin borcalana ötürülməsi faktı hüquqi cəhətdən borc münasibətinin yaranması və öhdəliyin qüvvəyə minməsi üçün tam yetərli və birmənalı əsasdır. Bu baxımdan tərəflər arasında hüquqi borc münasibəti yaradılmış, cavabdeh isə borcalan statusunu əldə etmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh aldığı borcu göstərilən qaydada və müəyyən edilmiş müddətlər çərçivəsində tam şəkildə iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə münasibətlərinin predmeti olan borc öhdəliyi mahiyyət etibarilə konkret, real və icrası mümkün olan pul öhdəliyidir. Lakin cavabdeh öz üzərinə götürdüyü müqavilə öhdəliyini bu günə qədər heç bir formada icra etməmiş, əsas borcdan nə qismən, nə də tam şəkildə ödəniş etməmişdir. Borcun qaytarılmaması ilə cavabdeh uzun müddət müqavilə tələblərini pozmuş, öhdəliyin icrasından yayınmış və bununla da özünü icranı əsassız olaraq gecikdirən borclu vəziyyətinə salmışdır. Borcun qaytarılmaması faktı həm müqavilə şərtlərinin kobud şəkildə pozulduğunu, həm də cavabdehin müqavilə münasibətinə qeyri-ciddi yanaşdığını açıq şəkildə nümayiş etdirir. Bu davranış nəticəsində iddiaçının maddi maraqları pozulmuş, müqavilədən gözlənilən və borclunun təmin etməli olduğu nəticələr əldə edilməmiş, iddiaçıya real zərər vurulmuşdur. Cavabdehin borcu qaytarmaması həm mövcud əsas borcun ödənilməməsi, həm də Mülki Məcəllənin tələblərinə uyğun olaraq gecikdirilmiş icra üzrə faiz və kompensasiya tələb etmək hüququnun yaranması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.3-cü maddəsinə əsasən borcun verildiyi an, pul vəsaitinin borcalanın sərəncamına verildiyi vaxt hesab olunduğundan, iddiaçının öhdəliyi tam başa çatmış, cavabdeh isə həmin tarixdən etibarən faktiki borclu statusu almışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini bu günə qədər yerinə yetirməmiş, borcu qaytarmamış və borcun əsas məbləğindən hər hansı bir hissəni ödəməmişdir. Bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə birbaşa ziddir. Həmin maddəyə əsasən borcalan aldığı pulu və müvafiq faizləri müqavilədə nəzərdə tutulan müddətdə borcverənə qaytarmağa borcludur. Müddətin açıq şəkildə müəyyən edilməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməmiş, bununla da özünü icranı əsassız olaraq gecikdirən borclu vəziyyətinə salmışdır. Mülki Məcəllənin 445.1 və 445.2.1-ci maddələrinə əsasən borclu, öhdəliyi müddətində icra etmədikdə icranı gecikdirmiş hesab olunur. İddiaçı cavabdehə yazılı şəkildə rəsmi pretenziya məktubu (xatırlatma) təqdim etmişdir. Məcəllənin 445.3-cü maddəsi bu cür yazılı xəbərdarlığa baxmayaraq borcun qaytarılmaması halında borclunun icranı gecikdirmiş sayıldığını hüquqi şəkildə təsdiqləyir. Cavabdeh həmin xəbərdarlığa da məhəl qoymayaraq borcu ödəməkdən yayınmışdır. İcranın gecikdirilməsi hüquqi məsuliyyət doğurur və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul öhdəliyini gecikdirdiyi müddət ərzində gecikdirilmiş məbləğə illik 5 faiz dərəcəsində gecikmə faizi (penya) ödəməyə borcludur. Həmçinin Mülki Məcəllənin 439.3cl maddəsinə əsasən, əgər tərəflər ayrıca faiz dərəcəsi müəyyən etməmişlərsə, Mərkəzi Bankın uçot dərəcəsinə iki faiz bəndi əlavə edilməklə, lakin ildə azı 5% faiz tətbiq edilir. Bu hüquqi normalar əsasında hesablanmış gecikmə faizi 150 manat təşkil edir və tam qanuni tələbatdır. Bundan başqa, cavabdehin borcu əsassız olaraq uzun müddət qaytarmaması, pretenziyaya məhəl qoymaması, müqavilə öhdəliyinə kobud və aşkar laqeyd münasibət göstərməsi nəticəsində iddiaçının maliyyə maraqları pozulmuş və iddiaçıya əlavə zərər vurulmuşdur. Mülki Məcəllənin 464.1-ci maddəsi tərəflərə öhdəliyin icra edilməməsi və ya gecikdirilməsi halına görə cərimə müəyyən etmək imkanı verir. Müqavilədə cərimə ayrıca nəzərdə tutulmamış olsa da, Məcəllənin 445.1 və 464.1-ci maddələrinin mahiyyəti və müqavilə münasibətlərinin təbiəti nəzərə alınmaqla iddiaçının 750 (yeddi yüz əlli) manat məbləğində cərimə tələbi tam qanuni, ədalətli və zərərin kompensasiyası xarakteri daşıyır. Bu məbləğ cavabdehin uzun müddət davam edən müqavilə pozuntusunun nəticələrinə uyğun olaraq hesablanmış və iddia tələbinin ayrılmaz hissəsini təşkil edir. Beləliklə, cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində həm əsas borc, həm gecikmə faizi, həm də ədalətli kompensasiya xarakterli cərimə ödənilməmişdir. Mülki Məcəllənin yuxarıda göstərilən maddələri əsasında cavabdeh barəsində iddianın təmin edilməsi qanuni, əsaslı və zəruridir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmənin əvvəlki iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü tarixli borc müqaviləsindən görünür ki, "Borc verən" "Borc alana" 3500 manat 00 qəpik (üç min beş yüz) məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc vermiş, "Borc alan" krediti xx.xx.2025-ci il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişlər. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli kassa mədaxil orderlərindən görünür ki, İddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün X1 60 manat və 200 manat olmaqla, 260 manat vəsait ödəmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış müqavilə üzrə yaranmış borcu - 3500 (üç min beş yüz) manat əsas borc, 750 (yeddi yüz əlli) manat cərimə, 150 (yüz əlli) manat gecikdirmə faizini pretenziyanın alındığı gündən etibarən 5 (beş) təqvim günü ərzində ödənilməsini tələb etmiş, borcun müəyyən olunmuş müddət ərzində ödənilmədiyi təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə cavabdehi xəbərdar etmişdir.(poçt qəbzi və sifarişli məktubu xəbərnaməsi əlavə edilmişdir) ********** saylı xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 66 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə 3.500 manat borc vermişdir. Odur ki, cavabdehin iddiaçıdan pulu alması işin mübahisəsiz halıdır. Müqavilədə cavabdeh xx.xx.2025-ci il tarixinədək aldığı pulu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmiş və 3.500 manat borcu geri qaytarmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu 3.500 manat vəsait ondan iddiaçının xeyrinə tutulmalıdır. həmçinin müqavilə üzrə icra müddəti başa çatdığı andan, habelə borclu tərəfindən pretenziya göndərildikdən sonra da borcalan aldığı borcu qaytarmamışdır.Müqavilə şərtlərinə əsasən borcun ödənilməsində faizlər müəyyən edilmədiyindən müqavilə müddəti başa çatdıqdan sonra kreditorun xəbərdarlığından sonra belə borcalan tərəfindən borcun ödənilməməsi öhdəliyin gecikdirilməsi kimi qiymətləndirilməklə həmin müddət üçün borcalandan illik 5 % həddində faiz tutulması əsaslı hesab edilməlidir. Belə ki, müqavilənin icra müddətinin bitdiyi gün xx.xx.2025-ci il və kreditor tərəfindən borcalan pretenziya məktubu ilə xx.xx.2025-ci il tarixdə müraciət edilmiş, iddia tələbi isə məhkəmə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Beləliklə bütovlükdə icra müddəti 10 ay 13 gün, yəni 313 gün gecikdirilmişdir. Əsas borc məbləğinin 3500 manat olması, habelə gecikdirilmiş günlərin 330 gün təşki etməsi nəzərə alınmaqla həmin müddətə hesablanmış məbləğ (3500x5%=175, 175/360=0,48, 313x0,48=150,24) 150 manat 24 qəpik təşkil edir. Lakin iddia tələbi bu hissədə 150 manat təşkil etdiyindən tələb həcmində təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 750 manat cərimə borcunun tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərində borcun ödənilməsinin gecikdirilməsi üçün cərimənin tutulması nəzərdə tutulmamış, həmçinin hazırki iddia tələbi borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% faiz məbləğin tutulması hissəsində təmin edildiyindən əlavə olaraq dəbbə pulu tələbinin irəli sürülməsi əsassızdır. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin 130 manat hüquqi yardıma görə xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı sayır. Belə ki, iddiaçı hüquqlarının pozulması ilə bağlı hüquqi yardımın göstərilməsi üçün X1 müraciət etmiş, hüquqi yadım üçün xərc çəkmişdir. İş materiallarından iddiaçının çəkdiyi xərcin 60 manat və 200 manat olmaqla, 260 manat olması müəyyən edilir. Lakin məhkəmə işə verilmiş iddia tələbi həcmində baxmalı olduğundan, iddiaçı da 130 manat vəsait tələb etdiyindən, həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 3.500 manat borc, borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% nəzərə alınmaqla hesablanmış 150 manat və 130 manat hüquqi yardıma görə xərc Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəməklə xərc çəkmişdir. Odur ki, çəkdiyi xərc olaraq tələb etdiyi 65.30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3.500 (üç min beş yüz) manat borc, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 150 (bir yüz əlli) manat və hüquqi yardıma görə ödənilmiş 130 (bir yüz otuz) manat və ödənilmiş 65.30 (altmış beş manat otuz qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-6501/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6501/2025
25.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver