Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-694/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14000 və 2000 manat olmaqla ümumilikdə 16000 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh məxsus Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 48 ünvanında 11 mərtəbəsində yerləşən sənədləşdirilməmiş ümumi sahəsi 21 kv.metr olan 1 otaqlı fərdi yaşayış evinin satın alması ilə bağlı 2019-cu ilin yanvar ayında öz aralarında razılığa gəliblər. İlkin mərhələdə cavabdeh ikinci mərtəbədə yerləşən sənədləşdirilməmiş tikilini 17500 (on yeddi min beş yüz) manata təklif etsə də sonradan 14000 (on dörd min) manata razılaşıblar. İddiaçı bankdan götürdüyü kreditin 14000 (on dörd min) manatını verərək ödəniş etmişdir. Cavabdeh ona bu pulun təcili lazım olduğunu bildirdiyinə görə iddiaçı götürdüyü krediti bankın qarşısında dərhal ödəmişdir. Proses tez baş verdiyinə görə iddiaçı sənədləşmə işləri ilə ödəniş etdikdən sonra məşğul olmağa başlamaq istəmiş, belə olan halda isə cavabdeh sənədləşdirmə işi üçün əlavə 2000 (iki min) manata ehtiyac olduğu üçün bu məbləği iddiaçıdan almışdır. Məsələ ilə bağlı cavabdehin 19.06.2019-cu ildə yazdığı əl yazmasında 6 ay müddətində həmin (iki min) məbləği ödəyəcəyini bildirsə də bu günə qədər heç bir ödəniş olmamışdır. Bir müddət sonra iddiaçı həmin tikiliyə köçmək istəmiş lakin cavabdeh buna icazə verməmişdir, tikilini ona verməkdən boyun qaçırmışdır. Dəfələrlə danışıqlar olsa da cavabdeh ödəniş məbləğinin geri qaytarılmasından da boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, o, həqiqətən iddiaçıdan 2.000 manat məbləğində borca pul götürmüş, lakin hər dəfə mağazada tanış satıcılara Səadət üçün pul qoymaqla hissə-hissə borcunu qaytarmışdır. Onun iddiaçıya borcu qalmamışdır. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. “xxxx” ASC ilə İddiaçı Gülbala qızı arasında bağlanmış 31.01.2019-cu il tarixli, DK- 00004-01/19A saylı Kredit müqaviləsinə əsasən bank kredit alana müqavilə çərçivəsində 13.09.2019-cu il müddətinə qədər 15300 manat məbləğində kredit ayırmağı, borc alan isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 19 faiz ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh (satıcı) ilə X6 (alıcı) arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş 31.01.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında İİ mərtəbəsində yerləşən ümumi sahəsi 21 kv/m olan 1 otaqlı fərdi yaşayış evinə dair alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi tərəflərin öhdəlikləridir. Əmlakın qiyməti 14.000 manat müəyyən olunmuş və həmin məbləğ satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilmişdir. Satıcı istifadəsində olan ünvan 1 ünvanının İİ mərtəbəsində yerləşən ümumi sahəsi 21 kv/m olan 1 otaqlı fərdi yaşayış evini 02.03.2019-cu il tarixədək təhvil verməyi öz öhdəsinə götürür. X6 tərəfindən imzalanmış 31.01.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, o, Cavabdeh məxsus olan 2 mərtəbədə yerləşən 1 otaqlı sahəsi olan 21 kv/m evi 17.500 AZN almışdır. (14.000 manatı notariusda vermişdir). Ümumi məbləğdən Rəsmiyyəyə 3500 manat borcu qalmışdır və yaxın zamanda ödəməlidir. Öz imzası ilə təsdiqləmişdir. Cavabdeh tərəfindən əl ilə tərtib edilmiş və imzalanmış 19.06.2019-cu il tarixli əlyazmadan görünür ki, o, İddiaçı Gülbala qızından əlbəəl 2000 manat borc götürmüş, 6 ay müddətinə ödəyəcəyinə təminat vermişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 18.06.2019-cu il tarixdə 7E-4441 reyestr nömrəsi ilə qeydə alınmış AR-İ seriyalı, 817504 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh həmin etibarnamə ilə ünvan 1 ünvanında İİ mərtəbəsində yerləşən ümumi sahəsi 21 kv/m olan 1 otaqlı fərdi yaşayış evinə dair bütün sənədləri toplamağa, bütün idarə və təşkilatlarda, həmçinin ƏMDK yanında DƏDRX-də, İH-də nümayəndəsi olmağı, özəlləşdirməyi, sənədləşdirməyi, lazımi sənədləri təqdim edib qəbul etməyi, ƏMDK yanında DƏDRX-dən çıxarış, texniki pasport, forma 1 almağı, sənədləri, ərizələri və arayışları təqdim edib qəbul etməyi, adından imza etməyi, hazırlanmış sənədləri, kadastr planı, çıxarış, texniki pasport, forma 1 almağı, sənədləri, ərizələri və arayışları təqdim edib qəbul etməyi, adından imza etməyi, hazırlanmış sənədləri, kadastr planı, çıxarış, texniki pasport, forma 1 və forma 2 arayışlarını almağı və gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pul almağı, kirayə və icarə verməyi, buna dair müqavilə imzalamağı, etibarnamə və müqaviləni ləğv etməyi, ləğvinə dair sazış imzalamağı, notariusun depozit hesabından pulu qəbul etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməyi İddiaçı 50 il müddətinə, 18.06.2069-cu il tarixədək etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə biləcəyi nəzərdə tutulmuşdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi tərəfindən İddiaçı ünvanlanmış 10.08.2019-cu il tarixli məktubdan görünür ki, onun DİN-in 102 xidmətinə vermiş olduğu məlumat 21-ci PB-si tərəfindən baxılmışdır. Məlumat mülki xarakterli olduğu üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq olması bildirilmişdir. Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru Vüqar Azadəliyev tərəfindən bölmənin rəisi Rəşad Əhmədzadəyə ünvanlanmış 09.08.2019-cu il tarixli raportdan görünür ki, 05.06.2019-cu il tarixdə A.Qurbanov küçəsi ev 48-də yaşayan X1 adlı şəxslə aralarında münaqişə olması barədə, DİN-in 102 xidmətinə məlumat vermişdir. Məlumatın yoxlanılması ilə əlaqədar vətəndaş X2 izahat verərək bildirmişdir ki, təxminən 5 ay bundan qabaq Kubinka adlanan ərazidə Rəsmiyyə adlı qadından 14.000 manata bir otaqlı ev almışdır. Evin alqı-satqısı zamanı üstündə şəxsiyyət vəsiqəsi olmadığı üçün əvvəllər tanıdığı Ramin adlı şəxsin adına həmin evi almışdır. İndi isə Ramin ona deyir ki, evi öz puluna alıb və ondan artıq pul istəyir. Araşdırma ilə əlaqədar vətəndaş X6 izahat verərək bildirmişdir ki, Sədaqət Rəsmiyə xanımdan evi alanda onun Rəsmiyə xanıma 3.500 manat pul borcu qalmışdır. O, Sədaqətə bildirmişdir ki, “sən Rəsmiyə xanımın borcun ver onda evi sənin adına keçirəcəm”. Ona görə də onların arasında mübahisə baş vermişdir. Araşdırma zamanı məlumatın mülki xarakterli olması müəyyən edilmiş və mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi barədə vətəndaşa rəsmi cavab verilmişdir. Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 04.02.2021-ci il tarixli məktubdan görünür ki, pulunun ələ keçirilməsi ilə bağlı tədbir görülməməsinə dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinə tərəflərindən baxılmışdır. Müəyyən olmuşdur ki, pulunun elə keçirilməsi barədə ərizəsi əsasında Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılaraq əməldə cinayət tərkibi olmaması əsası ilə Azerbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2. maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan Yasamal rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ vardır. Müraciət qəbul olunmuş qərarın əsaslılığının yoxlanılması üçün cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilmişdir. X6 tərəfindən Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Rəşad Əhmədzadəyə ünvanlanmış 11.06.2019-cu il tarixli izahatından görünür ki, təxminən 6 ay əvvəl Nəsimi rayonu, A.Qurbanov 48-də yerləşən Rəsmiyədən bir otaqlı mənzil onun adına alınmışdır. Sədaqət Məhərrəmova ona demişdir ki, evi onun adına keçirsin. Həmin evi onlar Rəsmiyədən alanda Sədaqətin Rəsmiyəyə 3500 manat borcu qalmışdır. O da ona bildirmişdir ki, o, Rəsmiyənin 3500 manatını versin, onda evi onun adına keçirər. Ona görə də aralarında mübahisə baş vermişdir. Aralarında söz mübahisəsi baş vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində X4 ifadə verərək bildirmişdir ki, o, iddiaçının evində dayə işləyir. İddiaçı ilə cavabdehin arasında 14000 manat məbləğində pul mübahisəsi olduğunu telefonla danışıqlar zamanı eşitmişdir. Ümumiyyətlə, borc məbləğindən nə qədər borc qaytarılıb, nə qədər borc qaldığı haqqında məlumatı yoxdur. Həmçinin, iddiaçı bankdan pul götürən zaman onunla banka getsə də birbaşa iddiaçının yanında dayanmamışdır, aralarında məsafə olduğu üçün nə qədər və nə üçün bankdan kredit götürdüyünü görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində X6 ifadə verərək bildirmişdir ki, o, həm iddiaçını, həm cavabdehi tanıyır. İddiaçı ilə cavabdehin arasında mübahisəli mənzil ona məxsusdur. O, həmin mənzili cavabdehdən satın almışdır. Mübahisəli mənzili öz vəsaiti hesabına almışdır. Hətta evin pulundan hələ də cavabdehə borcu qalmaqdadır. Mənzilin qiymətini 14000 manata razılaşsalar da o, həmin puldan 12800 manat məbləğində pulu cavabdehə vermişdir. Belə ki, evin borcundan qalan pulu ev layihəyə düşəndə verəcəyi şərti ilə cavabdehlə razılığa gəlmişlər. O, evin alqı-satqısı ilə əlaqədar Notariat Kontoruna gedərkən iddiaçı ona zəng edərək onunla getmək istədiyini bildirmişdir. Notariat Kontorunda olarkən notariat xərclərini cavabdeh çəkmişdir. O, ev alması münasibətilə şirinlik kimi iddiaçıya 200 manat məbləğində pul vermişdir. Sonradan o, eşitmişdir ki, Səadət evə 10000 manat pul verən Tural adlı müştəri tapmışdır. Baxılan iş üzrə iddiaçı cavabdehə məxsus ünvan 1 ünvanında İİ mərtəbəsində yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış ümumi sahəsi 21 kv/m olan mübahisəli fərdi yaşayış evini 2019-cu ildə aralarında bağlanmış şifahi razılaşmaya əsasən aldığına istinad edərək alqı-satqının baş tutmadığından ödənilmiş pulun qaytarılmasına dair iddianın təmin olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi özü-özlüyündə əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə görə, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllənin 139-cu maddəsinin mənasına görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır (maddə 139.2.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139.3.). Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 146-cı maddəsinin mənasına görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququnun onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində 5 şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1.). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2.). İş materiallarından göründüyü kimi daşınmaz əmlak olan mübahisəli fərdi yaşayışsahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və tərəflər arasında həmin sahənin alqı-satqısı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsiz hallarıdır. İddiaçı özü iddia ərizəsində ünvan 1 ünvanında İİ mərtəbəsində yerləşən ümumi sahəsi 21 kv/m olan 1 otaqlı fərdi yaşayış evini etibarnamə əsasında aldığını, şifahi müqaviləni bağlamaq üçün kredit müqaviləsinə əsasən bankdan borca pul götürdüyünü bildirir. Məhkəmə nəzərə alır ki, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamə həmin əmlakın alqı-satqısı barədə yazılı müqaviləyə bərabər tutula bilməz. Çünki etibarnamənin təyinatı alqı-satqı müqaviləsindən fərqlidir, etibarnamə alqı-satqı müqaviləsinin mühüm şərtlərini (tərəflərin alqı-satqı barədə iradəsini, əmlakın dəyərini və s.) özündə əks etdirmir. Bundan başqa iş materiallarında olan notarial qaydada təsdiqlənmiş 31.01.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə X6 arasında ünvan 1 ünvanında İİ mərtəbəsində yerləşən ümumi sahəsi 21 kv/m olan 1 otaqlı fərdi yaşayış evinə dair ilkin alqı-satqı müqaviləsi bağlanılmışdır. Belə ki, cavabdeh 14.000 manat müqabilində qeyd edilən mübahisəli daşınmaz əmlakı X5 02.03.2019-cu il tarixədək təhvil verməyi öz öhdəsinə götürmüşdür. Bu müqavilənin bağlanmış olduğu məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X3 ifadəsi ilə öz təsdiqini tapmışdır. İddiaçının “xxxx” ASC ilə bağladığı 31.01.2019-cu il tarixli, DK-00004-01/19A saylı Kredit müqaviləsinə istinadını isə məhkəmə qəbul etməyərək qeyd edir ki, evin alqısatqısını Bank tərəfindən verilmiş kreditlə əlaqələndirmək əsassızdır və iddiaçının həmin müqavilənin bağlanması ilə sübut etmək istədiyi hal işdə olan başqa obyektiv sübutlarla öz təsdiqini tapmır. Halbuki Mülki-Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən isə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Eyni zamanda məhkəmə iddiaçının pulunun qanunsuz olaraq ələ keçirilməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış araşdırma çərçivəsində X3 verdiyi izahatına istinadı ilə bağlı qeyd edir ki, İddiaçı Gülbala qızının sübuta yetirməyi çalışdığı hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmur. İstintaq materialları və ya bununla bağlı toplanan digər sənədlər isə hazırkı iş üzrə heç bir preyudisial əhəmiyyət kəsb etmir. Çünki Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə bağlanması sübuta yetirilməmiş alqı-satqı müqaviləsi üzrə iddiaçının ödənilməsinə istinad etdiyi pulun qaytarılmasına dair iddia tələbi əsassız olduğundan hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. İddianın “borca verilmiş 2000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi” tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflərin izahatları və işdə olan sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və Cavabdeh arasında təkcə borc (2000 manat) müqaviləsinə xas olan hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı məhkəməyə cavabdeh tərəfindən yazılan qəbz təqdim etmiş, həmin qəbzə əsasən cavabdeh İddiaçı Gülbala qızından əlbəəl 2000 manat borc götürdüyünü təsdiq etmiş, 6 ay müddətinə ödəyəcəyinə təminat vermişdir. Cavabdeh yuxarıda adı çəkilən qəbzi yazdığını inkar etməmiş, lakin izahatında həmin pulu qaytardığını bildirərək iddianın bu hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun tərəfindən borc müqaviləsi üzrə öhdəliyini icra etdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarıldığını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən şifahi formada bağlanmış borc müqaviləsinə əsasən 2000 manat məbləğində pulun alınması öz təsdiqini tapsa da, həmin müqaviləyə əsasən verilmiş pulun qaytarılması sübuta yetirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia digər hissədə rədd edilməlidir. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 4 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. 2000 manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 4 manatı, cəmi 2004 (iki min dörd) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-694/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-694/2021
05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver