Məhkəmə qərarları › İş №2(006)-6630/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6630/2021

19.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6630/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA qızının və cavabdeh CCC oğlunun iştirakları ilə İddiaçı AAA qızının cavabdehlər CCC oğluna və BBB oğluna qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA qızı cavabdehlər CCC oğluna və BBB oğluna qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 avqust 2019-cu il tarixdə iddiaçının anası X1 vəfat etmişdir. Anasının dəfn edilməsi və yas mərasiminin keçirilməsi üçün iddiaçının qardaşları CCC oğlu və Cavabdeh2 ondan borc pul istədilər. Həmin tarixdə qardaşlarının yaşadığı ünvan 1 ünvanında iddiaçı qardaşı Oruca 1550 manat, Vilayətə 1150 manat pul verdi. Pul verən zaman iddiaçının bacıları da orada idi. Mərasimdən bir ay sonra qardaşı Oruc verdiyi borc puldan 50 manatını, Vilayət isə 150 manatını qaytardı. Verdiyi borc puldan qalmışını qaytarmadılar. İddiaçı neçə dəfə müraciət etsə də, verdiyi borcu qaytarmadılar. İddiaçı 10 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət etdi. Oruc və X5 dəvət olunaraq izahatları alındı. Bundan sonra qardaşı Vilayət iddiaçıya 100 manat pul qaytardı. Qalmış 900 manat pulu qaytarmadı. Vilayət isə 1500 manat pulunu qaytaracağını söz versə də, hələ də qaytarmamışdır. Hər iki qardaşı, onların həyat yoldaşları işləyir, əmək haqqı alırlar. Qardaşı Orucun oğlu da işləyir. Lakin iddiaçının pulunu qaytarmırlar. İddiaçı işləmir. İddiaçının qızı X2 xəstədir. İddiaçının evi təmirsiz vəziyyətdədir. Yağış yağanda evin damından başlarına su damır. Maddi imkanı yoxdur ki, iddiaçı qızına baxsın, onun müalicə olunmasına köməklik etsin, həmçinin, evini təmir etdirsin. Bir neçə dəfə 20-ci Polis Bölməsindən müraciəti ilə bağlı qəbul edilmiş qərarın surətinin ona təqdim edilməsini xahiş etsə də, iddiaçıya qərar verilməmişdir. Yalnız məktub təqdim edilərək məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İddiaçı hesab edir ki, cavabdehlər CCC oğlundan 1500 manat, Cavabdeh2 900 manat pul tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən cavabdehlər CCC oğlundan 1500 manat, Cavabdeh2 900 manat, həmçinin, hər iki cavabdehdən 30 manat miqdarında iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh CCC oğlu iddia tələbini qəbul edərək, iddiaçıya 1500 manat borcunun olduğunu bildirmişdir. Banka kredit borcu olduğuna görə hazırda bacısına olan borcunu qaytara bilmədiyini, kredit borcunu ödədikdən sonra iddiaçıya olan borcunu qaytaracağını bildirmiş və buna uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdeh CCC oğlunun izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən 12.11.2021-ci il tarixli məktuba qoşma olaraq materiallar məhkəməyə təqdim edilmişdir. Həmin materialdan müəyyən olunur ki, AAA qızı hazırkı pul mübahisəsi ilə əlaqədar şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət etmişdir. Polis Bölməsində BBB oğlu 20.08.2021-ci il tarixdə verdiyi izahatında qardaşı Orucla birlikdə bacıları Sultandan 1500 manat borc götürdüyünü, həmin borcdan 500 manatını qaytardığını, qalan 1000 manat borcunu isə hər ay 100 manat olmaqla qaytaracağını bildirmişdir. CCC oğlu isə 20.08.2021-ci il tarixdə verdiyi izahatında təxminən iki il öncə analarının yas mərasimi ilə əlaqədar bacısı Sultandan qardaşı Vilayətlə birlikdə 2000 manat borc götürdüyünü, banklara borcu olduğu və ailəsini güclə dolandırdığı üçün bacısından 1 il 6 ay banka borcunu ödəyib qurtarana qədər möhlət istədiyini, lakin bacısının razılaşmadığını bildirmişdir. Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 20-ci Polis Bölməsinin 25.08.2021-ci il tarixli məktubundan görünür ki, müraciəti mülki xarakterli olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməsi bildirilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı AAA qızı analarının yas mərasiminin keçirilməsi məqsədilə şifahi razılıq əsasında qardaşları CCC oğluna 1550 manat və BBB oğluna 1150 manat məbləğində borc pul vermiş, cavabdehlər həmin pul məbləğini iddiaçıya qaytarmağı öz üzərinə öhdəlik olaraq götürmələrinə baxmayaraq, borcdan Oruc 50 manat və Vilayət isə 250 manat qaytarmışdır. Nəticədə öhdəliklərini tam icra etməyərək CCC oğlu 1500 manat və BBB oğlu 900 manat iddiaçıya borclu qalmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iddia tələbinin CCC oğlu ilə bağlı hissəsi ilə əlaqədar olaraq bildirir ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, fasiləsiz video-audio yazının aparıldığı məhkəmə iclasında CCC oğlu iddia tələbini qəbul etmiş və iddiaçıya 1500 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 ilə bağlı hissəsi ilə əlaqədar olaraq bildirir ki, Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 20-ci Polis Bölməsində verilmiş izahat zamanı Vilayət iddiaçıya 1000 manat borclu olduğunu və hər ay 100 manat olmaqla iddiaçıya qaytaracağını bildirmişdir. İddiaçı iddia ərizəsində və izahatında polis orqanına müraciət etdikdən sonra Vilayətin borcdan 100 manat qaytardığını, qalan 900 manatını isə qaytarmadığını qeyd etmişdir. Göstərilənlərə əsasən, Cavabdeh2 iddiaçıya 900 manat borcunun qaldığı müəyyən olunur. Beləliklə göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı və cavabdehlər arasında borc müqaviləsi şifahi şəkildə bağlanmışdır. İddiaçı AAA qızı cavabdehlər CCC oğluna və BBB oğluna yas mərasiminin keçirilməsi məqsədilə borc pul vermiş, cavabdehlər üzərinə düşən öhdəliyi qismən yerinə yetirərək, CCC oğlu 50 manat və BBB oğlu isə 250 manat borcdan qaytarmışlar. Hazırda iddiaçıya CCC oğlunun 1500 manat və BBB oğlunun 900 manat məbləğində borcu qalmışdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər CCC oğlundan 1500 (min beş yüz) manat, BBB oğlundan 900 (doqquz yüz) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçı AAA qızına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər CCC oğlundan 1500 (min beş yüz) manat, BBB oğlundan 900 (doqquz yüz) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçı AAA qızına ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar