Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-76/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçıların vəkili, eyni zamanda, İddiaçı1 nümayəndəsi Vəkil2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında mülkiyyətlərində olan 13 nömrəli mənzilə dəyən zərərə görə 320.000 manat, həmin ünvanda icarələrində olan hər iki tərəfə giriş-çıxışı olan qeyri-yaşayış sahəsinə dəyən zərərə görə 350.000 manat olmaqla, ümumilikdə 670.000 manat pulun, 5400 manat əldən çıxmış faydanın və mənəvi zərərə görə 1.000.000 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ünvan 1-də yerləşən 13 nömrəli mənzilin mülkiyyətçilərindən biridir. Belə ki, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən ümumi sahəsi 82,2 kv.m olan adı çəkilən mənzil xüsusi mülkiyyətdə olmaqla, paylı mülkiyyətin 28.5 kv.m yaşayış sahəsi, 7.1 kv.m köməkçi sahəsi İddiaçı1 məxsusdur. Bundan əlavə, göstərilən mənzilin altındakı zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi (anbar) İddiaçı1 sahibliyində və istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsi uzun illər İddiaçı1 tərəfindən abadlaşdırıldığından və zəruri təmir işləri aparıldığından Bakı şəhər İHB Nəsimi İHB MKTB ilə aralarında bağlanan xx.xx.2014-cü il tarixli “Qeyri-yaşayış sahələrinin istismar xərclərinin ödənilməsi haqqında” müqavilə ilə İddiaçı1 icarəsinə verilmişdir. Nəsimi rayon MKTB 16 saylı MKİS-nin 26.01.215-ci il tarixli Aktından da görünür ki, ümumi sahəsi 42,7 kv.m təşkil edən anbar sahəsinin İddiaçı1 tərəfindən istifadəsinə qonşuların heç bir etirazı olmadığından anbar mübahisəsiz onun sahibliyində və istifadəsində olmuşdur. Digər İddiaçı2 İkinci Qarabağ savaşı kimi bilinən “Vətən Müharibəsi” iştirakçısı, müharibə veteranı olduğu üçün işləmək imkanı məhdud olmuş və qeyd edilən anbar sahəsini icarəyə verməklə gəlir əldə etmişdir. 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, qeyd edilən sahəyə görə hər ay üçün 450 manat icarə haqqı ödənilir. 2016-cı il tarixdə Bakı şəhərində istismar müddəti başa çatan binaların sökülərək yerində yeni hündürmərtəbəli binanın tikilməsi ilə bağlı qərar verildikdən sonra iddiaçıların həyətində yerləşən binaların da sökülməsi qərarlaşdırılmışdır. Məhz bu qərar əsasında hazırki mülki iş üzrə Cavabdeh MMC iddiaçıların yaşadıqları həyətdə söküntü-tikinti işlərinə başlamış, bu işlər zamanı isə İddiaçı1 mülkiyyətində və istifadəsində olan daşınmaz əmlaklara zərər dəymişdir. İddia ərizəsinə əlavə edilən foto-şəkillərdən də görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı1 mülkiyyətində olan mənzilin yanında yerləşən binanın sökülüb hündür mərtəbəli binanın tikintisi üçün özül qazılarkən iddiaçının mülkiyyətində olan mənzilin özülünə bilərəkdən zədə yetirilmiş, bu yolla onun mənzili yaşayış üçün təhlükəli vəziyyətə gətirilmişdir. Dəfələrlə Cavabdeh MMC İddiaçı1 mənzilinin elektrik və qaz xətlərinə zərər vurmaqla onu mənzildən çıxarmağa cəhd göstərmiş, su və kanalizasiya xətlərini zədələmişdir. Məhz cavabdehin bu hərəkətləri nəticəsində İddiaçı1 zərər dəymişdir. İddiaçı1 dəfələrlə cavabdehin rəhbərliyinə müraciət edərək, ya mənzilin bazar dəyərini ödəməklə satın alınması, ya da mənzilinə dəyən zərərin ödənilməsini və ya mənzilin birinci mərtəbədə olmasını nəzərə alaraq, eyni ölçüdə iki ədəd ayrıca çıxışlı daşınmaz əmlakın ona verilməsini tələb etsə də, cavabdeh yalnız öz mənafelərini müdafiə edən müqavilə təqdim etməklə İddiaçı1 həmin müqaviləni bağlamağa məcbur etməyə səy göstərmişdir. Bu səbəbdən İddiaçı1 ilə Cavabdeh MMC arasında olan mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Həmçinin, 2015-ci il tarixdə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının icrası məqsədilə Bakı şəhərində “pilot layihə” çərçivəsində iddiaçılara məxsus binaların da söküləcəyi bildirildiyindən, İddiaçı1 tərəfindən mülkiyyətində olan mənzilə dair qiymətləndirmə ekspertizası həyata keçirilmişdir. Hal-hazırda mənzildə yaşamaq təhlükəli olmaqla yanaşı, qeyri-yaşayış sahəsindən istifadə edən icarəçi də təhlükəni nəzərə alaraq ötən ilin mart ayından icarə müqaviləsi üzrə öhdəliklərdən haqlı olaraq imtina etmişdir. Bu isə İddiaçı1 əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. Məhkəmə tərəfindən İddiaçı1 vurulan zərərlə yanaşı, qeyd edilən müqavilə üzrə əldən çıxmış fayda da hesablanmaqla həmin məbləğ cavabdehdən tutularaq İddiaçı1 ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh MMC-nin fəaliyyəti nəticəsində İddiaçı1 mülkiyyətində olan mənzili yaşamaq üçün təhlükəli həddə zədələnmiş və ona ümumilikdə 770.000 manat zərər dəymişdir. Bundan əlavə İddiaçı1 qeyriyaşayış sahəsinin icarəsindən əldə etdiyi aylıq 450 manat gəlirdən də məhrum olmuşdur və o, bu məbləği əldən çıxmış fayda hesab etməklə, 2022-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək olmaqla ümumilikdə 5400 (beş min dörd yüz) manat əldən çıxmış faydanın da cavabdehdən tutularaq İddiaçı1 ödənilməsini istəyir. Bundan əlavə Cavabdeh MMC öz hərəkətləri nəticəsində iddiaçılara maddi zərərlə yanaşı, mənəvi zərər də vurmuşdur ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı və əlili olaraq oğlu bu hərəkətlərdən çox böyük mənəvi iztirab çəkmiş, mülkiyyətinə qəsdən vurulan zərərlə onda sarsıntılar yaranmışdır. Bu səbəbdən iddiaçılar Cavabdeh MMC-dən mənəvi zərərin ödənilməsini tələb edir. Onlar qanunverciliyin tələblərini nəzərə alaraq, vurulan mənəvi zərəri 1.000.000 (bir milyon) manat həcmində qiymətləndirirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzil yararsız hala salındığına görə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ünvanında yola baxan hissədə 55,92 (46,6 + (46,6 * 20 %)) kv.m. qeyri-yaşayış sahəsinin, 43,92 (36,6 + (36,6 * 20 %)) kv.m. yaşayış sahəsinin təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən qeyri-yaşayış sahəsinin və yaşayış sahəsinin təhvil verildiyi tarixədək hər ay üçün qeyriyaşayış sahəsinin icarə haqqına görə əldən çıxmış fayda üçün 450 manat məbləğində pulun və kirayə haqqı ödədiklərinə görə 500 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elekton Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin iddiaçılar İddiaçı1 və İddiaçı2 mənzillərini almaq niyyəti yoxdur, MMC İddiaçı1 mənzil üzrə mülkiyyət hüquqlarına əməl edir. Ona görə də İddiaçı1 başqa mənzil verməklə bağlı iddia əsassızdır. İddiaçılardan yalnız birinin iddia qaldırmaq üçün subyektiv hüququ var. İddiada göstərilən 43.92 kv.metr qeyri-yaşayış sahəsi iddiaçıya aid deyil, dövlətindir. Cavabdeh MMC qeyri-yaşayış sahəsi ilə bağlı müqavilələrin və əslində ciddi hesabat blanklı olmalı ödəniş qəbzlərinin mötəbərliyinə inanmır, mötəbər olsa belə İddiaçı1 həmin sahədən yalnız istifadə etmişdir. İddiaçı1 həmin sahəni icarəyə vermək və ya oradan gəlir götürmək səlahiyyəti yoxdur. Bu haqda təqdim edilmiş müqavilələr əhəmiyyətsizdir, çünki İddiaçı1 müqavilə bağlamağa səlahiyyəti olmayıb və müqavilə notariusda təsdiq edilməyib. Əgər Cavabdeh MMC tərəfindən qeyri-yaşayış sahəsinin əvəzinə İddiaçı1 sahə verilsə, eyni tələblə yerin sahibi dövlət də MMC-dənn sahə tələb edəcək. Bu halda bir əmlaka görə 2 sahə verilməlidir. Bu isə absuddur. Bu sənədlərin sübut sayılmamasına və etibarsız olmasına məhkəmə qiymət verməlidir. Həmin sahə ofis üçün heş vaxt yararlı olmayıb ki, orada şirkət fəaliyyət göstərsin. Kirayə haqqı ilə bağlı müqavilə də notariat qaydasında təsdiq edilməyib, arxa tarixlə yazılıb. Əgər bu müqavilə əvvəldən var idisə onda iddiaçı niyə proses yekunlaşanda gətirilirdi? Digər tərəfdən isə həmin müqaviləni bağlamağa əmlak sahibinin bacısının səlahiyyəti olmayıb. Müqavilə də etibarsızdır. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçıların vəkili, eyni zamanda, İddiaçı1 nümayəndəsi Vəkil2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iddiaya etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, ekspert rəyini nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilin (reyestr nömrəsi: **********04-05101-093003) hüquq subyekti İddiaçı1 və başqasıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya: RX, № 0272367) Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilin (reyestr nömrəsi: **********04-05101-093003) 2 otaqdan ibarət (y/s-28.5 kv.m, k/s- 7.1 kv.m) hissəsi (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 2002 nömrəli reyestr kitabının 184981 nömrəli vərəqində xx.xx.2013-cü il tarixində İddiaçı1 qeydiyyata alınmışdır. Nəsimi rayon MKTB (icarədar) ilə İddiaçı1 (mülkiyyətçi) arasında bağlanan qeyri-yaşayış sahəsinin istismar xərclərinin ödənilməsi haqqında xx.xx.2014-cü, xx.xx.2015-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, icarədar Salatın Əsgərova küçəsi, 207 nömrəli binanın ümumi sahəsi 42.7 kv.metr olan qeyriyaşayış sahəsini anbar kimi mülkiyyətçiyə icarəyə verməyi, mülkiyyətçi isə müvafiq olaraq illik 103 manat, 28 manat, 28 manat, 28 manat, 28 manat, 28 manat, 28 manat ödəməklə qeyri-yaşayış sahəsindən istifadə etməyi öhdəsinə götürmüşdür. İstismar müqavilələri xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək bağlanmışdır. 16 saylı MKİS-nin rəis əvəzi Z.Bazarov, mühəndisi Ş.Orucov, sahə nəzarətçisi A.Əhmədovun iştirakları ilə tərtib edilmiş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, Salatın Əsgərova küçəsi 207 saylı binanın 13-cü mənzilinin sahibi İddiaçı1 öz mənzilinin altında yerləşən, qeyriyaşayış sahəsinə baxış keçirilməsi və ölçülməsi barədə müraciət etmişdir. Onlar tərəfindən göstərilən ünvana baxış keçirilmiş və məlum olmuşdur ki, göstərilən qeyri-yaşayış sahəsi ancaq İddiaçı1 yaşadığı mənzilin altına düşür, ümumi sahəsi 42.7 kv.metrdən ibarət olmaqla həmin sahəyə qonşuların iddiaları yoxdur, təmizdir, yola tərəf çıxışı vardır. Qeyri-yaşayış sahələrindən istismar haqqı üçün xx.xx.2015-ci, xx.xx.2016-cı, xx.xx.2017-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı1 tərəfindən Nəsimi rayon MKTB-yə: - 2012-2015-ci illər üçün 103 manat; - 2016-cı il üçün 28 manat; - 2017-ci il üçün 28 manat; - 2018-ci il üçün 28 manat; - 2019-cu il üçün 28 manat; - 2020-ci il üçün 28 manat; - 2021-ci il üçün 28 manat məbləğlərində pul ödənilmişdir. İddiaçı1 (icarəyə verən) ilə “Sjs” hüquq şirkəti (icarəçi) arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, icarəyə verən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən 54 kv.metr olan hissəni icarəçinin istifadəsinə verməyi, icarəçi isə aylıq 450 manat məbləğində icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi 5 ay müddətində qeyri-yaşayış sahəsinin tam təmir edilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin bildirişindən görünür ki, MMC M.Qaşqay, M.Rəfili, C.Hacıbəyli və S.Əsgərova küçələrinin əhatə etdiyi ərazidə söküntü və tikinti işlərinə başlamış, həmin küçədə yaşayan sakinlərdən ofisə yaxınlaşmaları və ya əlaqə saxlamaları xahiş olunmuşdur. İddiaçı1 (icarəyə verən) ilə “Sjs” hüquq şirkəti (icarəçi) arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarə verilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, icarəyə verən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən 54 kv.metr olan hissəni icarəçinin istifadəsinə verməyi, icarəçi isə aylıq 450 manat məbləğində icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İcarə 1 (bir) il müddətinə verilmişdir. Kirayəyə verən X8 ilə kirayəçi İddiaçı1 arasında bağlanmış yaşayış sahəsinin kirayəsi haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, kirayəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən binanın 4-cü mərtəbəsində yerləşən 7 saylı mənzili yaşayış sahəsi kimi istifadə edilməsi üçün kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun qarşılığında hər ay 500 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı1 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli şikayət ərizəsindən görünür ki, o, təqdim etdiyi müqavilənin imzalanması üçün MMC-yə oferta vermiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2961 nömrəli 07 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən ətrafda yerləşən evlərdə və mənzillərdə aparılmış söküntü nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən 207 saylı evin 13 saylı mənzilində və həmin mənzilin altında yerləşən qeyri-yaşayış sahəsinə zərər vurulduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan bərpa işlərinin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 4094,0 manat məbləğində müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən 207 saylı evin 13 saylı mənzilinin ətrafında yerləşən evlərin və mənzillərin arakəsmələrinin, qapı-pəncərələrinin, dam konstruksiyalarının, su, qaz, kanalizasiya xətlərinin tamamilə söküldüyünü nəzərə alaraq, həmin 13 saylı mənzildə kommunal xidmətlərdən istifadə etməyin mümkün olmadığı müəyyən edilmişdir. Mənzildən istifadənin təhlükəli olub-olmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 70,00 (yetmiş) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin: - xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 1, 13 nömrəli mənzil İddiaçı1 (2 otaq (y/s-28.5 kv.m, k/s-7.1 kv.m) və X2 (2 otaq (y/s-26.6 kv.m, k/s-20.0 kv.m) adına qeydiyyatda alınmışdır və hazırda mülkiyyətlərindədir. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58.7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) X5 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 26.8 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) X4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 19.2 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Qeyd olunan mənzilin və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. - xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 1, 13 saylı mənzil Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 831-6 nömrəli xx.xx.1993-cü il tarixli və 627/27 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamlarına, Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixli 3-M/7-2946 reyestr nömrəli mənzillərin əvəzsiz olaraq verilməsi barədə müqaviləyə əsasən ilkin olaraq xx.xx.1995-ci il tarixdə İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3MA/386 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 2 otağı X2 adına, qalan hissəsi İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 41,2 kv.m., 42,7 kv.m., 46,6 kv.m. olan qeyri-yaşayış sahələrinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 207 saylı bina, eləcə də həmin binanın nəzdində yerləşən 42.7 kv.metrdən ibarət olan qeyriyaşayış sahəsi Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və heç kim tərəfindən özəlləşdirilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş registrdən çıxarışdan görünür ki, ünvan 3 nömrəli yaşayış binası Nəsimi rayon MKTB-nin balansındadır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Nəsimi Rayon İcra Hakimiyyətinin və Cavabdeh MMC-nin müraciət məktublarını, aidiyyəti dövlət qurumlarının müvafiq razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2021-ci il tarixli, xx/xx-01048 saylı rəyini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 41 saylı Sərəncamı ilə Nəsimi rayonu, Mirəli Qaşqay, Mikayıl Rəfili, Ceyhun Hacıbəyli və Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunverciliyin tələblərinə uyğun qarşılıqlı razılığı əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icarə əsasında adı çəkilən MMC-nin istifadəsinə verilmişdir. Göstərilən ərazidə tikinti işlərinin aparılmasına icazənin olub-olmaması məsələsinə gəldikdə isə Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 01 avqust 2018-ci il tarixli 226 saylı Fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində obyektlərin tikintisinə və istismarına icazələrin verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirildiyindən, həmin məsələyə dair məlumatın əldə olunması ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur. Qeyd olunanlarla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli 41 saylı Sərəncamının təsdiq edilmiş surəti və torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş: - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 41 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay, Mikayıl Rəfili, Ceyhun Hacıbəyli və Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşən 0,8260 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunverciliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün Cavabdeh MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. - Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli 1692 nömrəli müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti icarə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay, Mikayıl Rəfili, Ceyhun Hacıbəyli və Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşən, sahəsi 8260 kv.m. olan torpaq sahəsini yeni yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün 49 il müddətinə Cavabdeh MMC-nin istifadəsinə vermiş, Cavabdeh MMC illik 44.841,89 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı1 və İddiaçı2 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Beləliklə, məhkəmə müəyyən etdi ki, ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzil İddiaçı1 mülkiyyətindədir, o, ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatdadır və həmin mənzildə yaşamışlar. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42,7 m2 olan qeyri-yaşayış sahəsi isə Nəsimi rayon MKTB-nin balansında olmaqla, 2015-ci ildən 2021-ci ilin sonunadək illik istismar haqqı ödəməsi şərtilə anbar kimi İddiaçı1 istismarına verilmişdir. İddiaçı1 mülkiyyətində olan evin və istismarında olan qeyri-yaşayış sahəsinin yerləşdiyi Salatın Əsgərova küçəsi (bir neçə digər küçə ilə yanaşı) Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 41 nömrəli Sərəncamı ilə ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunverciliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərtilə Cavabdeh MMC tərəfindən yeni yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün torpaq icarəsi əsasında cavabdehin istifadəsinə verilmişdir. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşadıqları ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilin və MKTB ilə bağlanmış müqavilə əsasında İddiaçı1 istismarında olan, hüquq şirkəti ilə bağlanmış müqavilə əsasında şirkətə aylıq 450 manata icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin fotoşəkillərini təqdim edərək, Cavabdeh MMC-nin ərazidə apardığı söküntü işləri nəticəsində həmin mənzilin və qeyri-yaşayış sahəsinin yararsız hala salındığını iddia edirlər, məhz buna görə həmin küçədə yola baxan hissədə 20 % əlavə ilə yeni yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin onlara təhvil verilməsini tələb edirlər. Bundan əlavə, İddiaçı1 digər bir şəxslə xx.xx.2022-ci ildə bağladığı yaşayış sahəsinin kirayəsi haqqında müqaviləni məhkəməyə təqdim edərək, xx.xx.2022-ci il tarixdən qeyri-yaşayış sahəsinin və yaşayış sahəsinin təhvil veriləcəyi tarixədək hər ay üçün qeyri-yaşayış sahəsinin icarə haqqına görə əldən çıxmış fayda üçün 450 manat məbləğində pulun və kirayə haqqı ödədiklərinə görə 500 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq onlara ödənilməsini xahiş edirlər. Cavabdeh MMC isə əvvəllər yalnız İddiaçı1 mülkiyyətində olan mənzilin əvəzinə yeni mənzil verilməsi ilə bağlı razılıq əldə edilməsinin tərəfdarı olsa da, məhkəmə araşdırmaları müddətində həmin ərazidə tarixi tikili olmasının müəyyən edilməsi səbəbindən cavabdehin iddiaçının evi olan küçədə tikinti işlərini dayandırdığını, buna görə də artıq oradakı digər əmlakları, eləcə də İddiaçı1 mülkiyyətində olan mənzili almaq, yerində tikinti işləri apararaq yeni bina tikmək marağında olmadığını bildirərək, tərəflər arasında müqavilə olmadığından MMC-nin mənzilin əvəzinə yeni mənzil vermək öhdəliyinin olmadığını bildirir. Cavabdeh, həmçinin, İddiaçı2 iddia tələbinə subyektiv hüququnun olmamasını, qeyri-yaşayış sahəsinin dövlətin balansında olması səbəbindən iddiaçıların qeyri-yaşayış sahəsinə dair iddialarının əsaslı olmamasını, iddiaçı tərəfindən qeyriyaşayış sahəsi ilə bağlı məhkəməyə təqdim edilmiş bir sıra sənədlərin mötəbərliyini, həmçinin, kirayəyə verənin adından çıxış edən şəxsin kirayə müqaviləsini imzalamağa səlahiyyətinin olmamasını, müqavilədə göstərilən məbləğin inandırıcı olmamasını, cavabdeh tərəfindən iddiaçılara heç bir mənəvi zərər vurulmamasını mübahisələndirir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilin İddiaçı1 mülkiyyətində olması, onun ailəsi (eyni zamanda, digər iddiaçı olan oğlu İddiaçı2) ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşaması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,7 m2 olan qeyri-yaşayış sahəsinin isə Nəsimi rayon MKTB-nin balansında olmaqla, MKTB ilə bağlanmış istismar müqaviləsi əsasında İddiaçı1 istismarına verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay, Mikayıl Rəfili, Ceyhun Hacıbəyli və Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşən 0,8260 ha torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli Sərəncamı əsasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə görə yeni yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün 49 il müddətinə Cavabdeh MMC-nin istifadəsinə verilməsi və Cavabdeh MMC-nin Salatın Əsgərova küçəsində söküntü və tikinti işlərini həyata keçirməsi, bunun nəticəsində İddiaçı1 mülkiyyətində olan mənzilə və istismarında olan qeyri-yaşayış sahəsinə maddi zərər dəyməsi, lakin ərazidə tarixi tikili olduğundan, sonradan cavabdehin orada söküntü və tikinti işlərini dayandırması hazırki işin mübahisəsiz hallarıdır. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə olan ərizədə qoyulmuş yekun tələbləri və cavabdehin etirazını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, məhkəmə tərəfindən iddianın qismən təmin edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, iddia tələbinin “Salatın Əsgərova küçəsinin yola baxan hissəsində 20 % əlavə ilə yeni yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin iddiaçılara təhvil verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələbin təmin edilməsi mülki dövriyyənin müqavilələr azadlığı və mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsiplərinin pozulması ilə nəticələnər. Çünki İddiaçı1 tərəfindən cavabdehə ünvanlanmış şikayət ərizəsinin mahiyyətindən məlum olur ki, o, mülkiyyətində olan mənzili və istismarında olan qeyri-yaşayış sahəsini əvəzinə yeniləri verilməsi şərtilə cavabdehə vermək barədə müqavilələr tərtib edərək və özü həmin müqavilələri imzalayaraq, cavabdehə oferta vermiş, lakin cavabdeh onun ofertasını aksept etməmiş, bununla da onlar arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmamış, yəni cavabdeh iddia tələbində göstərilən sahədə mənzili və qeyri-yaşayış sahəsini iddiaçıya vermək barədə öhdəliyi öz üzərinə götürməmişdir. Cavabdehin üzərinə belə öhdəliyin məhz məhkəmə tərəfindən qoyulmasına isə heç bir əsas yoxdur. Salatın Əsgərova küçəsinin də cavabdehin adına verilmiş sərəncamın dairəsinə aid olması və onunla bağlanmış icarə müqaviləsinin predmetini təşkil etməsi məhkəməyə məhz həmin ərazidə yerləşdiyinə görə iddiaçıların yaşadığı evi və onlardan birinin istismarında olmuş anbarı almağa və onların əvəzinə yeni ev verməyə cavabdehi məcbur etməyə əsas vermir. Belə ki, həmin sərəncamda cavabdehin qarşısında onun icarəsinə verilən ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunverciliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti qoyulmuşdur. Cavabdehin ofertaya dəvətinə cavab olaraq iddiaçı tərəf ona oferta versə də, cavabdeh həmin ofertanı aksept etməmişdir. Məhkəmə araşdırmaları zamanı dəfələrlə mübahisənin barışıq yolu ilə həll edilməsi tərəflərə təklif edilsə də, onların bir-birlərinə verdikləri yeni ofertalar müvafiq olaraq digəri tərəfindən aksept edilməmiş, yəni onların barışığa gələrək müqavilə bağlaması halı mümkün olmamışdır. Sonralar isə cavabdeh həmin ərazidə tarixi tikili olması səbəbindən ümumiyyətlə barışığa gəlməkdə maraqlı olmadığını, hətta ərazidə apardıqları tikinti işlərini dayandırdıqlarını bildirmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehi iddiaçılara yeni ev verməyə məcbur etmək onun üçün əlverişli olmayan nəticə yaradacaqdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar bu tələblərini Cavabdeh MMC-nin ərazidə apardığı söküntü işləri nəticəsində həmin mənzilin və qeyri-yaşayış sahəsinin yararsız hala salınması ilə əsaslandırdıqlarından, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyində ətrafdakı mənzillərin cavabdeh tərəfindən sökülməsi nəticəsində iddianın predmetini təşkil edən mənzilə (4.094 manat məbləğində) və qeyri-yaşayış sahəsinə zərər vurulması, mənzildə kommunal xidmətlərdən istifadə edilməsinin mümkün olmaması göstərilmiş, bundan sonra məhkəmə tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı isə müəyyən edilmişdir ki, ətrafdakı söküntü işləri nəticəsində İddiaçı1 mülkiyyətində olan mənzilə, həqiqətən də, zərər dəymişdir, eyni zamanda, mənzilə qaz gəlmir, lakin ekspert rəyində göstəriləndən fərqli olaraq, mənzildə su və işıq vardır. Deməli, mənzil tam məhv olmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunanlar aradan qaldırıla bilən hallar olduğundan, yəni əslində həmin mənzilin əvvəlki vəziyyətə qaytarılması ilə mənzildə yaşamağın mümkün olması məhkəmə tərəfindən müəyyən edildiyindən, iddiaçıların “əmlakın əvvəlki vəziyyətinə qaytarılması” və ya “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ilə müraciət etməsi daha ağlabatan, məqsədə müvafiq və ədalətli olardı. Bu səbəbdən məhkəmə tərəfindən iddiaçı tərəfə dəfələrlə iddia tələbinin dəyişdirilməsi təklif edilsə də, iddiaçı tərəf israrla tələbi dəyişdirməmiş, məhz iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə qoyulmuş tələblərə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməsini tələb etmişlər. Məhkəmə araşdırmaları müddətində cavabdeh özü də təşəbbüs göstərərək, əmlakın əvvəlki vəziyyətinə qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər həyata keçirə biləcəyi halda bunu etməmişdir. Məhkəmə isə hesab edir ki, bu formada qoyulan tələb hüquqdan sui-istifadədir, buna görə də tələbin təmin edilməsi yuxarıda sadalanan prinsiplərin pozulmasına səbəb olacaq və qeyri-mütənasiblik ilə nəticələnəcəkdir. Çünki hazırki məsələnin mahiyyəti ondan ibarətdir ki, iddiaçılar tərəfindən əvəzləşdirilməsi tələb edilən əmlaklara cavabdehin hərəkətləri nəticəsində zərər dəymiş, bunun nəticəsində onlar həmin əmlaklardan istifadə edə bilməmiş, lakin əmlaklar tam məhv olmamış və zərərin aradan qaldırılması mümkün, yəni əmlakın təmir edilməsi rentabelli hesab edilmiş, həmçinin, məhkəmə araşdırmaları zamanı dəymiş zərərin məbləği belə müəyyən edilmişdir. Belə olan halda, cavabdehin öz təşəbbüsü və ya iddiaçıların tələbi ilə əmlakı əvvəlki vəziyyətinə bərpa etməsi və ya vurduğu zərərin əvəzini ödəməsi adekvat olduğu halda, nə cavabdeh buna təşəbbüs göstərməmiş, nə də iddiaçılar həmin tələbləri irəli sürməmişlər. Göstərilənləri ümumiləşdirərək məhkəmə hazırki tələbi qeyri-mütənasib kimi qiymətləndirərək hesab edir ki, tələbin bu hissəsi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı2 iddianın predmetini təşkil edən əmlakların heç birinin mülkiyyətçisi olmadığından, onun məhz əmlakların əvəzləşdirilməsinə dair olan bu tələbə subyektiv hüququ yoxdur. Bununla yanaşı, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin MKTB-nin balansında olması və MKTB tərəfindən İddiaçı1 yalnız əvəzli istismarına verilməsi, yəni onun mülkiyyətində olmaması müəyyən edildiyindən məhkəmə hesab edir ki, İddiaçı1 həm də qeyri-yaşayış sahəsinə dair hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bu tələb təmin edilməməlidir. İddia tələbinin “xx.xx.2022-ci il tarixdən yeni qeyri-yaşayış sahəsinin və yaşayış sahəsinin təhvil veriləcəyi tarixədək hər ay üçün qeyri-yaşayış sahəsinin icarə haqqına görə əldən çıxmış fayda üçün 450 manat məbləğində pulun və kirayə haqqı ödədiklərinə görə 500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi, iddianın predmetini təşkil edən qeyriyaşayış sahəsinin iddiaçıların mülkiyyətində deyil, MKTB-nin balansında olması, MKTB tərəfindən İddiaçı1 yalnız istismar üçün verilməsi, dövlətin balansında olan əmlaka dair müqavilənin qanunla müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilməməsi, yəni əmlakın aidiyyəti dövlət orqanı ilə onun arasında icarə müqaviləsi bağlanmaqla icarəyə verilməli olduğu halda, belə müqavilənin olmaması, ən əsası, əmlakın onlar tərəfindən özəlləşdirilməməsi iddiaçıların həmin sahə üçün əldən çıxmış fayda kimi icarə haqlarını tələb etmələrinin əsassız olmasının göstəricisidir. İddiaçı1 onun istismarına verilmiş sahəni müqavilə əsasında başqa bir şirkətə icarəyə verməsi faktı əsassız olmaqla yanaşı, bu hal nə ona, nə də oğluna cavabdehin hərəkətləri nəticəsində istifadə etməyin mümkünsüz olduğunu iddia etdikləri həmin sahəyə görə əldən çıxmış fayda kimi ödənilməmiş icarə haqlarını tələb etməyə heç bir hüquq vermir. Çünki məhkəmə hesab edir ki, İddiaçı1 heç həmin sahəni icarəyə verərək gəlir götürməyə, sahədən bu formada faydalanmağa da hüququ olmamışdır. Nəzərə alınsa ki, məhkəməyə təqdim edilmiş icarə müqaviləsi iddiaçıların vəkili kimi çıxış edən Vəkil2 direktoru olduğu hüquq şirkəti ilə İddiaçı1 arasında imzalanmışdır, həmin müqavilənin formal və mötəbər olub-olmaması, həqiqətən də, qarşılıqlı olaraq icra edilibedilməməsi, yoxsa məhz bu tələbə zəmin yaratmaq üçün hazırlanması sual doğurur. Beləliklə, iddiaçıların hüququ olmadığı halda qanunsuz olaraq gəlir götürdükləri qeyri-yaşayış sahəsinin icarə haqqına görə əldən çıxmış fayda kimi tələb etdikləri məbləğin cavabdehdən tutulmasına dair iddia tələbini məhkəmə məhz bütün göstərilənlərə əsasən əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. xx.xx.2022-ci il tarixdən yeni yaşayış sahəsi təhvil verilənədək aylıq 500 manat məbləğində kirayə haqqı tələbinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçıların qeydiyyatda olmaqla yaşadıqları (həmçinin, onlardan birinin mülkiyyətində olan) evə cavabdehin hərəkətləri nəticəsində ziyan dəyməsi və evdə kommunal xidmətlərdən istifadə etməyin mümkün olmaması ekspert rəyi ilə yanaşı, məhkəmənin keçirdiyi yerli baxış zamanı müəyyən edildiyindən, yəni evin hazırki vəziyyətində orada yaşamağın mümkün olmaması qənaətinə gəlindiyindən, iddiaçıların kirayə haqqı ödəməklə başqa evdə yaşamağa məcbur olmalarının məhz cavabdehin hərəkətlərinin nəticəsi olduğunu deməyə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar məhz hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikləri xx.xx.2023-cü il tarixdən hazırki qətnamə qəbul edilən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində evlərində yaşaya bilməmələri səbəbindən cavabdehdən kirayə haqqı tələblərində haqlıdırlar. Lakin kirayə haqqının məbləği ilə əlaqədar məhkəmə hesab edir ki, iddiaçıların evi ilə eyni ərazidə və eyni şəraitdə olan evin kirayəsinin 350 manat təşkil etməsi ağlabatan olmaqla, iddiaçıların aylıq 500 manat məbləğində kirayə haqqı ödəmələrinin onların öz seçimi olduğundan, cavabdeh isə iddiaçılara vurduğu zərərə görə onlara eyni şəraitdə olan mənzilin kirayəsi üçün pul ödəməyə borclu olduğundan, tələbin bu hissəsi qismən təmin edilməli, yəni xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək aylıq 350 manat olmaqla, cəmi 4725 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. İddiaçıların təqdim etdiyi kirayə müqaviləsinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması, yəni etibarsızlığı cavabdeh tərəfindən mübahisələndirildiyindən, məhkəmə onun nəzərinə çatdırır ki, həmin kirayə müqaviləsi məhkəmə üçün məhz kirayə haqqının məbləği hissəsində əhəmiyyət daşısa da, iddiaçıların yaşadığı evlə müqayisədə müqavilədə göstərilmiş məbləğin yüksək olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin müqavilə hazırki iş üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki məhkəmə cavabdehdən tutulmalı olan kirayə haqqı məbləğini məhz iddiaçıların evi ilə eyni ərazidə və eyni şəraitdə olan evlərin kirayə haqqı məbləğinin ağlabatanlığı prinsipi baxımından qiymətləndirmişdir. Mülki dövriyyənin müqavilələr azadlığı və iradə sərbəstliyi prinsipini bir daha vurğulayan məhkəmə hesab edir ki, iddiaçılar öz istəklərinə əsasən daha yüksək və ya daha az məbləğdə kirayə haqqı tələb edilən evdə də yaşaya bilərlər. Onların aylıq daha yüksək məbləğdə kirayə haqqı ödəməsi faktı təsdiq olunsa belə, məhz buna əsaslanaraq cavabdehdən həmin məbləğin tutulması iddiaçının hüquqdan sui-istifadə etməsinə rəvac verərək, cavabdehi də hədsiz dərəcədə yükləmək hesab olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, İddiaçı2 atasına məxsus evdə qeydiyyatda olmaqla yaşadığından, hazırda isə atası ilə birlikdə kirayə haqqı ödəməklə başqa yerdə yaşadığından məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirməsinə baxmayaraq, onun bu tələbə subyektiv hüququ olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da vurğulandığı kimi, cavabdeh öz təşəbbüsü ilə əmlakı əvvəlki vəziyyətə qaytarmadıqda və ya dəymiş zərərin əvəzini ödəmədikdə, iddiaçıların həmin tələblərdən biri ilə məhkəməyə müraciət etməyə hüquqları olduğu kimi, eyni zamanda, bu dövrdə məhz cavabdehin hərəkətləri nəticəsində hazırda yaşamalarının mümkünsüz olduğu evin əvəzinə başqa evdə kirayə yaşadıqlarına görə ödəməyə davam etdikləri kirayə haqqının (xx.xx.2024-cü il tarixdən sonraya münasibətdə) cavabdehdən tutulmasına dair iddia tələbinə də hüquqları vardır. “10.000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi” ilə əlaqədar tələbə münasibətdə qeyd edilməlidir ki, iddiaçıların evinə ziyan dəyməsi səbəbindən onların başqa evdə kirayə yaşamağa məcbur olması iddiaçıların şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla onların stress, narahatlıq və məyusluq hisləri keçirmələri ilə nəticələnmiş, bununla da, cavabdehin hərəkətləri nəticəsində iddiaçılara mənəvi zərər dəymişdir. Lakin məhkəmə tərəfindən işin bütün diqqətəlayiq halları nəzərə alınaraq iddiaçılara dəymiş mənəvi zərər onların iddia etdiyi kimi 10.000 manat məbləğində deyil, 2.000 manat məbləğində qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməli, iddiaçılara vurulmuş mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində pul Cavabdeh MMC-dən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1, 6.1.2, 6.1.5-ci maddəsinə əsasən, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləridir. 14.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 408.1-408.2, 410.2-ci maddələrinə görə, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. Əgər cavabda müqaviləni ofertada nəzərdə tutulduğundan fərqlənən başqa şərtlərlə bağlamağa razılıq ifadə olunmuşsa, belə cavab ofertadan imtina və eyni zamanda yeni təklif sayılır. 560.1-560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli, 586 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 8.1-ci bəndində qeyd edilmişdir ki, daşınmaz dövlət əmlakı obyektlərinin mülki dövriyyəyə cəlb edilməsinə və öz təyinatına uyğun olaraq səmərəli istifadəsinə nail olmaq məqsədi ilə Dövlət Xidməti qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz dövlət əmlakı obyektlərini fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 4.725 manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul Cavabdeh MMC-dən tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı1 verilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı1 aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 15 manat hissəsi Cavabdeh MMC-dən, qalan 85 manat hissəsi isə iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4.725 (dörd min yeddi yüz iyirmi beş) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul Cavabdeh MMC-dən tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı1 verilsin, dövlət rüsumunun qalan hissəsi İddiaçı1 aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 15 (on beş) manat hissəsi Cavabdeh MMC-dən, qalan 85 (səksən beş) manat hissəsi isə İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-76/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-76/2024
12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver