Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-711/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı səhnə adından istifadəyə son qoyulması və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun səhnə adından istifadəsinə son qoyulması və vurulmuş mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət Azərbaycan səhnəsində Şəbnəm Tapdıq adı ilə müğənni kimi (1980-ci il tarixdən) fəaliyyət göstərir. Şəbnəm onun səhnə adıdır. Bu adı ona atası vermiş və “Şəbnəm” adının ona məxsus olması barədə şəhadətnamə verilmişdir. X7 adı ilə Respublikanın Əməkdar Artisti fəxri adı verilmişdir. O, Şəbnəm adı ilə tanınmış və ona qədər Azərbaycanda “Şəbnəm” adı olmamışdır. Lakin, bir müğənni onun adını, yəni səhnə adını özünə təxəllüs kimi götürməklə istifadə edir. Həmin şəxs Şəbnəm Tovuzlu kimi müğənnilik edən Cavabdehdır. Onun adından istifadə edərək özünü məşhurlaşdırmışdır. Bununla da onun səhnə adına, işgüzar nüfuzuna zərər dəymişdir, çünki xalq onu Şəbnəm kimi tanımış və sevmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında qeyd etdi ki, onun səhnə adı Şəbnəmdir. O, öz adında birincidir. “Şəbnəm” adının hüquqi bazası atası tərəfindən yaradılmış və əsərin adı ona məxsusdur. Cavabdehin isə əsl adı “Aygün” olmuşdur. O, sonradan adını “Şəbnəm” adına dəyişməklə, onun səhnə adından istifadə etmiş və bununla da onun işgüzar nüfuzuna ziyan vurmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən verilmiş əsərin qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə 1965-ci il tarixli “Şəbnəm, Gültəm, Qəlbinur adlarında ilkdirlər” adlı ədəbi əsərin (şeirin) 05/C-8829-16 qeydiyyat nömrəsi ilə X2 (İlyas Tapdıq) adına müstəsna müəlliflik hüququ ilə sahibliyi xx.xx.2016-cı il tarixində qeydiyyatdan keçirilməsi haqqındadır. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş arayışın surətindən görünür ki, həmin arayış İddiaçı xx.xx.2015-ci il tarixdə Azərbaycan Müəllif Hüquqları Agentliyində müəllifi olduğu “Bilmədim” musiqili əsərinin not yazısını İlk Şəbnəm təxəllüsü ilə qeydiyyatdan keçirməsi haqqında verilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən xx.xx.2024cü il tarixdə təqdim edilmiş xx.xx.1990-cı il tarixli “Doğum haqqında bərpa akt qeydi”-dən görünür ki, xx.xx.1983-cü il tarixdə doğulmuş uşağa Cavabdeh verilməklə, atası X3, anası X1r. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məlumata əsasən, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh xx.xx.2003-cü il tarixdə Tovuz RPŞ tərəfindən AZE-01460293 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Vətəndaş xx.xx.2003-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 1 ünvanında, xx.xx.2018-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan ünvanlara qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.1983-cü il tarixdə doğulmuşdur. xx.xx.1990-cı il tarixli “Doğum haqqında bərpa akt qeydi”nə əsasən doğularkən ona “Şəbnəm” adı verilmişdir. Göründüyü kimi iddiaçının “cavabdeh tərəfindən sonradan adının dəyişdirib Şəbnəm qoyması” dəlilləri işin hər hansı halı ilə öz təsdiqini tapmamışdır. Cavabdeh doğularkən ona “Şəbnəm” adı verilmişdir və bu ad onun təxəllüsü deyildir. “Uşaq hüquqları haqqında” Konvensiyaya görə uşaq doğulduğu andan ad hüququ əldə edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.2-ci maddəsinə görə uşağa ad vallideynlərinin razılığa ilə qoyulur. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin adının sonradan “Şəbnəm” adına dəyişdirməsi halı olduğu halda belə bu qanuna zidd deyildir. Belə ki, fiziki şəxslərin adına dair hər hansı müəlliflik hüququnun əldə edilməsini tənzimləyən normativ baza mövcud deyildir, məhkəmə araşdırması zamanı da iddiaçının “Şəbnəm” adına müstəsta sahiblik hüququ müəyyən edilməmişdir. İddiaçının tələbində və məhkəmə icraatı zamanı səsləndirdiyi dəlillərin əsasını onun Şəbnəm adında ilk olması, ilkliyin mənbəsini “Şəbnəm, Gültəm, Qəlbinur adlarında ilkdirlər” adlı ədəbi əsərin, həmin əsərin atasına müəlliflik hüququ ilə məxsus olmasını, bununla da həmin addan istifadə etməyə müstəsna hüququnun olduğunu göstərmişdir. Bu dəlillərə münasibətdə məhkəmə nəzərə alınmalı olmasını zəruri hesab edir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 8.4-cü maddəsinə əsasən kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirə bilərlər. Göründüyü kimi, müəlliflik hüququ yalnız əsərə şamil edilir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müəlliflik hüququ ilə qorunma özözlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir. Həmin Qanunun 5.2-ci maddəsinin təhlilindən bəlli olur ki, əsərin hissələri (adı, personajı və s.) obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərləri olduğu və müstəqil istifadə oluna bildiyi halda müəlliflik hüququnun obyekti sayılır. Qanunvericiliyin tələbinə əsasən müəlliflik hüququ ilə qorunan “Şəbnəm, Gültəm, Qəlbinur adlarında ilkdirlər” əsərin personajı və adı əsər kimi müəlliflik hüququnun obyekti sayılır. Bununla da fiziki şəxsin adının əsər personajı və ya əsər adı ilə eyniyi müəlliflik hüquqlarının tənzimlənməsi dairəsinə düşmədiyi aşkardır. Bundan əlavə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Beləliklə, iddiaçının cavabdeh tərəfindən onun səhnə adından istifadə etməsi sübuta yetirilmədi. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Bu səbəbdən də yuxarıda adı çəkilən əsərə müəlliflik hüquqlarının vərəsəlik qaydasında iddiaçıya keçməsinin həcmi və qaydası araşdırılmadı (“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 29-cu maddəsi). Məhkəmə iddia tələbinin “cavabdehin onun səhnə adından istifadə etməsi ilə ona mənəvi ziyanın vurulması tələbinə” dair hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçının səhnə adından istifadə etməsi öz təsdiqini tapmadığından, bu hissədə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərci kimi ödənilmiş 120 manat dövlət da rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı səhnə adından istifadəyə son qoyulması və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-711/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-711/2024
27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver