Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-802/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 300 manat maddi ziyanın, 300 manat mənəvi zərərin və dövlət rüsumu kimi tərəfindən ödənilmiş 30 manatın, ümumilikdə 630 manatın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il dekabr ayında sifariş olunmuş və Cavabdeh MMC şirkətinin uğurla Amerika anbarına daxil olmuş 3 məhsul, 2023-cü il yanvar ayında sifariş verdiyi 1 məhsul, qeyd etdiyi şirkət tərəfindən, üzərisinə götürülən öhdəliklərə baxmayaraq, hələ də ona çaldırılmamışdır. Şirkətə dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir çıxış yolu göstərilməmiş, və bundan savayı, ona dəfələrlə fərqli çatdırılma tarixi deyilərək, yalnış məlumat verilmişdir. Onun bu şirkətdə olan müştəri kodu 324798. İşin faktiki hallarına əsasən hesab edir ki, 2022-ci il dekabr, 2023-cü il yanvar ayı tarixində onun qarşısında müqavilə öhdəliyini yerinə yetirərkən ona vurduqları maddi və mənəvi ziyana görə Cavabdeh MMC 300 manat maddi ziyana görə, 300 manat isə mənəvi ziyana görə pul vəsaiti tutularaq ona ödənilməlidir. Cavabdeh 2022-ci il dekabr, 2023-cü il yanvar ayı tarixində onun qarşısında müqavilə öhdəliklərini yerinə yetirdiyi zaman (sifariş olunmuş malın çatdırılması) ona zərər vurub (sifariş olunmuş malın qeyd olunmuş vaxtda çatdırılmaması). Mülki qanunvericiliyin tələbinə görə cavabdeh həmin zərəri ödəməyə borcludur. Cavabdeh hazırda məhkəmədən kənar qaydada zərərin ödənilməsindən yayınır. Belə olan halda ona dəymiş zərəri məhkəmə qaydasında tələb edir. Həmin zərər vurma nəticəsində ona dəymiş maddi ziyanı 300 manat vəsait kimi qiymətləndirir. Qeyd etmişdir ki, qeyd olunan zərər vurma nəticəsində həmçinin mənəvi iztirablar çəkmişdir. Bunun nəticəsində də ona mənəvi zərər dəymişdir. Ona dəymiş mənəvi ziyanı 300 manat vəsait kimi qiymətləndirir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Amazon.com onlayn mağazasının Sifariş məlumatlarından görünür ki, ilkin 19.99 ABŞ dolları son qiymət 14.99 ABŞ dolları dəyərində sifariş edilmiş “X6 Dryer”, ona xx.xx.2022-ci il tarixdə göndərilmiş, göndərilmə ünvanı Murad Talibov 601 Cornell DRİVE STE G11, s324798 MVR, Wilmington, Delaware 19801 United States göstərilmişdir. İş materiallarında olan Amazon.com onlayn mağazasının Sifariş məlumatlarından görünür ki, 29.99 ABŞ dolları dəyərində sifariş edilmiş “GECKO Kalimba 17 X7 with X2, Tune Hammer and Study İnstruction, X4 Finger Piano, Meditation Sound, Gift for X5 Professional”, ona xx.xx.2023-cü il tarixdə göndərilmiş, göndərilmə ünvanı Murad Talibov 601 Cornell DRİVE STE G11, s324798 MVR, Wilmington, Delaware 19801 United States göstərilmişdir. İş materiallarında olan Amazon.com onlayn mağazasının Sifariş məlumatlarından görünür ki, 49.99 ABŞ dolları dəyərində sifariş edilmiş “X3 Audlgy Fx V2 Upgradable Hires PCİ-e Sound Card with 5.1 Discrete and Virtual Surround, Scout Mode, SmartComms Kit for PC”, ona xx.xx.2022-ci il tarixdə göndərilmiş, göndərilmə ünvanı Murad Talibov 601 Cornell DRİVE STE G11, s324798 MVR, Wilmington, Delaware 19801 United States göstərilmişdir. İş materiallarında olan Amazon.com onlayn mağazasının Sifariş məlumatlarından görünür ki, 43.99 ABŞ dolları dəyərində sifariş edilmiş “GECKO Kalimba 17 X8 with X2, Tune Hammer and Study İnstruction, X4 Finger Piano, Meditation Sound, Gift for X5 Professional”, ona xx.xx.2022-ci il tarixdə göndərilmiş, göndərilmə ünvanı Murad Talibov 601 Cornell DRİVE STE G11, s324798 MVR, Wilmington, Delaware 19801 United States göstərilmişdir. İş materiallarından görünür ki, sifariş edilmiş məhsulu daşıyan şirkət kimi Mover.AZ qeyd edilmişdir. İş materiallarından görünür ki, məhsulların çatdırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixində 12.75 manat, xx.xx.2022-ci il tarixində 7.65 manat, xx.xx.2022-ci il tarixində 12.75 manat və xx.xx.2023-cü il tarixində 12.75 manat cəmi 45.9 manat Mover tərəfindən çıxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, çoxsaylı istehlakçı müraciətlərini nəzərə alaraq, “Mover" MMC-nin direktoru Arif Şəmistanlı xx.xx.2023-cü il tarixdə Dövlət Xidmətinin inzibati binasında qəbul edilərək dinlənilmiş, eyni zamanda yaxın günlərdə bütün vətəndaşların bağlamalarının çatdırılacağı barədə verdiyi şifahi məlumat nəzərə alınmışdır. Sonradan Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2022-ci il tarixdən etibarən şirkətin X1 yerləşən anbarının fəaliyyətinin dayandırıldığı, xx.xx.2023-cü il tarixinədək bağlamaların Azərbaycan Respublikasına çatdırılacağı bildirilsə də, öhdəliyə əməl edilməmişdir. Şirkət tərəfindən bağlamaların öncədən bəyan edilən müddətdə çatdırılmadığından işin keyfiyyətsiz yerinə yetirilməsi halı mövcud olduğu müəyyən edilmiş və Cavabdeh MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan protokol baxılması üçün xx.xx.2023-cü il tarixli 3-21-1/2- 4702/2023 nömrəli məktubla Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda, “Mover" MMC-nin əməlinə hüquqi qiymət verilməsi üçün Dövlət Xidmətinə daxil olmuş çoxsaylı istehlakçı müraciətləri xx.xx.2023-cü il tarixli 3-21-1/2-5825/2023 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçıların qanunverciliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Qeyd olunanlara əsasən, maddi və mənəvi zərər tələbi ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilərsiniz. “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığınız halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Amazon.com onlayn mağazasından ümumi dəyəri 138.96 ABŞ dolları (14.99+29.99+49.99+43.99), manat ekvivalentində 236.17 manat dəyərində məhsul sifariş etmiş, Mover.az saytı vasitəsi ilə onun çatdırılması barədə cəmi 45.9 (12.75 + 7.65 + 12.75 + 12.75=45.9) manat müqabilində razılığa gəlmişlər. Lakin, hazıradək mal sifarişçiyə təhvil verilməmişdir. Hazırda isə iddiaçı mənəvi ziyanı və maddi ziyanın əvəzini cavabdehdən tələb edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, onun sifariş etdiyi mal cavabdehin ona təqdim etdiyi ünvana çatdırılmış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Mover.az saytı tərəfindən müştərilərə onlayn olaraq http://web.archive.org/web/**********3453/https://www.mover.az/az/post/13 internet səhifəsi vasitəsi ilə elan edilmiş “Daşıma şərtləri” ilə ilə tanış olduqda, “Malların daşınması xidmətinə dair şərtlər toplusu”-nun 12-ci bəndində sifariş edilmiş bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (Avia reyslərin gecikməsi, Gömrük nəzarət yoxlamaları və s ) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və belə bir hal sifarişdən imtina üçün əsas sayıla bilməz şərtinin qeyd olunduğu müəyyən edilmişdir. Qeyd olunan şərt iddiaçının diqqətinə çatdırıldlqda, bu şərtlə tanış olduğunu və bununla bağlı məhsulun çatdırılmasında yubanmaların səbəbi barədə “Daşıyıcı”ya yazılı olaraq bir neçə dəfə müraciət etdiyini bildirdi. Göründüyü kimi, “Daşıyıcı” tərəfindən götürülmüş öhdəliyin icra edilməməsi səbəbləri “Malların daşınması xidmətinə dair şərtlər toplusu”nun 12-ci bəndində göstərilmiş şərtlə bağlı ola bilməz. Gecikdirilmənin səbəbi kimi “Daşıyıcı” aviareyslərlə bağlı olduğunu bildirsə də, uzun müddət ərzində aviareyslərin gecikməsi ağlabatan və inandırıcı görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə daşınmaya qəbul edilmiş məhsullar 3 aydan artıq müddət keçməsinə baxmayaraq iddiaçıya çatdırılmamışdır. Bu halda məhkəmə hesab edir ki, həmin mal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.1-ci maddəsinə əsasən itirilmiş hesab edildiyindən onun tam dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə vurulmuş maddi ziyanın məbləğinə münasibətdə qeyd edir ki, məhsulların dəyəri və çatdırılma xidməti üçün çıxılmış məbləğ 138.96 ABŞ dolları (236.17 manat) +45.9 manat = 282.07 manat təşkil etdiyindən, iddia tələbinin vurulmuş maddi ziyan hissəsi qismən təmin edilməklə 282.07 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “vurulmuş 300 manat mənəvi zərərin əvəzinin ödənilməsi”nə münasibətdə qeyd edir ki, həmin hissə də iddia əsassız olmaqla təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki halda iddiaçı mənəvi zərərin nədə ifadə edilməsini əsaslandırmamaqla eyni zamandan məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumui cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 282.07 manat vurulmuş maddi ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 282.07 manat vurulmuş maddi ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-802/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-802/2024
15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver