Məhkəmə qərarları › İş №2(006)-652/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-652/2022

29.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-652/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüququnun müdafiəsi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüququnun müdafiəsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Səbail rayonu Baş stomatoloqu 6 nömrəli stomatoloji poliklinikanın baş həkimi vəzifəsində çalışandan sonra Bakı şəhəri Yasamal rayonunda yerləşən özəl stomatoloji klinikaya rəhbərlik etmişdir. Çalışdığı dövrdə 14.11.2006-cı il tarixdə X8 rəhbəri Mehriban xanım Əliyevaya, 11.08.2006-ci il tarixdə prezident İlham Əliyevə dövlət sektorunda işləmək üçün müraciət etmişdir. Səhiyyə Nazirinin qəbulunda olmuşdur. Bakı Baş Səhiyyə İdarəsinin 355/k nömrəli 09 avqust 2007-ci il tarixli əmrilə Bakı şəhəri Yasamal rayonu 2 saylı uşaq poliklinikasının baş həkimi vəzifəsinə təyin olunmuşdur. Cavabdeh əmr verdiyi təşkilatın hüquqi varisidir. İddiaçı vəzifəyə təyin olunandan sonra, Səhiyyə naziri özü poliklinikaya gələrək, yerində vəziyyətlə tanış olub, gedəndən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Epidemiologiya Mərkəzinin ezam olunmuş işçiləri baxış keçirərək sanitar-texniki normalarına uyğun olmadığına görə və istismar üçün qeyrimümkün olduğuna görə 2 saylı X1 fəaliyyətinin 10.09.2007-ci il tarixindən dayandırılması haqqında 06.09.2007-ci il tarixli 18 saylı qərar çıxarmışdır. Qərarın icrasını təmin etmək məqsədi ilə hazırlıq işlərin aparılmasını təmin etmək üçün 04-22/1-2454 nömrəli 06.09.2007-ci il tarixli məktubu Yaşamal rayonu 2 saylı X1 baş həkimi cənab İddiaçı, surəti Bakı şəhər Səhiyyə şöbəsinin rəisi xanım Leyla Seyidbəyovaya göndərilmişdir. Polikinikanın vəziyyəti sanitar-texniki normalarına uyğun olmadığına və istismar üçün qeyri-mümkün (yararlı) olmadığına görə Bakı Baş Səhiyyə İdarəsinin 59 nömrəli 11 sentyabr 2007-ci il tarixli əmrilə əsaslı təmir edilənədək bağlanmışdır. Poliklinikanın tibbi personalı müvəqqəti olaraq təmir qurtarana qədər Bakı şəhərinin digər uşaq stomatoloji poliklinikalarına yerləşdirilmişdir. Əsaslı təmirin icra olunması üçün iddiaçı rəhbərliyə müraciət etmiş və Bakı Baş Səhiyyə İdarəsinin onun müraciətlərinə cavab olaraq bildirmişdir ki, tələb olunan vəsait növbəti ilin büdcə xərclərində nəzərə alınacaq, iddiaçı poliklinikanın əsaslı təmirini öz şəxsi maliyyə vəsaitilə icra etdikdə, gələn illər üzrə həmin təmir üçün pul vəsaiti dövlət tərəfindən ayırılacaq və ona ödəniləcək. Poliklinika əsaslı təmir işləri başa çatdıqdan sonra Bakı Baş Səhiyyə İdarəsinin 05 “a” nömrəli 18.02.2010cu il tarixli əmrilə fəaliyyətə başlamışdır. Poliklinika açıldıqdan sonra Poliklinikanın daxili sahəsi yuxarı mərtəbədə yerləşən sahədən dəfələrlə çirkab sularla basılmışdır. Nəticədə poliklinikanın tavanı aşmışdır. Armaturlar, beton qırıqları aşaraq poliklinikada işçilər üçün fövqəladə vəziyyət yaratmışdır. Müəssisə iflic vəziyyətdə olmuş, fəaliyyəti məcburi dayandırılmışdır. İddiaçı məcburiyyət qarşısında qalaraq ziyanı və səbəbini öz maliyyə hesabına aradan qaldırıb təmir etdirmişdir. 2015-ci ildə iddiaçının oğlu yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlərə məruz qalmış və iddiaçı onu Azərbaycandan xaricdə müalicə edilməsi üçün məcburiyyət qarşısında aparmalı olduğuna görə rəhbərliyindən uzun müddətli məzuniyyətə çıxmağını istəmiş, lakin, işdən çıxmağı və xaricdən oğlunun müalicəsi qurtaqdıqdan sonra qayıdan kimi həmin vəzifəyə və ya ona uyğun işə qəbul olunmağını qərara gəlmişdir. 27.01.2015-ci il tarixdə 05.02.2015-ci il tarixdən bir ay gözləməmək üçün işdən azad olunması üçün ərizəsini vermiş, onun əmək kitabçası və işdən çıxmaq barədə əmri bu günədək cavabdehdədir. 2015-ci ilin may ayında Bakıya qayıtdıqdan sonra iddiaçı cavabdehə əsaslı təmirə xərclədiyi pulun qaytarılması və işə qayıtmaq məsələsi ilə bağlı müraciət etmişdir. Ona nazirin işdə olmaması və digər səbəblər gətirərək dəqiq və açıq cavab verilməmişdir. Mütəmadi olaraq iddiaçıya məsələ ilə bağlı Maliyyə Nazirliyinə əsaslı təmir işlərinə xərclənmiş vəsait haqqında məlumat verilməsi barədə müraciətə cavab olaraq Maliyyə Nazirliyinin həmin müraciətləri aidiyyəti üzrə baxıması üçün Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinə göndərilməsi və iddiaçıya onlar tərəfindən cavab veriləcəyi məlumat verilmişdir. 13.06.2016-ci il tarixli 3454/2-01/12 nömrəli məktubu ilə cavabdeh iddiaçıya 2 saylı uşaq stomatoloji poliklinikasında əsaslı təmir işlərinə xərclənmiş büdcə vəsaitləri haqqında cavab olaraq bildirmişdir ki, 2007-2014-cü illər üzrə təsdiq edilmiş xərc smetalarında əsaslı təmir üçün vəsait proqnozlaşdırılmamış və həmin dövrdə poliklinikada təmir işləri büdcə vəsaiti hesabına aparılmamışdır. 17.08.2016-ci il tarixli məktubu ilə cavabdeh iddiaçıya öz xahişi ilə işdən azad olunması barədə əsas gətirərək onu işə bərpa etməkdən imtina etmiş və xərclədiyi təmir işləri ilə bağlı pulun qaytarılması üçün məhkəməyə müraciət etməsini məsləhət vermişdir. Eyni zamanda, poliklinikanın əsaslı təmirə 2007-2010 illərdə və sonra 2015-ci ilədək xərc etdiyi 104.342,65 manat pul vəsaiti bu günədək iddiaçıya qaytarılmayıb. Əsaslı təmir üçün iddiaçı təmir-tikinti materialları, qapılar, pəncərələri, mərmər, sement, şebyonka, boruları və diqər maddi vəsaitləri almış, fəhlələrə, qaynaqçılara, dəmirçilərə, astar vuranlara, malyarlara, daş-mərmər ustalarına, zibilin yığışdırılması və aparılması üçün qeyd olunan pul məbləğini ödəmişdir. Bunlar hamısı bu gün də iddiaçının mülkiyyətini təşkil edir. Lakin, poliklinikanın sahəsindən ayrılmaz vəziyyətdədir. İddiaçının dəfələrlə pulun geri qaytarılması xahişləri cavabsız qalmışdır. Belə olan halda iddiaçı hesab edir ki, xərc etdiyi və onun mülkiyyətini təşkil edən əşyaların ümumi qiyməti cavabdehdən tutulub ona qaytarılmalıdır. Göstərilənlərə əsasən Cavabdehndən iddiaçının xeyrinə 104.342,65 (bir yüz dörd min üç yüz qırx iki manat, altmış beş qəpik) manat məbləğində pul vəsaitinin tutulması haqqında qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinə qarşı etirazını bildirərək göstərmişdir ki, iş üzrə iddiaçı 2 nömrəli X1 təmiri üçün xərclədiyi 104,000 AZN məbləğində maddi vəsaitin ona ödənilməli olduğunu bildirmiş, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, iddiaçı qeyd olunan tələbi irəli sürməsi üçün heç subyektiv hüquqa malik deyildir. Bundan əlavə, iddia predmeti düzgün müəyyən edilməmişdir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı 2 nömrəli X1 təmirinin öz hesabına aparıldığını iddia etmiş, 104,342.65 AZN (bir yüz dörd min üç yüz qırx iki manat, altmış beş qəpik) məbləğində pul vəsaitinin cavabdeh qurumdan tutularaq ona verilməsini xahiş etmişdir. Maraqlıdır ki, iddiaçı iddia predmetini “mülkiyyətin müdafiəsi” olaraq müəyyən etmişdir. Mülkiyyət hüququnun hüquqi əsaslarını tənzimləyən normalara əsasən mülkiyyətin müdafiəsindən yalnız o halda söhbət gedə bilər ki, ortada mülkiyyət olsun. Başqa sözlə, hər hansısa bir əmlak mülkiyyət hüququ ilə mülkiyyətçiyə məxsus olsun. Hazırki işdə iddia predmeti ən yaxşı halda “pul tələbi” və ya “vurulmuş maddi ziyanın ödənilməsi” ola bilər. Bu da iddiaçının sözügedən tələblə çıxış etmək hüququnun mövcud olmamasını göstərir. Tələb olunan məbləğ heç bir reallığı əks etdirmir. Bakı Baş Səhiyyə İdarəsindən əldə edilmiş arayışa əsasən iddiaçının 2014-2015-ci illər üzrə orta aylıq əmək haqqısının 240.21 AZN təşkil etdiyi müəyyən edilmişdir. Belə bir halda iddia edilən məbləğdə pul vəsaitinin nəinki təmirə sərf edilməsinə, hətta mövcudluğuna belə əsaslı şübhələr yaranır. Bundan əlavə, hazırki iş üzrə 2 nömrəli X1 (Poliklinika) təmirinə xərclənmiş 104,000 AZN məbləğində maddi vəsaiti təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş sənədlərin mötəbərliyinə ciddi şübhələr vardır. Qeyd edilməlidir ki, sübutların araşdırılması zamanı məlum olur ki, “2 nömrəli X1 (2007-2010, 2010-2015) əsaslı təmir-tikinti smeta cədvəli” lazımi qaydada aidiyyəti şəxs tərəfindən rəsmiləşdirilməmiş, həmin cədvəlin tərtib edilmə tarixi qeyd edilməmiş, mühasibin imzası əksini tapmamışdır. Belə ki, iddiaçı baş həkim vəzifəsini icra etdiyi dövrdə Poliklinikanın xərclər smetasını tərtib edə və təsdiq edə bilməzdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.10.2014-cü il tarixli 102 nömrəli əmri ilə təsdiq edilmiş “Bakı şəhər Baş Səhiyyə İdarəsi” (bundan sonra – İdarə) haqqında Əsasnamənin 9.14, 10, 14.2-ci maddələrinə əsasən Poliklinika Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan bir qurumdur. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri Baş Səhiyyə İdarəsi haqqında Əsasnamə”nin 14.3-cü maddəsinə əsasən İdarə müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərinin say həddi daxilində Baş İdarənin qurumlarının ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını müəyyən edilmiş qaydada təsdiq edir. Poliklinika müstəqil hüquqi şəxs olmadığına görə xərclər smetası da İdarə tərəfindən təsdiq edilməlidir. Tibb müəssisəsinin rəhbərinin, o cümlədən baş həkimin səlahiyyətləri, hüquq və vəzifələri Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları” ilə tənzimlənir. Həmin Təlimatın tərkib hissəsi olan “Baş mühasibin nümunəvi vəzifə” Təlimatının 10-cu bəndinə əsasən baş mühasib daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Qanunvericilikdən aydın olduğu kimi, Poliklinikanın təmirinə dair xərclər smetasının hazırlanması yalnız və yalnız baş mühasibin səlahiyyətlərinə aiddir. Xüsusilə qeyd olunmalıdır ki, qurumun möhürü ilə yalnız həmin quruma aid olan əməliyyatların və ya sənədlərin rəsmiləşdirilməsi mümkündür. Hazırki smeta cədvəlində bilavasitə Poliklinika deyil, fiziki şəxs olaraq İddiaçı tərəfindən həyata keçirilən maliyyə əməliyyatlarına dair məlumatlar ifadə olunmuş, lakin cədvəl Poliklinikanın rəsmi möhürü ilə təsdiqlənmişdir. Bu da əsassız olaraq baş həkimin öz səlahiyyətlərindən sui-istifadə edərək birbaşa özünün çəkdiyi xərcləri Poliklinikanın sərfiyyatı kimi qələmə verməsi faktını təsdiq etməklə müvafiq hüquqi məsuliyyətin yaranması üçün əsas kimi çıxış edir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzlərin, ümumiyyətlə, Poliklinikanın təmirinə aid olması belə əsaslı şübhələr vardır. Belə ki, sözügedən qəbzlərdə sadəcə alqı-satqının predmeti olan əşyanın adı və qiyməti əks olunmuşdur. Bu qəbzlərin bilavasitə Poliklinikanın təmirinə aidiyyatının olmasının müəyyən edilməsi qeyri-mümkündür. Qaimələr də öz növbəsində hüquqi baxımdan etibarlı sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, təqdim edilmiş qaimələrdə eyniləşdirici məlumatların təsbit edilməməsi bir qayda olaraq həmin sənədlərin qeyrimötəbərliyinə dəlalət edir. Əksər qaimələrdə, ümumiyyətlə, nə nömrə, nə də ki tarix qeyd edilmiş, göstərilən əşyanın kim tərəfindən təhvil alındığı və ya kim tərəfindən təhvil verildiyi məlum deyildir. Bəzi qaimələrdə iddiaçının adı göstərilsə də, malın şəxsi istehlak üçün alınmaması öz təsdiqini tapmır. Aktların mətninə nəzər saldıqda, görürük ki, Poliklinikanın təmir-tikinti işlərinə görə ustalara müəyyən pul vəsaiti ödənilib. Lakin aktlardan konkret hansı işin görüldüyü bəlli deyildir. İşin materiallarında olan “Fərdi əmək müqavilələləri” etibarsızdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.07.2002-ci il tarixli 6 nömrəli Sərəncama əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 1996-cı il tarixli 10-5 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi əmək müqaviləsi (kontraktı)” forması qüvvədən düşmüşdür. İşçilərlə bağlanan əmək müqaviləsinin forması və məzmunu Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Digər tərəfdən, müqavilədə işçi və əmək şəraitinin şərtləri barədə məlumatlar qeyd edilməmişdir. Yuxarıda qeyd edilən əsaslara görə iş üzrə təqdim edilmiş materiallar qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlar qismində çıxış edir. Bu da mülki prosessual qanunvericiliyə əsasən həmin sənədlərə ədalətli məhkəmə qərarının qəbul edilməsi zamanı istinad edilə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdehnə (TƏBİB) qarşı “mülkiyyət hüququnun müdafiəsinə dair” iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, eyni zamanda iddia ərizəsinə ümumi iddia müddətinin tətbiq olunması və iddiaçının barəsində xüsusi qərardadın çıxarılması haqqında vəsatətlər təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin faktiki hallarından məlum olur ki, İddiaçı 2 nömrəli X1 təmirinin öz hesabına aparıldığını iddia etmiş, 104,342.65 AZN (bir yüz dörd min üç yüz qırx iki manat, altmış beş qəpik) məbləğində pul vəsaitinin cavabdeh qurumdan tutularaq ona verilməsini xahiş etmiş, lakin təmirin məhz onun tərəfindən aparılmasını və qeyd olunan məbləğdə olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Belə ki, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh təşkilatın ona hər-hansı məbləğdə pulun ödəməli olmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdeh tərəfin iddia ərizəsinə qarşı irəli sürdüyü etirazın dəlilləri ilə razılaşaraq, qeyd edir ki, “2 nömrəli X1 (2007-2010, 2010-2015) əsaslı təmir-tikinti smeta cədvəli” lazımi qaydada aidiyyəti şəxs tərəfindən rəsmiləşdirilməmiş, həmin cədvəlin tərtib edilmə tarixi qeyd edilməmiş, mühasibin imzası əksini tapmamışdır. Belə ki, iddiaçı baş həkim vəzifəsini icra etdiyi dövrdə Poliklinikanın xərclər smetasını tərtib edə və təsdiq edə bilməzdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.10.2014-cü il tarixli 102 nömrəli əmri ilə təsdiq edilmiş “Bakı şəhər Baş Səhiyyə İdarəsi” haqqında Əsasnamənin 9.14, 10, 14.2-ci maddələrinə əsasən Poliklinika Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan qurumdur. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri Baş Səhiyyə İdarəsi haqqında Əsasnamə”nin 14.3-cü maddəsinə əsasən İdarə müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərinin say həddi daxilində Baş İdarənin qurumlarının ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını müəyyən edilmiş qaydada təsdiq edir. Beləliklə, Poliklinika müstəqil hüquqi şəxs olmadığına görə xərclər smetası da Baş İdarə tərəfindən təsdiq edilməlidir. Tibb müəssisəsinin rəhbərinin, o cümlədən baş həkimin səlahiyyətləri, hüquq və vəzifələri Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatı” ilə tənzimlənir. Həmin Təlimatın tərkib hissəsi olan “Baş mühasibin nümunəvi vəzifə Təlimatı”nın 10-cu bəndinə əsasən baş mühasib daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Göründüyü kimi, Poliklinikanın təmirinə dair xərclər smetasının hazırlanması baş mühasibin səlahiyyətlərinə aiddir. Qurumun möhürü ilə yalnız həmin quruma aid olan əməliyyatların və ya sənədlərin rəsmiləşdirilməsi mümkündür. Hazırki smeta cədvəlində bilavasitə Poliklinika deyil, fiziki şəxs olaraq İddiaçı tərəfindən həyata keçirilən maliyyə əməliyyatlarına dair məlumatlar ifadə olunmuş, lakin cədvəl Poliklinikanın rəsmi möhürü ilə təsdiqlənmişdir. Bu da baş həkimin birbaşa özünün çəkdiyi xərcləri Poliklinikanın sərfiyyatı kimi qələmə verməsi anlamına gəlir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzlərinin, məhz Poliklinikanın təmirinə aid olmasına şübhələr vardır. Belə ki, sözügedən qəbzlərdə sadəcə alqı-satqının predmeti olan əşyanın adı və qiyməti əks olunmuşdur. Bu qəbzlərin bilavasitə Poliklinikanın təmirinə aidiyyatının olmasının müəyyən edilməsi mümkün deyildir. Qaimələr də öz növbəsində hüquqi baxımdan etibarlı sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, təqdim edilmiş qaimələrdə eyniləşdirici məlumatların təsbit edilməməsi bir qayda olaraq həmin sənədlərin qeyri-mötəbərliyinə dəlalət edir. Əksər qaimələrdə, ümumiyyətlə, nə nömrə, nə də tarix qeyd edilmiş, göstərilən əşyanın kim tərəfindən təhvil alındığı və ya kim tərəfindən təhvil verildiyi məlum deyildir. Bəzi qaimələrdə iddiaçının adı göstərilsə də, malın şəxsi məqsədlər üçün alınmaması öz təsdiqini tapmır. Aktların mətninə nəzər saldıqda, görünür ki, Poliklinikanın təmir-tikinti işlərinə görə ustalara müəyyən pul vəsaiti ödənilib. Lakin aktlardan konkret hansı işin görüldüyü bəlli deyildir. İş üzrə iddia müddətinin tətbiq olunması ilə əlaqədar cavabdehin nümayəndəsinin vəsatətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, həmin vəsatət əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iddia “mülkiyyət hüququnun müdafiəsi” kimi verilib, mahiyyət etibarılə pul tələbindən ibarətdir. Pul mülkiyyətin bir növü kimi çıxış etdiyindən, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə müvafiq olaraq hazırki tələblə bağlı iddia müddəti tətbiq oluna bilməz. Belə ki, həmin qanunun normasına əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil olunmur. Həmçinin, iddiaçı barəsində xüsusi qərardad çıxarılması haqqında cavabdehin vəsatəti ilə bağlı məhkəmə qeyd edir ki, həmin vəsatətdə göstərilən hallar işin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığına görə vəsatətin təmin olunması üçün əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüququnun müdafiəsi”nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüququnun müdafiəsi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar