Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-677/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 60.900 manat borc pul və dövlət rüsumu olaraq 274 manat, cəmi 61.174 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2018-ci il tarixdən Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecində şöbə müdiri işləyir. Cavabdeh X1 direktoru, digər Cavabdeh1 isə kollecdə laborant vəzifəsində işləyirdilər. Bu cavabdehlər doğma bacılardırlar. Ruxsarə kollecə direktor təyin olunandan sonra bacısı Səadəti etibarlı şəxs kimi kollecə işə götürmüş və bütün qara işləri onun vasitəsi ilə yerinə yetirmişdir. İddiaçı direktora və bacısına çox inanır və etbar edirdi. Təhsil sahəsində uzun müddət ərzində işləmiş şəxslərin saxta olacağını güman etmirdi. Münasibətləri çox yaxşı idi. 2019-cu ilin dekabr ayında cavabdeh Oliveva Səadət ona bildirdi ki, kollecdə problemlər var, direktor olan bacısı Ruxsarə xanıma 11.900 manat pul lazımdır və həmin pulu borc tapıb ona versin. O, cavabdehə inandı və bir neçə gündən sonra 11.900 manat pul tapıb kollecdə cavabdeh Səadətə verdi. 2020-ci ilin iyul ayında məlum oldu ki, direktor Ruxsarə xanımın oğlu maşınla adam vurub. Səadət bildirdi ki, direktora oğlunun işlərini həll etmək üçün təcili 31.000 manat pul lazımdı. Sonra direktor Ruxsarə xanım da onunla danışdı, təcili 31.000 manat lazım olduğunu bildirib ondan həmin məbləği ona tapmağını xahiş etdi. Həmçinin dedi ki, evini banka girov qoyur və 2020-ci ilin dekabr ayında kredit götürüb dərhal pulu qaytaracaqdır. O, tanışlarından, qonşularından həmin məbləği yığıb 31.000 manat pulu Səadətin yanında direktor Ruxsarə xanıma onun otağında verdi. 2020-ci ilin noyabr ayında cavabdeh Səadət ona yalvarmağa başladı və dedi ki, bacısı ilə ona daha 18.000 manat əlavə pul lazımdır və həmin pulu tapıb ona verməyini xahiş eldi. O, direktorla danışdı və direktorda pul lazım olduğunu, tezliklə bütün borcları bağlayacağını söylədi. 2020-ci ilin dekabr ayının əvvəlində öz evində Səadətə 18.000 manat pul verdi. Həmin pulu da tanış və qonşularından vığıb ona verdi Lakin, söz versələr də, cavabdehlər pulları qaytarmadılar. Sonra isə məlum oldu ki, cavabdehlər kollecdə çoxlarını işə düzəltmək adı ilə aldatmış və dələduzluq yolu ilə pullar almışlar. Abşeron rayon polis şöbəsində cavabdeh Səadətin barəsində cinayət işi başlandı və Abşeron rayon məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə o, CM-nin 178-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Sonradan onun cəzası azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza ilə əvəz edildi. Cavabdehlər ondan cəmi 60.900 manat pul almışlar. Bu barədə istintaq zamanı bildirmiş, iş üzrə şahid qismində dindirilmiş, aralarında üzləşmə keçirilmişdir. Cavabdeh Səadət pulu almasını etiraf etmişdir. Lakin, istintaq tərəfindən cavəbdehlərin ondan pul qopartmaq əməlləri mülki mübahisə kimi qiymətləndirilmiş və mülki icraat qaydasında məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Cavabdehlər pulları ondan birgə mənafləri üçün almış və birgə istifadə etmişlər. Odur ki, cəvnbdehlərdən cəmi 60.900 manat borc pul və məhkəməyə müraciət üçün dövlət rüsumu olaraq ödədiyi 274 manat pul müştərək qaydada tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, cavabdehlər iddiaçıdan müxtəlif vaxtlarda cəmi 60.900 manat pul götürsələr də, iddiaçının qardaşı X5 notarial qaydada təsdiq edilmiş ərizə ilə Cavabdeh1 ona olan borcunu ödədiyini bildirmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq İdarəsinin xx.xx.2021-ci il tarixli üzləşmə protokolundan görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif tarixlərdə 11.900 manat, 31.000 manat, 18.000 manat olmaqla, cəmi 60.900 manat məbləğində pul verilmişdir. Üzləşmə zamanı protokolu öz imzası ilə təsdiq etməklə Cavabdeh1 tərəfindən İddiaçı ifadəsinə heç bir etiraz edilməmişdir. İş materiallarında olan X5 tərəfindən imzalanmış, notarial təsdiq edilmiş ərizələrdən görünür ki, o, Cavabdeh1 ilə barışdığını və Cavabdeh1 ona vurduğu maddi ziyanı tamamilə ödədiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)- 65/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında müxtəlif tarixlərdə 11.900 manat, 31.000 manat, 18.000 manat olmaqla, cəmi 60.900 manat məbləğinə dair borc müqavilələri bağlanmışdır. Lakin həmin borc müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş formaya riayət edilmədən, şifahi formada bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilə etibarsız (əhəmiyyətsiz) əqddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrı vaxtlarda 11.900 manat, 31.000 manat, 18.000 manat olmaqla, ümumilikdə 60.900 manat borca pul vermiş, lakin buna dair müqaviləni mülki qanunvericiliyin imperativ normalarına müvafiq olaraq bağlamamışdır. Belə ki, mülki qanunvericiliyin göstərişlərinə əsasən, tərəflər arasında olan pul məbləğlərinin (3000 manatdan çox olduqda) verilməsinə dair müqavilə yazılı formada bağlanmalı olduğu halda, heç bir yazılı müqavilə bağlanmamışdır. Bu səbəbdən də tərəflər arasında olan şifahi əqd məhkəmə tərəfindən etibarsız hesab olunur və mülki qanunvericiliyin tələblərinə görə, cavabdeh əqd üzrə aldıqlarının hamısını iddiaçıya qaytarmağa borcludur. Belə ki, tərəflər arasında olan mülki hüquq münasibətlərindən görünür ki, cavabdeh hazırki situasiyada iddiaçının vəsaiti hesabına əsassız varlanan şəxs hesab olunur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin qeyd edilməlidir ki, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında cavabdehlərin iddiaçının qardaşından 60.900 manat məbləğində borc aldığını bildirsə də, iddiaçının qardaşı X2 notarial qaydada təsdiq edilmiş ərizələri ilə bu borcun qaytarılmasını əsas gətirmişdir. Lakin məhkəmə iclasında iştirak edən X5 öz izahatında bildirmişdir ki, qeyd olunan ərizələrdə cavabdehlərin iddiaçıya olan borclarının deyil, sadəcə onun özünə - X3 olan borcların Cavabdeh1 tərəfindən qaytarılması bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, cavabdeh tərəf 60.900 borcun alınmasını və borcun qaytarılması barədə iddiaçının qardaşı X2 ərizələrini əsas gətirsə də, məhz iddiaçıya olan borcunu ödəməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarına istinad olunan qərarı əsas götürülməklə iddia tələbi təmin olunmalı və 60.900 manat borc iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 274 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 60.900 manat məbləğində pul vəsaiti və 274 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 60.900 manat məbləğində pul vəsaiti və 274 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-677/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-677/2023
17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver