Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-803/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.100 manat məbləğində yaranmış borc və ödənilmiş 61 manat dövlət rüsumunun əvəzinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh fərdi sahibkar kimi işlədiyi «Nizami Mall» ticarət mərkəzinin mühasibatlıq işini yerinə yetirilməsi üçün ona müraciət etmiş və 2022-ci ilin mart ayından oktyabr ayının 5-nə qədər 7 ay müddətində «Nizami Mall» Ticarət Mərkəzinin mühasibatlıq işlərini yerinə yetirmişdir. Lakin cavabdeh ona 7 ay müddətində hər hansı ödəniş etməmiş, minimum aylıq əmək haqqına uyğun olaraq ona 2.100 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə birgə işlədiyi müddətdə cavabdeh ondan borc olaraq qaytarmaq şərti ilə 2.100 manat məbləğində borc istəmiş və qısa müddətdə qaytaracağını vəd etmişdir. Lakin sonradan 100 manatı qaytarmış və 2.000 manat borc olaraq götürdüyü məbləği və aylıq məvacibi kimi ödəməli olduğu 2.100 manatı ödəməkdən müxtəif bəhanələrlə yayınmağa başlamışdır. Bundan sonra o, cavabdehin hərəkətləri barədə Bakı şəhəri Baş Polis İdarəsinə müraciət edərək, cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Cavabdeh polis idarəsində verdiyi izahatında ondan 2.000 manat borc aldığını etiraf etmiş və hissə-hissə qaytaracağına söz vermişdir. Eyni zamanda da, onun 7 ay müddətində «Nizami Mall» Ticarət Mərkəsinin mühasibatlıq işlərini yerinə yetirməsini etiraf etmişdir. Mübahisənin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. O da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Cavabdeh 4.100 manat məbləğində yaranmış borc və ödənilmiş 61 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh öncəki iclaslarda və hazırki məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçıdan 2.100 manat məbləğində borc pul götürmüşdür. Həmin borcundan iddiaçıya 100 manat qaytarmışdır. Hal-hazırda iddiaçıya 2.000 manat borcu vardır. O, dəfələrlə iddiaçıya bildirmişdir ki, ona öz adına olan kart nömrəsi versin, o, sonuncuya olan borcunu həmin kart vasitəsilə qaytarsın. O, borcunu ona görə kart vasitəsilə qaytarmaq istəyir ki, sonra borcu qaytarmaq barədə əlində sübut olsun. Bütün bunlara baxmayaraq, iddiaçı hər dəfə bir bəhanə gətirərək, ona öz adına olan kart nömrəsi verməmişdir. İddiaçı bir dəfə başqa şəxsin adına olan kart vermişdir ki, bu karta göndərsin. Lakin o, göndərməmişdir. İddiaçıya olan borcunu hissə-hissə ödəməyə hazırdır. İddia ərizəsini digər hissədə qəbul etmir. İddiaçı mühasibatlıq işlərində ona yalnız köməklik etmişdir. Əgər iddiaçı mühasibatlıq işlərini pul qarşılığında görmüş olsaydı, onda o, iddiaçı ilə xidmət müqaviləsi bağlamalı idi. İddiaçı ilə aralarında heç bir müqavilə olmamışdır. İddiaçının gördüyü bütün işlər təmənnasız olmuşdur. İddiaçı ona 2022-ci ilin mart ayından oktyabr ayınadək köməklik göstərmişdir. Onun iddiaçıya mühasibatlıq işlərini gördüyü üçün borcu yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İddiaçı 2022-ci ilin mart ayının 01-dən oktyabr ayının 05-dək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə vəzifəli şəxs Cavabdeh İXM-nin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir. Yuxarıda qeyd edilən qərardan Cavabdeh tərəfindən məhkəməyə şikayət verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1983/2023 saylı qərarı ilə Cavabdeh şikayətinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən şikayət verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1267/2023 saylı qərarı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1983/2023 saylı qərarının verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərara əsasən Cavabdeh barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh öncələr qeyd etmişdir ki, 2.000 manat borcu etiraf edir, danmır, maddi imkanı olanda borcu hissə-hissə ödəyəcək. Sonrakı məhkəmə iclasında cavabdeh borcunu danmasa da, iddianı qəbul etmədiyini bildirdi və bunu onunla əsaslandırdı ki, iddiaçı ona vaxt versə idi, borcu hissə-hissə ödəyib qurtarardı. Lakin iddiaçı ona vaxt verməmişdir. Bu səbəbdən, hazırda iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən (tərəflərin birbiriləri ilə yazışmaları, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar), eləcə də, cavabdehin öncəki məhkəmə iclaslarında verdiyi izahatdan göründüyü kimi, Cavabdeh İddiaçı 2.100 manat borc almış, borcdan 100 manat qaytarsa da, qalan borcu vaxtında və tam şəkildə qaytarmamış və iddiaçıya 2.000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir, iddiaçı qarşısında qaytarmadığı 2.000 manat borc məbləği həddində məsuliyyət daşıyır. Bu səbəbdən, iddia yuxarıda qeyd olunan hissədə əsaslıdır. İddianın əmək haqqı qismində tələb olunan pul vəsaitinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı iddia tələbinin qeyd olunan hissəsini əsaslandırdığı hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, yuxarıda adı çəkilən yazışmalardan göründüyü kimi, danışıqların məzmun və tonundan tərəflər arasında işəgötürən və işçi münasibətləri mövcud olmamışdır. Bundan başqa, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, X1 Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin iddiaçının müraciəti əsasında apardıqları araşdırmaya dair sənədlər, 01 fevral 2022-ci il tarixli mühasib Rasim Hüseynovla bağlanmış xidmət müqaviləsi, inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar, həmin qərardan cavabdehin verdiyi şikayətin qismən təmin edilməsi və qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin aktı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 3(103)-1267/2023 saylı, birinci instansiya məhkəməsinin qərarının dəyişiklik edilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsi barədə qərarı, cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə xitam verilməsi haqqında 24 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı qərar) göründüyü kimi, tərəflər əmək münasibətlərində olmamışlar. İddiaçı öz təşəbbüsü ilə cavabdehə mühasibatlıq işlərinin aparılmasında yardımçı olmasını təklif etmiş, iddiaçı ilə cavabdeh mühasibatlıq işlərinin aparılmasında məsləhətləşmişlər. İddiaçı ilə cavabdeh arasında olan münasibətlər öz xarakterinə görə əmək münasibətləri olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən mənasına görə əmək münasibətləri əmək müqaviləsinin bağlanması yolu ilə yaranır. Əmək müqaviləsi tərəflərin iradəsi əsasında sərbəst şəkildə bağlanılır. Lakin hazırki işdə tərəflər arasında əmək müqaviləsinin bağlanması faktı aşkar edilməmiş və iddiaçı tərəfindən bu halın əksi sübuta yetirilməmişdir. Əksinə işdə olan sənədlər toplusu, o cümlədən “Whats App” sosial şəbəkə vasitəsilə əldə edilmiş fotoşəkillərdə (screenshotlarda) iddiaçının Cavabdeh mühasibatlıq işlərinin yerinə yetirilməsində köməklik göstərməsi aşkardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən cavabdehlə aralarında əmək münasibətlərinin olması barədə iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia həmin hissədə rədd edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, həmin iş üzrə ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq, yəni 30 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2.000 manat borc və ödənilmiş dövlət rüsumunun 30 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2.000 manat borc və ödənilmiş dövlət rüsumunun 30 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-803/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-803/2023
14.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver