Məhkəmə qərarları › İş №2(006)-755/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-755/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-755/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı (X6) vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı (X6) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı (X6) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən vurulmuş maddi ziyana görə 52441 (əlli iki min dörd yüz qırx bir) manat, mənəvi ziyana görə 80.000 (səksən min) manat olmaqla, cəmi 132.441 (bir yüz otuz iki min dörd yüz qırx bir) manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(099)-309/2022 nömrəli hökmü ilə İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 1(106)-669/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(099)-309/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 fevral 2023cü il tarixli 1(102)-506/2023 nömrəli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 1(106)-669/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı 14 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmaqla, 16 sentyabr 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı 10 iyun 2022-ci il tarixdə bəraət alaraq həbsdən azad edilənə kimi 9 (doqquz) ay müddətində onun azadlıq hüququ məhdudlaşdırılmaqla o, əsassız və qanunsuz olaraq həbsdə saxlanılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(099)-309/2022 nömrəli hökmü ilə bəraət verilməsinə və onun azadlığa çıxmasına baxmayaraq, həmin hökmdən verilmiş apellyasiya və kassasiya protestlərinə baxılanadək keçən müddət ərzində də İddiaçı gərginlik və qorxu içində olmuş, mənəvi sarsıntılar keçirmiş, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində sonuncuya bərpaolunmaz maddi və mənəvi ziyan dəymişdir. İddiaçı məhkum olunduğu cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, o, idarə etdiyi yük maşını ilə beynəlxalq yükdaşıma ilə məşğul olaraq ayda 2000 ABŞ dolları qazanc əldə etmişdir. O, həbsdə saxlanıldığı, habelə həbsdən azad olunduqdan sonra barəsində bəraət hökmü çıxarılanadək Azərbaycan Respublikasında qalmağa məcbur olmuşdur. Göstərilən müddət ərzində İddiaçı işini, gəlirini, işgüzar əlaqələrini itirmişdir. Ailədə yeganə qazanc gətirən şəxs olduğu üçün 3 nəfərdən ibarət ailəsi çıxılmaz maddi məhrumiyyətlərlə üzləşmişdir. İddiaçı qanunsuz olaraq tutularaq həbs ediləndən hazırki vaxta kimi müdafiəçisinə 1050 manat pul ödəmişdir. Bununla yanaşı, onun barəsində bəraət hökmü çıxarılmasına, idarə etdiyi yük avtomobilinin iradəsindən asılı olmayan səbəblərdən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikasında saxlanmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi onun idarə etdiyi yük avtomobilinin ölkədən çıxarılması zamanı sürücüdən qanunsuz olaraq yol vergisi kimi məzənnəsi 5474 manat təşkil edən 3220 ABŞ dolları və az təhlükəli yüklə ölkə ərazisində qaldığına görə məzənnəsi 5117 manat təşkil edən 3010 ABŞ dolları, cəmi məzənnəsi 10591 manat təşkil edən 6230 ABŞ dolları almışdır. Bundan başqa, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı ağır mənəvi ziyan da vurulmuşdur. Belə ki, heç bir təqsiri olmadan qanunsuz həbs və məhkum olunması nəticəsində həyatının 9 (doqquz) ayını dəmir barmaqlıqlar arxasında keçirməsi onun cəmiyyətdə nüfuzunun sarsılmasına, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsinə, fəal ictimai həyat tərzindən məhrum olmasına, fəaliyyət göstərdiyi əhatədə barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə, ona neqativ münasibət bəslənməsinə, işgüzar əlaqələrinin itirilməsinə səbəb olmuş, bütün bunlar İddiaçı mütəmadi psixoloji əsəb və stress, ağır mənəvi iztirab və sarsıntı yaşatmışdır. İddiaçı özünə vurulmuş mənəvi ziyanı 80000 manat məbləğində qiymətləndirir. Bu məbləğ onun bütün mərhumiyyətlərini, iztirab və sarsıntılarını kompensasiya edə bilməsə də, sonrakı həyatının öz axarına düşməsinə, qaydaya salınmasına kömək ola bilər. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı 40800 manat məbləğində qazancdan məhrum olmuş, qanunsuz olaraq 10591 manat məbləğində yol vergisi və saxlanc pulu ödəmiş, müdafiəsinin təşkili üçün 1050 manat pul xərcləmiş, ona 80000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 132441 manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (X6) hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusu törədən daxili işlər orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Həmin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi müəyyən olunmamış, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Çünki dövlətin adından yalnız Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, anoloji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb olunması və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaqı aparmış orqanların cəlb olunması zəruridir. Hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Mülki qanunvericilikdə orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zəzərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı məhkəməyə heç bir sübut göstərməmişdir. Məhkəmə iclasında İddiaçı (X6) vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və etirazı nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli 1323 nömrəli müqavilədən görünür ki, Vəkil ona həvalə edilən tapşırıq əsasında X4 DGK-nın Baş Əməliyyat-İstintaq İdarəsində hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 210 (iki yüz on) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 211 (iki yüz on bir) manat məbləğində pul mədaxil edilmişdir. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 305 nömrəli müqavilədən görünür ki, Vəkil ona həvalə edilən tapşırıq əsasında X4 Lənkəran Ağır Cinayətlər Məhkəməsində hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 210 (iki yüz on) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(099)-309/2022 nömrəli hökmündən görünür ki:

1. X6 15 sentyabr 2021-ci il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(004)-45/2022 nömrəli qərarı ilə 1 ədəd ağ rəngli, “Renault” markalı, “24GPA3” modelli, JJ-056-WW dövlət qeydiyyat nişanlı, VP624GPA000061722 şassi nömrəli, 2012-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və “Schmitz” markalı, “S01” modelli, FF-106-T dövlət qeydiyyat nişanlı, WSMS**********247 şassi nömrəli, 2003-cü il buraxılışlı qoşqunun (tentli) üzərinə həbs qoyulmuşdur.

3. İddiaçı (X6) Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, iş üzrə maddi sübut kimi tanınmaqla İddiaçı idarə etdiyi 1 ədəd ağ rəngli, “Renault” markalı, “24GPA3” modelli, JJ-056-WW dövlət qeydiyyat nişanlı, VP624GPA000061722 şassi nömrəli, 2012-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və “Schmitz” markalı, “S01” modelli, FF-106-T dövlət qeydiyyat nişanlı, WSMS**********247 şassi nömrəli, 2003-cü il buraxılışlı qoşqunun (tentli) üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 5(004)-45/2022 nömrəli qərarı ilə qoyulmuş həbsin ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyinin dayanacağında saxlanılan 1 ədəd ağ rəngli “Renault” markalı, “24GPA3” modelli, JJ-056-WW dövlət qeydiyyat nişanlı, VP624GPA000061722 şassi nömrəli, 2012-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və “Schmitz” markalı, “S01” modelli, FF-106-T dövlət qeydiyyat nişanlı, WSMS**********247 şassi nömrəli, 2003-cü il buraxılışlı qoşqunun (tentli) İddiaçı qaytarılması və s. hökm edilmişdir. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 579 nömrəli müqavilədən görünür ki, Vəkil ona həvalə edilən tapşırıq əsasında X4 Şirvan Apellyasiya Məhkəməsində hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 210 (iki yüz on) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 211 (iki yüz on bir) manat məbləğində pul mədaxil edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(106)-669/2022 nömrəli qərarından görünür ki, dövlət ittihamçısı Valeh Şabanov tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(099)-309/2022 nömrəli hökmünün apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli 48 nömrəli müqavilədən görünür ki, Vəkil ona həvalə edilən tapşırıq əsasında X4 Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 210 (iki yüz on) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 211 (iki yüz on bir) manat məbləğində pul mədaxil edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(102)-506/2023 nömrəli qərarından görünür ki, kassasiya protestinin təmin edilməməsi, İddiaçı barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 1(106)-669/2022 nömrəli qərarının verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-3760/2023 nömrəli cavab məktubundan görünür ki, X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli 480 nömrəli müqavilədən görünür ki, Vəkil ona həvalə edilən tapşırıq əsasında X4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 210 (iki yüz on) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 221 (iki yüz iyirmi bir) manat məbləğində pul mədaxil edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 153-012/0xx-xx/001330 nömrəli cavab məktubundan görünür ki, “Renault” markalı, JJ056WW/FF106T dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi 2022-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının ərazisindən İran İslam Respublikasına X8 Buraxılış Məntəqəsindən keçərək gedərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211-ci maddəsinin həmin tarixdə qüvvədə olmuş müddəalarına müvafiq olaraq 1 ildən çox ölkə ərazisində qalan nəqliyyat vasitəsinə görə (oxların sayı 4 ox və çox olduqda) yol vergisi - 3220 (üç min iki yüz iyirmi) ABŞ dolları, eləcə də az təhlükəli yüklə ölkə ərazisində qaldığı müddətə görə - 3010 (üç min on) ABŞ dolları, cəmi 6230 (altı min iki yüz otuz) ABŞ dolları məbləğində gömrük ödənişləri ödənilmişdir. Gömrük ödənişləri poçt və yaxud bank xidməti vasitəsilə həyata keçirilir. Ödəniş qəbzləri sürücüyə təqdim edildiyi və ya gömrük orqanında fiziki və ya elektron qaydada saxlanılmadığı üçün ödənişləri təsdiq edən sənədlərin surətlərinin Astara Gömrük İdarəsi tərəfindən təqdim olunması mümkün olmamışdır. “X9. LTD” Beynəlxalq Daşınma Şirkətinin iş yerindən xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixdən etibarən 2 il müddətində aylıq məvacibi 400 dollar olmaqla, həmin şirkətdə çalışmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-33/2- 001001/2024 nömrəli cavab məktubundan görünür ki, “Renault” markalı, JJ056WW/FF106T dövlət qeydiyyat nişanlı yük avtomobili xarici ölkədə qeydiyyatdadır, Azərbaycan Respublikasının ərazisindən müxtəlif tarixlərdə yalnız tranzit keçməklə yük daşımalarında iştirak etmişdir. Bununla əlaqədar olaraq, həmin nəqliyyat vasitəsinin sahibi və gömrük ödənişləri barədə Dövlət Gömrük Komitəsinin informasiya resurslarında hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-33/2- 002787/2024 nömrəli cavab məktubuna əlavə edilmiş qeydiyyata alınan nəqliyyat vasitəsi haqqında məlumatlardan görünür ki, sürücü Siasati Ashkanın idarə etdiyi “Renault” markalı, JJ056WW/FF106T dövlət qeydiyyat nişanlı yük avtomobili və “Schmitz” markalı qoşqu xx.xx.2021ci il tarixdə 13:24-də Biləsuvar gömrük postundan tranzit məqsədli giriş etmiş, xx.xx.2022-ci il tarixdə saat 14:03-də sürücü Siasati Ashkan tərəfindən idarə edilərək ölkədən çıxmışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı (X6) 15 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun idarə etdiyi yük avtomobili və qoşqunun üzərinə həbs qoyulmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, həmçinin, idarə etdiyi yük avtomobilinin və qoşqunun üzərinə qoyulmuş həbsin ləğv edilməsi ilə onların iddiaçıya qaytarılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə isə Şirvan Apellyasiya Məhkəməsinin sözügedən qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının idarə etdiyi yük avtomobili 1 ildən çox ölkə ərazisində qaldığına görə qanunvericiliyin həmin vaxt qüvvədə olan müvafiq normalarına əsasən, 3220 ABŞ dolları yol vergisi, az təhlükəli yüklə ölkə ərazisində qaldığı müddətə görə isə 3010 ABŞ dolları olmaqla, cəmi 6230 ABŞ dolları məbləğində gömrük ödənişləri ondan tutulmuşdur. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin qərarının qəbul edilməsindən bir müddət sonra – xx.xx.2022-ci il tarixdə ölkəni tərk etmişdir. Hazırda iddiaçı qanunsuz azadlıqdan məhrum etmə nəticəsində aylıq 2.000 ABŞ dolları qazancından məhrum olduğunu bildirərək, 12 aya münasibətdə 24.000 ABŞ dolları (40.800 manat), gömrük ödənişlərini ödəməyə məcbur olduğuna görə 6.230 ABŞ dolları (10.591 manat), vəkil xərci kimi ödədiyi 1.050 manat olmaqla, cəmi 52.441 manat məbləğində maddi ziyanın və 80.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsini; cavabdeh isə özünü əsl cavabdeh hesab etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi, İddiaçı (X6) 15 sentyabr 2021-ci il tarixindən 10 iyun 2022-ci il tarixinədək, yəni 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə İddiaçı (X6) oğlunun qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İddia tələbinin “iddiaçının aylıq 2.000 ABŞ dolları qazancından məhrum olduğuna görə 12 aya münasibətdə 24.000 ABŞ dolları (40.800 manat) maddi ziyanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz azadlıqdan məhrum edildiyinə görə aylıq 2.000 ABŞ dolları qazancından məhrum olduğunu iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi “X9. LTD” Beynəlxalq Daşınma Şirkəti tərəfindən verilmiş iş yerindən arayışda onun xx.xx.2020-ci il tarixdən etibarən 2 il müddətində aylıq məvacibi 400 dollar olmaqla, həmin şirkətdə çalışması qeyd olunmuş, hazırki mülki işin materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə isə İddiaçı (X6) izahatında “İran Dəhr” şirkətində aylıq 300 ABŞ dolları əmək haqqı almaqla işlədiyini bildirməsi qeyd olunmuşdur. İddiaçının Lənkəran Ağır Cinayətlər Məhkəməsində verdiyi izahatında göstərdiyi məbləğlə hazırki iddia ərizəsində qeyd olunmuş məbləğ arasında böyük fərqin olması, iş yerindən arayışda göstərilmiş məbləğin də həmin məbləğlərlə ziddiyyət təşkil etməsi onu deməyə əsas verir ki, iddiaçının qanunsuz olaraq azadlıqdan məhrum edilmədən əvvəlki dövrdə aylıq qazancının həqiqətən də iddia ərizəsində qeyd etdiyi kimi, 2.000 ABŞ dolları məbləğində olması barədə dəlili inandırıcı deyildir. “X9. LTD” Beynəlxalq Daşınma Şirkətinin verdiyi arayış isə məhkəmə tərəfindən həmin şirkətin iddiaçının aylıq əmək haqqı aldığı iş yeri olduğunu təsdiq edən mötəbər sübut hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı aylıq müntəzəm gəliri olduğuna dair dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, bununla da onun aylıq müntəzəm qazanca malik olması öz təsdiqini tapmadığından tələbin bu hissəsi təmin edilməməlidir. İddia tələbinin “gömrük ödənişləri kimi tutulmuş 6.230 ABŞ dolları məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qanunsuz azadlıqdan məhrum edilməsi müddətində onun idarə etdiyi yük avtomobili ilə qoşqunun üzərinə məhkəmə qərarı ilə həbs qoyulması, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qərarı qəbul edildikdən qısa müddət sonra ölkədən çıxmaq istəyərkən qeyd olunan nəqliyyat vasitəsi ilə qoşqunun məhz ölkə ərazisində qaldığı həmin müddət üçün ondan gömrük ödənişlərinin tutulması işin mübahisəsiz halını təşkil edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş qeydiyyata alınan nəqliyyat vasitəsi haqqında məlumatlara əsasən yük avtomobilinin və qoşqunun xx.xx.2022-ci il tarixdə saat 14:03də sürücü Siasati Ashkan tərəfindən idarə edilərək ölkədən çıxarılması müəyyən edildiyindən, tələb edilən gömrük ödənişinin də məhz iddiaçının özü tərəfindən edilməsi faktı da öz təsdiqini tapmış olur. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan məbləğdə gömrük ödənişini ödəməsi məhz onun qanunsuz azadlıqdan məhrum edilməsinin nəticələri ilə əlaqədar olduğundan və həmin ödənişin iddiaçı tərəfindən edilməsi aidiyyəti orqan tərəfindən təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapdığından, tələb bu hissədə təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 6.230 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) manat məbləğində pul İddiaçı (X6) xeyrinə ödənilməlidir. İddia tələbinin “vəkil xərci kimi ödənilmiş 1.050 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan müqavilələrdən və ödəniş qəbzlərindən iddiaçının qanunsuz azadlıqdan məhrum edilməsi müddətində ona vəkil tərəfindən müvafiq istintaq idarəsində və məhkəmələrdə hüquqi xidmət göstərilməsi üçün cəmi 840 manat məbləğində pulun aidiyyəti vəkil bürosunun hesabına köçürülməsi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələbdə göstərilmiş pulun məhz 840 manat hissəsi iddiaçıya dəymiş maddi ziyan kimi qiymətləndirilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 840 manat məbləğində pul İddiaçı (X6) xeyrinə ödənilməlidir. Tələbin bu hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilmiş 210 manat isə iddiaçı tərəfindən məhz hazırki iş üzrə çəkilmiş hüquqi xidmət xərci kimi qiymətləndirilir və məhkəmə ağlabatanlıq prinsipinə əsasən həmin pulun da iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. İddia tələbinin “80.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 80.000 manat deyil. Belə ki, məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 9.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 9.000 manat məbləğində pul İddiaçı (X6) xeyrinə ödənilməlidir. Məkhəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0, 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 840 (səkkiz yüz qırx) manat və 6230 (altı min iki yüz otuz) ABŞ dolları, mənəvi zərərin əvəzi kimi isə 9.000 (doqquz min) manat olmaqla, cəmi 9.840 (doqquz min səkkiz yüz qırx) manat və 6230 (altı min iki yüz otuz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) manat məbləğində pul, eyni zamanda hüquqi xidmət xərci kimi ödənilmiş 210 (iki yüz on) manat məbləğində pul İddiaçı (X6) xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 840 (səkkiz yüz qırx) manat və 6.230 (altı min iki yüz otuz) ABŞ dolları, mənəvi zərərin əvəzi kimi isə 9.000 (doqquz min) manat olmaqla, cəmi 9.840 (doqquz min səkkiz yüz qırx) manat və 6.230 (altı min iki yüz otuz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) manat məbləğində pul İddiaçı (X6) xeyrinə ödənilsin. Hüquqi xidmət xərci kimi ödənilmiş 210 (iki yüz on) manat məbləğində pul İddiaçı (X6) xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar