Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-701/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə - Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərişıq" ASC-yə dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inəyinin tələf olması ilə əlaqədar dəymiş 900 (doqquz yüz) manat maddi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində fərdi təsərrüfatla məşğul olmaqla ailəsini dolandırdığını, ailəsini xırda və iri buynuzlu heyvanlardan əldə etdiyi gəlir hesabına saxladığını qeyd etmişdir. 31 oktyabr 2021-ci il tarixdə özünə məxsus mal-qaranı örüş sahəsinə ötürmüş, həmin gün gündüz saat 3 radələrində şəxsi təsərrüfatında olan boz rəngli, orta köklükdə, təxminən 240 kq. çəkidə olan bir baş inək elektrik xəttinə toxunmuş, elektrik cərəyanı vurmasından ölmüşdür. Baytar həkim Nəsirov Fikrət həmin gün inəyin cəsədini yarıb müayinə etmiş, həqiqətən də ona məxsus inəyin elektrik cərəyanı vurması nəticəsində ölməsi yarma protokolu ilə təsdiqlənmişdir. Orta köklükdə olan inəyin təxminən 240 kq. çəkisi vardır və 1 kq. mal ətinin satış qiyməti 11 manat olduğundan ona 900 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kürdəmir rayon Baytarlıq İdarəsi Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş 31.10.2021-ci il tarixli yarma protokoluna əsasən, İddiaçı məxsus inək elektrik cərəyanı vurması nəticəsində ürəkdamar, ağ ciyər çatışmazlığı, baş-beyin, onurğa beyni iflicindən tələf olmuşdur. Azərbaycan Respublikası Kürdəmir RİHB-nın Mehdili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi S.E.Eminov tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus bir baş inək elektrik cərəyanının vurması nəticəsində ölmüşdür. Sabirabad rayon “Fərid” mal qara alqı-satqı bazarı tərəfindən verilmiş arayışdan görünür ki, hazırda mal-qara bazarında 1 baş diri çəkisi təxminən 240 kq. olan inəyin orta bazar qiyməti 700-900 manat təşkil edir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh tərəfindən məsuliyyət daşıdığı yüksək təhlükə mənbəyinin yarada biləcəyi risklərin qarşısının alınması üçün zəruri olan tədbirlər görülməmiş, bu səbəbdən baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus inək tələf olmuş və iddiaçıya 900 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, yüksək gərginlikli elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh qəbul olunmuş Qaydaların tələblərinə riayət olunmasını və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağının təhlükəsizliyini və həmin zonaya kənar müdaxilələrin məhdudlaşdırılmasını təmin etməmişdir Məhkəmə iş materiallarında olan sənədləri, yuxarıda sadalalnan xüsusatları və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, baş vermiş hadisənin qarşısıalınmaz qüvvənin təsiri və ya iddiaçının qəsdi nəticəsində əmələ gəlməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyinə görə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci- maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş maddi ziyana görə cavabdeh "xxxx" ASC-dən 900 (doqquz yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 900 (doqquz yüz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-701/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-701/2022
26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver