Məhkəmə qərarları › İş №2(006)-663/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-663/2021

17.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-663/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğu 28 yanvar 2019-cu il tarixdə saat təxminən 08:40 radələrində etibarnamə ilə idarə etdiyi “OPEL ASTRA minik” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Qaradağ rayon Polis İdarəsindən Binə Ticarət Mərkəzi istiqamətində “Kənd təsərrüfatı yarmarkası”nın qarşısında piyada zolağı ilə hərəkətdə olarkən vurularaq ağır bədən xəsarəti almışdır. Hadisə zamanı iddiaçının başı maşının podpresinə dəydiyindən və patpres qırılmış, başından xəsarət almış, başından və boğazının altından tikişlər qoyulmuşdur. Həmçinin iki ayağından xəsarət almış, sol ayağının baldırdan iki qırığı, sağ ayağından sümük sınığı, iki yerdən baldırdan sınıq, duz qapağının qırığı, sol qolunda iki qırıq, sinirləri əzilmiş, sağ qolu da isə iki ədəd qırıq olmuş, əməliyyat olunaraq hər iki ayağına və qoluna mil qoyulmuşdur. Yol nəqliyyat hadisəsi zamanı iddiaçını Təcili tibbi yardım maşını ilə “Semaşko” adına xəstəxanaya aparılmış, orada iddiaçının sağ bazu sümüyümün orta 1/3-nin, hər iki baldır sümüyünün qırığı, 1/3-nin qapalı dairəvi düz dirsəkdən sınığı və s. xəsarətlər müəyyən edilmiş, iddiaçıya ilkin yardım göstərilmiş baş beyin travması aldığına görə başına tikiş qoyulmuş, iki qolu və iki ayağından sınıq olmuş, əməliyyat olunmuş, qoluna və ayaqlarına mil qoyulmuşdur. Təxminən 3 aya yaxın xəstəxanada yatmış, əlil arabasında xəstəxanadan çıxmışdır. Ayağa qalxmağı üçün mütəmadi müalicələrin labud olduğunu bildirmişlər. İstintaq zamanı Cavabdeh iddiaçıya 3000 manat pul verib yardım etməklə müalicə xərclərini çəkməyi öhdəsinə götürmüşdür. İddiaçının müalicəsinin hələ davam edəcəyini bildirsə də müstəntiqin təkidi ilə barışıq ərizəsi yazmışdır. Lakin Cavabdeh öz dediyinin əskinə olaraq sonradan iddiaçıya heç bir yardım göstərməmiş və müalicəsinə heç bir köməklik etməmişdir. Həmin 3000 manat iddiaçının xəstəxanada yatarkən müalicə və digər xərclərinə xərclənmişdir. Belə ki, iddiaçı tək qadındır, öhdəsində iki azyaşlı uşaqları var, günəmuzd işləməklə uşaqlarını saxlamışdır. Cavabdeh təqsiri üzündən iş qabiliyyətini itirdiyinə görə işləyə bilməmişdir. İddiaçı yol nəqliyyat hadisəsi zamanı şikəst olduğundan iş qabiliyyətini itirmişdir. İddiaçının qoluna və ayaqlarına mil qoyulmuş, ikinci dəfə əməliyyat olunması zəruri olsa da Cavabdeh həmin əməliyyatın edilməsinə heç bir maddi yardım göstərməmişdir. Həmçinin sifətində şüşə qırıqları qaldığından yenidən əməliyyat olunmalı həmin şüşə qırıları çıxarılmalı idi. Buna görə də iddiaçı, “Lanset” klinkasına müraciət etmiş, sol bazu sümüyünün və sol qamış sümüyündə olan millər çıxarılmış, bunun üçün müəyyən tibbi ləvazimatlar lazım olmaqla həmin tibbi ləvazimatların alınması və əməliyyat üçün 2800 manat pul xərcləmişdir. Təkçə sümüklərin bitişməsi üçün istifadə edilən boltlara 2000 manat pul vermişdir. Hal-hazırda da əl ağaclarının vasitəsi ilə hərəkət edir. Ayağa qalxması üçün fizio terapiya almalıdır. Lakin maddi imkansızlığı səbəbindən həkim qəbuluna belə gedə bilmir. Belə ki, iddiaçının yerinə qabiliyyəti olmadığından hər dəfə taksidən istifadə edir, əlavə terapiya üçün müəyyən məbləğdə pul ödəməlidir. Cavabdehə bildirmişdir ki, heç olmasa onu taksi ilə həkimlərə aparsın. O, iddiaçıya bildirmişdir ki, iddiaçının pulunu vermiş və daha heç bir pul verə bilməz. Göründüyü kimi iddiaçı ağır xəsarət aldığından, uzun müddətə sağlamlığını itirdiyindən iş qabiliyyəti yoxdur. Hazırda da hərəkət etmək imkanı məhdud olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığından işçi qüvvəsini itirmişdir. Belə ki, tək ana olmaqla günəmuzad olaraq 20 manata işləməklə ayda 600 manata yaxın pul qazanmış, uşaqlarına baxmışdır. Öz sağlamlığından əlavə həmin qazancdan da məhrum olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi 5000 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi kimi 5000 manat məbləğində pulun, 28 yanvar 2019-cu il tarixdən qətnamə icra olunan günə qədər hər ay 600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin arıtılması barədə ərizəylə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi 5000 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi kimi 5000 manat məbləğində pulun, 28 yanvar 2019-cu il tarixdən qətnamə icra olunan günə qədər hər ay 600 manat məbləğində pulun, indiyə kimi iddiaçının müalicəsinə sərf etdiyi 4611,58 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, hal-hazırda yenidən əməliyyat olduğunu bildirmiş və cavabdeh tərəfindən ona 3100 manat, ondan 100 manatını dərmana verilmiş, sığorta şirkətindən 1450 manat pul almış, sonradan anasına iki dəfə olmaqla ümumilikdə 400 manat pul ödənilmişdir. Yenidən əməliyyata ehtiyacı vardır. İddiaçı izahatında onuda göstərmişdir ki, 2000 manat dəyərində olan Lanset Klinikasına əməliyyat üçün lazım olan şrup (bolt) almış, müxtəlif dərman, həkim, əməliyyat pulları xərclənmışdir. Odur ki, iddiaçı deyilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının verdiyi izahatlara qoşulduğunu və iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmdən xahiş etdi. Məhkəmə iclasında şahid kimi izahatı alınmış X3 bildirdir ki, o, iddiaçıya 3 ay boyunca baxmış, gündəlik 20 manat məvacib almışdır. Hal-hazırda isə iddiaçıya baxmır. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, iddiaçı üçün bütün zəruri xərcləri çəkmiş, əməliyyatdan sonrada ona atası tərəfindən pullar verilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdən olan “Boston Bone” Medicalın 2 ədəd qaimə fakturasından görünür ki, iddiaçıya satılmış boltların dəyəri 2000 manat təşkil etmişdir. İş materiallarındakı qəbzlərin surətlərindən görünür ki, iddiaçı tərəfindən müalicə üçün müxtəlif vaxtlarda ümumilikdə 1511,58 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşə əlavə olunmuş 24 aprel 2019-cu il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi və icraatına xitam verilməsi barədə” qərarın surətindən müəyyən olunur ki, Cavabdeh oğu 28 yanvar 2019-cu il tarixdə saat təxminən 08:40 radələrində etibarnamə ilə idarə etdiyi “OPEL ASTRA minik” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Qaradağ rayon Polis İdarəsindən Binə Ticarət Mərkəzi istiqamətində “Kənd təsərrüfatı yarmarkası”nın qarşısında yolda yerləşən dairədən Lökbatan dairəsinə istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq idarəetməni itirməsi nəticəsində piyada zolağı ilə hərəkətdə olan İddiaçı ehtiyatsızlıqdan vurmuş, nəticədə İddiaçı sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla X6 yerləşdirilmişdir. İşə əlavə olunmuş “Lanset-Cərrahlıq Klinikası” məhdud məsuliyyətli cəmiyyətinin arayışından görünür ki, iddiaçı 26.05.2021-ci il tarixdən 28.05.2021-ci il tarixədək “Lanset- Cərrahlıq Klinikası”nda müayinə və cərrahi əməliyyat olunmuş və implant üçün 1600 manat vəsait istifadə edilmişdir. İşdə olan “Lanset-Cərrahlıq Klinikası” məhdud məsuliyyətli cəmiyyətinin arayışından görünür ki, sağ bazu sümüyünün, sağ qamış sümüyünün metal fiksatorlu bitişməkdə olan sınığı, sağ radial sinirin postranmatik nevriti, hər iki tərəfli qonarfioz müayinə və müalicə üçün 1500 manat lazımdır. Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X2" X4 503/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda onda sağ bazu sümüyünün metal fiksatorlu bitişməkdə olan sınığı, sağ qamış sümüyünün yuxarı 1/3-nin metal fiksatorlu bitişməyən sınığı (yalançı oynaq) və metal fıksatorların sınmasının olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji dəyişikliklərlə əlaqədar, İddiaçı sağ qamış sümüyündən metal fıksatorun çıxarılması və təkrari metallofikseosintezi cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh oğu 28 yanvar 2019-cu il tarixdə saat təxminən 08:40 radələrində etibarnamə ilə idarə etdiyi “OPEL ASTRA minik” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Qaradağ rayon Polis İdarəsindən Binə Ticarət Mərkəzi istiqamətində “Kənd təsərrüfatı yarmarkası”nın qarşısında yolda yerləşən dairədən Lökbatan dairəsinə istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq idarəetməni itirməsi nəticəsində piyada zolağı ilə hərəkətdə olan İddiaçı ehtiyatsızlıqdan vurmuş, nəticədə İddiaçı sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İddiaçı 26.05.2021-ci il tarixdən 28.05.2021-ci il tarixədək “Lanset-Cərrahlıq Klinikası”nda müayinə və cərrahi əməliyyat olunmuş və implant üçün 1600 manat, boltların alınması üçün 2000 manat, müalicə üçün müxtəlif vaxtlarda ümumilikdə 1511,58 manat məbləğində pul vəsaiti xərclənmişdir. Eyni zamanda sağ bazu sümüyünün, sağ qamış sümüyünün metal fiksatorlu bitişməkdə olan sınığı, sağ radial sinirin postranmatik nevriti, hər iki tərəfli qonarfioz müayinə və müalicəsi üçün 1500 manat tələb olunur. Cavabdeh tərəfindən iddiaçının müalicəsi üçün müxtəlif vaxtlarda 3000 manat, 1450 manat və 400 manat olmaqla, ümumilikdə 4850 manat pul ödənilmişdir (cavabdehin izahatı ilə təsdiq olunur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. Həmin Qanunun 51-ci maddəsinin 5-ci cümləsinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Belə ki, Cavabdeh idarə etdiyi “OPEL ASTRA minik” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarəetməni itirməsi nəticəsində İddiaçı ehtiyatsızlıqdan vurması nəticəsində ona sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi, hadisədən sonra müalicə alması və cərrahi əməliyyat olunması işin mübahisəsiz hallarıdır. Hətta həmin bədən xəsarətlərinin aradan qaldırılması ilə bağlı əməliyyatlar keçirilsə də, hazırda iddiaçının sağ qamış sümüyündən metal fıksatorun çıxarılması və təkrari metallofikseosintezi cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçı, yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərinə görə dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iddiaçı tərəfindən ümumilikdə 5111,58 manat (1600+1511,58+2000=5111,58) məbləğində pulun ödənilməsi iddiaçı tərəfindən verilmiş qəbzlər, qaimə fakturalar və arayış ilə, eyni zamanda iddiaçının hər iki tərəfli qonarfioz müayinə və müalicəsi üçün 1500 manat əlavə vəsait lazım olacağı öz təsdiqini tapmışdır. Maddi ziyanın digər hissəsinə (5000 manat) dair iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyanın məbləği ümumilikdə 6611,58 manat təsdiq olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 4850 manat pul ödənilmişdir ki, bu halda məhkəmə hesab edir ki, ödənilmiş məbləğ, öz təsdiqini tapmış maddi ziyanın məbləğindən çıxılmaqla, qalan 1761,58 (6611,58-4850=1761,58) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cərrahiyə əməliyyatı nəticəsində bədənində yaraların yaranması iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, bədənində yaranmış xəsarətlər nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 500 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. İddia tələbinin hər ay 600 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində tək ana olmaqla günəmuzad olaraq 20 manata işləməklə ayda 600 manata yaxın pul qazanmasını qeyd etsə də, bu barədə hər hansı bir sübutu yəni işlədiyinə dair hər hansı bir sənəd və s . məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, cavabdehdən maddi zərər qismində 1761,58 manat, mənəvi zərər qismində 500 manat, ümumilikdə 2261,58 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərər qismində 1761,58 (bir min yeddi yüz altmış bir manat, əlli səkkiz) manat, mənəvi zərər qismində 500 (beş yüz) manat, ümumilikdə 2261,58 (iki min iki yüz altmış bir manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar