Məhkəmə qərarları › İş №2(006)-776/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-776/2022

24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-776/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 30.04.2019-cu il tarixdə, axşam saat 21.46da Nobel prospekti ilə, iddiaçıya məxsus «Mercedes Benz CDİ» minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman Bakı şəhər BPİ DYPİ-ninYPX inspektoru iddiaçıya avtomobili saxlamaq işarəsi vermişdir. İddiaçı avtomobili saxlamış və o, iddiaçıya Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İXP ******* saylı inzibati xəta haqqında protokol (İXP) tərtib etmişdir. Etiraz edərək protokola imza almamışdır. Həmin qanunsuz protokoldan 06.05.2019-cu il tarixdə şikayət verməsinə baxmayaraq, şikayəti araşdırılmadan, həmin maddəyə əsasən 15.05.2019-cu il tarixdə TP ******* saylı qərarla barəsində 150 manat cərimə cəzası verilməsi barədə inzibati tənbeh tətbiq edilərək sitemə yerləşdirilmişdir. İddiaçı dəfələrlə iş-gücünü ataraq Zığ qəsəbəsindən Badamdar qəsəbəsinə getmiş, lakin Bakı şəhər DYPİ-də bu qanunsuzluqları aradan qaldırmaq və onları törədənlər barədə qanuni tədbir görmək əvəzinə, onlara haqq qazandırılmışdır. İddiaçı hüququnun bərpası və ona qarşı edilən qanunsuzluqların aradan qaldırılması üçün 17.05.2019-cu il tarixdən 18.12.2019-cu il tarixədək Azərbaycan Respublikasınvn rəhbərliyinə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə, DİN-nin BDYPİ-nin rəhbərliyinə, Bakı şəhəri BPİ-nin rəhbərliyinə, Bakı şəhəri BPİ DYPİ-nin rəhbərliyinə "xxxx"un müvafiq şöbələri vasitəsilə və elektron qaydada cəmi 37 dəfə olmaqla müraciətlər ünvanlanmışdır. 9 dəfə Xırdalanda yerləşən DİN-nin BDYPİ-nə, 22 dəfə Bakı şəhəri BPİ-nin Bakı şəhəri BPİ-nin DYPİ-nə, 2 dəfə Bakı şəhəri BPİ-nə, 9 dəfə Suraxanı rayon Məhkəməsinə gedib-gəlmişdir (əvvəl qərardad qəbul edilib iş geri qaytarılmışdır). 15.05.2019-cu il tarixli, TP ******* saylı qərar verilib sistemə yerləşdiriləndən 2 ay sonra avtomobilinə «saxlanılma», 3 ay sonra isə «həbs» qərarı verilmişdir. 2019-cu ilin avqust ayının ortasından sonra avtomobilini idarə edə bilməyərək həyətdə saxlamışdır. Hətta avtomobilini vaxtında texniki baxışdan keçirə bilməmiş, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra keçmişdir. 9 ay ərzində (05.2019- 01.2020) yollarda qalaraq gedib-gəlməkdən, "xxxx" vasitəsilə məktubların və teleqramın göndərilməsinə, telefon danışığına, əvvəl öz avtomobilində (cəmi 15 dəfə), sonra isə ** HT *** dövlət nömrələri avtomobillə (cəmi 27 dəfə) gedib-gəlməyə çəkilən xərclərə görə xeyli miqdarda maddi ziyan çəkmişdir. Mənəvi iztirablara və psixoloji sarsıntıya məruz qalmışdır. 15.08.2019-cu il tarixdə 15.05.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və bağlanmış inzibati iş üzrə icraata xitam verilməsi məqsədilə Muraxanı rayon Məhkəməsinə şikayət vermişdir. Suraxanı rayon Məhkəməsinin 06.09.20019-cu il tarixli, 3(010)-893/2019 saylı qərarı ilə şikayəti qismən təmin edilərək 15.05.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X11 İdarəsinə göndərilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra iddiaçı yenidən Bakı şəhər DYPİ-nin rəisinə müraciət edərək barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun iştirakı ilə obyektiv araşdırılmasını və qanunsuz yazılması təsdiqini taparsa, icraata xitam verilməsini xahiş etmişdir. Lakin yenə də süründürməçiliyə məruz qaldığını görüb eyni məzmunlu müraciətlə daha yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), Daxili İşlər Nazirliyinə şikayət etmişdir. İddiaçını 2020-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri BPİ-nə dəfət etmişlər. Barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun icraatına 16.01.2020-ci il tarixdə xitam verilmişdir. Xitam qərarını rəsmi şəkildə 11.03.2021-ci il tarixdə Bakı şəhər DYPİ-dən 91 saylı poçt şöbəsi vasitəsilə almışdır. Hesab edir ki, Bakı şəhəri BPİ DYPİ-nin əməkdaşlarının qanunsuz hərəktləri nəticəsində iddiaçıya vurulmuş zərər Azərbaycan Respblikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və 29.12.1998-ci il tarixli, 610-İQ nömrəli «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan dövləti tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, 9 ay ərzində Bakı şəhəri BPİ-nə, BPİ-nin BDYPİ-nə və Suraxanı rayon Məhkəməsinə 15 dəfə öz şəxsi avtomobili ilə gedib-gəlmişdir və hər dəfə orta hesabla ancaq yanacaq və sürkü materialı xərci 8-10 manat olmaqla, cəmi 135 manat, 27 dəfə ** HT *** dövlət nömrəli avtomobillə gedib-gəlməyə görə hər dəfə 20 manat ödəməklə, cəmi 540 manat, ümumilikdə 675 manat ziyana düşmüşdür; 9 ay ərzində rabitə (poçt, teleqram, telefon və s.) xərci kimi və bu işlə əlaqədar nümayəndəyə verdiyi etibarnaməyə görə ödədiyi 11,5 manat haqqla birlikdə cəm olaraq təxminən 310 manat ziyana düşmüşdür; avtomobilinin üzərinə həbs qərarı qoyulduğuna görə Qaradağ rayonunun Səngəçal qəsəbəsinə yenidə düzəntdiyi iş yerinə iki ay ərzində (2019-cu ilin avqust ayının ortasından oktyabr ayının ortasınadək) müxtəlif taksi və digər nəqliyyat xidmətlərindən istifadə etdiyinə görə, hər gün üçün orta hesabla təxminən 10 manat olmaq şərtilə 500 manat ziyana düşmüşdür; 9 ay ərzində DİN-nin müvafiq qurumlarının qanunsuzluğuna görə yollarda qaldığına, avtomobilini idarə edə bilməyərək həyətdə saxlayıb piyada hərəkət etdiyinə, iddiaçını tanıyarlar və qonşular arasında barəsində mənfi fikir formalaşdığına görə vurulmuş mənəvi ziyan 9000 manat civarında ödənilməlidir. Göstərilənlərə əsasən barəsində verilmiş 15.05.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edildiyinə, barəsində tərtib edilmiş 30.04.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta protokolu üzrə inzibati xəta haqqında işə xitam verildiyinə görə iddiaçıya dövlət orqanlarının vəzifəsi şəxslərinin günahı üzündən vurulmuş ziyanın, dövlət orqanlarına və məhkəməyə gedib-gəlmək üçün çəkdiyi 675 manat xərcin, hüququnun müdafiəsi üçün etibarnaməyə və rabitədən istifadəyə çəkdiyi 310 manat xərcin, iki ay ərzində Səngəçal qəsəbəsinə təsadüfi keçən yol maşınları keçən yol maşınları və digər nəqliyyatdan istifadə etməklə narahat şəkildə gedib-gəlmək üçün çəkdiyi 500 manat nəqliyyat xərcinin və 9000 manat mənəvi ziyanın, cəmi 10485 manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

5. Cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə yazılı etiraz göndərmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı ərizəsində Suraxanı rayon Məhkəməsinə və digər müvafiq orqanlara gedib-gəldiyi üçün çəkidiyi xərclərə görə 675 manat, həmçinin rabitə, poçt, teleqram və s.xərclər üçün 310 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Eyni zamanda iddiaçı Qaradağ rayonun Səngəçal qəsəbəsinə işə getdiyi zaman müxtəlif nəqliyyat vasitələrindən istifadə etdiyi üçün çəkdiyi xərclərə görə ona 500 manat zərər dəydiyini və bunun əvəzinin ödənilməsini qeyd etmişdir. Lakin iddia ərizəsində qeyd olunan bütün bu xərclərlə bağlı hər hansı təsdiqedici sənədlər, sübutlar təqdim etməmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və s.) konkret növləri göstərilmişdir. Qeyd olunan Qanunda iddiaçının tələb etdiyi xərclərə görə hər hansı kompensasiya nəzərdə tutulmamışdır. İddiaçı həmçinin mənəvi ziyana görə 9000 manat kompensasiya ödənilməsini tələb edir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları onun şərəf və ləyiqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusiəl ağır cinayət törədildikdə – üç yüz manat, ona qarşı ağır cinayət törədildikdə – yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə – əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə – on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildirirlər ki, Azərbaycan Respblikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirliyi hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsas yoxdur. Eyni zamanda «Dövlət büdcəsi» ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamlarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və proğlemlərinin həlli, dövlətin funksiyalarınıni həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin maddələrini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırki iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə qohumdur. Sözügedən hadisə 2019-cu ildə baş vermişdir. Ona demişdir ki, iddiaçının barəsində inzibati xəta haqqında protokol tərtib olunub və maşın sürə bilmir, onu bəzi yerlərə aparmaq lazımdır. O, da razılaşmışdır. Ona etibarnamə də vermişdir, bir çox yerlərə birlikdə gedirdilər və bəzən o, onun əvəzinə məhkəmələrə gedərək təmsil edirdi. 27 dəfə onu müxtəlif polis bölmələrinə, məhkəmələrə aparmışdır. Hər dəfə 20 manat olmaqla 27 dəfə ona bunun üçün ödəniş edib və cəmi 540 manat pul almışdır. Onu hələ dolayısı ilə bu məsələ səbəbindən işdən də çıxarıblar. Yeni iş tapmışdır, ora gedibgələcəkdi, lakin maşını vaxtında texniki baxışdan keçirə bilməmişdi və buna görə də onu yolda polis əməkdaşları saxlamışdılar. İddiaçı da burda vaxt itirərək işə gecikdiyindən onu işdən çıxarmışdılar. Çox əsəb və stres keçirirdi, bununla bağlı sağlamlıq problemləri də yaşayırdı. O, davamlı onun yanında onun sakitləşdirməyə çalışırdı.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş İXP ******* saylı, 30.04.2019-cu il tarixli inzibati xəta haqqında protokolın surətindən görünür ki, 30.04.2019-cu il tarixdə «Mercedes Benz E320 CDİ» minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İddiaçı nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsinə nəzərdə tutulmuş inziöati xəta törətmişdir.

9. İş üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP ******* saylı, 15.05.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İddiaçı 30.04.2019-cu il tarixdə, saat 21.00-da Nobel prospekti ərazisində «Mercedes Benz E320 CDİ» minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin baş şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə Azərbaycan Respublikasının İXM-nin 342.2.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 150 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

10. İş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-893/2019 saylı, 06.09.2019-cu il tarixli qərarına əsasən İddiaçı şikayəti qismən təmin edilmiş, Bakı şəhəri X10 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 15.05.2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilmişdir.

11. İş üzrə İddiaçı Baloğlan oğlu tərəfindən verilmiş və 2 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində rəsmiləşdirilmiş 09.08.2019-cu il tarixli etibarnamənin kserosurətinə əsasən Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında idarə təşkilatlarda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Daxili İşlər Nazirliyində və onun bütün idarə və şöbələrində, polis və prokurorluq orqanlarında onu təmsil etməyi, adından sənədləşmə işlərini aparmağı, ona məxsus sənədləri toplamağı, təqdim etməyi, təhvil almağı, əvəzindən ərizə ilə müraciət etməyi, imza etməyi, həmçinin bu etibarnamənin dublikatını almaq hüququ ilə bu tapşırığın yerinə yetirməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Şahid 08.09.2049-cu il tarixədək etibar edilmişdir. Reyestrdə 7E-11731 nömrəli ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş, 11,5 manat haqq tutulmuşdur.

12. İş üzrə Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 16.01.2020-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, 30.04.2019-cu il tarixdə İddiaçı idarə etdiyi «Mercedes» markalı, **- EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavəsinin tələbini pozduğuna görə barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəticədə İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Araşdırma zamanı İddiaçı yol hərəkəti qaydasını pozmasına dair hər hansı bir videogörüntünün əldə olunmaması və eləcə də bu xətaya yol verməsinin şahidi olmaması səbəbindən bu hal Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən onun barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

13. İş üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı Baloğlan oğluna ünvanlanmış 21.01.2020-ci il tarixli məktubun surətindən görünür ki, 30.04.2019-cu il tarixdə saat 21.00 radələrində Bakı şəhəri, Nobel prospektində idarə etdiyi «Mercedes» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən nəqliyyat vasitəsinin ban şüşələrinə örtük çəkdiyinə görə Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru Məhəmməd Hüseynli tərəfindən dayandırılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, tətbiq edilən inzibati tənbeh növü ilə razılaşmadığından protokol müvafiq qərar qəbul edilməsi üçün DYPİ-yə təqdim olunmuş, İnzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin inspektoru Xeyrulla Cəlilov tərəfindən 15.05.2019-cu il tarixdə inzibati xəta haqqında işə baxılaraq 150 manat cərimə olunması haqda qərar qəbul edilmişdir. İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsi ilə bağlı Suraxanı rayon məhkəməsinə etdiyi şikayətinə 06.09.2019-cu il tarixdə baxılaraq həmin qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün DYPİ-yə göndərilmiş, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olması qənaətinə gəlinərək DYPİ rəisinin 16.01.2020-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Yol verdikləri qəbahətlərə görə aidiyyəti əməkdaşlar ciddi xəbərdar edilmişlər.

14. İş materiallarında olan "xxxx" MMC-nin mədaxil qəbzlərin surətindən görünür ki, İddiaçı 27.06.2019-cu il tarixdə – 1,37 manat, 01.07.2019-cu il tarixdə – 12,45 manat rabitə xərci ödənilmişdir.

15. İş materiallarında olan xəbərnamələrin surətlərindən görünür ki, iddiaçı 18.07.2019-cu il tarixdə Baş X11 İdarəsinin rəisi Ramiz Zeynalova, 15.10.2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş X5, 15.10.2019-cu il tarixdə Bakı şəhər X6, 15.10.2019cu il tarixdə Azərbaycan Respublikasının Prezidentinə, 15.10.2019-cu il tarixdə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə, 16.10.2019-cu il tarixdə Azərbaycan Respublikasının Daxil X9 Eyvazova sifarişli-xəbərnamələri məktubları göndərilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 30.04.2019-cu il tarixdə idarə etdiyi «Mercedes» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavəsinin tələbini pozduğuna görə barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəticədə İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və və barəsində 150 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Araşdırma zamanı İddiaçı yol hərəkəti qaydasını pozmasına dair hər hansı bir videogörüntünün əldə olunmaması və eləcə də bu xətaya yol verməsinin şahidi olmaması səbəbindən bu hal Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən onun barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Məhkəmə İddiaçı qanunsuz olaraq inzibati məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

18. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

19. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.

20. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

21. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

22. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

23. Həmin Qanunun 1-ci maddəsinin 8-ci bəndinə əsasən şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

24. Göstərilən Qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

25. Qeyd edilən Qanunun 5-ci maddəsinə əsasən isə bu Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.

26. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

27. Göstərilən Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

28. «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır.

29. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

30. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

31. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

32. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

33. Konvensiyanın 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafıq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

35. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

36. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

38. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il).

39. Avropa İnsan Hüquqları Məhkəməsi «Kalaşnikov Rusiyaya qarşı» iş üzrə 15 iyul 2002-ci il tarixli qərarda Konvensiyanın 3-cü maddəsinin, 5-ci maddəsinin 3-cü bəndinin və 6-cı maddənin 1-ci bəndinin pozulması faktını müəyyən etməklə yanaşı Konvensiyanın 41ci maddəsinin zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsi müddəasına istinad edərək dəymiş zərər, mənəvi ziyan, məhkəmə xərcləri və digər məsrəflər məsələsini də müzakirə etmişdir.

40. Məhkəmə iddianın hüququnun müdafiəsi üçün etibarnaməyə və rabitədən istifadəyə çəkdiyi 310 manat xərcin tutulması hissəsində qeyd etməyi zəruri hesab edir ki, iddiaçı vurulmuş zərəri 310 manat qiymətləndirsədə bununla bağlı müvafiq sübutları tam təqdim edə bilməmiş, yalnız etibarnamənin alınmasına çəkilmiş 11,50 manat xərci poçt və rabitəyə isə 13,82 manat məbləği sübuta yetirə bilmişdir.

41. Məhkəmə həmçinin iddianın digər hissələri olan iddiaçının dövlət orqanlarına və məhkəməyə gedib-gəlməsi üçün ödənilmiş 675 (altı yüz yetmiş beş) manat və 2 ay ərzində Səngəçal qəsəbəsinə gedib-gəlməsi üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində pulun tutulması hissəsində isə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan məbləğlər ağlabatanlıq rəqəmlər və hesablamlar ilə aparılmış, təqribi göstəricilər hazırki reallığa uyğun olduğundan təmin edilməlidir.

42. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli və dövlət büdcəsi vəsaiti hesabına iddiaçının dövlət orqanlarına və məhkəməyə gedib-gəlməsi üçün ödənilmiş 675 (altı yüz yetmiş beş) manat, hüququnun müdafiəsi üçün etibarnaməyə və rabitədən istifadəsi üçün ödənilmiş 25,32 (12,45+1,37+11,50) (iyirmi beş manat, otuz iki qəpik) manat, 2 ay ərzində Səngəçal qəsəbəsinə gedib-gəlməsi üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində maddi ziyanın əvəzi ödənilməlidir.

43. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının qanunsuz inzibati məsuliyyətə cəlb edilməsi, uzun müddət maşınsız qalması, dəfələrlə məhkəmə çəkişmələrinə məruz qalması nəticəsində ona mənəvi zərər vurulmuşdur.

44. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.

45. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

46. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

48. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

49. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

50. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 900 (doqquz yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir.

51. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə dövlət orqanlarına və məhkəməyə gedib-gəlməsi üçün ödənilmiş 675 (altı yüz yetmiş beş) manat, hüququnun müdafiəsi üçün etibarnaməyə və rabitədən istifadəsi üçün ödənilmiş 25,32 (12,45+1,37+11,50) (iyirmi beş manat otuz iki qəpik) manat, 2 ay ərzində Səngəçal qəsəbəsinə gedib-gəlməsi üçün ödənilmiş 500 (beş yüz) manat məbləğini maddi ziyanın əvəzi, 900 (doqquz yüz) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 2100,32 (iki min yüz manat, otuz iki qəpik) manat məbləğində pul vəsaiti ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

54. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə dövlət orqanlarına və məhkəməyə gedib-gəlməsi üçün ödənilmiş 675 (altı yüz yetmiş beş) manat, hüququnun müdafiəsi üçün etibarnaməyə və rabitədən istifadəsi üçün ödənilmiş 25,32 (iyirmi beş manat otuz iki qəpik) manat, 2 ay ərzində Səngəçal qəsəbəsinə gedib-gəlməsi üçün ödənilmiş 500 (beş yüz) manat maddi ziyanın, 900 (doqquz yüz) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 2100,32 (iki min yüz manat, otuz iki qəpik) manat məbləğində pul vəsaiti ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar