Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-698/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə azadlıqdan məhrum edilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyana görə 50.000 manat və vurulmuş maddi ziyana görə 15.000 manat olmaqla, cəmi 65.000 manatın cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işinin istintaqı 2020-ci ildə tamamlanaraq baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. Bərdə rayon məhkəməsi tərəfindən (hakim Seyfəli Seyfullayev) həmin ciniyət işinə açıq məhkəmə iclasında baxılaraq 21 fevral 2020ci il tarixli 1(021)-2/2020 saylı hökm ilə qərara alınmışdır ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs kimi onun 20 oktyabr 2018-ci il tarixdən 22 oktyabr 2018-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlandığı 2 (iki) gün təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan tədbiri» ləğv edilərək barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın; cəzasının əvvəli 21 fevral 2020-ci il tarixdən hesablansın; barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Həmin hökmdən müdafiəçisi vasitəsi ilə verdiyi apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (sədrlik edən və məruzəçi hakim X9, hakimlər X11 oglu və X1 ibarət tərkibdə) 31 may 2021-ci il tarixli 1(104)-19/2021 saylı hökmü ilə qərara almışdır ki, onun müdafiəçisi X10 apellyasiya şikayəti təmin edilsin; iş üzrə Bərdə rayon məhkəməsinin 21 fevral 2020-ci il tarixli 1(021)-2/2020 saylı hökmü ləğv edilsin; iş üzrə yeni hökm çıxarılsın; ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin; Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən ona qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və qanunsuz həbsdə saxlanılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ izah edilsin; onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal azad edilsin. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası (sədrlik edən hakim X2, hakimlər X5 və X6 ibarət tərkibdə) xx.xx.2022-ci il larixli 1(102)-157/2022 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli hökmü dövlət ittihamçısının protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə, o, dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri olan Bərdə rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqinin, ibtidai araşdırmaya prosessual rəhbərlik edən Bərdə rayon prokurorunun, Bərdə rayon məhkəməsinin, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş ittihamçı prokurorun qanunazidd hərəkətləri nəticəsində qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş, qanunsuz olaraq istintaq müddətində 2 gün «cinayət törətməkdə şübhəli şəxs» qismində saxlanılmış, qanunsuz olaraq 4 ay barəsində «polis nəzarətinə vermə haqqında» qətimkan tədbiri tətbiq edilmiş və qanunsuz olaraq məhkəmə hökmü ilə 1 il 3 ay 10 gün həbsdə saxlanılmaqla azadlıqdan məhrum edilmişdir. Ən acınacaqlısı isə odur ki, qanunsuz olaraq azadlıqdan məhrum edilməsi barədə Bərdə rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(021)-2/2020 saylı hökmü dövlətin - Azərbaycan Respublikasının adından çıxarılmışdır və qanunsuz olaraq həbsdə olması 1-2 ay deyil, uzun müddət-təxminən 16 ay çəkmişdir. Yuxanda göstərdiyi dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin, o cümlədən də Bərdə rayon məhkəməsinin sözügedən qanuna zidd hərəkətləri - qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, daha sonra isə 1 il 3 ay 10 gün qanunsuz olaraq azadlıqdan məhrum edilməklə həbsdə saxlanılması nəticəsində ona ciddi mənəvi və maddi ziyan vurulmuşdur. Belə ki, həmin qanuna zidd əməllər nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, əsəbləri pozulmuş, azadlığı əlindən alınmışdır. Keçirdiyi izıirab, sarsıntı və əzablardan indiyədək də özünə gələ bilməmişdir. Nəticədə çoxsaylı xəstəliklərə düçar olmuşdur və indiyədək müalicə olunur. Ondan başqa ailə üzvləri, xüsusən də ali təhsilli, ömrünün 40 ildən çoxunu müəllim işləmiş 70 yaşlı və xəstə qadın olan anası X7 da iztirab və sarsıntı keçirmiş, əzab çəkmiş, məhrumiyyətlərə və maddi ziyana məruz qalmışlar. Odur ki, anasının sağlamlıq vəziyyəti, xüsusən də əsəbləri korlanmışdır. Bu hal da ona mənəvi əzab və iztirab verir. Bu səbəbdən, vurulmuş mənəvi zərərə görə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən ona 50.000 manat təzminat ödənilməsini tələb etməsi ədalətli olar. Qanunsuz olaraq azadlıqdan məhrum edilməsi nəticəsində 1 il 4 ay (fevral 2020-ci il - may 2022-ci il) ərzində qazanc əldə etməkdən də məhrum olduğu üçün aylıq təxminən 800-850 manat qazancını da itirmişdir. Belə ki, o, məhkəmə qərarı ilə həbs edilməklə azadlıqdan məhrum edildiyi 21 fevral 2020-ci il tarixədək Bərdə Ticarət Mərkəzində (keçmiş kolxoz bazarı) kiçik ticarətlə, yəni kənd təsərrüfatı məhsullarının alışı-satışı ilə məşğul olurdu və aylıq qazancı 800 manatdan aşağı olmurdu. Bu səbəbdən ona vurulmuş maddi zərərin miqdarı ən azı 13.000 manat təşkil edir (16 x 800). Odur ki, vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh tərəfindən ona 13.000 manatın ödənilməsini tələb etməsi də əsaslı və ədalətlidir. Bundan başqa, qanunsuz olaraq həbs edilərək azadlıqdan məhrum edilməklə həbsxanada olduğu 1 il 3 ay 10 gün müddətdə pozulmuş hüquqlarının bərpası üçün hazırki iddia ərizəsinin hazırlanması da daxil olmaqla vəkilin yardımından istifadə etməyə və ailə üzvlərinin onunla görüşmək, ərzaq təminatını həll etmək, şikayətlər etmək və s. bu kimi məsələlərə 2.000 manat şəxsi pul vəsaiti xərclənmişdir. Bu xərcin də maddi zərər kimi ödənilməsini cavabdehdən tələb etməsi əsaslı və ədalətlidir. Yuxarıda şərh etdiyi səbəblərdən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsaslı olmaqdan başqa, Azərbaycan Respublikasının qanunvericiliyi baxımından da tam qanuni hesab edir. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlannın qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi də öz növbəsində dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi İcra hakimiyyəti orqanıdır və vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi Dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə həyata keçirilir. İddiaçı məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bərdə rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 1(021)-2/2020 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs İddiaçı 20 oktyabr 2018-ci il tarixdən 22 oktyabr 2018-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlandığı 2 gün təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə göstəriş verilmiş; barəsində seçilmiş «polisin nəzarəti altına vermə» haqqında qətimkan tədbiri ləğv edilərək barəsində «həbs» qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclas zalından həbsə alınmış; cəzasının əvvəli 21 fevral 2020-ci il tarixdən hesablanmış; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. İş üzrə maddi sübut və ekspertiza xərci ilə bağlı göstərişlər verilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli 1(104)-19/2021 saylı hökmündən görünür ki, İddiaçı müdafiəçisi X10 apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bərdə rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 1(021)-2/2020 saylı hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, Azərbaycan Respublikası CPM-nin 356.5ci maddəsinə əsasən İddiaçı qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və qanunsuz həbsdə saxlanılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ izah edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş, iş üzrə maddi sübut olan 0,983 qram çəkidə heroin, ümumi qalıq 0,210 qram çəkidə ağ kristallik maddə, 2 ədəd 5 ml-lik, 2 ədəd 2 ml-lik, 1 ədəd 2,5 ml-lik birdəfəlik şprislərin və bir ədəd üzərində «Novokain» sözü yazılmış 5 ml-lik baş hissəsi sınıq şüşə flakon təqsirli olan şəxslər müəyyən edilənədək Bərdə RPŞ-də saxlanılmasına dair göstəriş verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli 1(102)-157/2022 saylı qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli hökmü dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə cəza çəkmiş, həbsdə saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. http://eqanun.az/files/framework/data/5/c_f_5104.htmBu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 15.000 (on beş min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 15.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona maddi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-698/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-698/2023
18.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver