Məhkəmə qərarları › İş №2(006)-75/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-75/2023

18.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-75/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 13-ün sökülməsi, Cavabdeh1, X8 və Cavabdeh3 İsgəndər oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 13 əvəzinə həmin evin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 168 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin cavabdehlərin birgə mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1, X6 və Cavabdeh3 İsgəndər oğluna hər ay ümumilikdə 550 manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 İsgəndər oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 13-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4-ün sökülməsi, Cavabdeh1, X8 və Cavabdeh3 İsgəndər oğlunun ünvan 4 əvəzinə həmin evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 338 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzil cavabdehlərin birgə mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1, X6 və Cavabdeh3 İsgəndər oğluna hər ay ümumilikdə 700 manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 İsgəndər oğlunun ünvan 4-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsi, ev 13-ün sökülməsi, X2 ünvan 4 əvəzinə həmin evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 262 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzil cavabdehlər Cavabdeh1, X8, Cavabdeh5 İsgəndər qızı və Cavabdeh3 İsgəndər oğlunun birgə mülkiyyətinə verilməsi, həmin ünvanda olan 178,6 kv metr zirzəminin əvəzinə Cavabdeh4 178,6 kv m sahənin ½ hissəsi, Cavabdeh5 İsgəndər qızına 178,6 kv metr sahənin ½ hissəsinin verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1, X8, Cavabdeh5 İsgəndər qızı və Cavabdeh3 İsgəndər oğluna hər ay ümumilikdə 700 manat, Cavabdeh4 300 manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh1, X8, Cavabdeh5 İsgəndər qızı, Cavabdeh4 və Cavabdeh3 İsgəndər oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsi, ev 13-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsi ev 13-ün sökülməsi, Bakı şəhəri, Nəsimi rayonu (əvvəlki Sahib Zeynalov küçəsi) Mirbəşir Qasımov küçəsi fərdi yaşayış evi 13 əvəzinə həmin evin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 301 kv metr ümumi sahəsi olan təmirli yeni mənzil və 52 kv metr zirzəminin cavabdehlər Cavabdeh1 1\4 hissə, X6 1\4 hissə, Cavabdeh5 İsgəndər qızına 1\4 hissə və Cavabdeh3 İsgəndər oğluna 1\4 hissədə birgə mülkiyyətinə verilməsi, həmin ünvanda olan 178,6 kv metr zirzəminin əvəzinə Cavabdeh4 178,6 kv metr sahəsi olan zirzəminin 1\2 hissəsi, Cavabdeh5 İsgəndər qızına 178,6 kv metr sahəsi olan zirzəminin 1\2 hissəsinin verilməsi, yeni mənzil ilə təmin edilənədək "xxxx" MTK tərəfindən Cavabdeh1, X8, Cavabdeh5 İsgəndər qızı və Cavabdeh3 İsgəndər oğluna hər ay ümumilikdə 700 manat, Cavabdeh4 və Cavabdeh5 İsgəndər qızına hər ay ümumilikdə 300 manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh1, X8, Cavabdeh5 İsgəndər qızı, Cavabdeh4 və Cavabdeh3 İsgəndər oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsi (əvvəlki Sahib Zeynalov küçəsi) 13-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nəsimi rayonunun “28 May” metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.1.-ci bəndində göstərilmişdir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırırlma sənədlərinin hazırlanması Nəsimi rayon İcra Hakimiyyəti həyata keçirsin. Buna görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx/xx-1754 №-li xx.xx.2017-ci il tarixində razılaşdırılmış tikinti planlaşdırma eskizi və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2018-ci il tarixli, 34 nömrəli, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələri ilə əhatə olunan məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binaları obyektlərinin tikintisinin layıhələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdeh “Pilot-1" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə veilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyriyaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir. ünvan 1 ünvanında yerləşən bina (evlər) köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin binalarda istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdılar, o, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi “Azərdövləttikintilayihə” DLİ 05 iyul 2017-ci il tarixli, “ünvan 2 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin və yaşayış binasının texniki vəziyyəti haqqında” Aktdan görünür ki, yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2. mənzil fondunu yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin mənzillərin ayrılmasını. 15 fevral 2018-ci il tarixdə iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh Pilot-1" MMC arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqqlarının verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Bina və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar İddiaçı MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. İddiaçı MMC-nin rəhbərliyi tərəfindən cavabdeh ilə dəfələrlə danışıqlar aparmış, binanın qəzalı vəziyyətdə olması halını nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Lakin, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 140 kv.m.. olan yaşayış sahəsinin mülkiyyətçisi, əmlakını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində 15 fevral 2018-ci il tarixdə iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilənin 2.3. və 2.4,-cü bəndləri ondan asılı olmayan səbəblərdən cavabdeh "xxxx" MMC tərəfindən icra edilməsinə məhdudiyətlər yaradılır. Bakı şəhəri, Nəsimi rayonunda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MMC arasında müqavilə bağalanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda cavabdehlər əmlakının sökülərək yerində çoxmənzilli binanın inşasına məneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MMC köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Cavabdehlər tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən barələrində əsassız olaraq məhkəməyə müraciət etməsi barədə xəbərləri yox idi. Onlar ancaq xx.xx.2022-ci il tarixli növbəti baxış iclası barədə məlumat almışlar və məhkəmə iclasında ilk dəfə xx.xx.2022-ci il tarixində iştirak etmişlər. İddia ərizəsi ilə razı deyillər, hesab edirlər ki, əsassızdır və ümumiyyətlə onlara aidiyyatı yoxdur. İddiaçı MMC onlara rəsmi təklifini təqdim etməli idi və onların qanunla müəyyən etmiş müddətdə rəsmi cavablarını alandan sonra məhkəməyə müraciət etmək hüququ yarana bilərdi. Lakin, İddiaçı MMC bunu etməyib, məhkəməyə rəsmi təklif barədə sübutları və onların rəsmi cavablarını təqdim etmədən məhkəməyə müraciət edib. Onların obyektləri birinci mərtəbədə yerləşir, biznes obyektidir və onların ailələrinə gəlir gətirir. Bununla əlaqədar onlar ancaq birinci mərtəbədə sənədlərinə uyğun olaraq 500 kv.metr sahəsi olan birinci mərtəbədə tam təmirli onlara biznes obyekti verilməlidir və yaşamaqları üçün razılaşdırılmış kirayə haqqı ödənilməlidir. Alternativ olaraq obyektlərini sata bilərlər, lakin əvvəlcə sənədləşməni bitirməlidirlər, ondan sonra hər kv.metr görə 9900 manat qiymət təyin ediləndən sonra alğı-satqıda iştirak edə bilərlər. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehlərin dəqiqləşməyə etiraz ərizələrindən görünür ki, İddiaçı MMC tərəfindən inşa edilən lahiyə pilot lahiyəsi deyil. Onların mülkinin yerində inşa etmək istədikləri ticarət obyektləri dövlət lahiyəsi deyil. Onlar mülklərini ticarət mağazalarına çevirib qazanc əldə edirlər və dövlətə vergi ödəyirlər, kommunal xərcləri isə yüksək kommersiya tarifi ilə ödəyirlər. Bunları nəzərə alaraq İddiaçı MMC tərəfindən onlara kompensasiya olaraq hərəsinə ən azından, birinci mərtəbədə yerləşən və fasad hissəsi olaraq təmirli 150 kv.metr qanunvericiliyə əsasən ticarət obyekti təqdim etməyə borcludur, həmin ticarət obyektləri tikilib təhvil verilənədək hərəsinə icarə haqqı qədər aylıq kompensasiya ödəməyə borcludur. İddiaçı MMC həmin yerdə ticarət sahəsi onlara təqdim etmək istəmirsə, onda həmin ünvanda tikdiyi yaşayış binalarında 3 qat artıq tam təmirli, yaşayış mənzilləri təqdim etməyə borcludur. Bu tələbi onunla əsaslandırılır ki, İddiaçı MMC tərəfindən mənzillər kvadratı təxmini 2500-3000 azn qiymətinə satılır, lakin həmin ərazidə olan yeni tikililərin birinci mərtəbələrində yerləşən ticarət sahələrin bir kvadrat metri 12000-15000 azn qiymətinə satılır. Bununla nəticəyə gəlirlər ki, onların mülkünün 450 kvadrat metrin sahəsi ən azından 4.500.000 azn məbləğində qiyməti var. İddiaçı MMC tərəfindən onların mülkünün yerində inşa etmək istədiyi ticarət mərkəzin 3-4 mərtəbəsi olacaq və iddiaçı ən azından 18.000.000 mənfəət əldə edə bilər. Bunları da nəzərə alaraq və tərəfindən böyük qiymət endirimi ilə qanuni mülkünə dair 3.000.000 azn məbləğini tələb etməkdə də haqları var. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa dəvət edilmiş, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkü hesab edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2018-ci il tarixli Nəsimi rayon İcra Hakimiyyəti RİH Başçısının müavini X4 ilə "xxxx" MMC-nin direktoru X12 arasında bağlanan müqavilədən görünür ki, şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün NK Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektlərinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması hazırki müqavilənin predmetini təşkil etmiş, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişmələrində tikiləcək binanın (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) İcra Hakimiyyəti tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi həmin ərazidəki sakinlərlə Şirkət arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra verilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2018-ci il tarixli Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 33№-li Sərəncamından görünür ki, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən, qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində "xxxx" MMC tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazinin ərazi-planlaşdırma sənədləri təsdiq olunmuşdur. - xx.xx.2018-ci il tarixli Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 34№-li Sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1754 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. - xx.xx.2018-ci il tarixli Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 290№-li Sərəncamından görünür ki, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyriyaşayış binalarının tikintisinə icazə verilmişdir. - xx.xx.2018-ci il tarixli lisenziyanın surətindən görünür ki, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin İddiaçı MMC tərəfindən həyata keçirilməsinə icazə verilmişdir. - 16 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilən Arayışdan görünür ki, Sahib Zeynalov küçəsindəki 13 nömrəli ev Cavabdeh1 məxsusdur, Cavabdeh1, X8 və Cavabdeh3 İsgəndər oğlu daimi qeydiyyatdadırlar. - Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, 14,16,18,20,22, S.Zeynalov küçəsi 13,15,17,19, M.Qaşqay küçəsi 25,27, Azadlıq prospekti 46,48 saylı ünvanlarında yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında Aktdan görünür ki, baxış keçirilən yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. Qeyd olunan ərazi 26 mənzildən ibarətdir. Yaşayış evlərinə keçirilən vizual taxniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğunu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olunmuş, kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir-bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. - "xxxx" MMC-nin 30 iyun 2022-ci il tarixli, H/06-PLS №-li rəyindən görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil, faktiki ölçü və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 281.25 kv.metrdir. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, 0028379№-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsində istifadədə olan 0.03252 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 11 otaqlı, 166.5 kv.m yaşayış, 51.9 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh4-zirzəmi (178.6 kv.m)-1/2 hissə, Cavabdeh5 İsgəndər qızının-zirzəmi (178.6 kv.m)- 1/2 hissə, X2-11 otaq (y/s-166,5 kv.m, köm/s-51.9 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 4186 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AZ-İİ № 208233 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. - Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart, 10/7831№-li rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış evinin faktiki sahəsinin 251.3 kv.metr, zirzəmi tikilisinin sahəsi isə 219.9 kv.metr olduğu müəyyən edilmişdir. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsi, ev 13 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur (zirzəmi (178.6 kv.m)-1/2 hissə Cavabdeh4, zirzəmi (178.6 kv.m)-1/2 hissə və 11 otaq (y/s-166.5 kv.m, k/s-51.9 kv.m) dan ¼ hissə Cavabdeh5 İsgəndər qızı, 11 otaq (y/s 166.5 kv.m, k/s-51.9 kv.m)dan ¼ hissə Cavabdeh3, 11 otaq (y/s-166.5 kv.m, k/s-51.9 kv.m)dan ¼ hissə Cavabdeh1 və 11 otaq (y/s-166.5 kv.m, k/s-51.9 kv.m)dan ¼ hissə Cavabdeh2 məxsusdur). -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13971/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh5 cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı «aktın ləğv edilməsi» tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx/xx-1754 №-li xx.xx.2017-ci il tarixində razılaşdırılmış tikinti planlaşdırma eskizi və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2018-ci il tarixli, 34 nömrəli “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələri ilə əhatə olunan məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binaları obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdeh “Pilot-1" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə veilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir. İddiaçı MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. Hazırda İddiaçı MMC ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 140 kv.m. olan yaşayış sahəsinin mülkiyyətçisi əmlakını söküntüyə təhvil vermədiyi üçün hazırki iddianı qaldıraraq Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsi, ev 13-ün sökülməsi, Bakı şəhəri, Nəsimi rayonu (əvvəlki Sahib Zeynalov küçəsi) Mirbəşir Qasımov küçəsi fərdi yaşayış evi 13 əvəzinə həmin evin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 301 kv metr ümumi sahəsi olan təmirli yeni mənzil və 52 kv metr zirzəmi cavabdehlərə paylarına uyğun və yeni mənzil ilə təmin edilənədək onlara hər ay ümumilikdə 1000 (Cavabdeh1, X8, Cavabdeh5 İsgəndər qızı və Cavabdeh3 İsgəndər oğluna 300, Cavabdeh4 və Cavabdeh5 İsgəndər qızına 700) manat kirayə haqqının ödənilməsi, beləliklə də cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu Mirbəşir Qasımov küçəsi (əvvəlki Sahib Zeynalov küçəsi) 13-dən çıxarılmalarını xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək onlara ancaq birinci mərtəbədə sənədlərinə uyğun olaraq 500 kv.metr sahəsi olan birinci mərtəbədə tam təmirli onlara biznes obyekti verilməli və yaşamaqları üçün razılaşdırılmış kirayə haqqı ödənilməli olmasını, alternativ olaraq obyektlərini sata bilmələrini, lakin əvvəlcə sənədləşməni bitirməli olmalarını, ondan sonra hər kv.metr görə 9900 manat qiymət təyin ediləndən sonra alğı-satqıda iştirak edə bilmələrini göstərərək iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə iddia tələblərinə qiymət verərək hesab edir ki, hazırki mübahisənin halları baxımından iddiaçı tərəf cavabdehlərin mülkiyyətində olan mənzillərin yerləşdiyi binanın sökülməsinə səbəb həmin evin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız olması ilə əlaqədar olmasına istinad etsə də, həmin evin sökülməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbləri baxımından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməli idi. Belə ki, Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Yəni, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 26-cı maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsınə təminat verir". - 31-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. - 71-ci maddəsinin İ bəndinə əsasən, "Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. - Həmin maddənin Vİ bəndinə əsasən isə, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. - 28.3-cü maddəsinə görə mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1 və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. - 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X9 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Belə ki, mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X9 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. «X15rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa-Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub-qoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozubpozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 29 mart 2010-cu il tarixli qərar, § 83). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin, hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində həmçinin, göstərilmişdir ki, istər dövlət ehtiyacları, istərsə də ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, Konstitusiya mülkiyyətin özgəninkiləşdirilməsi üçün mülkiyyətin dəyərinin ödənilməsi, mülkiyyətin ödəniləcək dəyərinin ədalətli olması, bu dəyərin öncədən ödənilməsi şərtlərini müəyyən etmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı cavabdehlərin mülkiyyətində olan evin (mənzilin) və evin yerləşdiyi istifadədə olan torpaq sahəsinin könüllü alınması və alınma ilə bağlı qanunvericilikdə irəli sürülmüş şərtlərə əməl etməyərək yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi “Azərdövləttikintilayihə” DLİ 05 iyul 2017-ci il tarixli, “ünvan 7 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin və yaşayış binasının texniki vəziyyəti haqqında” Aktına istinad etmişdir ki, bu da yuxarıda göstərilənlərə əsasən iddianın əsaslı sayılması üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə, həmçinin iddiaçı şirkətin cavabdehlərə mənzillərinin əvəzinin sonradan, yəni 2-3 il ərzində tikiləcək binadan veriləcəyini bildirməsinin də sonuncuların mülkiyyət özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilməsi kimi konstitusyon müddəanın prinsinin pozulması kimi qiymətləndirir. Məhkəmənin qənaətinə görə Konstitusiyada mülkiyyətin dəyərinin öncədən ödənilməsi şərtinin müəyyən edilməsi məhz mülkiyyətçinin maraqları baxımındandır. Əslində sonradan ödəmə (və ya başqa alternativ şərtlər) yalnız mülkiyyətçilərin razılığı ilə ola bilər ki, bu da tərəflərin arasında bağlanmış müqavilələr yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. "Bakı şəhərinin Suraxanı, Nəsimi, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1-ci hissəsinin 1.2.-ci bəndinə əsasən, adları çəkilən İcra Hakimiyyəti orqanları" 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfındən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpağ sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını" təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi, sözügedən qərar, fıziki şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsinin tikinti şirkəti tərəfindən əldə edilməsi zamanı dəyərinin ödənilməsini və ya torpaq sahəsinin əvəzləşdirilməsini müəyyən edir. Həmçinin, qərar vətəndaşlara ədalətli kompensasiya (müvafiq mənzillər və torpağın dəyərinin (ödənilməsi, yaxud əvəzləşdirilməsi) ödənilməsini nəzərdə tutur və bunu tikinti şirkətlərinin üzərinə bir vəzifə olaraq qoyur, bu işə nəzarəti də icra hakimiyyəti orqanlarına həvalə edir. Lakin, işin araşdırılmış hallarından görünür ki, iddiaçı cavabdehlərin mülkiyyətlərində olan əmlakını söküntüyə təhvil verməməsini iddia edərkən onların mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsini dəyərinin ödənilməsi ilə bağlı müzakirələr aparmasına dair sübutlar təqdim etməmişdir. Başqa sözlə, MMC cavabdehlərlə aralarında yalnız müqavilə bağlanmaq yolu ilə xüsusi mülkiyyətində və istifadələrində olan sahələrin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil və zirzəmi verilməsi şərti ilə boşaldılaraq sökülməsində, cavabdeh tərəf isə mülkiyyətlərində və istifadələrində olan sahədən bu şərtlər əsasında çıxmamalarında israrlıdırlar. Məhkəmə 07 mart 2023-cü il tarixli 10/7831№-li rəyinə Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə uyğun qiymət verərək qeyd edir ki, cavabdeh mülkün ümumi sahəsinin 450 kv.m olmasını bildirmələrinə və ekspertin ünvan 5 ünvanında yerləşən yaşayış evinin faktiki sahəsinin 251.3 kv.metr, zirzəmi tikilisinin sahəsi isə 219.9 kv.metr olduğu müəyyən etməsinə baxmayaraq, hazırki məqamda həmin rəy sübut əhəmiyyətli sənəd kimi qiymətləndirilmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında cavabdehlərin faktiki istifadəsində olan sahələrin dəyərinin sökülmə ilə bağlı kompensasiya olunması ilə əlaqədar aralarında heç bir razılıq əldə edilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdehlərin mülkiyyətində olan mənzil və torpaq sahəsindən çıxarılmaları ilə bağlı iddiaçının tələbləri cavabdehlərin mülkiyyət hüquqlarının qorunması baxımından əsassız olduğu üçün təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi də zəruri hesab edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir və məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı MMC-dən tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı MMC-dən tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar