Məhkəmə qərarları › İş №2(006)-767/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-767/2024

09.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-767/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Sabı̇ t oğlunun Cavabdehnə qarşı qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Sabı̇ t oğlu Cavabdehnə qarşı qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə onunla ”ON” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən podratçı ”ON” Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəsinə götürmüşdür ki, təsdiqlənmiş eskizə və simetaya əsasən hər biri 27 kv metr olan üç ədəd prefabrik kotteclərin quraşdırılmasını və təmirini və eləcə də 147 metr olan dəmir dam ötrüyündən hasarın iki metr hündürlüyündə quraşdırılmasını həyata keçirir. Sifarişçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyada göstərilən tərkibdə həcimdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları, podratçıdan 51 AZN, kotteclərin quraşdırılmasını və təmiri üçün və 147 metr olan dəmir dam örtüyündən hasarın iki metr hündürlüyündə quraşdırılması üçün 6600 AZN məbləğində alır və malın müqavilində podratçıya bu müqavilə ilə nəzərdə tutulmuş qiymətə ödəyir. Aralarında yuxarıda qeyd etdiyi tarixdə müqavilə bağlanmış və podratçı öhdəsinə götürmüşdür ki, qeyd olunan işlər üç ay müddətində görüləcək və ona təhvil veriləcəkdir. Lakin müqavilə bağlandığı andan 6 keçməsinə baxmayaraq podratçı tərəfindən heç bir iş görülməmiş, dəfələrlə zəng etməyinə baxmayaraq sifarişin yerinə yetirilməsi ilə əlaqədar heç bir tədbir görülməmişdir. O, müqavilənin bütün şərtlərinə tam əməl etmişdir. Podrat müqaviləsinə 01 nömrəli əlavədə lahiyənin təhvil müddəti üç ay, qiyməti 51.000 AZN, hasarın qiyməti 6600 AZN qiymətləndirilmişdir. Müqavilə bağlandığı anda müqavilədə göstərilən qaydada o, ilkin olaraq 20.400 AZN ödəmişdir. Qalan məbləğlər isə işin gedişi müddətində və iş başa çatdırıldıqdan sonra ödənilməli idi. Müqavilənin 6.2-ci maddəsində podratçının vəzifələri göstərilmişdir ki, o, bu vəzifələrin heç birini yerinə yetirməmişdir. Altı ay müddətində ödədiyi 21.400 AZN məbləği istifadə etmiş, lakin heç bir iş görməmişdir. Podratçı müqavilənin icrasını gecikdirdiyinə görə ona ziyan dəymişdir. Həmin məbləği banka yatırsaydı, bu müddət ərzində əgər milli bankın illik uçot dərəcəsini nəzərə alsa (bankın illik uçot dərəcəsi 8% təşkil edir) 1632 AZN zərər dəymişdir. Bundan əlavə həmin dövürdə qeyd olunan məbləğə o, başqa işlər gördürə bilər və gəlir əldə edə bilərdi. O, sifarişin icrası ilə əlaqədar sifarişin icra olunduğu yerə gedib-gəlmiş, hər dəfə 100 AZN artıq xərcləmiş, ümumilikdə 1000 AZN pul xərcləmişdir. Bundan əlavə vəkillə müqavilə bağlayaraq ona 300 AZN pul ödəmişdir. Məhkəmədə iddia qaldırmaq üçün 159 AZN dövlət rüsumu ödəmişdir. Hal-hazırda ödədiyi bütün bu məbləğləri, yəni 23.491 AZN tələb edir. İddia ərizəsinə əlavə etdiyi yazışmalardan da Cavabdeh öhdəliyi yerinə yetirmədiyi tam aydın olur. Göstərilənlərə əsasən Cavabdehndən ödədiyi 21400 AZN məbləğin, ona dəymiş 2632 AZN ziyanın, 300 AZN vəkilə ödədiyi məbləğin və 159 AZN dövlət rüsumunun, ümumilikdə 23491 AZN məbləğin alınaraq İddiaçı Sabı̇ t oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək Cavabdehndən 20400 AZN məbləğin, iddiaçıya dəymiş 2632 AZN ziyanın, 300 AZN vəkilə ödədiyi məbləğin və 159 AZN dövlət rüsumunun, ümumilikdə 23491 AZN alınaraq İddiaçı Sabı̇ t oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh şirkət arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsinə əsasən cavabdeh şirkət 3 ay müddətinə hər biri 27 kv m. olan üç ədəd kotecləri quraşdırmağı və 147 metr olan dəmir dam örtüyündə hasarı iki metr hündürlüyündə tikməyi, iddiaçı isə bunun müqabilinə ona koteclər üçün 51 min manat və hasarın tikilməsi üçün isə 6600 manat pul ödəməyi öhdəsinə götürür. Müqavilə bağlandığı anda iddiaçı cavabdehə 20400 manat məbləğində pul ödəmişdir. Yerdə qalan məbləğ isə işin gedişində və iş başa çatdıqdan sonra ödənilməli idi. Lakin müqavilə müddəti 3 ay nəzərdə tutulsa da, 6 ay keçməsinə baxmayaraq icra edilməmişdir. Cavabdeh müqavilə üzrə öz üzərinə götürmüş olduğu öhdəlikləri pozduğundan iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili X1 izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Sabı̇ t oğlu (sifarişçi) ilə Cavabdeh direktoru X3 (podratçı) arasında podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh təsdiqlənmiş eskizə və smetaya əsasən hər biri 27 m2 olan 3 ədəd prefabrik kotteclərin quraşdırılmasını və təmirini və eləcə də 147 metr olan dəmir dam örtüyündən hasarın 2 metr hündürlüyündə quraşdırılmasını həyata keçirdir. İddiaçı isə malları cavabdehdən 51000 AZN kotteclərin quraşdırlması və təmiri üçün və 147 metr olan dəmir olan dəmir dam örtüyündən hasarın 2 metr hünddürlüyündə quraşdırılması üçün 6600 manat məbləğində alır və malın müqabilində cavabdehə bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. İddiaçı tərəfindən müqaviləyə əsasən 20400 AZN pul ödəmiş, lakin cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik icra edilməmişdir. Hazırda iddiaçı Cavabdehndən 20400 AZN məbləğin, ona dəymiş 2632 AZN ziyanın və vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 300 AZN ona ödənilməsini tələb edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan «Sifarişçi» qismində İddiaçı Sabı̇ t oğlu ilə «Podratçı» qismində Cavabdeh direktoru X3 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsindən görünür ki, Podratçı təsdiqlənmiş eskizə və smetaya əsasən hər biri 27 m2 olan 3 ədəd prefabrik kotteclərin quraşdırılmasını, eləcə də 147 metr olan dəmir dam örtüyündən hasarın 2 metr hündürlüyündə quraşdırılmasının həyata keçirilməsini və həmin işlərin aparılması məqsədilə müqavilənin 1 saylı Əlavəsində göstərilən quraşdırılma və təmir işlərinin icrasını öhdəsinə götürmüşdür.

9. Müqavilənin 1 saylı Əlavəsinə əsasən lahiyənin təhvil müddəti 3 ay, lahiyənin qiyməti 51000 AZN, hasarın qiyməti 6600 AZN, ilkin ödəniş 40% müəyyən edilmişdir. İddiaçı Sabı̇ t oğlu tərəfindən 20400 AZN ödəniş edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə işin faktiki hallarını araşıdırıb hesab edir ki, tərəflər arasında yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 39-cü fəslində nəzərdə tutulan «Podratı» müqaviləsinin müddəaları çərçivəsində araşdırılmaldır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

13. Eyni Məcəllənin 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

14. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir.

15. Göstərilən Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

16. Tərəflər arasında bağlanılmış podrat müqaviləsinin 1 saylı əlavəsinə əsasən podratçı işlərin icrasını 3 ay ərzində tam yerinə yetirilməlidir.

17. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsində nəzərdə tutulmuş işlərin başlanılması üçün sifarişçi tərəfindən podratçıya 20400 AZN məbləğində pul ödənilmişdir. Lakin podratçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Məhkəmə qeyd edir ki, cavabdeh üzərinə götürdüyü işləri müəyyən olunmuş vaxt ərzində görmədiyi üçün və bu işlərin görülməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmadığı üçün, iddiaçı pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur.

21. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin olunmalı və cavabdehdən 20400 AZN (iyirmi min dörd yüz manat) məbləğində pul alınaraq iddiaçıya verilməlidir.

22. Məhkəmə iddia tələbinin “2632 AZN məbləğində pulun əldən çıxmış fayda kimi tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

23. Göründüyü kimi cavabdeh iddiaçının pul vəsaitini özündə saxlamaqla, iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum etmişdir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

27. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

28. Eyni Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

29. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

30. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

31. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

32. X4 internet resurlarına əsasən 2024-cü ilin xx.xx.2024 tarixindən etibarən uçot dərəcəsinin 7,75% olması müəyyən edilmişdir.

33. Qeyd olunanlarla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehdən 860,8 AZN (20400 AZN x 7,75% uçot faiz dərəcəsi = 1581 AZN : 12 = 131,75 AZN); (131,75 AZN x 6 ay 16 gün = 860,8 AZN) məbləğində pul tutulmalıdır.

34. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

35. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Sabı̇ t oğlu Cavabdehnə qarşı iddia qaldırması üçün hüquqi xidmət göstərməsi məqsədi ilə “Prospekt” Vəkil Bürosuna 300 AZN (üç yüz manat) ödəmişdir.

36. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 300 AZN məbləğində pul vəsaiti Cavabdehndən alınaraq iddiaçı İddiaçı Sabı̇ t oğluna ödənməlidir.

37. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Belə olan halda məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməli və dövlət rüsumu kimi ödənilmiş 159 AZN-nin 154,68 AZN-i Cavabdehndən tutularaq İddiaçı Sabı̇ t oğlunun xeyrinə ödənilməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 20.400 AZN (iyirmi min dörd yüz manat) əsas borc, 860,8 AZN (səkkiz yüz altmış manat, səksən qəpik) əldən çıxmış fayda, iddiaçının vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 300 AZN (üç yüz manat) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 154,68 AZN (bir yüz əlli dörd manat, altmış səkkiz qəpik) məbləğində pul tutularaq İddiaçı Sabı̇ t oğluna ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar