Məhkəmə qərarları › İş №2(006)-757/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-757/2021

22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-757/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx” ASC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin mənzil onun xüsusi mülkiyyətidir. Mənzilində olan əşyaları öz vəsaitilə müxtəlif mağazalardan almışdır. 27 iyul 2020-ci il tarixdə mənzilində olarkən yeraltı kabel xəttinin zədələnməsi nəticəsində şəbəkədə gərginliyin yüksəlməsinə görə mənzilində faktiki istifadəsində işlək vəziyyətdə olan 01 ədəd "Termet" markalı kombi qızdırıcısı, 01 ədəd "HB" markalı notbuk kompüteri, 01 ədəd "Samsung” markalı kondisioner və 01 ədəd "TP-Link" markalı modem sıradan çıxaraq qeyri-işlək vəziyyətə düşmüşdür. Həmin vaxta qədər yuxarıda qeyd olunan əşyalar saz və işlək vəziyyətdə olmuşdur. Hadisədən təxminən 7-8 gün sonra evdə ilk olaraq isti suya tələbat daha çox olduğuna görə məcbur olub öz vəsaiti hesabına kombini 220 manata təmir etdirmişdir. Qalan cihazlara isə usta baxışları keçirildi. Usta rəylərinə görə noutbukun təmirinə 200 manat, kondisionerin təmirinə görə 250 manat vəsait lazımdır. Modernin isə təmiri mümkün deyil. Həmin modernin qiyməti isə 50 manatdır. Beləlikə, onun kombinin təmirinə xərclədiyim 220 manatı da nəzərə almaqla ona 720 manat ziyan dəymişdir. Oxşar vəziyyət binanın digər sakinlərinin mənzillərində də yaşanmışdır. Bu xətadan sonra o, dərin mənəvi sarsıntı və iztirab keçirmiş, qeyd olunan əşyalardan istifadə hüquqları müvəqqəti olaraq məhdudlaşmışdır. Bundan sonra Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində yerləşən 93 saylı binanın sakinləri adından cavabdeh təşkilata şikayət ərizəsi ilə müraciət etmişlər. "xxxx" X14 Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi 15 sentyabr 2020-ci il tarixli məktubunda onların şikayətinə cavab olaraq bildirmişdir ki, onların mütəxəssislərinin baxış keçirməsi nəticəsində şəbəkədə gərginliyin yüksəlməsi hadisəsi müşahidə olunmuş, test Laboratoriya Xidməti İdarəsi tərəfindən zədə yeri təyin edilmiş, zədəli kabel xətti təmir olunub şəbəkəyə qoşulmuşdur. Buradan aydın olur ki, onun xüsusi mülkiyyətində olan mənzilində faktiki işlək vəziyyətdə olmuş 01 ədəd "Termet” markalı kombi qızdırıcısı, 01 ədəd "HB" markalı notbuk kompüteri, 01 ədəd "Samsung” markalı kondisioner və 01 ədəd "TP-Link” markalı modemin sıradan çıxaraq qeyri-işlək vəziyyətə düşməsi cavabdeh təşkilatın səhlənkarlığı, yeraltı kabel xəttlərinə vaxtında aparılmayan qulluq və təmir işləri nəticəsində baş vermiş, bununla da ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şərh olunanlara əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin səhlənkarlığı nəticəsində faktiki istifadəsində olan 01 ədəd "Termet" markalı kombi qızdırıcısının. 01 ədəd "HB” markalı nuotbuk kompüterin, 01 ədəd "Samsung” markalı kondisionerin və 01 ədəd "TP-Link” markalı modemin sıradan çıxaraq yararsız vəziyyətə düşməsi nəticəsində ona dəymiş 720 manat maddi zərərin və ya kombi üçün xərclədiyi 220 manatı ona qaytarmaqla qalan cihazların cavabdeh tərəfindən təmir etdirilərək işlək vəziyyətdə ona təhvil verilməsi, 1000 manat mənəvi zərərin və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, ev 93, 5 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bina sakinləri tərəfindən tərtib olunmuş 28.07.2020-ci il tarixli aktdan görünür ki, 27.07.2020-ci il tarixdə elektrik gərginliyinin yüksəlməsi nəticəsində mənzil 5-in sakini İddiaçı məxsus “Termet” kombi, Samsung” kondisioner, “HB” notbuk, modem sıradan çıxmışdır. Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinin 15.09.2020-ci il tarixli məktubundan görünür ki, Səbail rayonu Bayıl qəsəbəsi Ə.Nəzmi küçəsi 93-cü binanın sakinləri tərəfindən yazılmış şikayət məktubuna əsasən mütəxəssislər baxış keçirmişlər. Belə məlum olmuşdur ki, yeraltı 0,4 kv-luq kabel xəttinin zədələnməsi nəticəsində şəbəkədə gərginliyin yüksəlməsi hadisəsi müşahidə olunmuşdur. Test Labaratoriya Xidməti İdarəsi tərəfindən zədə yeri təyin edilmişdir. Zədəli kabel xətti təmir olunub şəbəkəyə qoşulmuşdur. 15.04.2021-ci il tarixli aktdan görünür ki, X1-Kondisioner ustası kimi ünvan 2 ünvanındakı samsung markalı kondisionerə baxış keçirmişdir. Kondisioner elektrik enerjisinin yüksəlməsi nəticəsində sıradan çıxmışdır. Kondisionerin işlək vəziyyətə gətirilməsi üçün təmirinə 250 manat vəsait tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/86- 9/981 nömrəli, 16.02.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki iş materiallarında 0,4 kV-luq elektrik kabelin zədələnməsinin səbəbi və xarakteri barədə məlumatların olmadığından, eləcə də ekspert vəsatət ilə bu barədə tələb edilmiş məlumat və materiallar təqdim edilmədiyindən yeraltı kabel xəttinin zədələnməsinə görə şəbəkədə gərginliyin yüksəlməsinin mümkün olub-olmadığını müəyyən etmək mümkün deyildir. Lakin, aşağı gərginlikli (220 V-luq) elektrik məişət cihazlarına onların texniki göstəricilərində nəzərdə tutulmayan yüksək gərginliyinin verilməsi, belə bir cihazların yarasız vəziyyətə getir bilər. Məhkəmə ekspertiza mərkəzində məişət cihazlar (kombi qızdırıcısı, notbuk komyuteri, kondisioner və modem) üzrə xüsusi biliyə malik olan mütəxəssisin olmadığından, belə bir mütəxəssis cəlb edilməklə həmin cihazlarda əmələ gəlmiş zədələrin təbiətinin müəyyən edilməsi, onların təmir etməklə yaranmış nasazlıqların aradan qaldırması və işlək vəziyyətə gətirilməsinin mümkünlüyü həll oluna bilər. İş materiallarında adları sadalanan istifadədə olmuş əşyaların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırkı orta bazar qiyməti nəzəri qaydada təxminən 1070,0 manat müəyyən edilir (aparılmış tədqiqatın dəyəri: 100 manat). Ödəniş qəbzindən (№ 6********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 izahat verərək bildirir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilində “Termet” markalı kombi qızdırıcı avadanlığının düzəldilməsi üçün müraciət etmişdir. Kombinin platosu (beyni) xarab olmuşdur. Platonun yanmasına səbəb isə işıq fazasında olan problem olmuşdur. Belə ki, işıq fazasında fazalar bir-biriylə birləşmiş və tokda partlayış olmuşdur. Kombiyə baxış keçirib yoxlayan zaman kombinin beyin hissəsi xarab olduğu üçün ya yeni kombi alınmalı olduğunu və ya yeni beyin hissəsi alınmalı olduğunu iddiaçıya bildirdim. İddiaçı beyin hissəsini düzəltdirdi. Mənə isə 190 manat beyin hissəsi, 30 manat əmək haqqı, nəticədə isə cəmi 220 manat məbləğində pul vermişdir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçıya məxsus əşyaların xarab olması yeraltı 0,4 kv-luq kabel xəttinin zədələnməsi nəticəsində şəbəkədə gərginliyin yüksəlməsi ilə əlaqədar baş verməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, bu fakt Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinin 15.09.2020-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir. Hadisənin “xxxx” ASC ucbatından baş verdiyini təkzib edən hər-hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin Mülki Məcəllənin müvafiq maddələrinə istinadən qeyd etməyi zəruri sayır ki, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir və beləliklə də bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin əvəzi olaraq 720 (250+220+200+50) manat məbləğində pul vəsaiti yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməli və beləliklə də iddia bu hissədə əsaslı olduğundan qeyd olunan məbləğdə təmin edilməlidir. Maddi zərərin məbləği müəyyən edilərkən, məhkəmə işdə olan sübutlara əsaslanmışdır. Belə ki, 15.04.2021-ci il tarixli aktdan görünür ki, Soyuducu-Kondisioner ustası olan X9 ünvan 2 ünvanındakı “Samsung” markalı kondisionerin işlək vəziyyətə gətirilməsi üçün 250 manat vəsait ödənilmişdir. Həmçinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 izahatından göründüyü kimi “Termet” markalı kombi qızdırıcı avadanlığının düzəldilməsi üçün ona cəmi 220 manat məbləğində pul verilmişdir. Məhkəmə eyni zamanda "HB" markalı notbuk kompüteri və "TP-Link" markalı modemin müvafiq olaraq 200 manat və 50 manat məbləğində qiymətləndirilməsini ağlabatan saymışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/86-9/981 nömrəli, 16.02.2021-ci il tarixli ekspert rəyindən göründüyü kimi qeyd olunan əşyaların təhmini qiyməti 160 manat və 60 manat kimi müəyyən edilir. İddiaçının mənəvi ziyana görə 1000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, “xxxx” ASC-nin qanunsuz əməlləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Lakin məhkəmə mənəvi zərərin məbləğinin iddia tələbində 1.000 manat göstərilməsi çox olmaqla real qiymətləndirmir və hesab edir ki, işin diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 50 manat məbləğində müəyyən edilməsi daha ağlabatan və ədalətli olar. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərərə görə 720 manat, mənəvi zərərə görə 50 manat, cəmi 770 manat məbləğində pul cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı olduğundan, iddiaçı da dövlət rüsumu ödəməkdən azaddır və iddia qismən təmin edildiyindən, məhkəmə xərci olaraq dövlət rüsumu və ekspertiza təqdiqatının dəyərinin yarısı cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 720 manat, mənəvi zərərə görə 50 manat, cəmi 770 manat məbləğində pul cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. “xxxx” ASC-dən 15 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı məbləğində pul iddiaçı “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar