Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-709/2025 08.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə qarşı “məlumatların silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə qarşı “məlumatların silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına qeyd olunmuş xx.xx.2012-ci il tarixli kredit sazişi barədə məlumatların silinməsi üçün Cavabdeh2 MMC-yə məlumat verilməsi öhdəliyinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan, İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edib, dövlət rüsumunun tutulub ona ödənilməsi hissəsində iddia tələbinin olmadığını bildirmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC-dən verilmiş çıxarışda borcalanın aktiv öhdəlikləri siyahısında LPO Cavabdeh1 ASC ilə arasında xx.xx.2012-ci il tarixli kredit sazişinin bağlandığı və həmin müqavilə üzrə hazırda 1395 manat əsas, 822 manat faiz borcunun olduğu göstərilmişdir. Lakin onunla Cavabdeh1 ASC arasında belə bir müqavilə bağlanmamışdır. Sözügedən kredit müqaviləsinin surətini əldə etmək üçün LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Ona verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda onunla Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsinin arxivdə aşkar edilmədiyi qeyd edilmişdir. Yaranmış problemlə əlaqədar LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, adının MKR-dən silinməsini xahiş etmişdir. Lakin xx.xx.2024-cü il tarixli cavab məktubunda AKB-nin məlumat bazasında olan (00)**********00511 saylı hesab nömrələri üzrə əks olunan borc öhdəliklərinin kredit tarixçəsində əks edilməməsi ilə bağlı hər hansı düzəlişin edilməsinin ləğvedicinin səlahiyyətləri xaricində olduğu qeyd edilmişdir. Növbəti mərhələdə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bank tərəfindən müraciət baxılması üçün cavabdehlərə göndərilmişdir. Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli imtina məktubları təqdim edilmişdir. Həmin imtina məktublarında qeyd edilmişdir ki, Büroya məlumat təchizatçıları tərəfindən texniki emal edilir və dəyişiklik aparılması Büronun səlahiyyətləri xaricindədir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclaslarında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilib, iştirakı olmadan iddia tələbinə baxılması və təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, iddia tələbinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, borc öhdəliyi həqiqətən də iddiaçıya deyil, X3 aiddir. İddiaçı bank qarşısında hər hansı bir öhdəliyi mövcud deyil. İzahatının sonunda qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə digər Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh2 MMC-nin çıxarışına əsasən, çıxarışda İddiaçı kredit tarixçəsi məlumatları öz əksini tapmışdır. Çıxarışın 3.1-ci bəndinə əsasən İddiaçı aktiv öhdəlikləri sırasında LPO Cavabdeh1 ASC-yə olan qalıq borcu əks etdirilmiş, borcun əsas hissədən (1395,08 manat) və faiz hissəsindən (822 manat) ibarət olduğu qeyd edilmişdir. - LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Kredit Bürosunun məlumat bazasında (00)**********00511 saylı hesab nömrələri üzrə əks olunan borc öhdəliklərinin İddiaçı kredit tarixçəsində əks olunmaması ilə bağlı hər hansı düzəlişin edilməsi ləğvedicinin səlahiyyətləri xaricindədir. - LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanlanmış növbəti xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı aid olan kredit müqaviləsi LPO Cavabdeh1 ASC-nin arxivində aşkar edilməmişdir. - Cavabdeh2 MMC-nin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda, İddiaçı müraciətinin araşdırılması üçün LPO Cavabdeh1 ASC-yə müraciət edildiyi, bank tərəfindən Büroya göndərilən rəsmi məktubda sözügedən kreditin digər şəxsə verildiyi və həmin şəxsin adına olan kredit sənədlərinin bankda aşkar olunmaması səbəbilə V.Hətəmovun kredit tarixçəsində müvafiq düzəlişin aparılmasının bankın səlahiyyəti xaricində olmasının qeyd edildiyi, Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatların yalnız texniki emal edildiyi və onların üzərində dəyişikliklərin aparılmasının Büronun səlahiyyətinə aid olmadığı, V.Hətəmovun kredit hesabatının məlumatlarında hələ də yanlışlıq olduğunu iddia etdiyi halda təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. - Hesabdan çıxarış məlumatlarına görə xx.xx.2012-ci il tarixli müqavilə üzrə borc öhdəliyinin X5 adlı şəxsə aid olduğu qeyd edilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, iddiaçının məhkəməyə müraciət etməsində məqsəd kredit tarixçəsində əks olunan məlumatlarda düzəlişin aparılmasıdır. İddiaçının bildirdiyinə görə əldə etdiyi sənədlər əsasında Cavabdeh1 ASC-yə əsas və faiz borcundan ibarət icra edilməmiş öhdəliyinin olduğunu müəyyən etmiş, məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət etmiş, lakin müraciətinin həllinə nail ola bilməmişdir. İddiaçının iddia tələbinin araşdırılması zamanı işdə olan sənədlərə baxış keçirilmiş, eləcə də cavabdeh olan bankın səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmişdir. Bankın ləğvedicisinin iddiaçıya təqdim etdiyi sənədlərə görə bankın arxivində iddiaçı ilə bağlanması iddia edilən müqaviləni aşkar etməyin mümkün olmadığı bildirilmiş, bankın ləğvedicisinin adından məhkəmə iclaslarında iştirak edən nümayəndə isə borc öhdəliyinin həqiqətən də İddiaçı deyil, başqa bir şəxsə aid olduğunu öz ifadəsində səsləndirmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının bağlamadığı müqavilə üzrə borclu şəxs qismində göstərilməsi, yəni borc öhdəliyinin iddiaçıya aid olmadığı halda Cavabdeh2 MMC-nin məlumat bazasında öhdəliyin onun adında əks olunması sonuncunun hüquqlarının əsassız olaraq pozulmasına səbəb olmuşdur. İşin araşdırılması nəticəsində məhkəmənin əldə etdiyi dəlillər iddiaçının pozulmuş hüququnun bərpasına əsas yaradır. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci bəndinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. - 6.3-cü bəndinə əsasən kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş neqativ məlumatları təqdim edən məlumat təchizatçıları, 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) bağlanan müqavilələr əsasında həyata keçirilir. Müqavilədə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri, o cümlədən məlumat təchizatçısının və məlumat istifadəçisinin bu Qanunla nəzərdə tutulmuş vəzifələri, təqdim edilən məlumatın tərkibi və təqdimetmə müddətləri, kredit hesabatının alınması üçün sorğuların təqdim edilməsi və kredit hesabatlarının verilməsi qaydası, habelə tərəflərin məsuliyyəti öz əksini tapmalıdır. - 10.1-ci bəndinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. - 10.2-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. - 18.1-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2021-ci il tarixli, 32/1 saylı Qərarının 3-cü bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlərlə Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında iddiaçının barəsində mövcud olmadığı halda borc öhdəliyinin qeyd edilməsi öz təsdiqini tapdığından, həmin məlumatlarda düzəlişlərin edilməsi zəruridir. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə və Azərbaycan Kredit Bürosu MMC-yə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə və Azərbaycan Kredit Bürosu MMC-yə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-709/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-709/2025
08.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver