Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-785/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil Bəhram oğlunun, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyərini ödəməklə almaq istədiyi və hazırkı iş üzrə cavabdeh olan "xxxx" ASC ilə razılaşdığı 0,03 ha. torpaq sahəsinin öz adına sənədləşdirməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, əks təqdirdə onun cavabdeh "Azər-Türk Bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzindəki hesabına ödədiyi 6000 manat pulun, həmin pulun ödənilməsi üçün "Kapital Bank” ASCdən aldığı kreditin bağlanması və həmin kreditin alınması kredit faizləri, nəqliyyat və s. xərclərlə birlikdə 2500 manat əlavə pulun, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, pul vəsaitindən uzun müddət mərhum olmağı (real zərər), habelə hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərlə (əldən çıxmış fayda) birgə daha 3500 manat ziyanın, bundan başqa mənəvi və fiziki iztirablara məruz qalmaqla psixoloji sarsıntı keçirməyi ilə bağlı ona dəymiş mənəvi zərərin dəyəri olaraq hesabladığı 3000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun əvəzinin, cəmi 15135 (on beş min bir yüz otuz beş) manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2003-cü ildən ailəsi ilə birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsində kirayədə yaşamışdır. Fəhləlik etməklə 5 nəfərdən ibarət ailəsini dolandırırdı. 2007-ci ilin əvvəllərində Abşeron rayonu Digah kənd sakini X5 ilə tanış olmuşdur. Gülrza ona birlikdə təsərrüfat yaratmağı təklif etdi. İddiaçının kirayədə yaşadığını biləndə dedi: “mən sənə 1 otaqlı ev və 0.03 ha. torpaq sahəsi verəcəm”. Həmin vaxt Gülrzanın 1.6 ha torpaq sahəsi var idi. Onlar ərazidə bir neçə tikinti işləri apardılar. O, 9x18 m. ölçüdə plastik qapı-pəncərə sexi tikmişdi. Sonra Gülrza fikrini dəyişdi, həmin tikilidə iribuynuzlu mal-qara, qoyun-quzu saxlamaq qərarına gəldi. Tikintinin bütün işləri iddiaçının əməyi hesabına başa gəldi. 2007-ci ilin mart-aprel aylarında onlar birlikdə bazardan xeyli miqdarda iri və xırdabuynuzlu heyvan almış və 3,5 ha torpaq sahəsində taxıl əkmişdir. Gördüyü tikinti işlərinin aparılmasına, mal-qaranın saxlanılmasına taxılın becərilməsinə görə X5 ona heç bir haqq ödəmədi. Təxminən 2007ci ilin noyabr ayında X1 iddiaçıya 7200 (yeddi min iki yüz) manata yaxın pul borcu yaranmışdı. Həmin pulun müqabilində Gülrza 3 sot torpaq sahəsini və üzərindəki bir otağı ona verdi. İddiaçı sonradan həmin otağın ətrafında 2 otaq da tikib, üstünü örtmüş və bu işlərin görülməsi üçün 4000 (dörd min) manatadək pul vəsaiti xərcləmişdi. 2012-ci ilin sentyabr ayının axırlarında Gülrza ona bildirdi ki, torpağı başqasına satıb. Ona görə də evdən çıxmalıdır. İddiaçı Gülrzaya etiraz etmiş, ona borclu olduğu pulu və çəkmiş olduğu xərci tələb etdi. X7 Rayon Məhkəməsində ona qarşı “Qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən və tikililərdən çıxarılma tələbinə dair” iddia qaldırdı və tələbinin təmin edilməsinə nail oldu. Sonradan həmin torpaq sahələri hazırkı iş üzrə cavabdeh "Azər-Türk Bank“ ASC-nin mülkiyyətinə keçdi. X3 torpaq adığı 18-19 nəfər adamın demək olar ki, hamısı Gülrzadan pullarını alaraq sotu 2000 manatdan Cavabdeh ASC-yə ödəyərək, torpaq sahələrini özlərində saxlasalar da, o, Gülrzadan haqqını ala bilmədiyindən, pul əldə etməyi müəyyən müddət vaxt tələb etdiyindən bir az gecikdi. Nəhayət iddiaçı 2 sot torpaq sahəsi almaqdan ötrü xx.xx.2022-ci il tarixdə “Kapital Bank" ASC-dən faizi ilə birlikdə 4750 manat kredit götürərək 4000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə "Azər-Türk Bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzindəki AZ32AZRT********************1 nömrəli hesabına ödəmişdir. "xxxx" ASC-nin əməkdaşı Zaur adlı şəxs bankın Habil adlı şəxsin adından ən azı 3 sot torpaq almaq lazım gəldiyini və buna görə də 6000 manat ödəmək gərək olduğunu bildirdi. İddiaçı məcbur olub daha artıq faizlə kredit altına girməli olmuşdur. xx.xx.2022-ci il tarixdə "Kapital Bank” ASC-dən 6050 manat kredit almış və xx.xx.2022-ci daha 2000 manat məbləğində pulu Cavabdeh ASC-nin Müştəri Xidmətləri Mərkəzindəki AZ32AZRT********************1 nömrəli hesabına ödəmişdir. X14 və Habil adlı əməkdaşları ona öz torpağını deyil, bir az kənarda torpaq sahəsi verəcəklərini bildirəndə o, əlacsız qalaraq razılaşmışdır. İndi isə onlar iddiaçıya həmin yeri başqa adama verdiklərini deyərək, torpağı verməkdən imtina edirlər və ödədiyi pulu geri almağını təklif edirlər. İddiaçı əlbəttə bu təkliflə razılaşmadı və Cavabdeh ASC-nin rəhbərliyinə ərizə ilə müraciət edərək, dəyərini ödəməklə almaq istədiyi 3 sot torpaq sahəsinin öz adına sənədləşdirməsini, əks təqdirdə Cavabdeh ASC-nin Müştəri Xidmətləri Mərkəzindəki hesabına ödədiyi 6000 manat pulu, “Kapital Bank" ASC-dən aldığı kreditin faizləri, nəqliyyat və s. xərclərlə birlikdə 2500 manat əlavə pulun, bundan əlavə pozulmuş hüququnun bərpası uçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, pul vəsaitindən uzun müddət mərhum olmağı (real zərər), habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərlə (əldən çıxmış fayda) birgə daha 3500 manat ziyanın, mənəvi və fiziki iztirablara məruz qalmaqla psixoloji sarsıntı keçirməyi ilə bağlı olaraq dəyərləndirdiyi 3000 manat məbləğində pulun ona ödənilməsini tələb etmişdir. Lakin ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab almadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Vəkil Bəhram oğlu iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. İddiaçı izahatında bildirmişdir ki, hazırda bankın mülkiyyətində olan torpaq sahəsini Gülrzadan alıb orda tikinti aparmış idi, sonradan o tikinti söküldü, o banka müraciət edərək məhz həmin yerdəki torpağın ona satılmasını xahiş etdi, lakin bankdan ona bildirdilər ki, məhz həmin yerdəki torpağı ona sata bilmirlər, ona torpağın başqa-dərə olan yerində torpaq təklif etdilər, o istəmədi, sonda isə bank ona dedi ki, 3 sot torpaq yox, ona istədiyi yerdən, yəni yolun kənarında 4 sot torpaq sata bilərlər, onun isə 4 sot torpaq almağa pulu olmadığı üçün razılaşma baş tutmadı. Danışıqlar dövründə gedib başqa bankdan pul götürüb, həmin pula görə faizlər ödəyib, ona zərər dəyib. Hazırda bank hesabında olan pulunu da gedib götürüb. Hazırda ona təklif edilən 4 sot torpaq sahəsini istəmir, tələbi ona dəymiş zərərin ödənilməsidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında "xxxx" ASC-nin mülkiyyətində olan torpağın satışı ilə bağlı müəyyən danışıqlar aparılmış, lakin razılıq əldə olunmamışdır. İddiaçının tələb etdiyi 6000 manatı iddiaçı öz adına hesab açaraq orada yerləşdirmiş, həmin məbləğ banka ödənilməmişdir, həmçinin iddia digər hissələrdə də əsassızdır, odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Hazırda onlar iddiaçıya torpaq sahəsi təklif etsələr də, iddiaçı özü həmin torpaq sahəsindən imtina etmişdir və bank hesabındakı pulunu da götürmüşdür. İş materialları: Hesabdan çıxarışlardan görünür ki, "xxxx" ASC-nin Şuşa filialında İddiaçı adına xx.xx.2022-ci il tarixdə 4750 manat, xx.xx.2022-ci il tarixdə isə 6050 manat məbləğində kredit rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixli GTKR4725257A116 saylı kredit müqaviləsinə əlavə -ödəniş qrafikindən görünür ki, kredit alan İddiaçı, kreditin məbləği 4750 manat, illik faiz dərəcəsi 18, müddəti 48 aydır. xx.xx.2022-ci il tarixli GTKR6052844A116 saylı kredit müqaviləsinə əlavə -ödəniş qrafikindən görünür ki, kredit alan İddiaçı, kreditin məbləği 6050 manat, illik faiz dərəcəsi 23, müddəti 48 aydır. Cavabdeh ASC-nin Müştəri Xidmətləri Mərkəzi müştərinin bank rekvizitləri çıxarışından görünür ki, İddiaçı adına hesab mövcuddur. xx.xx.2022-ci il tarixli FJB**********275 nömrəli qəbzdən görünür ki, İddiaçı hesabına 4000 manat məbləğində pul mədaxil etmişdir. xx.xx.2022-ci il tarixli FJB**********590 nömrəli qəbzdən görünür ki, İddiaçı hesabına 2000 manat məbləğində pul mədaxil etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı adına Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzində xx.xx.2022-ci il tarixində AZ32AZRT******************** saylı cari AZN hesabı açılmışdır. Müştəri tərəfindən xx.xx.2022-ci il tarixində 4000 (dörd min) manat və xx.xx.2022-ci il tarixində 2000 (iki min) manat məbləğində pul vəsaiti qeyd ediilən hesaba “hesaba mədaxil” təyinatı üzrə daxil edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(012)-68/2013 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı X5 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı qanunsuz tikililərinin sökülməsi, torpaq sahəsindən və tikilidən çıxarılma barədə ilk, qarşılıqlı iddia üzrə İddiaçı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə ilk iddianın təmin edilməsi, cavabdeh İddiaçı və ailə üzvlərinin X2 məxsus olan torpaq sahəsindən və onun üzərində yardımçı təsərrüfat üçün tikilmiş tikilidən çıxarılması və həmin torpaqda tikdiyi qeyri-qanuni tikililərin onun hesabına sökülərək həmin ərazidən uzaqlaşdırılması, ilk iddia üzrə ödənilmiş 3 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(105)-1251/2013 saylı qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin hazırki iş üzrə 21 iyun 2013-cü il tarixli qətnaməsi ilkin iddia tələbinin İddiaçı ailə üzvlərinin X2 məxsus olan torpaq sahəsindən və onun üzərində yardımçı təsərrüfat üçün tikilmiş tikilidən çıxarılması hissəsində ləğv edilmiş və həmin hissədə ilkin iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,119 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,0446 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş X11 ifadəsində göstərdi ki, İddiaçı daha əvvəllər onun istifadəsində olmuş, sonradan isə bankın mülkiyyətinə keçmiş torpaqdan müəyyən hissə almaq üçün müraciət etmiş, lakin aralarında razılıq əldə edilməmişdir. Çünki iddiaçının tələb etdiyi sahənin ona satılması mümkün olmamış, həmçinin bankın təklif etdiyi sahəni isə İddiaçı istəməmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinin müddəalarına əsasən mülki hüquq münasibətləri mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri üzərində qurulmuşdur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının: 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Kоnvensiya”nın və Avrоpa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında оna mənsub оlan qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pоzulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, оna qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb оlması, iztirab keçirməsi dedikdə isə оnun sağlamlığının pоzulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq оlaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizlıklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın: 160-1-ci bəndinin 2-ci abzasına əsasən daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş üzrə müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,0446 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdən, 0,119 ha torpaq sahəsi isə xx.xx.2021-ci il tarixdən cavabdehə məxsusdur. İddiaçı tələbini cavabdehə məxsus torpaq sahəsindən 2 sotunu almaqdan ötrü xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən faizi ilə birlikdə 4750 manat kredit götürərək 4000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-nin Müştəri Xidmətləri Mərkəzindəki AZ32AZRT********************1 nömrəli hesabına ödəməsi, Cavabdeh ASCnin əməkdaşı Zaur adlı şəxsin ən azı 3 sot torpaq almaq lazım gəldiyini və buna görə də 6000 manat ödəmək gərək olduğunu bildirdiyi üçün məcbur olub xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 6050 manat kredit alması və xx.xx.2022-ci daha 2000 manat məbləğində pulu Cavabdeh ASC-nin Müştəri Xidmətləri Mərkəzindəki AZ32AZRT********************1 nömrəli hesabına ödəməsinə baxmayaraq cavabdеhin işçilərinin torpağı verməkdən imtina etmələri ilə əsaslandırsa da, məhkəmə araşdırması zamanı tərəflər arasında razılaşmanın baş tutmamasında sonuncu məqamın İddiaçı bankın təklifi ilə razılaşmamasından irəli gəldiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçının aralarında müqavilə olmayan cavabdеhə hər hansı məbləğdə pul ödəmək öhdəliyinin əmələ gəlmədiyini, еləcə də bir tərəfin daşınmaz əşyaya mülkiyyət hüquqlarını digər tərəfə vermək barədə öhdəlik götürdüyü müqavilənin notariat qaydasında təsdiqlənməli оlduğunu və bu zaman pul vəsaitini tərəflərdən birinin digərinə verməsinin yalnız notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməli оlduğunu nəzərə alaraq, qeyd edir ki, ümumiyyətlə Cavabdeh ASC-nin yanaşı yоxlanılmış xx.xx.2024-cü il tarixli məktubu ilə pul vəsaitinin bankın hеsabına dеyil, iddiaçının Cavabdeh ASC-də açılmış öz hesabına daxil edildiyi aydın olmuşdur. İşin faktiki halları və iş üzrə sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının "xxxx" ASC ilə kredit münasibətlərinə girməsi onun öz iradəsi ilə icra etdiyi hərəkət olmuşdur, tərəflər arasında danışıqların müsbət nəticə verməməsinə səbəb- nəticə etibarilə cavabdeh bankın torpaq sahəsinin yeri və sahəsi ilə bağlı təklifini iddiaçının özünün qəbul etməməsi işin müəyyən edilmiş halıdır. Cavabdеhin hərəkətləri nəticəsində iddiaçıya iddia tələbində göstərilən maddi ziyanın vurulması, cavabdеhin оnun barəsində, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum оlmasına səbəb оlacaq hərəkət və ya hərəkətsizlik еtməsi, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması (iddiaçıya mənəvi zərər vurulması) öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, işgüzar adətlərdə tərəflər arasında hər hansı müqavilə münasibətinin bərqərar olması üçün uzun və ya qısa müddətli danışıqların aparılması yolverilən haldır. Hazırki mübahisədə tərəflər arasında münasibətlər cavabdehin mülkiyyətində olan torpaq sahəsinin iddiaçı tərəfindən satın alınması ilə bağlı razılaşdırılmaların aparılmasından ibarət olmuşdur. Lakin tərəflər arasında razılaşmalar baş tutmamışdır, məhkəmə araşdırması zamanı bu razılaşmanın birmənalı şəkildə cavabdehin təqsiri ucbatından baş tutmaması sübuta yetməmişdir. Belə ki, hətta məhkəmə iclasında da cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi təklif edilmiş, lakin iddiaçı artıq bu məsələnin onun üçün əhəmiyyətini itirdiyini bildirərək, yalnız ona dəymiş zərərin ödənilməsini tələb etmişdir. İddiaçı tələbinin əsasında həmçinin əsassız varlanma ilə bağlı məqamları irəli sürmüşdür ki, məhkəmə tərəfindən cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması müəyyən edilmədiyi kimi, həmçinin cavabdehin iddiaçının hesabına əsassız varlanması halı da müəyyən edilməmişdir. İddia tələbinin 6000 manat pulun iddiaçıya geri qaytarılması ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması müddətində iddiaçı həmin vəsaiti cavabdeh bankda öz adına olan hesabından sərbəst şəkildə çıxarmışdır. İddiaçının cavabdehin təqsiri üzündən kredit götürməsi və bu səbəbdən qeyd edilən kreditin və ona hesablanmış faizlərin ödənilməsi ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, bu, iddiaçının öz sərbəst iradəsinə əsasən "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında baş vermişdir və hazırkı mübahisədə cavabdehin qanunsuz hərəkəti sübuta yetirilmədiyindən iddiaçının "xxxx" ASC-yə kredit borcunun və ondan irəli gələn faizlərin cavabdeh tərəfindən ödənilməsi tələbi təmin edilə bilməz. Bundan başqa, iddiaçının nəqliyyat və s. əlavə xərclər ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, sadalanan halların cavabdehdən tələb edilməsinin təmin olunması üçün iki hal – qeyd edilən xərclərin olması və həmin xərclərin cavabdehin təqsiri səbəbindən baş verməsi sübuta yetirilməli idi ki, hazırkı halda iddiaçı tərəfindən qeyd edilən xərclərin çəkilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, həmçinin, cavabdehin hansısa qanunsuz hərəkəti sübuta yetirilməmişdir. Tələbin əldən çıxmış fayda hissəsində qeyd edilməlidir ki, əldən çıxmış fayda mahiyyət etibarilə özgəsinin qanunsuz sahibliyindən yaranmaqla, özlüyündə hüquq pozuntusunun nəticəsidir və zərər anlayışına daxildir, eyni zamanda, hansı məbləğdə olması sübut edilməli olan haldır. Belə ki, hazırkı halda cavabdehin hər hansı əmlaka qanunsuz sahibliyindən söhbət gedə bilməz. Tələbin mənəvi zərər ilə bağlı olan hissəsində, həmçinin, qeyd edilməlidir ki, artıq yuxarıda göstərildiyi kimi, zərər anlayışı, qanunsuz hərəkətin və hüquq pozuntusunun nəticəsi olaraq çıxış etdiyindən ilk öncə bu halın cavabdehin iddiaçının hüquqlarının pozması əsasında baş verməsi sübuta yetirilməli idi. Həmçinin, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutula bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-785/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-785/2024
15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver