Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6754/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit reyestrindəki borclular siyahısından çıxarılma tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit reyestrindəki borclular siyahısından çıxarılma tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda ləğv olunma prosesində olan “Bank Standard QSC” tərəfindən 2015-ci il tarixdə ********** saylı, 03.02.2007-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya qarşı qaldırılan iddia Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.07.2015-ci il tarixli qətnaməsi ilə (iş 2(009)-2409/15) rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.11.2015-ci il tarixli Qətnaməsi ilə (iş 2(103)-7149/15) Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.05.2016-cı il tarixli qərarı ilə (iş 2(102)-1513/16) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddianın əsassız olduğu və bu səbəbdən də hər üç məhkəmə tərəfindən rədd edildiyinə baxmayaraq, bu günədək Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçının adı borclu kimi göstərilməkdədir. Bu hal iddiaçı üçün kredit təşkilatları ilə münasibətlərdə müəyyən, əsassız və arzuolunmaz çətinliklər yaratmaqdadır. Göstərilən səbəblərdən, iddiaçı 14 iyul 2021-ci il tarixdə Əmanətlərin Sığortalanması Fonduna rəsmi müraciət edərək Mərkəzləşdirilmiş Kredit Reyestrindəki borclular siyahısından adının çıxarılmasını xahiş etmişdir. İddiaçının Fonddan aldığı 22 iyul 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, hər üç məhkəmə qətnaməsi ilə həqiqətən də iddiaçının "xxxx" QSC-yə borcu olmadığı öz təsdiqini tapmışdır, lakin həmin qətnamələrdə adının Mərkəzləşdirilmiş Kredit Reyestrindəki borclular siyahısından çıxarılması ilə əlaqədar hər hansı göstəriş olmadığı səbəbindən adının göstərilən siyahıdan çıxarılmasından imtina edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı adının Mərkəzləşdirilmiş Kredit Reyestrindəki borclular siyahısından çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna İddiaçı 03 fevral 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə "xxxx" MMC-yə məlumat verilməsi öhdəliyinin qoyulması, "xxxx" MMC-nin üzərinə göstərilən məlumat əsasında Mərkəzləşdirilmiş Kredit Reyestrində müvafiq qeydiyyat aparılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2409/2015 saylı, 23.07.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı QSC "xxxx" Kommersiya Bankının - cavabdeh İddiaçı qarşı 03.02.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə yaranmış 0,01 (sıfır 01) ABŞ dolları əsas borc üzrə, 79113,66 (yetmiş doqquz min yüz on üç ABŞ dolları altmış altı sent) ABŞ dolları faiz borcunun, 79113,65 (yetmiş doqquz min yüz on üç ABŞ dolları altmış bes sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 158227,32 (bir yüz əlli səkkiz min iki yüz iyirmi yeddi ABŞ dolları otuz iki sent) ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması barədə iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə pozulmuş hüquqlarının bərpası ilə 3 illik iddia müddəti bitdikdən sonra, yəni 04.06.2015-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və həmin müddətinin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilə bilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2015-ci il tarixli, 2(103)-7149/2015 saylı qətnaməsi ilə iddiaçı QSC "xxxx" KB-nın apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli, 2(009)-2409/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiada tələb edilən məbləğ əsasən faiz və cərimə məbləğidir. İddiaçı tərəf 0,01 ABŞ dolları əsas borca 79113,66 ABŞ dolları məbləğində faizin və 79113,65 ABŞ dolları məbləğində cərimənin hansı qaydada hesablanmasını əsaslandıra bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1513/2016 saylı, 02.05.2016-cı il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 04 noyabr 2015-ci il tarixli, 2(103)-7149/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmıdır. İş materiallarında olan ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Səbail Rayon Məhkəməsinin 23.07.2015-ci il tarixli, 2(009)-2409/2015 saylı qətnaməsi ilə iddiaçı QSC "xxxx" KB-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 04.11.2015-ci il tarixli, 2(103)-7149/2015 saylı qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 23.07.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin 02.05.2016-cı il tarixli, 2(102)-1513/2016 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 04.11.2015-ci il tarixli, 2(103)-7149/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə İddiaçı 03 fevral 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə "xxxx" MMC-yə məlumat verilməsi öhdəliyi qoyulmalı, "xxxx" MMC-nin üzərinə göstərilən məlumat əsasında Mərkəzləşdirilmiş Kredit Reyestrində müvafiq qeydiyyatın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə İddiaçı 03 fevral 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə "xxxx" MMC-yə məlumat verilməsi öhdəliyi qoyulsun. "xxxx" MMC-nin üzərinə göstərilən məlumat əsasında Mərkəzləşdirilmiş Kredit Reyestrində müvafiq qeydiyyatın aparılması öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6754/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6754/2021
20.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver