Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-784/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 75.000 manat maddi ziyan, 50.000 manat mənəvi ziyana görə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum övladı X5 xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən metal qəbulu məntəqəsində öldürmüşlər. Cavabdehlər onun övladının öldürülməsində birbaşa təqsirkar və iştirakçıdırlar. Bunlar bu əməli törədərək övladının ölümünə səbəb olmuşlar. Cavabdeh tərəf mərhumun nə dəfnində, nə nişangah üçün el adəti ilə qoyulan baş daşına köməklik etməmişdir. Hal-hazırda təqsirkar həbsdədir. Atası və obyektin sahibi isə nəinki kömək etmir, əksinə onları qıcıqlandırır, təqsirkarın türmədən qurtarılmasına və onun orada yaxşı yaşamasına xidmət edirlər. Halbuki onun min bir əzabla böyüdüb boya başa çatdırdığı övladını həyatdan məhrum etmişlər. Hesab edir ki, mərhum övladının ölümünə görə cavabdehlərin hər biri 25.000 manat olmaqla, 75.000 manat maddi, 50.000 manat mənəvi ziyan cavabdeh tərəflərdən müştərək qaydada alınıb ona verilməlidir. Həmçinin sözügedən obyektdə videokameralar olub, onlar da izlədilib o vaxt. Cavabdeh tərəflər bunların heç birini etmədiyi üçün o, məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında iddia tələbini özünə dair hissədə qəbul etmədi və izahatında bildirdi ki, törədilən hadisə ilə bağlı yekun məhkəmə qərarı qəbul edilərək əməli törətmiş şəxs məsuliyyətə cəlb edilmişdir. Məhkəmədən iddianın ona dair hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh3 nümayəndəsi məhkəməyə iddiaya dair etiraz və mülahizə göndərmiş, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, cavabdeh Sübhan Niftaliyevin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(101)-336/2019 nömrəli hökmü ilə xx xxxxxx 1975-ci il tarixdə Ermənistan SSR Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxxx 2001-ci il tarixli qərarı əsasında barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında tibbi xarakterli məcburi müalicə tətbiq olunmuş, ünvan 2 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış Cavabdeh3 Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanmışdır. Cəza çəkdiyi dövrdə onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmü ilə Cavabdeh3 məhkum edilmişdir ona görə ki, o, xx xxxx 2018-ci il tarixdə saat 15.00 radələrində ünvan 1 ünvanda yerləşən metal qəbulu məntəqəsinə gələrək metalı qəbul edən əvvəllər tanımadığı X6 103 kiloqram dəmirdən olan metal məmulatları təhvil verməklə 15 manat 60 qəpik və həmin gün saat 18.00 radələrində isə 100 kiloqram dəmirdən olan metal məmulatları təhvil verməklə 15 manat məbləğində pulu təhvil verdiyi dəmir məmulatlarının hər kiloqramına görə 15 qəpikdən hesablanmaqla sonuncudan pulu aldıqdan sonra, həmin gün saat 20:00 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətində yenidən həmin metal qəbulu məntəqəsinə qayıdaraq, məntəqənin rəhbəri X7 tərəfindən dəmir məmulatlarının 1 kiloqramının ondan 20 qəpikdən hesablanmaqla qəbul edilməsindən Qafar Hüseynovun məlumatının olmamasına baxmayaraq, sonuncudan həmin gün təhvil verdiyi dəmir məmulatlarının 20 qəpikdən hesablanıb, ona əlavə 10 manat verilməsini tələb edərək, həmin pulu ala bilmədiyindən Qafar Hüseynovu nalayiq ifadələrlə təhqir edərək mübahisə yaratmış, kənar şəxslər onları araladıqlarından sonra, pulun verilmədiyini bəhanə edib heç bir əsaslı səbəb olmadan Qafar Hüseynovu qəsdən öldürmək qərarına gələrək, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoymaqla qəsdən adam öldürmək məqsədi ilə şalvarının cibindən soyuq hesab edilməyən bıçağı çıxararaq, Qafar Hüseynovu qəsdən həyatdan məhrum etmək niyyəti ilə məntəqədən çıxıb üzərinə gəlməsini təmin etmək üçün sonuncunu söyüb təhqir etmiş, Qafar Hüseynov həmin məntəqədən çıxaraq üzərinə gəlib ona əlindəki metal boru ilə başının sağ təpə alın nahiyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirdiyi anda, məntəqənin qarşısında sağ əlində saxladığı bıçaqla Qafar Hüseynovun sinə nahiyəsindən zərbə endirməklə sonuncunun ölümünə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək və ürəyin zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirərək Qafar Hüseynovu xuliqanlıq niyyəti ilə qəsdən vuraraq həyatdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 1(103)-486/2019 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişiklik edilmədən saxlanılmış, məhkum Cavabdeh3 müdafiəçisi A.A.Bağırov tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Cavabdeh3 müdafiəçisi X9 verdiyi kassasiya şikayətində xahiş etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və əməlinin düzgün tövsif edilməsi barədə qərar qəbul edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxxx 2019cu il tarixli 1(102)-1311/2019 saylı qərarı ilə məhkum Cavabdeh3 müdafiəçisi X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli məhkum Cavabdeh3 haqqındakı qərarı dəyişdirmiş, məhkum Cavabdeh3 Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilmiş və ona 13 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Qərar qalan hissədə dəyişdirilməmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, övladının qətlə yetirilməsi ilə bağlı İddiaçı maddi və mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.3). Mülki Məcəllənin 1127-ci maddəsinə əsasən zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. İş materiallarına əlavə olunmuş aktdan və işin faktiki hallarından göründüyü kimi, qəbir daşının qoyulmasına 5.000 manat vəsait sərf etmiş, bundan başqa dəfn və yas mərasimlərinin təşkili (ərzaq məhsullarının alınması və s.), paytaxtdan rayona, rayondan paytaxta gedib-gəlmək üçün yol xərci sərf olunmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alıb, iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalanan normalarına əsasən İddiaçı oğlu X3 ölümü nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhz Cavabdeh3 qarşı məhkəməyə müraciət etmək hüququ olmuşdur. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə bu cür hallarda iddiaçının çəkdiyi real xərcləri, həmçinin tutulacaq məbləğin ağlabatanlığını, bundan başqa cavabdehin qeyd olunan məbləği ödəmək iqtidarında olubolmamasını nəzərə alır. Məhkəmə cavabdeh və onun ailə üzvləri tərəfindən iddiaçıya hər hansı maddi və mənəvi dəstək olunmadığını, dəfn və yas mərasimlərinin təşkili, qəbir üstünün götürülməsi və qəbir (baş) daşının qoyulmasına yalnız iddiaçının xərc çəkməsini nəzərə alaraq, hesab edir ki, vurulmuş maddi ziyanın ödənilməsi hissəsində iddia qismən təmin edilərək, Cavabdeh3 İddiaçı xeyrinə vurulmuş maddi zərərə görə 10.000 (on min) manat tutulmalıdır. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, övladının qətlə yetirilməsi iddiaçıda yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Məhkəmə hesab edir ki, övladının qətlə yetirilməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və oğlunun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında məhkəmələrə bir sıra tövsiyələr verilmişdir. Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik normalarını və tövsiyələri nəzərə alaraq hesab edir ki, vurulmuş mənəvi ziyanın ödənilməsinə dair hissədə iddia qismən təmin edilməli, Cavabdeh3 İddiaçı xeyrinə vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 10.000 manat, vurulmuş mənəvi zərərə görə 5.000 manat pul Cavabdeh3 tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, digər cavabdehlər yuxarıda qeyd olunan cinayət işi üzrə şahid qismində cəlb edilmişlər və iddiaçının övladının qətlə yetirilməsi işi üzrə cinayət məsuliyyətləri yoxdur. Bu səbəbdən, həmin şəxslərə münasibətdə iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 10.000 manat, vurulmuş mənəvi zərərə görə 5.000 manat pul Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-784/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-784/2021
31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver