Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-723/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı diz ağrıları şikayəti ilə səhhətində yaranan problemlərlə əlaqədar 2020-ci ildə “X2 1” özəl tibb müəssisəsinə müraciət etmişdir. İddiaçıya “diz arterozu” diaqnozu qoyulmuş və kök hüceyrə əməliyyatının keçirilməsi nəticəsində iddiaçının diz arterozundan xilas olacağı, diz ağrılarının azalacağı və səhhətində yaxşılaşma olacağı bildirilmişdir. Əməliyyata hazırlıq zamanı iddiaçıdan müvafiq analizlər alınmışdır. 3 noyabr 2020-ci il tarixdə elektrokardiaqramma, qanın ümumi analizi və laborator (qlükoza, hepatitlər, infeksiyalar, koaquloqramma) analizlərin nəticəsi əldə edilmişdir. 4 noyabr 2020-ci il tarixdə İddiaçı cavabdeh tibb müəssisəsində Cavabdeh1 tərəfindən kök hüceyrə əməliyyatı keçirmişdir. İddiaçı həmin tarixdə tibb müəssisəsindən evə buraxılmışdır. Bu müddət ərzində iddiaçı tərəfindən müayinə və əməliyyata görə 3.880 manatı məbləğində ödəniş edilmişdir. Lakin, əməliyyatdan sonra iddiaçının sağlamlıq vəziyyəti gözlənilən formada yaxşıya doğru getmir, diz ağrıları azalmır, əksinə ağrılar artaraq davam edir və iddiaçının səhhəti müsbətə doğru dəyişmir. Bununla da iddiaçı əməliyyatla gözlədiyi nəticəyə-səhhətinin yaxşılaşmasına, diz ağrılarının azalmasına çatmamışdır. Bu hal əməliyyat və müayinə xərcləri baxımından iddiaçıya maddi zərər vurulması ilə nəticələnmişdir. Belə ki, iddiaçı müayinə, analiz və həkim qəbulu üçün 80 manat, əməliyyat ödənişi üçün 3.200 manat, habelə əməliyyatdan sonra müalicəvi iynə üçün 600 manat olmaqla, toplam 3.880 manat xərc çəkmişdir. Bundan başqa, iddiaçının səhhətinin yaxşıya doğru dəyişməməsi ona həm də şəxsi qeyriəmlak zərərinin vurulması ilə nəticələnmişdir. Belə ki, iddiaçının əməliyyat və müayinə xərcləri baxımından əmlak mənafeyinin pozulmasından əlavə, həm də əməliyyat olunmasına baxmayaraq səhhətində hər hansı müsbət dəyişiklik olmamışdır. İddiaçının sağlamlığının bu vəziyyətdə davam etməsi isə onun fiziki və psixoloji əzab çəkməsi ilə, yəni iztirab keçirməsi ilə nəticələnmişdir. Sağlamlıq vəziyyətinin yaxşıya doğru dəyişməməsi nəticəsində iddiaçı fəal ictimai həyat tərzinə qayıda bilməmişdir. Qeyd edilməlidir ki, məhz bu vəziyyət cavabdeh tibb müəssisənin (onun işçisinin-əməliyyat edən həkimin) təqsiri üzündən baş vermişdir. Belə ki, iddiaçı düzgün əməliyyat edilməmiş və tibbi xidmət, yəni əməliyyat nətocəsində çatmalı olduğu sağlamlıq vəziyyətinə çatmamışdır. Nəticədə, 64 yaşlı (əməliyyat həyata keçirilərkən) iddiaçı mənəvi zərərə məruz qalmışdır. Yuxarıda bəhs edilən hallarla bağlı cavabdeh tibb müəssisəsinə müraciət edilmiş, İddiaçı tərəfindən edilmiş btün ödənişləri təsdiq edən sənədlərin iddiaçıya göndərilməsi üçün 23 avqust 2022-ci il tarixdə vəkil sorğusu göndərilmiş, lakin cavabdehdən heç bir cavab alınmamışdır. Qeyd olunanlarla əlaqədar İddiaçı hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən,”X2 1” tibb müəssisəsində İddiaçı əməliyyat edilməsi nəticəsində dəyən 3.880 manat maddi zərərin əvəzi, 1.500 manat mənəvi zərərin əvəzi, 110 manat məbləğində vəkil xərci və 74,90 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər “X2” MMC və Cavabdeh1 tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul etdiyini bildirərək, tələbin 3000 manat məbləğində təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və Cavabdeh2 MMC-nin nümayəndələrinin izahatlarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh2 MMC tərəfindən İddiaçı verilən 03 noyabr 2020-ci il tarixli tibbi sənəddən görünür ki, A.Sədaqətin döş qəfəsi orqanlarının obzor rentgen müayinəsində ağciyər sahələrində potoloji kölgəliklər müəyyən edilmir. İnfiltrativ kölgəlik və plevral bitişmə əlamətləri izlənilmir. Hər iki ağciyər kökündə bronx damar şəkli güclənib. Sağ ağciyərin üst payında bərkimiş ocaq izlənilir. Ürək, aorta və ağciyər arteriya kötüyü normaldır hər iki qabırğa, diafraqma və kardio-diafraqmal sinuslar sərbəstdir. Qabırğalar, görünən döş fəqərələri və diafraqma patologiyasızdır. Mülki işin materiallarında olan Cavabdeh2 MMC tərəfindən İddiaçı verilən 04 noyabr 2020-ci il tarixli epikrizdən görünür ki, A.Sədaqətə həmin tarixdə diz arterozu kliniki diaqnozu qoyulmuş və həmin tarixdə kök hüceyrə əməliyyatı keçirmiş, klinikada zəruri müayinələrdən və əməliyyatönü hazırlıqdan sonra xəstə üzərində FTN, SPİNAL altında cərrahiyyə əməliyyatı icra olunmuş, əməliyyatdan sonrakı dövr fəsadsız keçib, xəstə xx.xx.2020-ci il tarixində kafi vəziyyətdə ambulator müalicəyə yazılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X6 xx.xx.2023-cü il tarixli, 1481№-li ekspert rəyindən görünür ki, Cavabdeh2 MMC-də İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən o, xx.xx.2020-ci il tarixdə “Diz artrozu” diaqnozu ilə klinikaya daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra xəstənin üzərində “Kök hüceyrə” cərrahiyyə əməliyyatı icra olunmuş və xx.xx.2020-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda hər iki diz oynaq yarıqlarının kəskin daralmasının, medikalda oynaq səthlərində sklerozun, hər iki diz oynağının varus deformasiyanın, bilateral üçüncü-dördüncü (İİİ-İV) dərəcəli osteoartroz-qonartroz-hərəkət məhdudluğunun, axsama və yerişin pozulmasının olduğu müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı hazırda hər iki diz oynağının endoprotezləşdirilmə cərrahiyyə əməliyyatına ehtiyac vardır. İddiaçı üzərində icra edilmiş “Kök hüceyrə” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Həmçinin, həkimnevroloq tərəfindən “Kök hüceyrə” prosedurunun aparılması yolverilməzdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş “Kök hüceyrə” cərrahiyyə əməliyyatının hər hansı bir müsbət effekti olmamış və vaxtında xəstə ixtisaslı mütəxəssisə və müalicəyə göndərilməmiş, bu da sonradan xəstədə qeyd olunan patologiyaların yaranmasına gətirib çıxarmışdır. Mülki işin materiallarında olan Cavabdeh2 MMC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 669№-li cavab məktubundan görünür ki, “X1-1” klinikasında kök hüceyrə prosedurunun qiyməti, həkim müayinəsi və prosedurdan öncəki anamnezlərin toplanması üçün tətbiq olunan analiz paketi daxil 3000 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 0428№-li X3 Haqqında Müqavilədən görünür ki, hüquqi xidmətin göstərilməsi məqsədilə vəkil xərci olaraq iddiaçı tərəfindən 100 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 74,90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir; 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı diz ağrıları şikayəti ilə səhhətində yaranan problemlərlə əlaqədar 2020-ci ildə “X2 1” özəl tibb müəssisəsinə müraciət etmişdir. İddiaçıya “diz arterozu” diaqnozu qoyulmuş və kök hüceyrə əməliyyatının keçirilməsi nəticəsində iddiaçının diz arterozundan xilas olacağı, diz ağrılarının azalacağı və səhhətində yaxşılaşma olacağı bildirilmişdir. 4 noyabr 2020-ci il tarixdə İddiaçı cavabdeh “X2 1 tibb müəssisəsində həkim Cavabdeh1 tərəfindən kök hüceyrə əməliyyatı keçirmişdir. İddiaçı həmin tarixdə tibb müəssisəsindən evə buraxılmışdır. Bu müddət ərzində iddiaçı tərəfindən müayinə və əməliyyata görə 3.880 manatı məbləğində ödəniş edilmişdir. Lakin, əməliyyatdan sonra iddiaçının sağlamlıq vəziyyəti gözlənilən formada yaxşıya doğru getməmiş, diz ağrıları azalmamış, əksinə ağrılar artaraq davam etmiş, iddiaçının səhhəti müsbətə doğru dəyişməmişdir. Bununla da iddiaçı əməliyyatla gözlədiyi nəticəyə-səhhətinin yaxşılaşmasına, diz ağrılarının azalmasına çatmamışdır. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli, 1481№-li ekspert rəyindən də göründüyü kimi İddiaçı üzərində icra edilmiş “Kök hüceyrə” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Həmçinin, həkim-nevroloq tərəfindən “Kök hüceyrə” prosedurunun aparılması yolverilməzdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş “Kök hüceyrə” cərrahiyyə əməliyyatının hər hansı bir müsbət effekti olmamış və vaxtında xəstə ixtisaslı mütəxəssisə və müalicəyə göndərilməmiş, bu da sonradan xəstədə qeyd olunan patologiyaların yaranmasına gətirib çıxarmışdır. Göründüyü kimi, cavabdehə məxsus klinikada calışan həkim Cavabdeh1 tərəfindən əməliyyət düzgün aparılmamış, keçirilmiş əməliyyatdan sonra iddiaçının sağlamlıq vəziyyəti gözlənilən formada yaxşıya doğru getməmiş, diz ağrıları azalmamış, əksinə ağrılar artaraq davam etmiş, iddiaçının səhhəti müsbətə doğru dəyişməmişdir. Bunu həmçinin, cavabeh tərəfin özü də etiraf edir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi cavab məktubundan görünür ki, klinikada kök hüceyrə prosedurunun qiyməti, həkim müayinəsi və prosedurunun öncəki anamnezlərin toplanması üçün tətbiq olunan analiz paketi daxil 3000 manat təşkil edir. Göründüyü kimi iddiaçıya cavabdehlərin təqsiri üzündən maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Odur ki, məhkəmə hazırki iş üzrə ekspert rəyini sübut olaraq qəbul edərək və qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi 3.880 manat maddi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdehlərdən 3.000 manat məbləğində maddi zərərin əvəzi müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə 1500 manat maliyyə vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddiaçının sağlamlığına ziyan vurulması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 500 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin məhkəmə xərcləri ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissələrdə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materialları ilə təsdiq olunur ki, iddiaçı 74,90 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində vəkil xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində maddi ziyan, 500 (beş yüz) manat məbləğində mənəvi zərər, 100 (bir yüz) manat məbləğində vəkil xərci və ödənilmiş 74,90 (yetmiş dörd manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 3674,90 (üç min altı yüz yetmiş dörd manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində maddi ziyan, 500 (beş yüz) manat məbləğində mənəvi zərər, 100 (bir yüz) manat məbləğində vəkil xərci və ödənilmiş 74,90 (yetmiş dörd manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 3674,90 (üç min altı yüz yetmiş dörd manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-723/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-723/2023
18.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver