Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-654/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onun mülkiyyətində olan ünvan 1, 6 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onun mülkiyyətində olan ünvan 1, 6 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 6 saylı mənzil onun mülkiyyətindədir. Mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 1184 saylı reyestr kitabında 177897 səhifədə 30/177897 nömrə ilə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən ÖM seriyalı 090965X9 nömrəli Qeydiyat Vəsiqəsi verilmişdir. Mənzildə qeydiyyatda olan X16, Cavabdeh4, Cavabdeh2, X15, Cavabdeh5 və Cavabdeh6 heç vaxt bu ünvanda yaşamamışlar və hal-hazırda da yaşamırlar. Başqa yerdə yaşasalar da, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 6 saylı mənzildə qeydiyyatdadırlar. Onlardan qeydiyyatdan çıxmaları tələb edilsə də, bunu könüllü etmirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icra xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquq nəticəyə səbəb ola bilər». Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qocalar evi və əlillər evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlər, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, cavabdehin qeydiyyat hüququ nəticə doğurmur və onların daimi və ya daha çox yaşadığı yer olmadığından 2-ci maddəyə əsasən yaşayış yeri sayıla bilməz. Buna görə də, cavabdehlərin onun mülkiyyətində olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 öncəki məhkəmə iclasında iddianı etiraf etdi və izahatında bildirdi ki, o, iddianı qəbul edir və təmin edilməsinə etiraz etmir. Belə ki, o, ünvan 1, 6 saylı mənzilində yaşamır və uzun müddət öncə ailə quraraq Türkiyəyə köçmüş, sonradan Azərbaycana qayıtsa da, həmin ünvanda deyil, keçmiş həyat yoldaşına məxsus Balaxanı kəndində yerləşən evdə yaşayır. İki övladı var. Böyük oğlu olan Cavabdeh5 öz ailəsi ilə birgə Rusiya Federasiyasında yaşayır. Kiçik oğlu Cavabdeh6 isə hərbi xidmətdədir. 13 yaşından sonra iddia ərizəsində qeyd olunan mənzildə yaşamır. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 bacısı Elmiranın övladlarıdır. Bacısının nikahı pozulduqdan sonra oğulları Cavabdeh2 və Cavabdeh3 atalarının evində yaşayırlar. Cavabdeh4 və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin və əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 13 noyabr 2001-ci il tarixli ÖM seriyalı 090965 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ş.Əzizbəyov küçəsi 199 saylı evin 6 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 1184 saylı reyestr kitabının 177897 saylı səhifəsində qeydiyyata alınmışdır. - 29 aprel 2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, cavabdehlər iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ş.Əzizbəyov küçəsi 199 saylı evin 6 saylı mənzilində qeydiyyatdadırlar. - 17 saylı MİS tərəfindən verilmiş 04 may 2022-ci il tarixli arayışdan görünür ki, cavabdehlər iddiaçıya məxsus mənzildə qeydiyyatda olmalarına baxmayaraq, uzun müddətdir ki, həmin ünvanda yaşamırlar. - ünvan 2 nümayəndəliyin 09 yanvar 2023-cü il tarixli 02 saylı arayışından görünür ki, X8 21 ildir ki, Quba rayonu Qımıl kəndində bələdiyyəyə məxsus torpaq sahəsində qanunsuz tikilmiş evdə həmin kəndin sakini X6 ilə birlikdə qeyri-rəsmi (nikahsız) yaşayır. Məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirdi ki, iddiaçının kürəkənidir. İddiaçının qızı X2 həyat yoldaşıdır. Cavabdehlər həmin mənzildə yaşamırlar. Cavabdehlərin yaşadığı yeri bilmir. İddiaçının həyat yoldaşı Çərkəz, 20 ildən çoxdur ki, iddiaçı ilə bir yerdə yaşamır. O, başqa xanımla ailə həyatı qurmuşdur və həmin xanımla Quba rayonunda yaşayır. Özu Quba rayonunda qeydiyyatda olsa da, hazırda ailəsi ilə həmin evdə yaşayır. Burda işlədiyi üçün ailəsi ilə birgə iddiaçının yanında yaşayır. Orxanın həmin evdə yaşamasını heç vaxt görməmişdir. Rövşən isə hərdənbir gəlib gedirdi. Bir neçə il olar ki, onu da görmür. X1 ifadəsində bildirdi ki, iddiaçının qızıdır. Atası 20 ildən çoxdur ki, başqa xanımla ailə həyatı qurmuş və rayonda yaşayır. Cavabdehlərin heç biri həmin evdə yaşamır. Həmin evdə o, anası, bacısı Elmira və ailəsi ilə birgə yaşayır. O, doğulandan həmin evdə yaşayır. Rövşən və Orxan çoxdandır həmin evdə yaşamırlar. X3 ifadəsində bildirdi ki, iddiaçının böyük qızıdır. Cavabdehlər uzun müddətdir ki, həmin evdə yaşamırlar. O, bacısı X5 və anası həmin evdə yaşayırlar. Cavabdehlər Orxan və Rövşən onun oğullarıdır. Nikahı pozulduqdan sonra övladları atalarının yanında yaşayırlar. Hazırda onların harda yaşamalarını bilmir. Atası Çərkəz 20 ildən çoxdur ki, başqa qadınla ailə həyatı quraraq, rayonda yaşayır. Onun öz övladları ilə ünsiyyəti yoxdur. O, 1997-ci ildən boşanmışdır və həmin tarixdən sonra anası ilə birgə yaşayır. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 6 saylı mənzil xx.xx.2001-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Mənzildə ondan başqa qeydiyyatda olanlar Cavabdeh1 iddiaçının keçmiş əri, Cavabdeh4 onun övladı, Cavabdeh5 və Cavabdeh6 sonuncunun övladları, Cavabdeh2, X15 isə iddiaçının digər qızı X7 övladlarıdır. Hazırda iddiaçı cavabdehlərin onun mülkiyyətində yaşamayaraq onun mülkiyyətində formal olaraq qeydiyyatda olmalarına baxmayaraq könüllü olaraq qeydiyyatdan çıxmamaqla onun mülkiyyət hüquqlarına xələl gətirməsini bildirir. Cavabdehlərin iddiaçının mülkiyyətində qeydiyyatda olmalarına baxmayaraq uzun müddət yaşamamaqları iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə tam təsdiqini tapır. Məhkəmə qeyd edir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə dindirilmiş şahid ifadələrinə qiymət verərək hesab edir ki, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır şahidlər tərəflər arasında olan münasibətləri aydın və müfəssəl təsvir etmiş, cavabdehlərin iddiaçının mülkiyyətində qeydiyyatda olmalarına baxmayaraq harada və nə vaxtdan yaşamalarını ətraflı göstərmiş və hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmışdır. Göstərilən hallar şahid ifadələrinin mötəbər olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Məhkəmədə toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdehlər iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatdadır, iddiaçıya məxsus mənzildə deyil, daimi əsaslarla başqa ünvanlarda yaşayırlar. Belə olan halda cavabdehlərin iddiaçıya məxsus mənzilə istifadə hüququnun əldə edilməsini zəruri edən əsaslar da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarılə onların yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilməsini istisna etmir. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdehlər Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 199 saylı evin 6 saylı mənzilində əvvəllər yaşasalar da, sonradan uzun müddət orada yaşamamaqla, formal qeydiyyatda qaldıqlarına görə istifadə hüquqları itirilmiş hesab edilməli olmasına kifayət qədər hüquqi əsaslar mövcud olduğu üçün iddia əsaslıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, məkəmədə iddia qaldırılması üçün 50 manat dövlət rüsumu və mediasiya xərci olaraq 50 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 199 saylı evin 6 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 199 saylı evin 6 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-654/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-654/2023
02.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver