Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-814/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 200.000 (iki yüz min) manat, maddi zərərə görə isə 46.530 (qırx altı min beş yüz otuz) manat olmaqla cəmi 246.530 (iki yüz qırx altı min beş yüz otuz) manat pulun, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1972-ci il tarixində anadan olmuşdur. İddiaçı 2004-cü ildə N saylı hərbi hissənin tank bölüyündə sürücümexanik vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmətə başlamış, 2007-ci ildə ailə vəziyyəti ilə əlaqədar tankda sürücü-mexanik olaraq Bərdə rayonunda yerləşən N saylı hərbi hissəyə, daha sonra Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəyə keçirilmişdir. Sonuncu dəfə 2015-ci ildə 3 illik müqavilə bağlayaraq yaşadığı Zeyvə kəndindən təxminən 7-8 km məsafədə yerləşən N saylı hərbi hissənin ehtiyat bölüyündə 3-cü tağımda manqa komandiri vəzifəsinə təyinat almışdır. İddiaçı hazırda “Tərtər işi" kimi tanınan iş çərçivəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi hərbi xidmətdə olarkən 2017-ci ilin may ayında saxlanılmış və ağır işgəncələrə məruz qalmışdır. İddiaçı qarşı AR CM-nin 274-cü maddəsilə ittiham irəli sürülmüş, onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Şəfahət İmranovun imzaladığı cinayət təqibinə hissəvi xitam verilməsi haqqında 29 yanvar 2018-ci il tarixli qərarına əsasən İddiaçı ********* nömrəli cinayət işi üzrə cinayət təqibi aparılan əməlləri törətməsi sübuta yetirilmədiyindən barəsində AR CM-nin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə AR CPM-nir 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçının ağır işgəncələrə məruz qalması Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmü ilə təsdiq olunur. 2017-ci ilin may ayının 6-dan etibarən ermənilərə işləmək ittihamı adı altında Tərtər rayonunun Marquşəvan kəndində köhnə hərbi tikilinin binasında paltarı cırılıb soyundurularaq, əl-ayaqları “skoç", gözləri isə iplə bağlanaraq ağır işgəncələrə məruz qalmışdır. O günün müxtəlif saatlarında arada fasilələr verilməklə davamlı şəkildə başı aşağı vəziyyətdə müxtəlif predmetlər- dəmir zəncir, plastik boru, taxta parçası, o cümlədən əl və ayaq zərbələri ilə davamlı şəkildə döyülmüş, bədəninə elektrik cərəyanı verilmiş, suda boğulmuşdur və s. Məhkəmə-tibbi ekspertizasının 07 fevral 2018ci il tarixli, 619 saylı rəyindən görünür ki, “İddiaçı bədənində boynun arxa və sağ arxa-yan səthinin, qamın ön səthinin, hər iki baldırın müxtəlif və ayaqların üst səthinin, sağ kürək nahiyəsinin, hər iki bilək oynağı nahiyəsinin arxa səthinin, sol budun yan səthinin, hər iki baldırın müxtəlif və ayaqların üst səthinin yaralarının sağalmış izləri olan çapıq toxumaları aşkar edilmişdir. Sözügedən hadisələrdən uzun müddət keçdiyindən və bu xəsarətlərlə bağlı heç bir tibbi sənəd olmadığından onların yetirilmə aləti və əmələ gəlmə müddəti barədə dəqiq fikir söyləmək mümkün deyildir. Lakin saxlanılmış bəzi morfoloji əlamətlərə əsasən, boynun arxa və sağ-arxa yan səthinin, hər iki baldırın müxtəlif və ayaqların üst səthinin yaralarının sağalmış izləri olan çapıq toxumaları yüksək hərarətin yerli, digər xəsarətlər isə bərk küt əşyaların təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən, eləcə də şəxsin özünün göstəridiyi tarixlərdə və şəraitdə yetirilmələri də mümkündür, həmin xəsarətlər dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, ayrı-ayrılıqda isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir." Göründüyü kimi, şərti adı “Tərtər işi" adlanan cinayət işi çərçivəsində iddiaçı qanunsuz və əsassız cinayət təqibinə məruz qalmış, qanunsuz azadlıqdan məhrum edilmiş və 2017-ci ilin mayiyun aylarında ona amansız işgəncələr verilmiş, daha sonra isə qanunsuz olaraq hərbi xidmətdən tərxis olunmuşdur. Bununla da iddiaçı maddi və mənəvi ziyana məruz qalmış, peşəkar hərbçi karyerasından məhrum edilmişdir. Özü və ailəsi hazırda da stress və sarsıntı keçirir. Bu səbəbdən, yəni təhqiqat və istintaq orqanının qanunsuz, hərətəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə iddiaçılar kompensasiya almalıdır. İddiaçı MAXE olaraq 2015-ci ilin sentyabrında bağladığı sonuncu xidmət müqaviləsinin müddəti 2018-ci ilin sentyabrında bitmişdir. Əmək haqqının məbləği 990 (doqquz yüz doxsan) manat təşkil etmişdir. Son əmək haqqını 2017-ci ilin oktyabr ayında almış, 2017-ci ilin oktyabr ayından 2018-ci ilin sentyabr ayına kimi 11 aylıq əmək haqqından məhrum olmuşdur. Bu isə 10.890 (on min səkkiz yüz doxsan) manat edir (11 ay X 990=10.890). İddiaçının ümumi maddi ziyana görə tələbi 10.890 (on min səkkiz yüz doxsan) manat təşkil edir. Bundan əlavə, iddiaçı hərbi xidmətini davam etdirsəydi, onunla ən azı daha 3 il müddətə (01 sentyabr 2018 - 01 sentyabr 2021) bağlaşma bağlanacaqdı, lakin iddiaçı hərbi xidmətdən qanunsuz və əsassız olaraq ehtiyata buraxılmaqla bu gəlirdən məhrum olmuşdur. Odur ki, iddiaçıya əldən çıxmış fayda olaraq 35,640 (otuz beş min altı yüz qırx) manat (990 manat x 36 ay = 35,640) ödənilməlidir. İddiaçı xüsusilə ağır cinayətdə ittiham edilmiş və ağır işgəncələrə məruz qalmışdır. Paltarı cırılıb soyundurularaq, əl-ayaqları skoçla, gözləri isə iplə bağlanaraq ağır işgəncələrə məruz qalmışdır. O, günün müxtəlif saatlarında arada fasilələr verilməklə davamlı şəkildə başıaşağı vəziyyətdə müxtəlif predmetlər, dəmir zəncir, plastik boru, taxta parçası, o cümlədən əl və ayaq zərbələri ilə davamlı şəkildə döyülmüş, bədəninə elektrik cərəyanı verilmiş, suda boğulmuşdur və s. İddiaçı mənəvi ziyana görə 200.000 (iki yüz min) manat kompensasiya tələb edir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə etiraz daxil olmuş, həmin etiraza əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etirazı onunla əsaslandırmışdır ki, İddiaçı təhqiqat və ibtidai istintintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi ziyana görə 46.530 manat, mənəvi ziyana görə 200.000 manat, ümumilikdə 246.530 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Bununla bağlı bildirilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müdəalar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edilir ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçıya kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutu lub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildirilmişdir ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı iddia ərizəsində "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Bununla bağlı bildirilir ki, Cinayət Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olubolmaması məlum deyildir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan hesab edilir ki, yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bundan başqa iddiaçı maddi zərərə görə kompensasiya tələb etmişdir. Bununla bağlı bildirilir ki, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən maddi və mənəvi zərərə məruz qaldığını sübut edən hallar mövcud deyildir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia tələbinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələbinə əsasən mülki işə cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Şəfahət İmranovun “cinayət təqibinə hissəvi xitam verilməsi” haqqında 29 yanvar 2018-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən İddiaçı ********* nömrəli cinayət işi üzrə cinayət təqibi aparılan əməlləri törətməsi sübuta yetirilmədiyindən barəsində AR CM-nin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə AR CPM-nir 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə hazırlanmış ödəniş kartı üzrə çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı məxsus VSDC Electron Salary kart növü üzrə mövcud balansı 855,14 manat təşkil etmişdir. Çıxarış xx.xx.2016-xx.xx.2017-ci il dövrünü əhatə edir. İş materiallarına həmçinin İddiaçı məxsus H3 seriyalı ******* nömrəli hərbi bilet əlavə olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa zərər və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqazidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü maddəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi zərər ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən zərərın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi zərər əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş zərərın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş zərərın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş zərərın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi zərər ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş zərərın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 15.000 (10 x 1500) manat məbləğində mənəvi zərər tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş zərərın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi zərər ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi zərər hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi zərər mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi zərər, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi zərərın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi zərərla» bağlı təcrübəsi göstəririr ki, mənəvi zərərın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi zərər xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi zərərın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. İddia ərizəsinin məzmunundan aşkar şəkildə görünür ki, iddiaçı bir qrup digər şəxslər kimi əsassız yerə saxlanılaraq, uzun müddət ərzində barəsində istintaq aparılması nəticəsində mənəvi iztirab çəkmiş, törətmədiyi cinayət əməllərinə görə barəsində mənfi fikirlər səslənmiş, mənfi obraz yaradılmış, sevdiyi işindən və ordu mühitindən kənarda qalmış, ömrünü bağladığı peşəsini sonadək davam etdirə bilməmişdir. İddiaçı ailəsindən, rahatlığından məhrum olmuşdur. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı öncələr əmək fəaliyyəti ilə məşğul olarkən stabil şəkildə əmək haqqı almışdır. Bununla bağlı arayış məhkəməyə təqdim edilmişdir. Məhkəmə istintaq orqanının səhvi nəticəsində maddi ziyana məruz qalması ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməlidir. İddiaçı MAXE olaraq 2015-ci ilin sentyabrında bağladığı sonuncu xidmət müqaviləsinin müddəti 2018-ci ilin sentyabrında bitmişdir. Əmək haqqının məbləği 990 (doqquz yüz doxsan) manat təşkil etmişdir. Son əmək haqqını 2017-ci ilin oktyabr ayında almış, 2017-ci ilin oktyabr ayından 2018-ci ilin sentyabr ayına kimi 11 aylıq əmək haqqından məhrum olmuşdur. Bu isə 10.890 (on min səkkiz yüz doxsan) manat edir (11 ay x 990=10.890). Məhkəmə iddiaçıya ödənilməli mənəvi zərərın həcmini 15.000 manat müəyyən edərkən, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfinə keçməsi, casusluq etməsi, dövtət sirrini xarici dövlətə verməsi və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etməsi ilə bağlı xüsusilə ağır cinayət törətməsində ittiham olunduğunu, əsassız yerə saxlanılaraq uzun müddət ərzində barəsində istintaq aparılmasını və bütün diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 manat məbləğində pul vəsaiti və maddi ziyana görə 10.890 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 manat məbləğində pul vəsaiti və maddi ziyana görə 10.890 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-814/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-814/2024
04.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver