Məhkəmə qərarları › İş №2(006)-82/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-82/2025

04.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-82/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X18, X8, X15, X16 və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «ümumi əmlakdan payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Həsənov X12 Yusif Əkbər oğlu, X8, X15, X16 və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «ümumi əmlakdan payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********-li çıxarışa əsasən Bakı şəhəri, B.Məcidov küçəsi 125 saylı evin 16 saylı mənzilinin 49,8 kv.metr ümumi sahənin 2/3 hissəsindən qalan hissəsinin 1/8 hissəsinin xüsusi mülkiyyətçisidir. Cavabdeh ümumi paylı mülkiyyətdə olan mənzili ümumi giriş-çıxışını bağlayaraq, özbaşınalıq qanunsuz hərəkətlər edir. Digər payçılar texniki pasporta və çıxarışa əsasən payçıların naturada olan sahələrinə məxsus olan otaqlardan açıq-aşkar istifadə etməyə qoymur, onları mülkiyyətlərindən məhrum edir. Cavabdehin hərəkətləri dözülməz həddə çatmışdır. Onun paylı mülkiyyətçi olması, 1 kv.metr alqı-satqı müqaviləsinə əsasən yaranmışdır ki, naturada payçılara məxsus sahənin 2-ci mərtəbəsində tikilən 22 kv.metr sahəsi olan 1-otaqlı evi almaq məqsədilə gələcəkdə həmin tikiliyə çıxarış, texniki pasport aldıqdan sonra, 1-ci mərtəbədən verilən 1 kv.metr sahəni təkrar iddiaçıya alqı-satqı yolu ilə geri qaytarmağı razılaşmışdılar. Cavabdeh göstərilən ünvana 2018-cü ildə köçmüşdür və həmin ünvanda ona sənədlə cəmi 1 kv metr sahə qeydiyyat düşmək məqsədi ilə verilmişdir. Esmira gəldiyi gündən onlara və qonşulara qarşı qeyri-etik normalarla şər-böhtan, əxlaqsız hərəkətlərə başladı ki, 2-ci mərtəbəni almaq üçün razılaşdıqları məbləğin 14000 (on dörd min) manatını bank hesabına qoymuş, qalıq 16000 (on altı min) manatını verməmək üçün şər-böhtanla iddiaçını təxribata çəkərək əxlaqsız hərəkətlər və özbaşınalıqlar etməyə başladı. Dəfələrlə iddiaçını şərə, böhtana salıb ki, polislərlə isti münasibəti olduğundan, onların əlinə şans verir ki, iddiaçıya məhkumluq yaranması üçün cinayət işi qaldırsınlar. Esmiranin iddiaçıya və qonşulara qarşı etdiyi özbaşınalıqlar, etdiyi xuliqanliqlar barədə 17 dəfədən çox epizodla bağlı polisdə araşdırma olub, heç bir hüquqi qiymət verilməyib. Cəzasızlıqdan daha da azğınlaşmağa başlayıb. Son vaxtlar eşitmişdir ki, 2-ci mərtəbənin tam dəyərini ödəməmiş, saxta lahiyyə çəkdirərək kimlərəsə satmış, 1-ci mərtəbədə yerləşən birbaşa küçəyə girişqapısı olan, payçılara məxsus otaqları zəbt edərək, onlar mülkiyyətçilərin naturada olan sahələrin yerləşdiyi paylı mülkiyyətdən məhrum etmişdir. Cavabdeh bugünə kimi ümumi mülkiyyətdə payçıların naturada olan sahələrinə aid olan otağın, giriş-çıxışını zəbt edib, digər payçıları həmin giriş-çıxışdan istifadəyə imkan vermir. Cavabdehin özbaşına hərəkətləri nəticəsində digər payçıların hüquqları kobud şəkildə pozulmuşdur. Texniki pasporta əsasən Naturada qalan, payçılara məxsus sahənin giriş-çıxışını zəbt edib, ən əsası isə naturada pay bölgüsü aparılmamışdır. Cavabdeh ilə danışıqlar aparmağına baxmayaraq, ümumi mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlməyə yaxın qoymur. Ona görə də payın naturada ayrılmasına zərurət yaranmışdır. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətin naturada bölgüsünün aparılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətin naturada bölgüsünün aparılması və bu mümkün olmadığı təqdirdə həmin paylı mülkiyyətin açıq hərracda satılaraq əldə edilən pul vəsaitinin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, paylı mülkiyyətçilər ekspertizanın rəyi ilə dünən tanış olublar. Qonşu ərazilərdə 1 kv.metr sahənin qiyməti 2000-3000 manatdır. Odur ki, iddia tələbini müdafiə edərək, bu məbləğlə hesablanaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq mənzilin 50 kv.metr olduğunu, ekspertiza xərclərinin tərəflərindən ödənildiyini bildirmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə sonuncu məhkəmə baxış iclasına çağrılmış cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən, 49.80 m2 ümumi sahəsi olan mənzilin 2/3 hissədən qalan hissənin 1/8 hissəsi xx.xx.2018ci il tarixdə Cavabdeh, 2/3 hissədən qalan hissənin 1/4 hissəsi xx.xx.2018-ci il tarixdə X4, 2/3 hissədən qalan hissənin 1/4 hissəsi xx.xx.2017-ci il tarixdə X7, 2/3 hissədən y/s 10.9 kv.m., k/s 13.9 kv.m. və 1/3 hissə xx.xx.2021-ci il tarixdə X5, 2/3 hissədən qalan hissənin 1/8 hissəsi xx.xx.2022-ci il tarixdə X1, 2/3 hissədən qalan hissənin 1/4 hissənin 1/2 hissəsi xx.xx.2022-ci il tarixdə X9, 2/3 hissədən qalan hissənin 1/4 hissənin 1/2 hissəsi xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 8.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1662/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. 9.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 752/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X17 və Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilmişdir. 10.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5716/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-752/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 11.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6933/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5716/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5579/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin e-2(006)-1662/2022 saylı iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/2637 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 125 ünvanında yerləşən 16 saylı mənzilin naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. 14.Mülki işin materiallarında olan satıcı qismində İddiaçı və alıcı qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, AN-İ 067644 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Satıcı İddiaçı Bakı şəhəri, Nəsimi r-nu, Balababa Məcidov küçəsində yerləşən 125 saylı evin, ü/s 49.8 kv.m. olan 16 nömrəli mənzilinin 2/3 hissəsindən özünə məxsus qalan hissənin 1/4 hissəsindən 1/2 sahəsini “Alıcı” Cavabdeh mülkiyyətinə vermişdir. Satıcı qalan hissəni özündə saxlamışdır. Alıcı Cavabdeh Satıcı İddiaçı satdığı hissəni (1 kv/m) ondan 14000 manat 00 qəpik qiymətinə almışdır. 15.Mülki işin materiallarında olan xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli təklif məktublarından görünür ki, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətlərində olan mənzilin İddiaçı aid olan 2/3 hissədən qalan hissənin 1/8 hissəsindən ibarət payını 10.000 manat pul qarşılığında satılmasını və X10 2/3 hissədə qalan hissənin ¼ hissədən ibarət payını 15.000 manat, X2 2/3 hissədən qalan hissənin 1/8 hissəsindən ibarət payını 10.000 manat, X9 2/3 hissədən qalan hissəsinin 1/8 hissəsindən ibarət payını 10.000 manat pul qarşılığında satılması digər paylı mülkiyyətçilərə təklif edilmişdir. 16.Mülki işin materiallarında olan “X6” MMC tərəfindən verilən 14 nömrəli, 03 mart 2025ci il tarixli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən əmlakın hazırki real bazar qiymətləri ilə təqribi dəyəri 112.448,00 (yüz on iki min dörd yüz qırx səkkiz) manat məbləğində müəyyən edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 17.Beləliklə, məhkəmə tərəfindən araşdırılan hallar əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.80 kv.m olan daşınmaz əmlak hazırki iş üzrə iddiaçı, cavabdeh və üçüncü şəxslərin paylı mülkiyyətindədir. İddiaçı həmin mübahisəli mənzil üzərində ümumi sahənin 2/3 hissəsindən qalan hissəsinin 1/8 hissənin xüsusi mülkiyyətçisidir. Hazırda iddiaçı paylı mülkiyyətlərində olan mübahisəli mənzil üzərində naturada bölgünün aparılmasını, bu mümkün olmadığı təqdirdə isə həmin paylı mülkiyyətin açıq hərracdan satılaraq əldə edilən pul vəsaitinin paylara uyğun bölünməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 19.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. 20.Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 21.Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. 22.Digər tərəfdən məhkəmə qeyd edir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. 23.Belə ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1.ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2.pul kompensasiyasının (dəyərinin) ödənilməsi. 24.Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. 25.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.80 kv.m olan daşınmaz əmlakın tərəflərin paylarına uyğun olaraq naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmiş (mülki iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2637 nömrəli ekspert rəyinə əsasən) və cavabdeh və üçüncü şəxslərə iddiaçının payına münasib olaraq müvafiq əvəz (kompensasiya) ödənilməsi təklif olunsa da, həmin təklifə hər hansı cavab verilməmişdir. 26.Göründüyü kimi hazırki iş üzrə mübahisəli əmlakın naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bununla bağlı Mülki Məcəllənin 220.6-cı maddəsində qeyd edilmişdir ki, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 27.Belə olan halda məhkəmə qeyd edir ki, ümumi əmlakın bölünməsi texniki cəhətdən mümkün olmadığından və cavabdeh və üçüncü şəxslərə iddiaçının payına münasib olaraq müvafiq əvəz (kompensasiya) ödənilməsi təklif olunsa da, həmin təklifə hər hansı cavab verilmədiyindən və hətta məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh buna razı olmadığından ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması mümkün hesab edilməlidir. Məhkəmə təqdim edilən “X6” MMC-nin xx.xx.2025-ci il tarixli, 14 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 hazırki real bazar qiyməti 112.448 manat məbləğində müəyyən edilmişdir. 28.Beləliklə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ilkin satış qiyməti 112.448 (yüz on iki min dörd yüz qırx səkkiz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pul mülkiyyətçi İddiaçı, Cavabdeh və üçüncü şəxslər X18, X8, X15, X16 və X11 arasında paylarına uyğun bölüşdürülməlidir. 29.İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN (əlli manat) İddiaçı (özü buna razılıq verdiyindən) tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ilkin satış qiyməti 112.448 (yüz on iki min dörd yüz qırx səkkiz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul mülkiyyətçilər İddiaçı, Cavabdeh və üçüncü şəxslər X18, X8, X15, X16 və X11 arasında paylarına uyğun bölüşdürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN (əlli manat) İddiaçı tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar