Məhkəmə qərarları › İş №2(006)-6625/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6625/2021

27.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6625/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Mirzəəli oğluna qarşı “kompensasiya qismində pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Mirzəəli oğluna qarşı “kompensasiya qismində pul” ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) X7 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 Əli oğlu ilə 1999-cu ildə ailə quraraq onun yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanda yaşamağa başlamışdır. Birgə nikahdan onların 21 avqust 2000-ci il təvəllüdlü X4 və 23 iyun 2009-cu il təvəllüdlü X3 adlı uşaqları doğulmuşlar. Bir müddət mehriban yaşasalar da, sonradan cavabdehlərin bir sıra hərəkətləri nəticəsində münasibətlərini pozulmuş, Nəsimi rayon məhkəməsinin 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilərək uşaqların onun yanında saxlanılması qət edilmişdir. Münasibətləri pozulsa da belə, o, uşaqlarla birlikdə bir müddət həmin evdə yaşamağa davam etmişdir. Belə ki, onun həmin evdə istifadə hüquqları mövcud olmaqla, o uşaqları ilə birlikdə həmin ünvanda pasport qeydiyyatındadır. Bundan sonra cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində həmin evdə yaşamağında çətinliklər yaranmışdır. Lakin, yenə də başqa yaşayış yerinin olmaması səbəbindən azyaşlı uşaqlarıla birlikdə həmin evdə yaşamaqda davam etmişdir. Bir müddət sonra cavabdehlər onu döyərək azyaşlı uşaqlarıla birlikdə onları evdən qovmuşlar. Lakin, buna baxmayaraq həmin evdə bir sıra şəxsi əşyalarının olması səbəbindən onlar yenə də zərurət olduğu hallarda həmin evə gedib gəlmişlər. Həmçinin də həmin evdən qovulsa da, orada qeydiyyatda olmağı səbəbindən bir gün oraya dönməyi düşünmüşdür. Həm bu səbəbdən, həm də əşyalarını aparmağa başqa yerin olmaması səbəbindən həmin əşyalarım o evdə qalmışdır. Bir müddət əvvəl həmin evə gələrkən gözlərinə inana bilməmişdir. Belə ki, həmin vaxt ona məlum oldu ki, “Capital City” Yaşayış Kompleksində yerləşən həmin ev "xxxx" MTK Cavabdeh2 ilə həmin evin sökülməsi barədə müqavilə bağlanmış və onun uşaqlarıla birlikdə qeydiyyatda olduğu həmin ev onun razılığı tələb olunduğu halda alınmadan sökülmüşdür. O, onların ofislərinə gələrək orada qeydiyyatının olduğunu, qanunvericiliyə əsasən həmin evlə bağlı aparılan istənilən əməliyyat zamanı onun də razılığının tələb olunmasını bildirərkən oranın işçisi ona bildirdi ki, onun həmin evə heç bir aidiyyəti yoxdur, çünki o, həmin evdə qeydiyyatda deyildir. Hətta həmin şəxs ona ASAN xidmət tərəfindən verildiyini bildirdiyi saxta arayış göstərərək həmin evdə qeydiyyatda olmadığını sübut etməyə çalışdı. O, ASAN xidmət mərkəzinə gedərək 22 mart 2002-ci il tarixdən hazırkı vaxta qədər həmin ünvanda qeydiyyatda olmağı barədə ******* saylı arayış aldı. Yenidən onların ofisinə gələrək həmin ünvanda qeydiyyatı olduğu barədə arayışı təqdim etdikdə Məcid adlı həmin şəxs ona aqressiv və kobud surətdə bildirdi ki, guya təqdim etdiyim arayış saxtadır. O, hüquq və azadlıqlarını müdafiə etmək üçün məcbur qalaraq qeyd edilən müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırdı. Nəsimi rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(006)- 273/2021 saylı Qətnaməsi ilə onun cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Mirzəəli oğluna və “Capital City” Yaşayış Kompleksinə qarşı “Capital City” Yaşayış Kompleksi ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mirzəəli oğlu arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası iddia tələbinin əsasını təşkil edən müqavilənin tərəfindən təqdim edilməməsi səbəbindən rədd edilmişdir. Həmin qətnamədən tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4859/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən müəyyən edilmişdir ki, iddia tələbinin əsasını təşkil edən müqavilə üzrə tərəf bizim cavabdeh kimi qeyd etdiyimiz "xxxx" MTK deyil, "xxxx" MTK-dır. Həmçinin də qeyd edilən qətnamə ilə müəyyən edilməklə işə baxan hakim tərəfindən iş üzrə çıxarılmış qətnamədə göstərilmişdir ki, “iddiaçı cavabdehlərdən MTK-nın adını düzgün qeyd etməsə də, mübahisəli evə dair cavabdehlər arasında bağlanmış həmin müqavilənin etibarsızlığını tələb etmiş, əsas kimi iddia ərizəsində və apellyasiya şikayətində göstərmişdir. Mübahisəli ev artıq mövcud deyil və sökülmüş, bunun əvəzində isə evin mülkiyyətçisinə 2 təmirsiz mənzil və kirayə haqqı, təmir və əlavə kompensasiya kimi ümumilikdə 42850 manat verilmişdir. İddiaçının sökülmüş həmin evlə bağlı hansısa hüquqları olsa belə, o ev artıq mövcud deyil. Bu evə dair bağlanmış müqavilənin etibarsız hesab olunması üçün əsas olsa belə, yenə də iddiaçı bunun nəticəsində yekun istəyinə və məqsədinə nail ola bilməyəcəkdir. Çünki, qeyd olunduğu kimi, həmin ev mövcud olmadığı üçün iddiaçının həmin evdən istifadə etmək imkanı da olmayacaqdır. Ancaq iddiaçı hesab edirsə ki, həmin sökülmüş evlə bağlı hansısa hüquqları, o cümlədən istifadə hüququ olmuşdur, bununla bağlı, yəni evin sökülməsi nəticəsində əldə edilmiş yeni mənzillərlə və pul vəsaiti ilə bağlı qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada yeni əsaslarla məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir”. Qeyd edilən bu hallar məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən mən də qeyd edilən bu hüquqlarımdan istifadə etməklə kompensasiya tələb etmək məcburiyyətindədir. Başa düşür ki, kompensasiya institutu özüözlüyündə mülkiyyətçinin kiminsə istifadə hüququna xitam verilməsi üçün kompensasiya ödənilməsini ehtiva edir. Lakin, müvafiq halda evin mənim razılığım olmadan artıq sökülməsi səbəbindən cavabdehlər üçün mənim harada yaşamağım, harada qeydiyyatda olmağım, istifadə hüququma xitam verilib-verilməməsi heç bir əhəmiyyət kəsb etmir. Belə olan halda mən özüm cavabdehlərdən istifadə hüququmun pozulmasının qarşılığı olaraq pul qismində kompensasiya ödənilməsini tələb etmək məcburiyyətində qalırdı. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsində də göstərildiyi kimi, mən həmin evlə bağlı hər hansı bir digər iddia qaldıra bilmirəm. Belə ki, həmin ev artıq sökülmüşdür və nə oraya köçürülməsi, nə də həmin evdə olan istifadı hüquqlarının başqa formada müdafiə edilməsi mümkünsüz vəziyyətə düşürülmüşdür. Sonda iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Mirzəəli oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdehlər göndərilmiş məhkəmə bildirişləri poçt zərfinə ünvanda “köçüb” qeyd edilməklə geri qaytarılmışdır. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanılmış 19 dekabr 2019-cu il tarixli Müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində yerləşən 34 saylı mənzili “Mülkiyyətçi” "xxxx" MTK-yə təhvil verilməsi, "xxxx" MTK isə “Mülkiyyətçi”-nin qəzalı vəziyyətdə olan mənzilinin ümumi sahəsinə şirkət tərəfindən əlavə qüzəşt edilməklə yaşayış binasının “C” Blokunun 2 və 4-cü mərtəbəsində 2 ədəd 55.7 kv.m. sahəsi olan təmirsiz mənzilləri, “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(006)- 273/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Mirzəəli oğluna və “Capital City” Yaşayış Kompleksinə qarşı “Capital City” Yaşayış Kompleksi ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mirzəəli oğlu arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4859/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(006)- 273/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində yerləşən 34 saylı mənzili mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Cavabdeh2 Cavabdeh1 Əli oğlu ilə 1999-cu ildə ailə quraraq onun yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanda yaşamağa başlamışdır. Tərəflər arasındakı nikah 26 aprel 2017-ci il tarixli məhkəmə qətnaməsi əsasında ləğv edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(006)- 273/2021 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Mirzəəli oğluna və “Capital City” Yaşayış Kompleksinə qarşı “Capital City” Yaşayış Kompleksi ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mirzəəli oğlu arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 iyun 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı həmin mənzildə qeydiyyatda olsa da, orada yaşamır, hətta mübahisəli ev artıq mövcud deyil və sökülmüşdür. Onun əvəzinə isə mülkiyyətçisinə, yəni Cavabdeh2 2 təmirsiz mənzil və haqqı, təmir və əlavə kompensasiya kimi ümumilikdə 42830 manat verilmişdir. Hazırda isə iddiaçı cavabdehlərdən 49275 manat kompensasiya tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər 1999-cu tarixdə nikaha daxil olmuşlar və iddiaçı həmin ildə mübahisəli evə köçmüşdür. Ona görə də məhkəmə hesab edir ki, yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək yarandığı üçün 8 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsindən göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qeyd olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, iddiaçının kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Belə ki, mübahisəli evin mülkiyyətçisi Cavabdeh2dır, iddiaçının keçmiş əri deyil. Odur ki, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Mirzəəli oğluna qarşı “kompensasiya qismində pul” tələbi barədə iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Mirzəəli oğluna qarşı “kompensasiya qismində pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar