Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6614/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsini saxlamaq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küç.,3004-cü məhəllədə yerləşən, ümumi sahəsi 284.2 kv metr kafeni icarəyə götürüb işlətmək qərarına gəlmişdir. X1 (mob:+(994)55-336- 85-88) vasitəsilə kafenin sahibi mülkiyyətçisi, mob: +(994)50-216-00-04) Cavabdeh ilə tanış olmuşdur. Rövşən və sürücüsü ilə birlikdə kafeyə baxış keçirən zaman müəyyən olundu ki, kafe təmirsizdir və işləmir. 2022-ci ilin dekabr ayında binanın komendantı Xankərəm, tanışı Valera Rövşənin sürücüsü, qonşu obyektin sahibi Fikrət Şirinovun iştirakı ilə Kafenin sahibi Rövşənlə razılığa gəlmişlər ki, kafeni tam təmir edəcək və hər ay üçün 1000 (min) manat icarə pulu olmaqla, 3 illik icarəyə verəcək (AR MM-nin 329.3-cü şifahi bağlana bilən əqd o halda bağlanmış saylır ki, şəxsin əqdi bağlamaq irədəsi onun rəftarın məlum olur). Lakin Rövşənin məkirli planında onun hesabına kafesini təmir etdirərək satmaq idi. Onun Rövşənə yazılı müqavilə üzrə icarəyə götürməyi təklifinə Rövşən rədd cavabı vermişdir. Beləliklə Rövşənlə razılığına əsasən 2022-ci ilin dekabr ayının sonu o, təmir-tikinti işlərinə başlamışdır. Kafenin təmir-tikinti işlərini Mehrabov Orxana həvalə etmişdir. O, öz briqadası ilə işə başlamışdır. Görülmüş təmir-tikinti işləri-1.Kafenin fasadı (yeni növ kabançiklər vuruldu). 2.Yeni kombi alındı,bütün santexnika işləri və su sistemi quraşdırıldı. 3.Kafedə bütün malyar işləri görüldü. 4.Kafenin metlax döşəməsi vuruldu. 5.Kafedə mövcud olan köhnə və işləməyən kondisionerlər təmir olunaraq saz vəziyyətə gətirildi. 6.Kafenin havalandırma sistemi yenidən quruldu. 7.Kafedə mövcud olan köhbə kreslolar təmir olunaraq saz vəziyyətə gətirildi. Kafenin təmir-tikinti işlərinə ümumilikdə 17.500 (on yeddi min beş yüz) manat xərc çəkmişdir. xx.xx.2023-cü il tarixdə kafeni tam şəkildə təmirə edərək razılığa əsasən yanvar ayı üçün 1000 (min ) manat icarə haqqını öncədən ödəyib kafeni işə salmışdır. Kafe fəaliyyət göstərdiyi gündən 15 gün sonra kafeyə tanımadığı makler gələrək ona bildirmişdir ki, Rövşən müəilim kafeni satır, klientlər kafeyə baxmaq istəyir. Dərhal Rövşənə zəng etmişdi, zənginə cavab verməmişdir, daha sonra Rövşənin sürücüsünə zəng edərək öz narazılığını bildirmişdir. Kafeni 2023-cü ilin iyul ayınadək işlətmişdir. Həmin ərəfədə Rövşən zənglərinə cavab vermirdi, icarə haqqını sürücüsü gəlib götürürdü. 2023-cü ilin may ayında Rövşən kafeyə gələrək ona bildirmişdir ki, "Orhan narahat olma kafeni satıram, sənin təmirə çəkdiyin 17.500 ( on yeddi min beş yüz) manat pulu sənə verəcəm". O, Rövşənin yaşına, şirin vədlərinə aldanaraq razılaşmışdır. Beləliklə o, cavabdehin ona söz verdiyi kimi təmirə çəkdiyi 17.500( on yeddi min beş yüz) manat pulunu almaq ümüdü ilə kafedən iyul ayında çıxmışdır. O gündən bu günədək Rövşən ona həmin məbləğdən bir qəpik də olsun pul verməyib, hər dəfə zəng edəndə eyni senari üzrə şablon-yalan sözlər "narahat olma pulunu verəcəm". Son zamanlar Rövşən telefon zənginə də cavab vermir. Buradan tam şəkildə aydın olur ki, Rövşən qabaqcadan planlı şəkildə onu aldadaraq, öz kafesini onun hesabına (puluna) təmir etdirib satmaq fikri varıydı və buna da nail olmuşdur. Bununla bağlı Nəsimi rayon polis idərəsinə ərizə ilə müraciət edərək iş üzrə Cavabdeh barəsində cinayət işinin başlanılmasını xahiş etmişdir. Lakin polis təhgigatçısı cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Həmin qərardan Nəsimi rayon prokurorluğuna şikayət edərək yenidən araşdırılma aparılmasını xahiş etmişdir. Qərar ləğv olunraraq material yenidən həmin təhqiqatçıya verilmişdir. Beləliklə, Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin təhgigatçısı xx.xx.2025-ci il tarixli,313-51-1/2-R- 176xx/xx/2025 saylı iş üzrə təkrarən cinayət işinin başlanımasının rədd olunması barədə qərar qəbul etmişdir. Odur ki, məhkəmədən Cavabdeh 17.500 (on yeddi min beş yüz) manat pulunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı məhkəmə aidiyyəti qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış tərəflərin vergi məlumatlarına əsasən, İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış, fərdi sahibkar statusuna malik olan vergi ödəyiciləridir. İddia ərizəsinin məzmunundan da müəyyən edilir ki, mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar icarəyə verilmiş qeyriyaşayış sahəsinə çəkilən xərclərin ödənilməsi ilə bağlıdır. Məhkəmə yuxarıda adıçəkilən qərarda göstərilən mövqedən çıxış edərək, qeyd edir ki, tərəflərin öz fəaliyyətlərini müvəqqəti dayandırması, yəni onların VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onların fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməsinə əsas vermir. Belə ki, tərəflərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə uçotdan çıxarıldığı müəyyən edilməmişdir Beləliklə, tərəflərin fərdi sahibkar statusuna malik olması, habelə mübahisənin predmeti ilə bağlı tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri, hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməsi üçün qanunla tələb edilən şərtlərin iş üzrə yerinə yetirildiyi barədə qənaətə gəlməyə kifayət edir. Sözügedən hallar da öz növbəsində əsas verir ki, hazırkı mübahisə MPM-in tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli qərarının izahlarına əsasən kommersiya mübahisəsi kimi xarakterizə edilsin. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə, ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən (“Kapital Bank" ASC, qəbz nömrəsi 9931, tarix: 26.11.25, saat: 11:32) ödənilmiş 157 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən (“Kapital Bank" ASC, qəbz nömrəsi **********, tarix: 26.11.25, saat: 11:32) ödənilmiş 157 manat manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-6614/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6614/2025
24.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver