Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-843/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «qızıl-zinyət əşyalarının qaytarılması və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «qızıl-zinyət əşyalarının qaytarılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sırğa – İtalyan qızılı, 750 əyyar, 20.5 qram – 2500 manat; Qolbaq – İtalyan qızılı, 750 əyyar, 24.2 qram – 2020 manat; Qolbaq – İtalyan qızılı, 750 əyyar, 8.4 qram – 800 manat; Dəst sırğa – İtalyan qızılı, 750 əyyar – 12.4 qram – 1200 manat qızıl-zinyət əşyalarının Cavabdeh alınıb iddiaçıya verilməsi, qızıl-zinyət əşyaları aşkar olunmazsa, onların dəyəri olan 6.520 (altı min beş yüz iyirmi) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh uzun illərdir tanıyır. Cavabdeh ilə iddiaçının ailəvi dostluqları, yaxın münasibətləri olmuşdur. Cavabdeh demək olar ki, hər gün iddiaçının evinə gedib-gələn adam olmuşdur. İddiaçı və ailə üzvləri cavabdehə inanıb, güvənmişdirlər. Daha sonra cavabdeh bacısının evini özəlləşdirəcəyi üçün ona pul lazım olduğunu bildirmişdir. İddiaçı ona inanaraq anasının 65.5 qram qızılını lombarda qoyaraq pulunu cavabdehə vermişdir. Cavabeh qızılların faizini ödəmədiyi üçün qızıllar lombardda batdı. Bu hadisənin stressinə, əsəbinə dözə bilməyən anasının ağ ciyəri metastaz verdi. Xərçəng xəstəliyinə tutuldu. Anasının müalicəsi, mütəmadi olaraq ximya alması üçün maddi imkanı yoxdur. Cavabdeh iddiaçının ailəsini həm maddi, həm də mənəvi cəhətdən məhv etmişdir. İddiaçının ailəsi çox acınacaqlı vəziyyətdədir. Hazırda cavabdeh iddiaçının nömrələrini əngəlləyib. Cavabdehə pulu və ya qızılı qaytarmağı bildirdikdə, onlara hədə-qorxu gəlir. İddiaçının anasını “oğlanlarının başını kəsərəm” deyə təhdid edir, təhqir edir, nalayiq ifadələr işlədir. Cavabdehin dələduzluq əməli, iddiaçının güvənindən, etibarından sui-istifadə etdiyi aşkardır. Cavabdehin əməlini sübut edəcək iltizamı da var. Cavabdehin iddiaçıdan aldığı qızıllar: 1. Sırğa – İtalyan qızılı, 750 əyyar, 20.5 qram – 2500 manat; 2. Qolbaq – İtalyan qızılı, 750 əyyar, 24.2 qram – 2020 manat; 3. Qolbaq – İtalyan qızılı, 750 əyyar, 8.4 qram – 800 manat; 4. Dəst sırğa – İtalyan qızılı, 750 əyyar – 12.4 qram – 1200 manat. İddia ərizəsi verilən günədək cavabdeh sözügedən iş ilə bağlı qızılların geri qaytarılması istiqamətində heç bir əməli addım atmamış və əməlini ört-basdır etməyə davam etmişdir. Odur ki, cavabdehin iddiaçıdan aldığı qızılların iddiaçıya verilməsi, qızıllar aşkar olunmazsa, onların dəyəri olan 6.520 (altı min beş yüz iyirmi) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbində göstərilən qızılları cavabdehə verdikdən sonra cavabdehin həmin qızılları geri qaytardığını, bundan sonra qızılları lombarda girov qoyub, pulu cavabdehə verdiyini bildirmişdir. Həmçinin, artıq yorulduğunu, işin tez bitməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh qızılları qaytardığını, onda qızıl olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. ƏİX505010 №-li Girov Biletindən görünür ki, Girov verən X5 xx.xx.2023-cü ildə 1430 manat məbləğində, 20.5 qram, 750 əyyar olan sırğanı X1 xeyrinə girov qoymuşdur.
7. ƏİX505038 №-li Girov Biletindən görünür ki, Girov verən X5 xx.xx.2023-cü ildə 3940 manat məbləğində, 54.24 qram, 750 əyyar olan qızılı X1 xeyrinə girov qoymuşdur.
8. Mülki iş materiallarının 7-ci səhifəsində olan vərəqdən görünür ki, Cavabdeh İddiaçı əlli dörd qram, dəyəri 6520 AZN olan qızılı götürdüyünü, 42 ay müddətində hər ay ödəyəcəyini bildirməsi barədə xx.xx.2023-cü il tarixli iltizam imzalamışdır.
9. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh tərəfindən külli miqdarda pulunun aldadılaraq ələ keçirilməsi, pulunu tələb etdikdə isə hədə-qorxuya məruz qalması barədə müraciətə baxılmış, Binəqədi rayon Polis idarəsi 5-ci polis bölməsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı Binəqədi rayon prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə ləğv edilmiş, əlavə araşdırma aparılması üçün Binəqədi rayon Polis idarəsi 5-ci polis bölməsinə göndərilmişdir.
10. Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli 26743 nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 86 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı əvvəlcə qızıl-zinyət əşyalarını geri qaytarmaq şərtilə Cavabdeh vermişdir. İş üzrə keçirilmiş məhkəmə iclaslarında cavabdeh həmin qızıl-zinyət əşyalarını geri qaytardığını bildirmiş, iddiaçının nümayəndəsi də bu faktı təsdiqləyərək, cavabdehin həmin qızıl-zinyət əşyalarını geri qaytardığını etiraf etmişdir.
12. Bundan sonra iddiaçının nümayəndəsi (anası) könüllü olaraq qızıl-zinyət əşyalarını lombardda girov qoyaraq, əvəzində aldığı pulu borc olaraq cavabdehə verdiyini, cavabdehin vaxtında pulu geri qaytarmadığına görə qızıllarını geri ala bilmədiyini bildirmişdir.
13. Deməli, iddiaçı geri qaytarılmasını tələb etdiyi qızılları cavabdehə verdikdən sonra cavabdeh həmin qızılları qaytarmış, bundan sonra isə iddiaçının nümayəndəsi (anası) həmin qızılları könüllü olaraq, öz istəyi ilə lombardda girov qoymuşdur.
14. Hazırda iddiaçı cavabdehdən qızılların geri qaytarılmasını, bu mümkün olmadıqda isə onların dəyəri olan 6.520 manat məbləğində pulun cavabdehdən tutulmasını; cavabdeh isə qızılların onda olmadığını bildirərək, iddianın təmin edilməməsini xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
15. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisə predmeti olan qızılların əvvəlcə iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdehin onları geri qaytarması tərəflərin izahatları ilə təsdiq olunan, hazırkı işin mübahisəsiz halıdır.
16. İşin faktiki halları araşdırılarkən müəyyən edilir ki, cavabdeh qızılları iddiaçıya qaytardıqdan sonra iddiaçının nümayəndəsi (anası) könüllü olaraq həmin qızılları lombardda girov qoymuş, yəni qızıllar yenidən, ikinci dəfə cavabdehə verilməmişdir.
17. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi hüquqi mahiyyət etibarilə vindikasiya iddiasına uyğun gəlir. Vindikasiya (özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi) xarakterli iddia tələblərinin təmin edilməsi üçün isə iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, əşyanın faktiki olaraq cavabdehin sahibliyində olduğunu və cavabdehin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
18. Lakin hazırkı iş üzrə iddiaçı geri qaytarılmasını tələb etdiyi qızılların məhz cavabdehdə (habelə, onun qanunsuz sahibliyində) olması faktını sübuta yetirməmişdir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından qızılların cavabdeh tərəfindən iddiaçıya qaytarılmasından sonra iddiaçının nümayəndəsi tərəfindən könüllü olaraq girov kimi lombarda qoyulduğu müəyyən edilmiş, yəni qızılların cavabdehdə (onun qanunsuz sahibliyində) olmasına dair heç bir mötəbər sübut təqdim edilməmiş, əksinə qızılların cavabdeh tərəfindən artıq iddiaçı tərəfə qaytarıldığını etiraf etmişdir. Beləliklə, iddiaçı qızıllarının cavabdehin qanunsuz sahibliyində olması faktını sübuta yetirmədiyindən, hazırkı iddia tələbi məhkəmə tərəfindən əsassız hesab olunur. Göstərilən bütün halları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və sübuta yetirilmədiyindən, hazırkı iddia təmin edilməməlidir.
19. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
20. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, qızılların iddiaçının nümayəndəsi (anası) tərəfindən lombardda girov qoyularaq əvəzində əldə edilən pulun cavabdehə borc kimi verildiyi iddia edildiyindən, məhz iddiaçının nümayəndəsi (anası) X2 cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.
d) Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddə. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-157.2-ci maddə. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
23. Vindikasiya iddiası (Vindicatio rei) - mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbdir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahibliyinin hüquqi əsası olmamalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddə. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
26. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
28. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla, tərəflərin izahatları ilə birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı «qızıl-zinyət əşyalarının qaytarılması və s.» tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyinə görə iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə:
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «qızıl-zinyət əşyalarının qaytarılması və s.» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova