Məhkəmə qərarları › İş №2(006)-6596/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6596/2021

09.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6596/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tarıyel oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borc olaraq 6.328 manat, vəkilin göstərdiyi hüquqi yardım olaraq 400 manat, 11.5 manat notariat qaydasında çəkilmiş xərclər və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində şadlıq evləri və hotellər götürüb işlədir. Elanların birində Səbail rayonunda yerləşən Nizami hotelin 450 manata icarəyə verildiyini görüb hotelin sahibi Cavabdeh2 və onun oğlu Rəşidlə telefonda bu barədə danışdıqdan sonra metronun Nizami stansiyasının yaxınlığında yerləşən notariusda onlarla görüşmüşdür. Onlarla qiymətdə razılaşdıqdan sonra aralarında icarə müqaviləsi bağlayarkən məlum olmuşdur ki. ondan əvvəl hoteli işlədən şəxs hoteldən çıxarıldığı üçün həmin şəxs 150.000 manat təmir üçün onlardan pulu tələb etdiyi üçün işləri məhkəmədədir. Bu səbəbdən, o, onlarla icarə müqaviləsi bağlaya bilməmişdir. Həmin vaxt Rəşid ondan 2000 manat pul beh götürmüşdür. Onlar hotelə getmişlər, hotelin açarı ona verilmişdir. O hotellə tanış olanda 130 manat işıq pulu, 80 manat işığın və suyun sayğaclar üçün təmir haqqını vermişdir. 160 manat suyun təzə hidroforuna, 18 manat kondisionerin təmiri üçün, 50 manat kimyəvi təmizləməyə, 100 manat təmizliyə görə vermişdir. Sonradan Rəşid ondan Arifə məxsus "xxxx" ASC-yə aid kart hesabına 24.08.2021-ci il tarixdə 230 manat və 27.08.2021-ci il tarixdə həmin hesaba təkrar 250 manat göndərmişdir. Lakin bu günə kimi Rəşid və anası məhkəmə problemlərini həll edə bilmədiklərini ona bildirəndən sonra, o, onlardan vermiş olduğu 4328 manatı geri tələb etsə də, onlar müxtəlif bəhanələr edərək onun pulunu verməmişlər. 4328 manat pulun 3200 manatını metronun Nizami stansiyasının yaxınlığında 538 manatı hotelin xərcləri üçün, 480 manatı isə kart hesabına köçürmüşdür. 1200 manatı Rəşidə verərkən onların yanında tanışı Təranə adlı qadın olmuşdur. Cavabdehlərdən verdiyi pulu ala bilmədiyi üçün Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə 06.09.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Müraciətinə əsasən araşdırma aparılmış və 15.09.2021ci il tarixdə "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" Qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin subyektiv tərkibini və mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından göründüyü kimi iddiaçı fərdi sahibkar olmaqla (VÖEN **********) sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə cavabdehlərə (Cavabdeh2 VÖEN **********; Cavabdeh1 VÖEN **********) məxsus oteli icarəyə götürmüşdür. Göründüyü kimi tərəflər arasında mübahisənin yaranmasına əsas icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar