Məhkəmə qərarları › İş №2(006)-744/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-744/2021

29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-744/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Topçubaşov küçəsi 23”A” saylı evin 27 saylı mənzili şəxsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzil iddiaçının daimi yaşayış yeridir. İddiaçıya məxsus mənzilin üst mərtəbəsindəki 29 saylı mənzildə yaşamış mərhum X6 əvvəlki vaxtlarda olan hərəkətlərini davam etdirərək iddiaçının mənzilinə su axıdırdı. Bununla da, K.Rəhimova iddiaçıya maddi və mənəvi zərər vurmuşdur. Bu səbəbdən Bakı şəhəri, Nəsimi rayonu, M.Topçubaşov küçəsi 23A saylı evdə yerləşən 27 saylı mənzilə həmin evdə, iddiaçının mənzilindən üst mərtəbədə yerləşən və X3 (hazırda mərhum) məxsus 29 saylı mənzildən su axıdılması faktına görə “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə iddiaçı tərəfindən K.Rəhimovaya qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. Həmin ərizə üzrə araşdırma aparılarkən K.Rəhimova 04.12.2018-ci il tarixdə məhkəmə iclas zalında halı pisləşməsi səbəbindən huşunu itirmiş və zalda vəfat etmişdir. A.Topçubaşov küçəsi 23A saylı evin 29 saylı mənzilinin mülkiyyətçisi K.Rəhimovanın vəfat etməsi səbəbindən məhkəmənin 04.12.2018-ci il tarixli 2(006)-4647/2018 saylı qərardadı ilə hazırkı mülki işin icraatı Kaleriya Rəhimovanın hüquqi varisi müəyyən edilənə qədər dayandırılmışdır. K.Rəhimovanın hüquqi varisinin müəyyən edilib-edilməməsi barədə məlumat əldə edə bilmək üçün iddiaçı tərəfindən edilən müraciətə əsasən Respublika Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən alınmış rəsmi arayışda Bakı şəhəri, Nəsimi rayonu, M.Topçubaşov küçəsi, 23A saylı evdə yerləşən 29 saylı mənziin mülkiyyətçisinin dəyişmədiyi, mənzilin hələ də X2 adına qeydiyyatda olduğu göstərilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, M.Topçubaşov küçəsi, 23A saylı evdə yerləşən 29 saylı mənzildən iddiaçının mənzilinə bu gün də aramsız olaraq su axıdılır, iddiaçıya zərər vurulması davam etdirilir. İddiaçının Nəsimi rayon Polis idarəsinə etdiyi müraciətlə mənzildə yaşayan şəxsin şəxsiyyətinin Cavabdeh olması müəyyən edilmişdir. Həmin şəxs mənzili aldığını bildirir, özü barədə iddiaçıya bir məlumat vermir, mənzilə su axıdılması kimi qanunsuz hərəkətlərinə son qoymur, xəbərdarlıqlara əhəmiyyət belə vermir. Kaleriya Rəhimovanın vəfatından sonra da 04.12.2018-ci il tarixdən Mirzəağa Zülfəliyev tərəfindən iddiaçının mənzilinə su axıdılması səbəbindən iddiaçıya 400 manatdan çox maddi ziyan yetirilmişdir. Eyni zamanda, Mirzəağa Zülfəliyev tərəfindən iddiaçıya 2000 manat dəyərində mənəvi zərər də yetirilmişdir. İddiaçının xahişi ilə Nəsimi rayon 14 saylı Mənzil Kommunal İstismarı Sahəsinin əməkdaşları tərəfindən onun mənzilinə növbəti dəfə baxış keçirilmiş və bu barədə akt tərtib olunmuşdur. Tərtib edilmiş həmin aktdan da görünür ki, Cavabdeh iddiaçının mənzilinə su axıdılmasına son qoyulması müvafiq əməkdaşlar tərəfindən xəbərdarlıq edilsə də, o, bu xəbərdarlıqlardan nəticə çıxarmamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Bunun nəticəsidir ki, iddiaçının mənzilinin mətbəx hissəsinin yenidən təmirə ehtiyacı vardır. Həmin təmir işlərini gördürmək məcburiyyətindədir. Bu iş üçün mətbəxin tavanı qaşınıb təmizlənməli, şpatlyovkalanmalı, yenidən rənglənməlidir ki, bunun üçün 400 (dörd yüz) manatlıq mal-material alınmalı, ustaya pul ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh X1 Bakı şəhəri, Nəsimi rayonu, M.Topçubaşov küçəsi, 23”A” saylı evin 27 saylı mənzilinə su axıtmaqda ifadə olunan qanunsuz hərəkətlərinə son qoyulmasının tələb edilməsinə və iddiaçıya vurduğu maddi ziyanın əvəzi olaraq 400 manat və mənəvi ziyanın əvəzi olaraq 2000 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.06.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, ev 23a, mənzil 29 X4 adına qeydiyyata alınmışdır və hazırda adınadır. İş materiallarında olan 14 saylı MKİS-in rəisi E.Dinayev, mühəndisi N.Əhmədova, mühasibi F.Zeynalova tərəfindən 05 avqust 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, tərəflərindən M.Topçubaşov küçəsi, 23 A saylı mənzilə baxış keçirən zaman məlum olmuşdur ki,üst mərtəbədə yerləşən 29-cu mənzilin mətbəxindən 27-ci mənzilin mətbəxinə uzun müddətdir ki, su axıntısı baş verir və tavana ziyan dəyib. Tərəflərindən 29-cu mənzildə qeydiyyatsız yaşayan Cavabdeh xəbərdarlıq olunmasına baxmayaraq, heç bir tədbir görməmişdir. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/3900 nömrəli, 19 mart 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Topçubaşov küçəsi, 23A saylı evin 27 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu 14 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 05.08.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, M.Topçubaşov küçəsi, 23A saylı evin 29 saylı mənzilindən 27 saylı mənzilinə suyun sızması müəyyən olunur. Lakin 27 saylı mənzilin üst mərtəbəsində yerləşən 29 saylı mənzillin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 27 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, M.Topçubaşov küçəsi, 23A saylı evin 27 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 529 manat məbləğində müəyyən edilir. Həmin ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Topçubaşov küçəsi 23”A” saylı evin 27 saylı mənzilinə Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Topçubaşov küçəsi 23”A” saylı evin 29 saylı mənzilindən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından göründüyü kimi ekspert rəyində Bakı şəhəri, Nəsimi rayonu, M.Topçubaşov küçəsi 23”A” saylı evin 27 saylı mənzilinə 529 manat məbləğində ziyan vurulması göstərilsə də, iddia ərizəsində vurulmuş zərərin əvəzi kimi 400 manat tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə, yəni 400 manat məbləğində zərərin əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 200 (iki yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh oğundan maddi zərərin əvəzi kimi 400 (dörd yüz) manat, mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 630 (altı yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğundan maddi zərərin əvəzi kimi 400 (dörd yüz) manat, mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 630 (altı yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar