Məhkəmə qərarları › İş №2(006)-7252/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7252/2021

20.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7252/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin Əmanətlərin Sığortalanması Fonduna qarşı “mərkəzləşdirilmiş kredit reyestrindən adın çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin Əmanətlərin Sığortalanması Fonduna qarşı “mərkəzləşdirilmiş kredit reyestrindən adın çıxarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC arasında hər hansı bir müqavilə münasibəti mövcud olmadığına görə (00)**********00561 saylı hesab nömrəsi üzrə adının Mərkəzləşmiş Kredit Reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh ASC ilə kredit müqaviləsi bağlamamış, bankdan kredit götürməmişdir və bank qarşısında hər hansı bir kredit borcu olmamışdır. Digər bir kredit təşkilatı ilə kredit müqaviləsi bağlamaq istərkən onun Mərkəzləşmiş Kredit Reyestrində banka borcunun olduğu göstərilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, digər bir şəxsin götürdüyü 2000 Avro kredit onun banka borcu kimi göstərilmişdir. Bundan sonra Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məsələ ilə əlaqədar müraciət etmişdir. Müraciətinə cavab olaraq cavabdeh özünün 10 oktyabr 2019-cu il tarixli, **********983 saylı məktubu ilə bildirmişdir ki, “Sizin Mərkəzi Kredit Reyestrinin məlumat bazasında adınıza əks olunan kredit məlumatlarının silinməsinə dair müraciətinizə ləğv prosesində olan Cavabdeh ASCnin ləğvedicisi X1 baxılmışdır. Mərkəzi Kredit Reyestrinin (MKR) məlumat bazasında (00)**********00561 saylı hesab nömrəsi üzrə əks olunan borc öhdəliyinin sizin kredit tarixçənizdə əks olunma ilə bağlı hər hansı düzəlişin edilməsi ləğvedicinin səlahiyyəti xaricindədir”. Qeyd edilənlər bir daha təsdiq edir ki, onun bank qarşısında borc öhdəliyi olmamışdır. Bir daha bildirir ki, Cavabdeh ASC-yə hər hansı bir kredit müqaviləsi üzrə borcu yoxdur və həmin bankla kredit müqaviləsi bağlamamışdır. Texniki səhv üzündən onun adı bankın borcluları sırasında qeyd edilmişdir. Onunla Cavabdeh ASC arasında hər hansı bir müqavilə münasibəti mövcud olmadığına və ona kredit verilmədiyinə görə (00)**********00561 saylı hesab nömrəsi üzrə adının Mərkəzləşmiş Kredit Reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməlidir. Müraciət əsasında Bakı şəhər Xətai Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2(011)-6353/2021 saylı qərardad və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad da iddia ərizəsinin geri qaytarılmışdır. Qərardad da iddia ərizəsinin geri qaytarılmasına səbəb ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40 kimi qeyd edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, İddiaçı heç bir banka borcu olmadığını bildirdi. Əsas borc İddiaçı aid deyildir. Səhvən şəxsiyyət vəsiqəsi yazılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə xatırladır ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ASC-yə borcu yoxdur, borc İddiaçı aid deyildir, səhvən onun şəxsiyyət vəsiqəsi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC arasında hər hansı bir müqavilə münasibəti mövcud olmadığına görə (00)**********00561 saylı hesab nömrəsi üzrə adının Mərkəzləşmiş Kredit Reyestrindən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC arasında hər hansı bir müqavilə münasibəti mövcud olmadığına görə (00)**********00561 saylı hesab nömrəsi üzrə İddiaçı adı Mərkəzləşmiş Kredit Reyestrindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar