Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-668/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Facebooc sosial şəbəkəsində tanış olduğu Cavabdeh kimi tanıdığı ondan borca pul istəmişdir. O, ona bildirmişdir ki, onun anası ağır xəstədir və anasının müalicəsi üçün ona 1050 manat məbləğində pul gərəkdir. 16 iyun 1992-ci təvəllüdlü Cavabdeh xx.xx.2024-cü il tarixdə Kapital **********814861 nömrəli kart vasitəsilə ona məxsus kapital bank **********127881 nömrəli kart hesabına 1050 (bir min əlli) manat məbləğində üç gün müddətinə qaytarmaq şərtilə köçürmüşdür. Həmin adam 3 (üç) gün müddətinə ondan borca almışdır. Həmin müddət keçməsinə baxmayaraq Cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. İddiaçı Kapital bankın kartından digər karta pul köçürdüyü üçün 16 manat xidmət haqqı tutulmuşdur. Eyni zamanda Kapital bankın kredit kartında olan kredit aldığı üçün həmin kartda olan pula 91 manat məbləğində faiz gəlmişdir. Cavabdeh ümumilikdə iddiaçıya 1157 manat məbləğində aldatma yolu ilə maddi ziyan vurmuşdur. Eyni zamanda Cavabdeh ona bildirmişdir ki, onun anası xəstə olduğu üçün onu tez-tez narahat etməyi, bütün onunla yazışmaları Facebook sosial şəbəkəsində səhifəsində vardır. Sonuncu dəfə cavabdehə pullarını qaytarmasını xahiş etdikdə o bildirmişdir ki, onu Qarabağa iş üçün göndərmişlər və pulu qaytarmağa fiziki olaraq imkanı yoxdur, o isə bildirmişdir ki, ondan aldığı pulları necə karta ödəmişdir, o da kartdan karta ödəyə bilər. Cavabdeh iddiaçıya bildirir ki, Qarabağda işləyir, ancaq nə vaxt baxırsa, sosial şəbəkədədir. Göstərilənlərə əsasən İddiaçı 17 iyun 2024-cü il tarixində saat 49 radələrində Kapital Bank kartından cavabdehin kartına köçürdüyü 1050 manat əsas borcun, 16 manat kartdan karta xidmət haqqının, 91 manat komissiya haqqının, ümumilikdə 1157 manat pulun və 35 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda, cavabdehlə sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, onun anasının pula ehtiyacı olduğunu, ondan borca pul istədiyini, cavabdehə ümumilikdə 1050 manat pul göndərdiyini, cavabdeh isə 3 gün içində pulu geri qaytaracağını bildirdiyini, pulu kredit kartından göndərdiyini, buna görə də ona faiz hesablandığını, cavabdehin daha sonra pulun qaytarılmasından yayındığını məhkəməyə iddia ilə müraciət etdikdən sonra cavabdehin ona borcun 500 manatın geri qaytardığını bildirdi. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında qeyd etdi ki, o, iddiaçıdan 1050 manat borc pul aldığını etiraf edir. Həmin pulun 500 manatını iddiaçıya geri qaytarmışdır. Yerdə qalan 550 manat hissəsini də hissə-hissə qaytaracaqdır. Lakin o, dövlət rüsumu və kredit üçün hesablandığı bildirilən faiz məbləğini qəbul etmir və iddia tələbinin bu hissədə rədd olunmasını xahiş edir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan mədaxil qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 21:49-da 523915******4862 nömrəli kartdan EL*******H******* məxsus 523915******7881 nömrəli karta 1050 manat məbləğində pul köçürülmüş, köçürülmə ilə əlaqədar pulun köçürüldüyü kartdan 15.75 manat məbləğində komissiya haqqı silinmişdir. 7.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən özünə məxsus kartdan 17 iyun 2024-cü il tarixdə cavabdehə məxsus karta 1050 manat məbləğində pul köçürülmüş, cavabdeh pulu iddiaçıya geri qaytarmamışdır. Məhkəmə prosesi gedişatında cavabdeh borcdan 500 manatını iddiaçıya geri qaytarmışdır. Hazırda iddiaçı borcun, həmçinin komissiya haqqı, faiz borcu və eləcə də dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddia tələbini əsas borca münasibətdə etiraf edərək, həmin hissədə tələbin təmin edilməsinə etiraz etmədiyini bildirmiş, lakin tələbin dövlət rüsumu və komissiya haqqının tutulması hissəsində qəbul etmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 9.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 10.Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 11.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 12.Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (yeni redaksiya ilə). 13.Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (yeni redaksiya ilə). 14.Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 15.Hazırki iş üzrə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı özünə məxsus bank kartından xx.xx.2024-cü il tarixdə cavabdehin kartına borc olaraq 1050 manat məbləğində pul köçürmüş, cavabdeh isə həmin borcu qaytarmamış, yalnız məhkəmə gedişatı dövründə borcdan 500 manatını iddiaçıya geri qaytarmışdır. Hazırda cavabdeh iddiaçıya 550 manat məbləğində borcunun olmasını etiraf edir. Odur ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı hesab edilməklə təmin edilməli, 550 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 16.Məhkəmə iddia tələbinin 16 manat komissiya haqqı və 91 manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissələrdə tələb əsassız hesab edilməklə rədd edilməlidir. 17.Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus karta pul köçürüldüyü zaman Bank tərəfindən iddiaçıdan 15.75 manat məbləğində komissiya haqqı tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı bunu öz iradəsinə uyğun olaraq könüllü şəkildə etdiyindən, yəni pulu köçürmək istədiyi kartı özü seçdiyindən və nəticədə riski öz üzərinə götürdüyündən və bununla bağlı əvvəlcədən iddiaçı ilə razılığa gəlinmədiyindən həmin hissədə tələb əsassız hesab edilməklə rədd edilməlidir. 18.Həmçinin, iddiaçı cavabdehə köçürdüyü borc pulun kredit olduğunu və buna görə də ona 91 manat məbləğində faiz borcunun hesablandığını iddia etsə də, iddiaçı tələbini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən həmin hallar aşkar edilməmişdir. Həmçinin məhkəmə bu halda da qeyd edir ki, əgər qeyd edilən faiz məbləği öz təsdiqini tapmış olsaydı da belə, bu hal iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Belə ki, həmin pulun köçürülməsi üçün iddiaçı kredit götürməsi, bunun müqabilində faiz ödəyəcəyi barədə öhdəliyin iddiaçı tərəfindən yerinə yetirilməsi barədə razılıq əldə edilməmişdir. 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 20.Məhkəmə tələbin 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və qismən təmin edilməlidir. 21.Belə ki, iddiaçının iddia tələbinə münasibətdə təmin edilən hissəsi yalnız 550 manat olmuşdur ki, bu halda da ödənilmiş dövlət rüsumunun 30 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. 22.Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 23.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 24.Beləliklə, qeyd olunanlara və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində borc pul və dövlət rüsumu 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 27.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində pul və dövlət rüsumu olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-668/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-668/2025
21.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver