Məhkəmə qərarları › İş №2(006)-822/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-822/2022

06.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-822/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi zərərə görə 27.100 manat olmaqla, cəmi 127.100 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əsl cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsində cavabdeh kimi öncədən göstərildiyindən, Azərbaycan Respublikası Hərbi Prokurorluğu cavabdehlər siyahısından çıxarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07 may 2017-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda aşağıdakılar göstərilib: «Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığım itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqlan naminə hərbi sirr təşkil edən məlumatlan əldə etməklə düşmən tərəfinə ötürüblər». Bu bəyanat barədə daha ətraflı iddia ərizəsində qeyd olunan yönləndirici üzrə baxmaq olar. Bəyanatdan məlum olub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb. Sonradan məlum olub ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib. Həmçinin yüzlərlə əsgər və zabit bu cinayət işinin istintaqı çərçivəsində istintaq dövründə cəlb edilib, amansız işgəncələrə məruz qalıb və ən azı 11 nəfər istintaq dövründə verilən işgəncələr nəticəsində ölüb. Bu haqda daha ətraflı iddia ərizəsində qeyd olunan yönləndiricilər üzrə tanış olmaq olar. Bütün bu hadisələr Azərbaycan cəmiyyətində şərti «Tərtər işi» adlanır və vaxtaşırı geniş ictimai müzakirələrə və debatlara səbəb oiur. İddiaçı da sözügedən cinayət işi çərçivəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən 2017-ci ilin may ayında saxlanılıb və ağır işgəncələrə məruz qalıb. İddiaçının ağır işgəncələrə məruz qalması Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmü ilə təsdiq olunur. Bu iş üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X12, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X8 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X6 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum ediliblər. Tərtər Hərbi Məhkəməsinin (X16 oğlunun sədrliyi ilə) 31 yanvar 2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşovun isə hər biri 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. İddiaçı 2010-cu ilin yanvarında öz müraciəti əsasında Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs keçib, bir neçə aydan sonra kursu uğurla bitirərək, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etməyə başlayıb. 2010-2013-cü illər ərzində ilk xidmət müqaviləsi əsasında müxtəlif hərbi hissələrdə xidmət etdikdən sonra 2013-cü ildə müqaviləsinin müddəti uzadılıb, həmin ildən N saylı hərbi hissədə xidmətə təyin olunub. 2016-cı ilin fevralında xidmət müddəti daha 3 il, yəni 2019-cu ilə qədər uzadılıb. Ona qarşı cinayət əməlləri törədilərkən N saylı hərbi hissənin tank bölüyündə mexanik-sürücü vəifəsində işləyib. 2017-ci il mayın ilk günlərindən etibarən həmin ay boyunca Tərtər rayonu Marquşevan kəndində köhnə hərbi tikilinin binasında müəyyən fasilələr verilməklə, lakin davamlı şəkildə, ilk öncə əllərini və görməməsi üçün gözlərini bağlayaraq əynindəki paltarları cıraraq soyundurulub rezin borularla, qol və ayaq zərbələri ilə günlərlə döyülüb, mütəmadi bədəninə davamlı elektrik cərəyanı verilib və s. (31 yanvar 2019-cu il tarixli hökmün 33-cü və 209-210-cu səhifələri). Məhkəmə-tibbi ekspertizasının 23 iyun 2017-ci il tarixli, 255/10 saylı rəyindən görünür ki, «İddiaçı bədənində boynun arxa və sağ yan səthlərində cəmi 5 ədəd, sağ əlin arxa səthində 1 ədəd çapıq-piqmentasiyaları, hər iki mil bilək oynağı nahiyələrində, sol baldır və sol budda, cəmi 20 ədəd piqmentasiya sahələri aşkar edilmişdir. Bunlardan çapıq piqmentasiyalar həmin nahiyələrdə olmuş, çox güman ki, məhdud termiki yamq yaralarının, piqmentasiyalar isə qançırların izi olub, yanıq izləri yanan siqaret ucluğunun təsirindən, qançırlar isə bərk küt əşyaların təsirindən törənə bilərdilər, əmələ gəlmə vaxtı ekspertiza tarixidən 1-2 ay əvvələ uyğun gələ bilər və dərəcəsinə görə çapıqpiqmentasiyalar istər ümumilikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, piqmentasiya sahələri isə istər ümumilikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir» (31 yanvar 2019-cu il tarixli hökmün 416-cı səhifəsi). İddiaçı 2017-ci ilin 08 may tarixdə Azərbaycan Resublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. 2018-ci ilin 29 yanvar tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini, ədliyyə general-mayoru Şəfahət İmranov tərəfindən CM-nin 274-cü maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib, lakin CM-nin 331.3-cü maddəsi ilə təqsirləndirilib. 2018-ci ildə həmin maddə ilə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və 2018-ci ilin mart ayında cəza müddətinin bitməsi səbəbi ilə azadlığa çıxıb. Göründüyü kimi, şərti adı «Tərtər işi» olan cinayət işi çərçivəsində iddiaçı qanunsuz və əsassız cinayət təqibinə məruz qalıb və 2017-ci ilin may-iyun aylarında ona amansız işgəncələr verilib. Bununla da, iddiaçı fiziki, maddi və mənəvi ziyana məruz qalıb, peşəkar hərbçi karyerasından məhrum edilib, özü və ailələri hazırda da stress və sarsıntı keçirir. Bu səbəbdən, yəni təhqiqat və istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi, fiziki və maddi ziyana görə iddiaçı kompensasiya almalıdır. İddiaçı ona vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya tələb edir. İddiaçı mənəvi ziyana görə 100.000 manat kompensasiya tələb edir. Maddi ziyana görə isə iddiaçı aşağıdakı təzminatı istəyir. İddiaçı hadisələr zamanı MAXE kimi xidmət müqaviləsi əsasında xidmət göstərirdi. O, müqaviləni 2016-cı ilin fevral ayında bağlamışdı və 2019-cu ilin fevral ayında müqavilə müddəti bitirdi. Aylıq əmək haqqı məbləğ 1.000 manat idi. Ən son əmək haqqını 2017-ci iİin aprel ayında alıb. İddiaçı həmin tarixdən etibarən 2019-cu ilin fevral ayına qədər yəni, 22 aylıq faktiki qazancından məhrum club. Bu isə 22.000 manat edir (22 ay x 1.000 = 22.000). Həbsdən çıxdıqdan sonra ailəsi öz hesabına onun müalicə dərmanlarına vəsait xərcləyib. İki dəfə biri 3.100 manat (anası X3 adına), digəri 2.000 manat (İddiaçı öz adına, amma Novruzova Aygün tərəfindən etibarnamə əsasında) olmaqla «KapitalBank»ın Goranboy filialından kredit götürülüb və hamısı istisnasız İddiaçı müalicəsinə xərclənib. Belə ki, ailənin başqa böyük məbləğdə ehtiyacları olmayıb və kredit Bəhruzun müalicəsinə sərf olunmaq məcburiyyətindən götürülüb. İddiaçının ümumi maddi ziyana görə tələbi 27.100 manat təşkil edir (22.000 + 3.100 + 2.000 = 27.100). İddiaçı müayinə və müalicə olunması ilə bağlı, o cümlədən digər xərclər üzrə müvafiq sübutları məhkəmə iclasında təqdim edəcək. İddiaçıya fiziki, maddi və mənəvi zərər vuran şəxslərdən bəziləri müəyyən edilib, həbs edilib, məhkum edilsə də, qalan əhəmiyyətli hissəsi bugüııədək azadlıqdadır. Zərərçəkmiş şəxs qismində tanındıqları cinayət işləri üzrə məhkum olunan şəxslər onlara və bu iş üzrə digər hərbçilərə işgəncə verən zaman dövləti təmsil ediblər, yəni adi mülki vətəndaş kimi yox, müvafiq hərbi hissələrin vəzifəli şəxslər kimi çıxış ediblər, təhqiqat və ibtidai istintaq orqanının funksiyalarını həyata keçiriblər, dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün bir sıra hərbi hissələrin əraziləri (N saylı hərbi hissənin Marquşevan ərazisindəki köhnə qərargah binası, N saylı hərbi hissənin Mingəçevirdəki köhnə binası və s.), hərbi hissələrin qulluqçuları (məsələn, N saylı hərbi hissə və s.) onların ixtiyarına verilib. Bu səbəbdən də onların gördüyü qanunazidd fəaliyyətə görə məsulyyətinin dövlətin üzərinə düşməsi də qanuni və məntiqlidir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində onlara vurulmuş zərərin ödənilməsi hüququnun olması Azərbaycan Respublikası Konstitusiyasının 68-cı maddəsindən, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsindən, X15 Məhkəməsinin presedent qərarlarından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 36-cı maddəsi, V və XX fəslindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1001-ci maddəsindən, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunundan, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarından, həmçinin Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019cu il tarixli hökmündən, eləcə də iddaçıya münasibətdə CM-nin 274-cü maddəsi ilə başlanmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərarlardan irəli gəlir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi zərərə görə 7.150 manat olmaqla, cəmi 107.050 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar 08 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham elan olunmaqla Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qət-imkan tədbiri seçilmişdir. 29 avqust 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən İddiaçı həbsdə saxlanılma müddəti 08 yanvar 2018-ci il tarixədək, 20 dekabr 2017-ci il tarixdə isə onun həbsdə qalma müddəti 03 iyun 2018-ci ilə qədər uzadılmışdır. 25 yanvar 2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə əlavə ittiham elan olunmuşdur. 29 yanvar 2018-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə davam edən iş üzrə ibtidai istintaq 05 fevral 2018-ci il tarixdə tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 27 fevral 2018-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 27 fevral 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 20 fevral 2018-ci il tarixli qərarı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hümbətova həvalə edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında» xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsinin ləğv olunması əsas götürülərək 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iş üzrə İddiaçı qarşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin həm 274-cü, həm də 331.3-cü (329.1-ci maddəyə tövsif edilməklə) maddəsi ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı əsassız olaraq dövlətə xəyanətlə bağlı ağır ittihamlara məruz qalmış, barəsində 08 may 2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə ittihamla təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2017-ci ildən 27 fevral 2018-ci ilə qədər, yəni 9 ay 19 gün həbsdə saxlanılmış, həbsinin ilk 1 ayını ağır işgəncələrə məruz qalmış, nəticədə səhhətində ağır fəsadlar yaranmış və indiyə qədər qalmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifdəsi nəticəsində ağır maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq müqavilə əsasında N saylı hərbi hissədə xidmət edirdi. O cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 650 manat olmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2018-ci ilin aprel ayına, yəni hərbi xidmətdən tərxis olunana qədər 11 ay müddətində faktiki aylıq qazancından məhrum olub. Bu isə 7.150 manat edir (650 x 11 = 7.150). İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 2007-2009-cu illərdə N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ilin yanvarında öz müraciəti əsasında Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kursa başlamış, bir neçə aydan sonra kursu uğurla bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət etməyə başlamışdır. 2010-2013-cü illər ərzində ilk xidmət müqaviləsi əsasında müxtəlif hərbi hissələrdə xidmət etdikdən sonra 2013-cü ildə müqavilənin müddətini uzatmışdır. Həmin ildən N saylı hərbi hissədə xidmətə təyin olunmuşdur. Daha 3 il xidmət etdikdən sonra 2016-cı ilin fevralında xidmət müddətini daha 3 il, yəni 2019-cu ilin fevral ayına qədər uzatmışdır. 2016-cı ilin aprel döyüşlərində iştirak etmişdir. Ona qarşı cinayət əməlləri törədilərkən N saylı hərbi hissənin tank bölüyündə mexanik-sürücü vəifəsində xidmətdə olmuşdur. 2017-ci ilin may ayının əvvəllərində heç bir əsas olmadan qanunsuz saxlanmaya, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Eyni zamanda ona Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülmüş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. 2017-ci ilin mayından 2018-ci ilin mart ayına qədər 9 aydan artıq müddət ərzində dəmir barmaqlıqlar arxasında qalmışdır. Bakı İstintaq Təcridxanasında saxlanıldığı zaman hər dəfə müstəntiqlər gələndə onlara demişdir ki, onun halı işgəncəyə görə çox pisdir və heç bir günahı da yoxdur, özləri də görürlər, bəs onu niyə buraxmırlar? Özləri də bilirlər ki, o, biraz da burda qalsa ölə bilər, onun işini yekunlaşdırsınlar. Sonuncular isə demişlər ki, onun dövlətə xəyanət sayılacaq heç bir əməli aşkar edilməyib, yüklənən 274cü maddə də üstündən götürüləcək. Daha sonra ona demişlər ki, 274-cü maddə üstündən götürülüb. Bəs nə üçün onu buraxmadıqlarını soruşduqda demişlər ki, o, buradan yox, Gəncədən buraxılacaq, Tərtərdə isə məhkəməsi olacaq. Soruşmuşdur ki, heç bir cinayət əməli aşkar etməyiblərsə bu nəyin məhkəməsidir? Demişlər ki, onu birbaşa buraxa bilməzlər, hansısa əməli boynuna almalıdır. Demişdir ki, onun heç bir günahı yoxdur, heç bir səbəbsiz bu hala salınmışdır, buna son verib, tez bir vaxtda onu buraxmalıdırlar. Demişlər ki, onlara əmr verilib ki, onu birbaşa buraxa bilməzlər, kiçik də olsa bir cinayəti boynuna götürüb, qəbul etməlidir. Demişdir ki, etmədiyi heç bir əməli boynuna götürməyəcək, boşuna aylardır burda yatır, bundan sonra da heç bir əsassız iddianı qəbul etməyəcək. Müstəntiqlər bu söhbətdən sonra getmişlər. 2018-ci ilin yanvar ayının ortalarında ona demişlər ki, müstəndiqlər yenidən gəlib, yanında da onun hərbiçi yoldaşları var. Gəlmişlər, onun fiziki və mənəvi-psixoloji vəziyyətini görüb, dəhşətə düşmüşlər. Onun vəziyyətinə görə xəcalət çəkirdilər, üzünə də baxa bilmirdilər. Müstəntiqlər hazır izahat gətirmişdilər, imza etməsini istəmişlər. İzahatda iddia olunurdu ki, guya hansısa əsgəri yaratdığı gərginliyə görə yumruqla vurmuşdur. O, imza etməkdən imtina etmiş, belə bir şey olmadığını demişdir. Demişlər ki, bax, hərbiçi yoldaşların da təsdiqləyir ki, belə bir şey olub, o da qəbul etsin, göndərsinlər Gəncəyə, məhkəməsi olsun, ordan da buraxsınlar evə. Bunu dedikdən sonra müstəntiq çıxmış, hərbiçiləri və onu otaqda tək qoymuşdur. Sonunculardan biri ona yaxınlaşmışdır. Üzünə baxanda görmüşdür ki, olduqca kədərli və gözləri dolmuş haldadır. Onu qucaqlamışdır və demişdir ki, onu bağışlasın, amma bunu etməlidir, çünki ona demişlər ki, onun haqqında bu iddianı təsdiqləsə onu Gəncəyə göndərib oradan buraxacaqlar, o da qəbul etsin, canı qurtarsın bunlardan. Ona oradaca hazır yazılı izahatı imza etdirmişlər, daha sonra yanvarın sonlarında X2 göndərmişlər. 2018-ci ilin fevral ayının əvvəllərində Tərtər Hərbi Məhkəməsində ilk iclas oldu. İzahatda adı keçən hərbiçi gəlib dedi ki, o, sonuncunu vurmuşdur. Fevralın sonunda ikinci məhkəmə iclası oldu və təyin edilmiş cəza müddətini təcridxanalarda olduğundan məhkəmə zalından azadlığa buraxılmışdır. Hazırkı izahatı ilə bir daha bildirmək istəyir ki, xidmət etdiyi dövdə heç bir cinayət əməli törətmədiyi gec də olsa 2020-ci ildə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində təsdiqləndi və müvafiq qərar qəbul olundu. Onun sorğu-suala cəlb olunaraq ağır işgəncələrə məruz qalması Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə təsdiq olunur. Bir daha qeyd etmək istəyir ki, əsassız və qanunsuz ittihamla yanaşı o, əl-ayaqla döymə, suda boğma, bədəninin müxtəlif nahiyələrinə elektrikin verilməsi, rezin və taxta əşyalarla zərbələr daxil olmaqla çox ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalmışdır. Bu işgəncələrin fəsadları həbsdə olduğu vaxt ona çox ağır fiziki və mənəvi iztirablar yaşadıb. Onunla yanaşı ailə üzvləri, xüsusilə də anası mənəvi olaraq əziyyət çəkib. Artıq azadlığa çıxdıqdan sonra öyrənmişdir ki, yaşadıqları Qızılhacılı qəsəbəsində onun guya dövlətə xəyanət etməsi ilə bağlı söz-söhbət kifayət etmişdir ki, ailə üzvləri mənəvi iztirablar içində yaşasınlar, bu söz-söhbət 2018-ci ilin əvvəllərinə qədər davam etmiş, dövlətə xəyanət ittihamına xitam verildikdən sonra səngimişdir. İşgəncələrin nəticəsində hazırda da səhhətində ciddi problemlər mövcuddur, günün ancaq qısa bir hissəsində özünü idarə edə bilir, normal olur, digər vaxtlarda hədsiz əsəbilik, aqressivlik, özünü və ailə üzvlərini tanımama kimi vəziyyətlərə düşür və bu, onu olduqca sıxır. Belə vəziyyətdə olması davamlı tibbi müayinə və müalicələr tələb edir. Bu işdə ona vuvurlmuş maddi və mənəvi zərərə görə təzminatın ödənilməsinə köməklik göstərilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya yazılı etiraz təqdim etmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. İlk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı İddiaçı kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub olunmamas araşdırılmalıdır. Məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. İş materiallarında iddiaçı E.Fərzəliyevə cinayət prosesini həyata keçirən orqan - (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub-olmaması məlum deyildir. Eyni zamanda nəzərinizə çatdırrıq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Müdafiə Nazirliyi, Daxili işlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət iş> ıiə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaç tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədər şəxs: istəyi ilə müəyyən etmişoir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə biiməz. Bundan başqa iddiaçı məcburi ərizə yazdırılaraq işdən çıxdığını iddia etmiş və maddi zərərə görə kompensasiya tələb etmişdir. Sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında 29 yanvar 2018-ci il tarixli qərardan və Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmündən görünür ki, iddia ərizəsində İddiaçı qeyd etdikləri xüsusatlar doğrudur. 30 iyun 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli, 1(098)-130/2022 saylı Qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi (xx.xx.2020-ci il tarixədək qüvvədə olan) ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə Hərbi Prokuroruna qaytarılmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 Goranboy Rayon Mərkəzi X9 Şəxsi tərəfindən verilmiş 663 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Novruzov X5 MRX-nın Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində xx.xx.2018ci il tarixdən aşağıdakı diaqnozla dispanser qeydiyyatındadır. İddiaçı ödəniş kartından "xxxx" ASC vasitəsilə edilmiş çıxarışdan görünür ki, onun aylıq maaşı ortalama 650 manat təşkil edir. İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmış, həmçinin ona qarşı irəli sürülmüş ittihamlarla bağlı ordu sıralarından tərxis olunmuşdur. İddiaçıya bununla bağlı həm mənəvi, həmçinin işsiz qaldıqları dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 20.000 (iyirmi min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 20.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı tərxis olunmamışdan öncə ortalama 650 manat əmək haqqı almışdır. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirdən məhrum olmuşdur. Həbsdə olduğu 11 ay müddət ərzində ona 7150 manat (11*650) maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul və 7150 manat maddi ziyan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul və 7150 manat maddi ziyan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar