Məhkəmə qərarları › İş №2(006)-860/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-860/2024

10.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-860/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «sağlamlığa vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh PHŞ-ya qarşı «sağlamlığa vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulmuş ziyan səbəbindən müayinə və müalicəyə xərclədiyi 2.000 manat vəsaitin, mənəvi ziyan kompensasiyası qismində 10.000 manat vəsaitin Cavabdeh PHŞdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Cavabdehdə həmin xəstəxananın ümumi cərrahı Rauf Mirzəyev tərəfindən exinokok kistası diaqnozu ilə açıq əməliyyat olunmuşdur. Əməliyyatdan sonra isə Rauf Mirzəyev onda exinokok kistası deyil, qara ciyərin arxasında hemangioma olduğunu bildirmişdir. Dediyinə görə, ona toxunmağı təhlükəli hesab etdiyi üçün ona əl vurmamış və qarın nahiyəsini yenidən tikərək əməliyyatı yekunlaşdırmışdır. 3 gün həmin xəstəxanada yatdıqdan sonra xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. xx.xx.2023-cü il tarixdə “Məlhəm” klinikasına müraciət etmişdir. Oranın invaziv radioloqu İlqar Hüseynov bir daha dəqiqləşdirmək üçün ona Kompüter Tomoqrafiyasından keçməyi tapşırmışdır. xx.xx.2023cü il tarixdə “Stimul” klinikasında KT müayinəsindən keçmiş və onda kista olduğu təsdiq olunmuşdur. xx.xx.2023-cü il tarixdə “Məlhəm” klinikasında həmin kistanın içindəki maye drenaj yolu ilə boşaldılmışdır. Təxminən 10 gün müddətində kistadan mayeni çəkən drenaj üstündə qalmış və həkimin tapşırdığı prosedurları yerinə yetirmişdir. xx.xx.2023-cü il tarixdə həmin drenaj bədənindən çıxarılmışdır. Hal-hazırda özünü normal hiss edir və əvvəlki ağrıları yoxdur. Cavabdehdəki əməliyyatdan əvvəl olunduğu ultrasəs və MRT müayinələri onda kista olduğunu göstərirdi. Bu müayinələrin sənədləri cərrah Rauf Mirzəyevə əməliyyatdan əvvəl təqdim olunmuşdur. Əməliyyatdan sonra da keçdiyi ultrasəs və KT müayinəsi sənədlərində də onda kista olduğu qeyd olunmuşdur. Həmçinin, yuxarıda qeyd etdiyi kimi, “Məlhəm Hospitalı”nda həmin kistanın içi drenaj yolu ilə boşaldılmışdır, bu da onun Rauf Mirzəyev dediyi kimi hemangioma deyil, kista olduğunu bir daha sübut edir. Həm əməliyyatdan əvvəlki, həm də sonrakı bütün müayinə sənədlərində mayeli kista qeyd olunduğu halda Rauf Mirzəyev səhlənkarlıq edərək onu səhvən hemangioma hesab etmiş və əməliyyatı yerinə yetirməmişdir. Nəticədə əsassız yerə onun qarın nahiyəsini yararaq ona travma yetirmiş, əmək qabiliyyətini müvəqqəti itirməsinə səbəb olmuş və yenidən öz hesabına özəl klinikada əməliyyata girmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, bildirdi ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizalarının rəyi ilə razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: 14118 nömrəli, xx.xx.2023-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) ******* nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı “qaraciyərin hemangioması” diaqnozu qoyulmuşdur. “X1” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 387 nömrəli tibbi arayışın surətindən görünür ki, İddiaçı “qaraciyərin sağ payının absesi” diaqnozu qoyulmuşdur. “Stimul Hospital” tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş üst qarın boşluğunun İV kontrastlanma ilə KT müayinəsi ilə qeyd olunan nəticəyə gəlinmişdir: qaraciyər sağ payda konturunda skallopingə səbəb olan incə kapsullu, subdiafraqmatik başlayaraq 6-cı seqmentə qədər uzanmaqda olan 85x45 mm ölçüdə kistik struktur izlənilir. Perihepatik minimal sərbəst maye izlənilir. “İstanbul NS Klinika” tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş kontrastlı üst abdomen MRT incələməsi ilə qeyd olunan nəticəyə gəlinmişdir: qaraciyər sağ pay lateralposterioruna indentasiya göstərən, ekstrahepatik, T2 hiper-T1 hiposiqnallı, yalnız incə divarları kontrast tutan 68-22-60 mm ümumi ölçülü septalı kista sahəsi qeyd edilir. “Azevromed Klinikası” tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş daxili orqanların ultrasəs müayinəsi ilə qeyd olunan nəticəyə gəlinmişdir: qaraciyərin exogenliyi artmış, intrahepatik öd axarları genişlənmiş, qaraciyərin altında 65x38x55 (V≈72sm3) kapsulası qalın, daxili dirsers möhtəviyyatdan ibarət, çəpərli, maye tərkibli, avaskulyar kista izlənmişdir. MRT məsləhət görülmüşdür. Öd kisəsinin forması S-varidir. Öd möhtəviyyatı qeyri-həmcinsdir (dispersdir). “X1” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli müayinə sənədinin surətindən görünür ki, İddiaçı həmin tarixdə tam abdominal usm müayinəsindən keçmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, cərrahın müayinəsi üçün 53 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, invaziv radioloq müayinəsi üçün 50 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, US müayinəsi üçün 40 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli, AX7584 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı “X1”a 900 manat məbləğində avans ödənişi etmişdir. xx.xx.2023-cü il tarixli hesab fakturanın surətindən görünür ki, İddiaçı 15 manat xidmət haqqı, 2,91 manat məbləğində isə dərman pulunu “X1”a ödəmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Cavabdeh tərəfindən tərtib edilmiş əməliyyat protokol formasından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:25-də İddiaçı diaqnostik laparotomiya əməliyyatına başlanılmış və 19:00-da əməliyyat bitmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli döş qəfəsi rentgenoqrafiyası sənədinin surətindən görünür ki, hər iki ağciyər döş qəfəsində normal pozisiyada yerləşib; plevra boşluğu sərbəstdir; traxeyanın və ana bronxun lokalizasiyası normaldır; mediastenumda nəzərəçarpan patoloji limfa düyünü müşahidə edilməmişdir; ağciyərin şəffaflığı norma daxilindədir; diafraqma günbəzvari formadadır, yerləşməsi adidir; ürəyin hüdudları dəyişməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» PHŞ-nın xx.xx.2024-cü il tarixli, KEŞ-172 saylı ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1) İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-nın Cərrahiyyə şöbəsinə daxil olmuşdur. Aparılmış instrumental müayinə cavablarına əsasən, qaraciyər nahiyəsində kistik sahəsinin olduğu qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq «Diaqnostik laparotomiya» cərrahiyyə əməliyyatının aparılması qərara alınmış və icra edilmişdir. 2) İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-yə daxil olmamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə «AzEvroMed» klinikasında daxili orqanların ultrasəs və xx.xx.2023-cü il tarixdə isə «İstanbul NS» klinikasında kontrastlı üst abdomen MRT müayinələrinə əsaslanaraq, ilkin olaraq «Qaraciyərin exinokokku» diaqnozunun düzgün olmasına əsas verir. 3) Tibbi praktikada istifadə edilən instrumental müayinə üsulları nisbi xarakter daşıyır və belə olan halda diaqnostik müdaxilələrin aparılmasına zərurət yaranır. İlkin diaqnozun və patologiyanın xarakterinin dəqiqləşdirilməsi üçün İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə «Diaqnostik laparatomiya; Qarın boşluğunun təftişi və drenaj edilməsi» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişində qaraciyərin hemangioması səbəbi ilə digər hər hansı bir müdaxilə aparılmadan əməliyyat sonlandırılmışdır. Bu əməliyyat taktikası da həkimin seçimindən asılıdır. 4) İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-da icra edilmiş cərrahiyyə əməliyyatından sonra o, xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. Daha sonra İddiaçı «Məlhəm Hospital»a müraciət etmiş və xx.xx.2023-cü il tarixdə onun üzərində «Qaraciyərin absesinin perkutan drenajı» cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçı mövcud olan patologiya sonradan kəskinləşmiş və kliniki olaraq özünü büruzə vermişdir. Bunun da, xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-da aparılmış cərrahi əməliyyatla və sonradan İddiaçı yaranmış qaraciyərin absesi ilə səbəbli əlaqəsinin olması istisna edilir. 5) İddiaçı «Məlhəm Hospital»da aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun və düzgün olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» PHŞ-nın xx.xx.2024-cü il tarixli, KEŞ-745 saylı təkrar ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Məlikov Emiİ Feyruz oğlunun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-nın Cərrahiyyə şöbəsinə daxil olmuşdur. Aparılmış instrumental müayinə cavablarına əsasən, qaraciyər nahiyəsində kistik sahəsinin olduğu qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq «Diaqnostik laparotomiya» cərrahiyyə əməliyyatının aparılması qərara alınmış və icra edilmişdir. 3.7. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-ya daxil olmamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə «AzEvroMed» klinikasında daxili orqanların ultrasəs və xx.xx.2023-cü il tarixdə isə «İstanbul NS» klinikasında kontrastlı üst abdomen MRT müayinələrinə əsaslanaraq, ilkin olaraq «Qaraciyərin exinokokku» diaqnozunun düzgün olmasına əsas verir.

4. Tibbi praktikada istifadə edilən instrumental müayinə üsulları nisbi xarakter daşıyır və belə olan halda diaqnostik müdaxilələrin aparılmasına zərurət yaranır. İlkin diaqnozun və patologiyanın xarakterinin dəqiqləşdirilməsi üçün İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə «Diaqnostik laparotomiya; Qarın boşluğunun təftişi və drenaj edilməsi» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişində qaraciyərin hemangioması səbəbi ilə digər hər hansı bir müdaxilə aparılmadan əməliyyat sonlandırılmışdır. Bu əməliyyat taktikası da həkimin seçimindən asılıdır.

5. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-da icra edilmiş cərrahiyyə əməliyyatından sonra o, xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. Daha sonra İddiaçı «Məlhəm Hospital»a müraciət etmiş və xx.xx.2023-cü il tarixdə onun üzərində «Qaraciyərin absesinin perkutan drenajı» cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçı mövcud olan patologiya sonradan kəskinləşmiş və kliniki olaraq özünü büruzə vermişdir. Bunun da xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-da aparılmış cərrahi əməliyyatla və sonradan İddiaçı yaranmış qaraciyərin absesi ilə səbəbli əlaqəsinin olması istisna edilir.

6. İddiaçı «Məlhəm Hospital»ında aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun və düzgün olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş Həkim-Ümumi Cərrahın vəzifə təlimatının:

22. Həkim-ümumi cərrahın aşağıdakı hüquqları vardır: 22.1. klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator tədqiqatların məlumatlarına əsasən, ixtisası üzrə müstəqil surətdə diaqnoz müəyyənləşdirmək; 22.2. müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını müəyyən etmək; 22.3. pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator diaqnostika metodlarını təyin etmək; 22.4. diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı ona hazırda cavabdeh klinikada ilkin olaraq qoyulmuş diaqnoza uyğun düzgün tibbi müalicə və müdaxilə edilmədiyini, bunun nəticəsində onun təkrarən eyni diaqnoza əsasən müalicə almasını iddia edərək ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının üzərində aparılmış cərrahi əməliyyatın ona qoyulmuş ilkin diaqnoza uyğun olub-olmaması, habelə sonrakı ağırlaşmaların onun üzərində aparılmış cərrahi əməliyyatla əlaqəli olub-olmamasının müəyyən edilməsi xüsusi tibbi biliklər tələb etdiyindən buna dair təyin edilmiş məhkəmətibbi ekspertizalarının rəyləri ilə iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı zamanı həkim tərəfindən səhvə yol verilmədiyi, əməliyyat zamanı həkim tərəfindən aşkar edilmiş hallara uyğun prosedur həyata keçirildiyi müəyyən edilmiş, sonrakı ağırlaşmaların cərrahi əməliyyatla əlaqəsi istisna edilmişdir. Təqdim olunmuş ekspert rəylərindən göründüyü kimi, Cavabdeh PHŞ-da iddiaçıya münasibətdə düzgün müayinə aparılmış, «Diaqnostik laparotomiya» cərrahiyyə əməliyyatı düzgün icra edilmiş, cavabdeh tərəfindən iddiaçıya bununla əlaqədar olaraq hər hansı maddi ziyan vurulmamışdır. Belə ki, həkim tərəfindən qoyulmuş diaqnoza uyğun aparılmış əməliyyat zamanı aşkar edilmiş hal həkimin əməliyyatı sonlandırmasına səbəb olmuşdur. Həkimin bu əməliyyat taktikası onun seçimindən asılı olaraq müəyyən edilmiş və ekspert rəyində bu halın yolverilən olması göstərilmişdir. Xüsusilə qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-da aparılmış cərrahi əməliyyatla, sonradan İddiaçı yaranmış qaraciyərin absesi arasında səbəbli-əlaqə istisna edilir. Beləliklə, cavabdeh klinikada aparılmış tibbi müdaxilə zamanı iddiaçıya zərər vurulması ilə nəticələnən hər hansı təqsirli hərəkətlər müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair əsas iddia tələbi, eləcə də həmin tələbdən doğan vurulmuş mənəvi zərərin ödənilməsi tələbi təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh PHŞ-ya qarşı «sağlamlığa vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı «sağlamlığa vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar