Məhkəmə qərarları › İş №2(006)-77/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-77/2023

28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-77/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X1 və vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “vurulmuş zərərin ödənilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 8770,30 (səkkiz min yeddi yüz yetmiş manat 30 qəpik) manat maddi zərərin, 800 (səkkiz yüz) manat hüquqi yardım üçün ödənilmiş xərcin, 300 (üç yüz) manat ekspertiza keçirilməsi xərcinin, 180 (bir yüz səksən) manat mütəxəsis xərcinin, 130 (bir yüz otuz) manat dövlət rüsumunun və 3000 (üç min) manat mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 13180,30 (on üç min bir yüz səksən manat 30 qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi və Cavabdeh1 üzərinə iddiaçının mənzilinə zərər verməməsi üçün lazımi təmir işlərini aparmaq öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin, Cavabdeh1 isə ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçiləridir. Qeyd edilən mənzillər qonşu mənzillərdir. Cavabdehin mənzilindən iddiaçının mənzilinə su axması nəticəsində sonuncunun mənzilinə zərər dəyib. İddiaçı bununla bağlı 13 dekabr 2021-ci il tarixdə mütəxəssis çağırmış, mütəxəssis tərəfindən müvafiq cihaz vasitəsilə yerində edilən baxış zamanı xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilində dəvət əsasında santexnika sistemi və aksesuarları cihazlar vasitəsilə tam diaqnostika olunmuş, santexnikaya aid boru və aksesuarlarında heç bir sızıntı aşkarlanmamışdır. Lakin qonşu 32 ünvanda yerləşən mənzildə aparılan diaqnostika zamanı məlum olmuşdur ki, həmin mənzilə məxsus hamam otaqlarında kafelmetlax örtüyünün ara dolğusunda ciddi problemlər var. Hamamın birində duş kabin ətrafı altında, trap altında trap ətraflarının dolğularının olmaması istifadə zamanı suyun alta və ətrafa, yəni qonşuya sızmasına şərait yaradır. Digər hamamda isə unitaz və ətrafında da, trap ətrafında da dolğuların olmaması müşahidə olunmuşdur. Eyni zamanda problemin bir hissəsini unitazda suyun daimi olaraq axması nəticəsində ətrafa gedən suyun metlax aralarından özünə və qonşuya getməsidir. Bu barədə mənzil sahibi məlumatlandırılmış, problemin aradan qaldırılma yolları izah edilmişdir. ünvan 2 ünvanında yerləşən mənzilin sahibi Cavabdeh1 problemin təcili aradan qaldırılması tövsiyə olunmuşdur. Həmçinin 17 yanvar 2022-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativinin məsul işçiləri, eyni zamanda mütəxəssis tərəfindən baxış keçirilərək akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, ünvan 1 ünvanında yerləşən mənzilin mmülkiyyətçisi İddiaçı "xxxx" MTK-nın sədri Mirismayıl Əliyevə 32 saylı mənzildən su sızması nəticəsində mənzilinə zərər vurulması, bununla bağlı mənzilə baxış keçirilib akt tərtib edilməsi barədə ərizə ilə müraciət etmişdir. "xxxx" MTK-nın sədri Mirismayıl Əliyev, Bakı şəhəri, V.Plotnikov küçəsi, 21 saylı binanın komendantı Məhərrəm Məcidov, həmin binanın sakini 31 saylı mənzilin mülkiyyətçisi İddiaçı bu aktı tərtib etmişdirlər ki, həqiqətən Plotnikov, 21 saylı binanın 31 saylı mənzilinə su sızması nəticəsində ciddi ziyan dəymişdir. Diaqnostika və Sanitar-Texniki avadanlıqların quraşdırılma idarəsinin işçisi Elşən Məmmədovun apardığı araşdırma nəticəsində təsdiq olunmuşdur ki, mənzilə qonşu 32 saylı mənzildə baş verən nasazlıqların nəticəsində su sızmış və buna görə də 31 saylı mənzilə əhəmiyyətli zərər dəymişdir. İddiaçının müraciəti əsasında Əmlak Eksperti Mərkəzinin eksperti tərəfindən 31 saylı mənzilə baxış keçirilmiş və 18 yanvar 2022-ci il tarixli Ekspert Hesabatı ilə rəy vermişdir ki, dəymiş zərər 8770,30 (səkkiz min yeddi yüz yetmiş manat 30 qəpik) manat müəyyən edilmişdir. Həmin ekspertizanın aparılması üçün İddiaçı 300 (üç yüz) manat ekspertiza xərci ödəmişdir. İddiaçı eyni zamanda 130 (bir yüz otuz) manat dövlət rüsumu və 800 (səkkiz yüz) manat isə hüquqi yardıma görə Vəkil1, mütəxəssis müayinəsi üçün isə mütəxəssisə 180 (bir yüz səksən) manat pul ödəmişdir. İddiaçı mənəvi zərərə görə 3000 (üç min) manat kompensasiya tələb edir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yaşayan Cavabdeh2 Mülsüm oğlunun da cavabdeh qismində işə cəlb edilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 8770,30 (səkkiz min yeddi yüz yetmiş manat 30 qəpik) manat maddi zərərin, 800 (səkkiz yüz) manat hüquqi yardım üçün ödənilmiş xərcin, 300 (üç yüz) manat ekspertiza keçirilməsi xərcinin, 180 (bir yüz səksən) manat mütəxəsis xərcinin, 130 (bir yüz otuz) manat dövlət rüsumunun və 3000 (üç min) manat mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 13180,30 (on üç min bir yüz səksən manat 30 qəpik) manat məbləğində pulun müştərək qaydada alınaraq İddiaçı ödənilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərinə iddiaçının mənzilinə zərər verməməsi üçün lazımi təmir işlərini aparmaq öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 yenidən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 08 dekabr 2022-ci il tarixli, ƏEM /D 184-831/22 saylı Hesabata Əlavə üzrə tikinti-təmir işlərinin xərclərinin 11401,39 (on bir min dörd yüz bir) manat 39 qəpik təşkil etdiyini, "xxxx" MMC-nin 18 yanvar 2021-ci il tarixli kassa orderinə görə 300 (üç yüz) manat ödənildiyini, 007/22 nömrəli, 26 yanvar 2022-ci il tarixli müqavilə üzrə hüquqi yardım üçün 800 manat, diaqnostika ixtisaslaşdırılmış işlərinin aparılması xərclərinin 180 (bir yüz səksən) manat təşkil etdiyini, məhkəmə xərcləri, dövlət rüsumu kimi 130 (bir yüz otuz) manat, dəymiş ziyanın artırılması üçün 30 manat dövlət rüsumunun ödənildiyini, hamam (vanna) otağının qapısı (fıstıq ağacı) uzun müddət nəmlikdən zay olmuş, buna görə 2000 manat, divar mebeli, Rumıniya istehsalı, nəmlikdən sıradan çıxmış, buna görə 2500 (iki min beş yüz) manat, uzun müddət mənzildən istifadə etmək imkanından məhrum olduğundan onun və ailə üzvlərinin çəkdiyi üzüntü, əzab və iztiraba qarşı mənəvi ziyan 8000 manat, mebelin boşaldılması, əşya və kitabların daşınması, parket döşəmənin sökülməsi, yararsız söküntü zibilindən təmizlənmə işləri, diaqnostika ərəfəsində 700 manat ödənildiyini bildirərək, ümumilikdə dəymiş maddi və mənəvi ziyanın 26041,39 manat təşkil etdiyini qeyd etmişdir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurulmuş maddi zərərin əvəzi olaraq 17881,39 (on yeddi min səkkiz yüz səksən bir manat 39 qəpik) maddi zərərin, 160 (bir yüz almış) manat dövlət rüsumunun və 8000 (səkkiz min) manat mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 26041,39 (iyirmi altı min, qırx bir manat, 39 qəpik) məbləğində pulun müştərək qaydada alınaraq İddiaçı ödənilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərinə iddiaçının mənzilinə zərər verməməsi üçün lazımi təmir işlərini aparmaq öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, verdikləri ərizələrin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, verdikləri ərizələrin məzmununa uyğun çıxış edib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X3 iddianı qəbul etməyib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin, şahidin dindirilməsi barədə şifahi vəsatət təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 tərəflərlə tanış olduğunu, belə ki, 31-ci mənzildə iddiaçının, 32-ci mənzildə isə cavabdeh qismində cəlb edilmiş Familin yaşadığını bildirdi. İddiaçının mənzilinə su axması ilə bağlı ərizə yazdığını, onun tərəfindən baxış keçirilən zaman su ləkələri olduğunu, lakin həmin su izlərinin 32-ci mənzilə yaxın yerdə olmadığını, 32-ci mənzildən axan suyun aşağı mərtəbəyə də axmadığını əlavə etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının, nümayəndəsinin, Cavabdeh1, digər Cavabdeh2 nümayəndələrinin izahatını, vəkillərin çıxışını, şahidin ifadəsini dinləyib, ekspert rəyini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li, reyestr nömrəsi **********67-05301- 093022 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllədə istifadədə olan 0.05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 13 mərtəbəli binanın 1-ci girişində, 9-cu mərtəbəsində, 150.1 kv.m ümumi, 80.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 31 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 488 nömrəli reyestr kitabının 45072 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li, reyestr nömrəsi **********67-05301-093026 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 128.1 kv.m olan 32 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 589 nömrəli reyestr kitabının 54151 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan "xxxx" MMC-nin 18 yanvar 2022-ci il tarixli ƏEM/Y 34-034/22 nömrəli hesabatından görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 5 ünvanında yerləşən mənzilə subasma nəticəsində dəymiş ziyanla bağlı çəkiləcək təmir-bərpa xərcləri (işçilik və material xərci daxil olmaqla) 18 yanvar 2022-ci il tarixinə 8770,30 (səkkiz min yeddi yüz yetmiş manat 30 qəpik) manat təşkil edir. Mülki işin materiallarında olan diaqnostika və santexnika ustası Elşən Məmmədov tərəfindən sadə yazılı formada tərtib edilmiş və imzalanmış sənəddən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda, mənzil 31-də dəvət əsasında santexnika sistemi və aksesuarları cihazlar vasitəsilə tam diaqnostik olunmuşdur. Santexnikaya aid boru və aksesuarlarda heç bir sızıntı aşkarlanmamışdır. Lakin qonşu 32-ci mənzildə diaqnostika zamanı mənzilə məxsus hamam otaqlarında ciddi problemlərin olduğu məlum olmuşdur. Hamamın birində duş kabin ətrafı altında, trap ətraflarının dolğularının olmaması, istifadə zamanı suyun alta və ətrafa, yəni qonşuya sızmasına şərait yaradır. Digər hamamda isə unitaz və ətrafında da, trap ətrafında da dolğuların olmaması müşahidə olunmuşdur. Eyni zamanda problemin bir hissəsi unitazda suyun daima olaraq axması nəticəsində ətrafa gedən suyun metlax aralarından özünə və qonşuya getməsidir. Mənzil sahibi məlumatlandırılmış, problemin aradan qaldırılma yolları izah olunmuşdur. 32-ci mənzilin sahibi Cavabdeh1 problemin təcili olaraq aradan qaldırılması tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan "xxxx" MTK-nın sədri Mirismayıl Əliyev, Bakı şəhəri Nəsimi rayonu, Plotnikov küçəsi 21 saylı binanın komendantı Məcidov Məhərrəm və Bakı şəhəri Nəsimi rayonu, Plotnikov küçəsində yerləşən 21 saylı evin 31 saylı mənzilinin mülkiyyətçisi İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən Plotnikov küçəsi 21 saylı binanın 31 saylı mənzilinə su sızması nəticəsində ciddi ziyan dəymişdir. Diaqnostika və Sanitar-texniki avadanlıqların quraşdırılması idarəsinin işçisi Elşən Məmmədovun apardığı araşdırma nəticəsində təsdiq olunmuşdur ki, mənzilə qonşu 32 saylı mənzildə baş verən nasazlıqların nəticəsində su sızıb. Buna görə də 31 saylı mənzilə əhəmiyyətli zərər dəymişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 300 (üç yüz) manat pul köçürülmüşdür. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 007/22 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil1 İddiaçı ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 800 manat məbləğində haqq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, hüquqi yardım, iddia ərizəsinin hazırlanması, məhkəmədə müdafiə üçün İddiaçı tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil1 hesabına 800 (səkkiz yüz) manat məbləğində pul köçürülmüşdür. Mülki işin materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 160 (bir yüz altmış) manat rüsum ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli 10/6079 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 31 saylı mənzilin dəhliz tikilisinin konstruktiv elementlərində (divar, döşəmə və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu, V.V.Plotnikov küçəsində yerləşən 21 saylı evin 31 saylı mənzilinə həmin mənzilin qonşuluğunda yerləşən 32 saylı mənzildən su axıdıldığı və nəticədə 31 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 32 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin sanitar qovşağı tikililəri təmirli olduğundan, sukanalizasiya xətlərinin üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 31 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 31 saylı mənzilə su sızması 32 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 32 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri Nəsimi rayonu, V.V.Plotnikov küçəsində yerləşən 21 saylı evin 31 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1573,0 manat məbləğində müəyyən olunmuşdur. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ƏEM/D 184-831/22 nömrəli “18 yanvar 2022-ci il tarixli ƏEM/Y 34-034/22 nömrəli hesabata əlavə”də qeyd edilmişdir ki, Əmlak Eksperti Mərkəzi tərəfindən 18 yanvar 2022-ci il tarixdə tərtib edilmiş ƏEM/Y 34-034/22 nömrəli hesabatından görünür ki, dəymiş ziyanla bağlı alınmış məbləğin nəticəsi xx.xx.2022-ci il tarixinə 8770,30 manat + 30% (qiymət artımı) = 11401,39 (on bir min dörd yüz bir manat otuz doqquz qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21 nömrəli binanın 31 nömrəli mənzili İddiaçı, ünvan 4 ünvanında yerləşən 32 nömrəli mənzil isə Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 məxsus olan 32 nömrəli mənzildə digər Cavabdeh1 yaşayır. Hazırda iddiaçı iddia edir ki, Cavabdeh2 məxsus Cavabdeh1 yaşadığı 32 saylı mənzildən sızan su nəticəsində ona məxsus 31 saylı mənzilə zərər dəymiş, bununla əlaqədar aparılmış araşdırmalar, mütəxəssislərin dəvət edilməsi, məhkəməyə müraciət edilməsi və s. ilə əlaqədar olaraq iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Cavabdehlər isə iddiaçının iddiasını qəbul etməyərək, onun tərəfindən göstərilmiş halların mövcud olmadığını bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 26 dekabr 2022-ci il tarixdə verilmiş 10/6079 saylı ekspert rəyi ilə iddiaçıya məxsus mənzilin bəzi divar və döşəmələrində qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu, mənzilə həmin mənzilin qonşuluğunda yerləşən Cavabdeh2 məxsus mənzildən su axıdıldığı və nəticədə mənzilə ziyan vurulduğu müəyyən olunmuşdur. İddiaçıya məxsus mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1573 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, Cavabdeh1 yaşadığı, digər Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, V.V.Plotnikov küçəsində yerləşən 21 saylı evin 32 saylı mənzilindən İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu, V.V.Plotnikov küçəsində yerləşən 21 saylı evin 31 saylı mənzilinə suyun axıdılması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə iddia tələbinin “təmir-tikinti işlərinin aparılması üçün 11401,39 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq ekspert rəyi ilə təmir-tikinti işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 1573 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin hesabatı və hesabata əlavəsi məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi birgə yoxlanılmış və həmin hesabat və ona əlavə məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməmişdir.Buna görə də iddia dəymiş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh2 1573 (bir min beş yüz yetmiş üç) manat məbləğində maddi zərərin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “"xxxx" MMC-nin hesabına ödənilmiş 300 (üç yüz) manat” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ödənişlə əlaqədar sübut təqdim edilsə də, məhkəmə iddianın bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə görə, məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Həmin Qanunun 11-ci maddəsinə görə, bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. İddiaçı tərəfindən məhkəməyə rəyi təqdim edilmiş "xxxx" MMC-yə özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən Şəhadətnamə verilməsi, həmin qurumun Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməsi işdən müəyyən edilmədiyinə görə, həmin ödəniş qarşı tərəfdən tələb edilə bilməz. Məhkəmə iddia tələbinin “diaqnostika ixtisaslaşdırılmış işlərinin aparılması üçün ödənilmiş 180 (bir yüz səksən) manat, hamam (vanna) otağının qapısının (fıstıq ağacı) uzun müddət nəmlikdən zay olmasına görə 2000 manat, Rumıniya istehsalı divar mebelinin nəmlikdən sıradan çıxmasına görə 2500 (iki min beş yüz) manat, mebelin boşaldılması, əşya və kitabların daşınması, parket döşəmənin sökülməsi, yararsız söküntü zibilindən təmizlənmə işləri, diaqnostika ərəfəsində ödənilmiş 700 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia edilən məbləğlərlə əlaqədar sübutlar (qəbz və s.) məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, cavabdehin mənzilindən su sızması nəticəsində iddiaçının mənzilinə zərər vurulmuşdur və bu, istənilən şəxsin psixikasına mənfi təsir edən, həyatının gündəlik ahəngini və rahatlığını pozan, insanı hiss, həyəcan, stress keçirməyə vadar edən haldır. Buna görə də iddiaçıya mənəvi ziyanın vurulması aşkardır. Lakin mənəvi ziyanın iddia edilən 8000 (səkkiz min) manatda təmin edilməsi ağlabatan olmadığından, məhkəmə 500 manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ədalətli hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi mənəvi ziyan hissəsində qismən təmin edilməli, Cavabdeh2 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərinə iddiaçının mənzilinə zərər verməməsi üçün lazımi təmir işlərini aparmaq öhdəliyinin qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclaslarında tərəflərin verdiyi izahatlardan aydın olmuşdur ki, Cavabdeh2 məxsus mənzildə məhkəmə araşdırmaları gedən dövrdə lazımi təmir işləri aparılmışdır. Ekspert rəyindən də görünür ki, Cavabdeh2 mənzilində sanitar qovşaq tikililəri təmirlidir, sukanalizasiya xətlərində hər hansı qüsur yoxdur, deməli, hazırda iddiaçının mənzilinə ziyan vuran hal yoxdur. Buna görə də məhkəmə iddianın bu hissəsinin təmin edilməməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Məhkəmə Cavabdeh1 münasibətdə qeyd edir ki, onun Cavabdeh2 məxsus mənzildə faktiki yaşaması barədə mötəbər sübutlar (kirayə müqaviləsi və s.) məhkəməyə təqdim edilmədiyindən, bu hal yalnız formal mülahizələrə əsaslandığından, mənzilin Cavabdeh2 məxsus olması isə mötəbər sübutla (dövlət reyestrindən çıxarış) təsdiq edildiyindən, məhkəmə əsl cavabdehin mülkiyyətçi Cavabdeh2 olduğu qənaətinə gəlir və iddia tələbinin ona münasibətdə qismən təmin edilməsini, Cavabdeh1 münasibətdə isə təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı normalarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1096.1-1096.2, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd olunan Məcəllənin 1115-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 160 (bir yüz altmış) manat dövlət rüsumunun 13 (on üç) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı ödənilməli, qalan 147 (bir yüz qırx yeddi) manat hissəsi isə iddiaçıya İddiaçı aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pulun 4 (dörd) manat hissəsi Cavabdeh2, qalan 46 (qırx altı) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilən hüquqi xidmət xərcinə görə ödənilmiş 800 (səkkiz yüz) manat pulun 64 (altmış dörd) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı ödənilməli, qalan 736 (yeddi yüz otuz altı) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1573 (bir min beş yüz yetmiş üç) manat məbləğində maddi zərərin, 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 2073 (ik min yetmiş üç) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1573 (bir min beş yüz yetmiş üç) manat məbləğində maddi zərərin, 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 2073 (ik min yetmiş üç) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 160 (bir yüz altmış) manat dövlət rüsumunun 13 (on üç) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı ödənilsin, qalan 147 (bir yüz qırx yeddi) manat hissəsi isə İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pulun 4 (dörd) manat hissəsi Cavabdeh2, qalan 46 (qırx altı) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Göstərilən hüquqi xidmət xərcinə görə ödənilmiş 800 (səkkiz yüz) manat pulun 64 (altmış dörd) manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı ödənilsin, qalan 736 (yeddi yüz otuz altı) manat hissəsi isə İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar