Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-690/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsi tərəfindən qanunsuz məhkum edildiyindən ona ümumilikdə 52.500 manat maddi, 20.000 manat fiziki, 50.000 manat dəyərində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 1971-ci il təvəllüdlü, Gədəbəy rayon Söyüdlü kənd sakini İddiaçı, iki uşaq anası olmaqla, evdar qadındır. xx xxxxxx 2017-ci il tarixdə, saat 11 radələrində Gədəbəy şəhərində yerləşən “Heydər Əliyev” parkının qarşısında İddiaçı ilə bacısı X3 və anası X4 arasında qeyd olunan tarixdə Gədəbəy Rayon Məhkəməsində aralarında olan mübahisənin baxışından sonra münaqişə yaranmışdır. Hadisədən 1 il 2 ay sonra xx xxxxx 2018-ci il tarixdə Gədəbəy rayon Polis idarəsində CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi xx xxxx 2018-ci il tarixdə yekunlaşaraq saxta ittiham Gədəbəy Rayon Məhkəməsində baxilmağa göndərilmişdir. Məhkəmə binasından cəmi bir-iki km məsafədə yaşamasına baxmayaraq Gədəbəy Rayon Məhkəməsinin sədri Marif Kazımovun təqsirləndirilənin məhkəmədən yayınma bəhanəsi ilə guya məhkəmənin xx xxxx 2018-ci il tarixli iclasına gəlməkdən boyun qaçırdığını əsas gətirərək yaşlı, 2-ci qrup əlil və 2 övlad anası, 6 nəvə sahibi olan hazırkı iş üzrə iddiaçı barəsində həbs qətimkan tədbiri seçərək Gəncə istintaq təcridxanasında saxlanmışdır. xx.xx.2018-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri, xx.xx.2019-cu il tarixdə ev dustaqlığı ilə əvəz edilmişdir. Qeyd olunan maddənin sanksiyasında azadlıqdan məhrum etmənin yuxarı həddi bir il müəyyən edilmişdir. İddiaçı isə bir il iki ay həbsdə (ev dustaqlığı nəzərə alınmaqla) saxlanmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(042)-3/2019 saylı qərarı ilə ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir seçilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası həmin qərarı 1(104)-126/2019 saylı,xx xxxxx 2019-cu il tarixli qərarı ilə ləğv edərək Gədəbəy Rayon Məhkəməsinə göndərmişdir. Gədəbəy Rayon Məhkəməsi hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə xx.xx.2019-cu il tarixli, 1(042)-3/2019 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilməsi, İddiaçı barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi müəyyən edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovun sədrliyi ilə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Gədəbəy rayon məhkəməsi hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə xx.xx.2019-cu il tarixli, 1(042)-3/2019 saylı qərarı ləğv edilərək CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi İddiaçı cinayət məsuliyyətindən azad edilməsi barədə qərar verilmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən İddiaçı haqqında xx.xx.2018-ci il tarixdə başlanmış cinayət təqibi zamanı təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri xx.xx.2019-cu il tarixdə ev dustaqlığı ilə əvəz edilmişdir. Göründüyü kimi məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra da xx.xx.2019-cu il tarixədək (4 ay 13 gün) həbsdə saxlanma müddəti davam etmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi müddəti Gəncə Apelyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovun sədrliyi ilə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə müəyyən olunduğundan 8 ay təşkil edir. İddiaçı fərdi əməklə məşğul olaraq həbs olunmadan əvvəl öhdəsində 25 baş iri buynuzlu mal olmuş, onun aylıq gəliri mütəxəssis rəyi ilə 5000 manat təşkil etmiş, əldən çıxan fayda 40.000 manat olmuşdur. Əkinçiliklə məşğul olaraq 1.2 ha əkin sahəsindən illik olaraq 10 ton kartof götürməklə qiymət hesabı ilə 8.000 manat gəlirdən məhrum edilmişdir. İddiaçı təssərüfatında 30 qaz (qiyməti 25-30 manat), 35 hind toyuğu (45-50 manat), 50 toyuq (qiyməti 20 manat) olmaqla, ümumilikdə 3.000 manat gəlirdən məhrum edilmişdir. Ödənilmiş məhkəmə xərci vəkilə ödənilən məbləğ 500 manat, onun qarşılanması və gecələməsi, yemək xərcləri ümumilikdə 1500 manat olmuşdur. Vurulmuş fiziki və mənəvi ziyan məbləği - həkim arayışından da göründüyü kimi həbsdə olduğu zaman yaxalandğı xəstəliyindən əziyyət çəkən İddiaçı müalicə xərci 20.000 manat müəyyən edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştitak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsində iddiaçı fərdi əmək fəaliyyəti ilə məşğul olmasını, müəyyən məbləğdə aylıq gəlirini qeyd etsə də bununla bağlı hər hansı əsaslandırıcı sübutlar təqdim etməmişdir. Həmçinin, iddiaçı vəkilə 1500 manat məbləğdə vəsaitin ödənildiyini qeyd etmiş, amma bununla bağlı sübutlar təqdim etməmişdir. Belə ki, hüquqi yardımla bağlı sənədlər işin materiallarına əlavə olunmalı və hətta bunların iddiaçıya qarşı cinayət işi ilə bağlı olması sübut olunmalıdır. Belə olan halda məhkəməyə müdafiəçi ilə bağlanılmış müvafiq müqavilələrin surətləri təqdim olunmalıdır. Bundan başqa, iddiaçı müalicə xərcləri ilə bağlı 20000 manat tələb etmişdir, halbuki iddiaçının məhz həbs olunduğdan sonra bu xəstəliyə məruz qalmasını və qeyd olunan məbləğin müalicə ilə bağlı xərclənməsini sübut edəcək hər hansı bir dəlil təqdim etməmişdir. Tələb olunan məbləğ ağlabatan deyil. İddiaçı həmçinin mənəvi ziyanın ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iddiaçı «Təhqiqat, ibtidai istindaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək ona maddi və mənəvi ziyanın dəyməsi hallarını təsdiq edən hər hansı bir sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ora vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir ora qarşı xüsusilə ağır cinayət törədildikdə üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Lakin hazırkı iddiaçıya qarşı hər hansı cinayət törədilməmiş, yalnız onunla bağlı cinayət işi başlanılsa da, sonradan ona bəraət verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 1(104)-372/2019-cu il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilməsi və barəsində ümumni tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi barədə Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 1(042)-03/2019 saylı qərarının ləğv edilməsi, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibi ilə icraata xitam verilməsi və İddiaçı cinayət məsuliyyətindən azad olunması, İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 1(104)-372/2019-cu il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsi təsdiq edilmiş, lakin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən cinayət təqibi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində maddi və ya mənəvi zərərə məruz qalması halı müəyyən edilmədiyindən, onun, Mülki Məcəllənin 1101-ci maddəsinə uyğun olaraq cavabdehin mülki məsuliyyətə cəlb edilməsinə dair iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-690/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-690/2021
04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver